Misir Mərdanov: “Azərbaycanın təhsil
tarixində 2011 uğurlu il
kimi yer alıb”
“2011-ci
il ölkəmizin və xalqımızın həyatında
bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
müdrik daxili və xarici siyasət, nəhəng quruculuq
işləri onun layiqli davamçısı olan Prezident
İlham Əliyev tərəfindən uğurla inkişaf
etdirilib. Prezidentin rəhbərliyi altında ölkə həyatının
bütün sahələrində
düşünülmüş və planlı şəkildə
aparılan islahatlar, müxtəlif sahələr üzrə həyata
keçirilən çoxsaylı dövlət proqramları və
genişmiqyaslı infrastruktur layihələri nəticəsində
Azərbaycan nəinki bölgədə, habelə bütün
dünyada özünün dinamik inkişaf edən
güclü və demokratik ölkə imicini, iqtisadi artım
tempinə görə lider mövqeyini qoruyub saxlayıb və
daha da gücləndirib. Ötən il dövlət müstəqilliyinin
bərpasının 20 illiyi yüksək səviyyədə
qeyd edilib, zaman baxımından o qədər də
böyük olmayan bu müddət ərzində qazanılan
böyük uğurlara, müstəqillik yollarında
atılmış inamlı addımlara bir daha nəzər
salınıb. Azərbaycan ölkə vətəndaşlarının
əzmkarlığı, yüksək intellektual qabiliyyəti
və qurub-yaratmaq həvəsi sayəsində əldə
olunan möhtəşəm nailiyyətlərini, dövlətimizin
ölkənin daha da möhkəmləndirilməsi və vətəndaşların
rifah halının yüksəldilməsinə yönəlmiş
siyasətində iqtisadi kapitalın insan kapitalına
çevrilməsinin prioritet istiqamət təşkil etdiyini
bir daha bütün dünyaya nümayiş etdirib. 2011-ci ildə
keçirilən nüfuzlu beynəlxalq mədəniyyət
yarışması olan “Eurovision-2011”də ölkəmizi təmsil
edən nümayəndələrin qələbəsi Azərbaycanın
dünyada tanınmasına, dövlətimizin nüfuzunun daha
da yüksəlməsinə əvəzsiz töhfə verib.
2011-ci ildə xalqımız üçün böyük əhəmiyyətə
malik hadisələrdən biri də ölkəmizin Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi olub.
Ölkəmizin beynəlxalq aləmdəki yüksək
nüfuzunu nümayiş etdirən bu hadisə, həm də
dünya birliyinin Azərbaycana olan hörmət və
inamını bir daha sübuta yetirir. İnanırıq ki,
2011-ci ilin sonlarında Prezident İlham Əliyev tərəfindən
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının hazırlanması
haqqında imzalanmış sərəncam qloballaşan
dünyada ölkəmizin qazandığı nailiyyətlərin
daha da möhkəmləndirilməsi və davamlı
inkişafının təmin olunmasında mühüm rol
oynayacaq”.
Bunu
ötən ilin yekunlarını dəyərləndirərkən
təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, 2011-ci il
ölkəmizin təhsil tarixində də uğurlu il kimi yer
alıb. Çünki məhz yola salmağa
hazırlaşdığımız 2011-ci ildə təhsil
quruculuğu sahəsində aparılan işlər müvəffəqiyyətlə
davam etdirilmiş, bir sıra sanballı uğurlara imza
atılıb. Xüsusən məktəb infrastrukturunun yeniləşdirilməsi
sahəsində tədbirlər ardıcıl surətdə
aparılıb, il ərzində Bakı şəhərində
70-ə yaxın məktəb əsaslı təmir edilib və
yeni korpuslar tikilib, bölgələrdə 60-a yaxın məktəb
təmir edilib. Bütövlükdə isə son illər Azərbaycanda
2161 yeni məktəb binası tikilib, əsaslı təmir
olunub və müasir avadanlıqlarla təchiz edilib ki, bu da təhsil
tariximizdə ən əlamətdar hadisələrdəndir: “Təhsilli
vətəndaşlar hər bir ölkənin milli sərvətinin
mühüm hissəsidir. Təhsil insanı cəmiyyətin məhsuldar
qüvvəsinə çevirən başlıca amildir.
Hamımıza məlumdur ki, təhsilə, təhsilli insanlara
ciddi önəm verilən ölkələrdə bütün
sahələr üzrə, o cümlədən iqtisadiyyatda davamlı
inkişafa nail olunur, təhsil insan həyatının keyfiyyətini
yaxşılaşdırır, ona daha sağlam, məhsuldar,
xoşbəxt həyat qurmağa imkan verir. İnkişafa,
lider mövqeyə önəm verən ölkələr
dövlət büdcəsində təhsilə ayrılan xərcləri
prioritet kimi nəzərdə tuturlar. Tədqiqatlar göstərir
ki, büdcədə təhsil xərcləri 1 faiz
artırıldıqda bu, son nəticədə ÜDM-in 0,35
faiz artımına gətirib çıxarır. Təhsil
insanların daha müdrik qərarlar vermək,
texnologiyaları daha çevik mənimsəmək və
inkişaf etdirmək, sosial – iqtisadi həyatda baş verən
təlatümləri daha hazırlıqlı qarşılamaq
və ətraf mühitə münasibətdə daha sağlam
mövqe tutmaq imkanlarını xeyli artırır. Daha yüksək
təhsilli olmaq daha çox işə qəbul imkanı deməkdir.
Əksinə, təhsil səviyyəsi aşağı olan
ölkələrdə isə texnoloji geriləmə, yoxsulluq,
qeyri-stabil ictimai-siyasi vəziyyət hökm sürür. Təhsilli
olmaq daha çox işə qəbul imkanı deməkdir.
Yüksək təhsilli insanlar cəmiyyətdə nüfuzli
şəxslər kimi qəbul olunduğundan onların digərlərinə
təsir imkanları da böyük olur. Belə insanlar ətrafdakılar
üçün təhsillənməyə, sağlam həyat
tərzi keçirməyə, mənəvi dəyərlərə
yiyələnməyə, bir sözlə, inkişafa yönəlmək
baxımından nümunə rolunu oynayır. Obrazlı desək,
yüksək təhsilli insanlar tərbiyə məktəbidir.
Təcrübə göstərir ki, təhsilin inkişafı
cəmiyyətdə siyasi, sosial sabitliyin təmin edilməsində
mühüm rol oynayır. Yüksək təhsilli insanlar
siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur,
asanlıqla konsensus əldə etməklə münaqişələri
daha asan həll edirlər. Təhsilsiz və ya aşağı
təhsilli insanlar isə vətəndaş mövqeyini dərk
etmədiklərindən ayrı-ayrı qrup maraqlarının
alətinə çevrilirlər. Bir sıra ölkələrdə
uzunmüddət davam edən vətəndaş müharibələrinin,
münaqişələrin başlıca səbəblərindən
biri təhsilsiz və ya təhsili aşağı olan
insanların çoxluğudur. PİSA və TİMSS nəticələri
ilə iqtisadi artım arasında yüksək
asılılıq mövcuddur. PİSA üzrə nəticənin
15 faiz yüksəlməsi iqtisadi artım tempinin (ÜDM-in)
iki faiz artmasını şərtləndirir. Dünya ölkələri
üzrə PİSA və TİMSS nəticələrinin təhlili
göstərir ki, ölkələr arasında təhsilin
keyfiyyəti ilə bağlı böyük fərqlər
mövcuddur. PİSA və TİMSS üzrə yüksək nəticə
əldə edən ölkələr ən son texnoloji yenilikləri
sürətlə tətbiq edən, mürəkkəb texnoloji
məhsulları istehsal və ixrac etməyə başlayan və
bununla yüksək iqtisadi artım tempi əldə etmiş
ölkələrdir. Bu sıraya, Çin, Sinqapur, Hon-Konq,
Koreya, Finlandiya, Çili kimi ölkələr aiddir.
M.Mərdanovun dediyinə görə, məktəb infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Fond 2005-ci ildən başlayaraq bu istiqamətdəki fəaliyyətini bu il də davam etdirilib. Fondun təşəbbüsü ilə il ərzində xeyli yeni məktəb, bağça binası tikilib, yenidən qurulub və təmir olunub. Təhsildə məzmun islahatları davam etdirilib, ibtidai təhsil pilləsinin sonuncu – IV sinfində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb, beləliklə təhsilin bu pilləsində məzmun islahatları başa çatıb. V-XI siniflər üçünsə eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində son illər aparılan gərgin iş yekunlaşıb, nəticədə həmin siniflər üzrə fənn proqramları (kurikulumlar) hazırlanıb müzakirədən keçirilərək 2011-ci ilin iyununda təsdiq edilib. Bu il 102 adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunub. Tam orta təhsilin təmayüllər üzrə təşkili istiqamətində mühüm addımlar atılıb, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu məqsədlə paytaxtdakı 6 təhsil ocağı pilot müəssisə kimi seçilib, onlarda təhsilin təmayüllər üzrə təşkilinə başlanıb: “Müstəqil ölkəmizin 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsildə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medallarla təltif olunan, 53 şagird qızıl və gümüş medallara layiq görülüb. Şagirdlərin biliyinin yoxlanılması, ölkədə informatika fənninin tədrisi vəziyyətinin öyrənilməsi, şagirdlərin İKT üzrə bacarıqlarının müəyyən edilməsi və gələcəkdə müqayisəli təhlillər üçün bazanın yaradılması məqsədi ilə 2011-ci ildə ölkə üzrə 200 orta məktəbin IX siniflərində Azərbaycan dili, riyaziyyat və informatika fənləri üzrə Milli Qiymətləndirmə tədqiqatı həyata keçirilib və onun nəticələri təhlil olunub. Kadr təminatı sahəsində də aparılan işlər davam etdirilən, 2010-cu ildən başlayaraq həyata keçirilən və həmin ildə ancaq paytaxt məktəblərini əhatə edən, müəllimlərin işə yeni qaydada – mərkəzləşdirilmiş şəkildə üçmərhələli müsabiqə yolu ilə qəbulu mexanizmi daha da təkmilləşdirilib və bütün ölkə üzrə tətbiq olunub. Nəticədə 2011-ci ildə ölkənin ümumi təhsil məktəblərindəki 2177 vakant yerə 1230 nəfərdən çox müəllim işə qəbul edilib”. Nazir qeyd edib ki, hər il olduğu kimi bu il də Azərbaycan təhsili, çoxminli təhsil işçiləri dövlətin davamlı qayğısı ilə əhatə olunub, təhsil işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində zəruri addımlar atılıb. Prezidentin sərəncamları ilə xeyli sayda təhsil işçisi yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülüb, artıq dördüncü ildir ki, keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 50, “Ən yaxşı müəllim” müsabiqəsinin isə 100 qalibinə müvafiq olaraq 10 min və 5 min manat məbləğində birdəfəlik pul mükafatı verilib. Prezidentin bu günlərdə imzaladığı sərəncamla isə təhsil sahəsində çalışanların əməkhaqqı dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Ölkədə informasiya cəmiyyətinin qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatı nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” sərəncam imzalanıb. İnanırıq ki, hazırlanmaqda olan yeni proqram sənədi inkişafın innovasiya mərhələsinə keçilməsini, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsini, başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin həllini tapmasını, o cümlədən Azərbaycan təhsilinin dünya standartlarına cavab verməsini təmin edəcək.
Təhsil naziri bildirib ki, ötən il “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” çərçivəsində mühüm işlər görülüb. “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmanla istedadlı gənclər üçün “Qızıl kitab” təsis edilib. “İstedadlı gənclər üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” fərmanla isə istedadlı gənclər üçün xüsusi təqaüdlər təsis olunub. Təhsil Nazirliyinin “İstedadlı uşaq və şagirdlərlə aparılan işlərin daha da yaxşılaşdırılması tədbirləri haqqında” əmrinə əsasən “İstedadlı şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında” əmr hazırlanıb.
Ölkənin ümumtəhsil məktəblərindəki istedadlı uşaq və gənclər haqqında məlumat bankının yaradılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, istedadlı uşaq və gənclərlə iş sahəsində səmərəli fəaliyyət mexanizminin yaradılması, bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi, istedadlı uşaq və gənclərlə aparılan işlərin səmərəliliyini artırmaq üçün psixoloji xidmət kadrlarının hazırlanması qərara alınıb. İstedadlı uşaq və gənclər üçün yeni tipli təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, həmin müəssisələrlə ali məktəblərin işgüzar əla-qələrinin yaradılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına xidmət edən olimpiada hərəkatının gücləndirilməsi, onların rəğbətləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi, istedadlı uşaq və gənclərlə işin aktual məsələ-lərinə həsr olunan ədəbiyyatların, habelə nümunəvi test toplularının, olimpiada tapşırıqlarının hazırlanıb çap edilməsi, ümumtəhsil məktəblərinin pedaqoji işçiləri üçün istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətlərinə həsr olunmuş ixtisasartırma tədbirlərinin həyata keçirilməsi, istedadlı uşaq və gənclərin təhsil aldıqları yeni tipli təhsil müəssisələrinin maddi-texniki, tədris bazasının möhkəmləndirilməsi də planlaşdırılıb. Dövlət Proqramının təsdiqi ilə əlaqədar prezidentin sərəncamı ilə Təhsil Nazirliyinin müvafiq şöbələrinə Dövlət Proqramına əsasən Fəaliyyət Planı hazırlanması tapşırılıb. Təhsil Nazirliyinin müvafiq əmri ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üzrə geniş Fəaliyyət Planı təsdiq edilib. Dövlət Proqramının icrasına maarifləndirmə tədbirləri ilə başlanılıb, bu məqsədlə yerlərdə Dövət Proqramının mahiyyəti, əhəmiyyəti və bu sahədə qarşıda duran vəzifələr haqqında müşavirə, seminar və “dəyirmi masa”ların təşkili təmin olunub. Dövlət Proqramının icrasının başlanğıc dövründə ölkənin ümumtəhsil məktəblərindəki fundamental fənlər üzrə istedadı ilə fərqlənən 3000-dən artıq şagird haqqında məlumat bankı yaradılıb, sonrakı illərdə bu siyahı dəqiqləşmə aparılaraq təkmilləşdirilib: “İstedadlı uşaq və gənclərlə aparılan işin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərmək, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etmək məqsədi ilə yerlərdə Təhsil Nazirliyinin əmrinə əsasən “Kiçik Akademiya”ların təşkilinə başlanıb. “Kiçik Akademiya”nın Əsasnaməsi 2007-ci ilin dekabrında Təhsil Nazirliyi və AMEA ilə birgə təsdiq edilib. Hazırda əksər rayon və şəhərlərin ayrı-ayrı məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. 2008-2009-cu illərdə ölkənin müxtəlif bölgələrindən seçilmiş 95 nəfər istedadlı şagird üçün Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsində təlim-istirahət düşərgəsi təşkil edilib. İstedadlı uşaq və gənclərin nailiyyətlərini və onlarla aparılan işləri əks etdirən “İstedad” adlı jurnal 2008-ci ildə təsis edilib, hazırda nəşr olunur. 2007-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən təsdiq olunmuş 4 illik qrafikə uyğun olaraq ölkənin müxtəlif bölgələrini əhatə edən 6370 müəllim istedadlı uşaq və gənclərlə işin xarakterik xüsusiyyətlərinə həsr edilmiş ixtisasartırma kurs-larından keçirilib. Dövlət Proqramının icrası müddətində Azərbaycan Müəllimlər İnstitutunda, Naxçıvan Müəllimlər İnstitutunda, AMİ-nin Quba filialında 100 nəfərdən artıq pedaqoji işçinin məktəb psixoloqu ixtisası üzrə yenidənhazırlanma təhsili alması təmin olunub. İstedadlı uşaq və gənclərin aşkara çıxarılması prosesinin elmi-psixoloji problemlərinə həsr edilmiş tədqiqatların aparılması üçün praktik baza yaratmaq və nəticələri sınaqdan keçirmək məqsədi ilə ölkənin 21 bölgəsində 32 pilot məktəbi müəyyənləşdirilib. Bu istiqamətdə tədqiqatlar Təhsil Problemləri İnstitutu tərəfindən aparılıb. Pedaqoji ali və orta-ixtisas təhsili müəssisələrində ilkin müəllim hazırlığının məzmununda istedadlı uşaqlarla işin xüsusiyyətlərinə dair kursun nəzərdə tutulması, ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilər üçün istedadlı şagirdlərlə aparılan tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müvafiq ixtisasartırma kurslarının təşkili, zəruri ehtiyacı nəzərə alaraq məktəbəqədər, ümumi təhsil müəssisələrindəki uşaqların istedad və qabiliyyətinə görə qruplaşdırılmasına zəmin yaradan müvafiq Test Bankının formalaşdırılması planlaşdırılıb. İstedadlı uşaqların aşkarlanması və potensial imkanlarının inkişafı üzrə xüsusi metodikaların hazırlanması, istedadlı uşaq və gənclərin dəqiq müəyyənləşdirilməsi və “İstedad Bankı”na müvafiq parametrlərə uyğun olanların daxil edilməsi məqsədi ilə yerli təhsil orqanlarının nəzdində mütəxəssislərdən (pedaqoq, psixoloq, sosioloq, tibb işçisi və s.) ibarət qrupun təşkili, uşaqların gələcək təhsil fəaliyyəti və peşə yönümünün müəyyənləşdirilməsi ilə əlaqədar elmi-pedaqoji-psixoloji tövsiyələrin hazırlanması, istedadlı uşaqların aşkara çıxarılması prosesinin səmərəliliyini artırmaq məqsədi ilə ümumi təhsilin məzmununda diferensiallaşdırma və fərdiləşdirmə amilinin gücləndirilməsi, istedadlı şagirdlərin vaxtında müəyyən olunmasına xidmət edən əlavə tədbirlərin (fərdi layihələrin, təqdimatların, referatların hazırlanması və s.) gücləndirilməsi nəzərdə tutulub”. M.Mərdanovun sözlərinə əsasən, istedadlı uşaq və gənclərlə iş sahəsində Qazaxıstan və Belarus respublikalarının təcrübəsi öyrənilib. Qazaxıstandan gətirilən ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub çap edilərək yerli təhsil orqanlarına və ümumtəhsil məktəblərinə göndərilib. Qazaxıstan Respublikasının ayrı-ayrı vilayət-lərində mərkəzin yerli büdcədən maliyyələşən filialları var. Mərkəz və onun yerli filialları dövlət büdcəsi ilə yanaşı, ayrı-ayrı fondlar və təşkilatlar tərəfindən də maliyyələşdirilir. İstedadlı uşaqlar üçün test toplularının, müəllimlər üçün metodik vəsaitlərin və digər müvafiq ədəbiyyatların hazırlanması mərkəzin sifarişi əsasında müəlliflərə qonorar ödənilməklə həyata keçirilir.
Belarusun Milli Təhsil İnstitutunda erkən yaşlarından istedadlı uşaqların müəyyən olun-masına xidmət edən “Oyun və oyuncaqlar muzey-mərkəzi” fəaliyyət göstərir. Həmin institutda istedadlı uşaqların təlim problemləri laboratoriyası təşkil olunub. Burada təcrübəli psixoloq və pedaqoqların rəhbərliyi ilə istedadlı uşaqların fənn olimpiadaları, müsabiqə və digər bilik yarışlarına hazırlığı təmin edilir. Belorusun Diplomsonrası Təhsil Akademiyasında “İnkişafetdirici pedaqoji texnologiyalar mərkəzi” yaradılıb. Həmin texnologiyalar bila-vasitə istedadlı uşaqların aşkara çıxarılmasına və onların potensial imkanlarının inkişafına yönəldilir.
Nazir vurğulayıb ki, son iki beşillikdə fənn olimpiadalarının respublika turuna dair məlumatlar bu sahədə mühüm irəliləyişlərin baş verdiyini açıq aydın sübut edir. 2002-2006 illərdə iştirakçıların sayı 4050 nəfər olub. 2007-2011-ci illərdə isə onların sayı 5424 nəfərə qədər yüksəlib. 2002-2006-cı ildə qaliblərin sayı 1003, 2007-2011-ci illərdə isə 689 nəfər olub. 1998-2011-ci illərdə dünya fənn olimpiadalarında qazanılan uğurlara gəlincə isə qizil-10, gümüş –27, bürünc isə –53. 1998-2011-ci illərdə beynəlxalq Mendeleyev olimpiadasında uğurlar qazanılıb. Qizil-4, gümüş –10, bürünc-18.
Stimullaşdırıcı tədbirlərdən söz açan M.Mərdanov deyib ki, dünya fənn olimpiadalarına namizəd iştirak-çılar hər ilin aprel-may aylarında dərs məşğələlərindən azad edilirlər. Respublika fənn olimpiadalarında I yeri tutmuş XI sinif şagirdləri buraxılış imtahanlarından azad olunurlar.
Yerlərdə müəyyən edilmiş istedadlı şagirdlər arasından ən istedadlılarını seçmək məqsədi ilə 2008-2010-cu illərdə Bakı şəhərində Təhsil Nazirliyinin müvafiq əmrləri ilə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə yekun seçim turları keçirilib. İstedadlı şagirdlər üçün səmərəli və keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin əmrinə əsasən ölkənin 8 bölgəsində xüsusi istedada malik uşaqlar üçün bir V lisey sinfi açılıb, həmin sinfin fərdi tədris planı təsdiq olunub. Hazırda həmin müəssisələrdə V və VI siniflər fəaliyyət göstərir. Bunlar Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və infor-matika təmayüllü lisey, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəb, Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta məktəb, Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb, Şəki şəhəri 19 nömrəli tam orta məktəb, Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey, Ağdaş şəhəri S.Vurğun adına 1 nömrəli tam orta məktəbdir: “2007-2010-cu illərdə yeni tipli müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Təhsil Nazirliyində istedadlı uşaq və gənclərlə bağlı İnternet Portalının yaradılması üzrə müvafiq tədbirlərin görülməsi, mütəxəssisləri cəlb etməklə istedadlı uşaq və gənclərin müəyyən olunmasında mühüm rol oynayan diaqnostik metodikaların, xüsusi testlərin, o cümlədən psixometrik testlərin hazırlanması, eləcə də digər ölkələrdə nəşr olunmuş eyni məzmunlu vəsaitlərin Azərbaycan dilinə tərcümə olunması bu işlərdəndir. Həmçinin istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişaf etdirilməsi sahəsində elmi-pedaqoji tədqiqatların gücləndirilməsi, pedaqoji ali və orta-ixtisas təhsili müəssisələrində ilkin müəllim hazırlığının məzmununda istedadlı uşaqlarla işin xüsusiyyətlərinə dair kursun təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilər üçün istedadlı şagirdlərlə aparılan tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müvafiq ixtisasartırma kurslarının təşkili həyata keçirilib. Ümumtəhsil məktəblərindəki mövcud vəziyyət baxımından məktəb psixoloqu kadrlarının hazırlanması barədə təkliflərin müəyyənləşdirilməsi, istedadlı uşaq və gənclərin dəqiq müəyyənləşdirilməsi və “İstedad Bankı”na müvafiq parametrlərə uyğun olanların daxil edilməsi məqsədi ilə yerli təhsil orqanlarının nəzdində mütəxəssislərdən (pedaqoq, psixoloq, sosioloq, tibb işçisi və s.) ibarət qrupun təşkili üzrə tədbirlərin görülməsi, Milli Elmlər Akademiyası və ali məktəblərlə yeni tipli təhsil müəssisələri arasında əlaqələrin güclən-dirilməsi, tanınmış elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin istedadlı uşaq və gənclərlə aparılan işlərə cəlb edilməsi, növbəti dərs illərində ayrı-ayrı bölgələrdə istedad və qabiliyyəti ilə fərqlənən uşaq və gənclər üçün yeni tipli təhsil müəssisələrinin açılması barədə plan-qrafikin hazırlanması, yeni tipli təhsil müəssisələri (gimnaziya, lisey və s.) haqqında nümunəvi əsasnamə layihələrinin hazırlanması da bu sıradadır. Yerlərdə yaradılan “Kiçik Akademiya”ların fəaliyyətinin tənzim olunması və getdikcə yaxşılaşdırılması istiqamətində təşkilati tədbirlərin həyata keçirilməsi, bu sahədə rayon (şəhər) təhsil şöbələrinə müntəzəm köməklik göstərilməsi, istedadlı uşaq və gənclərin təhsil əməyinin stimullaşdırılması sahəsində əlavə tədbirlərin görülməsi, istedadlı şagirdlərin vaxtında müəyyən olunmasına xidmət edən əlavə tədbirlərin (fərdi layihələrin, təqdimatların, referatların hazırlanması və s.) gücləndirilməsi, istedadlı uşaq və gənclərlə yerlərdə aparılan işlərin vəziyyətinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması da həmin işlərdəndir. İstedadlı uşaq və gənclərlə aparılan iş sahəsində xüsusi nailiyyətlər qazanmış təhsil şöbələrinin (idarələrin), ümumtəhsil məktəblərinin təcrübə-sinin öyrənilməsi və yayılması sahəsində tədbirlərin həyata keçirilməsi, “İstedadlı Uşaqlarla İş üzrə İxtisaslaşmış Respublika Elmi-Praktik Mərkəz”in yaradılması barədə təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmasını da qeyd etmək olar: “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmanla istedadlı gənclər üçün “Qızıl kitab” təsis edilib, “İstedadlı gənclər üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” fərmanla istedadlı gənclər üçün xüsusi təqaüdlər təsis olunub”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 7 yanvar.- S.10-11.