Naxçıvanda
mətbuat və ədəbi mühit:“Şərq
qapısı” qəzeti mədəni inkişafın
güzgüsü kimi
1921-ci
ildən Naxçıvanda nəşrə başlayan “Şərq
qapısı” qəzeti regionda mətbuatın əsasını
qoymaqla yanaşı, eyni zamanda, Naxçıvanda ədəbi
mühitin inkişafına səbəb oldu, qələm sahiblərinin
öz yaradıcılıqlarını qəzet vasitəsilə
daha geniş kütlələrə çatdırmasına
şərait yaratdı.
Zaman
keçdikcə qəzet səhifələrində hələ
püxtələşməmiş, yonulmamış mətbu
sözlər öz cilasını tapdı və mətbuata
olan həvəs peşəkarlıqla əvəzlənməyə
başlandı. Mətbuatın formalaşması mərhələsi
isə birbaşa ədəbi mühitə bağlı proses
idi. Əbəs yerə deyil ki, 1920-30-cu illər
Naxçıvan mətbuatının
ağırlığı elə ədəbi qüvvəllərin
üzərinə düşürdü. Mətbuatı
inkişaf etdirmək üçünsə əvvəlcə ədəbi
qüvvələri səfərbər etmək, onları cəmiyyət
halında birləşdirmək və onları təkmilləşdirmək
tələb olunurdu.
Sovet
hakimiyyətinin ilk illərində bu sahədə yaranan
problemlər öz həllini birinci onillikdə tapa bildi.
Bakıda yaradılmış “Qızıl qələm” Ədəbiyyat
cəmiyyətinin səsinə 1925-26-cı illərdə
Naxçıvanda ədəbi müzakirə və ədəbi
gecələrdə təmsil olunan gənclik ilkin səs verdi.
PK(b)P MK-nın “Bədii ədəbiyyat sahəsində
partiyanın siyasəti haqqında” 18 iyul 1925-ci il tarixli qətnaməsi
Naxçıvanda ədəbiyyat və incəsənət
işinin təşkilində müstəsna əhəmiyyət
kəsb etmiş, vilayət qəzetində ardıcıl olaraq
“Ədəbiyyat səhifəsi”, “Gənclik səhifəsi”
başlıqlı xüsusi səhifələr verilməyə
başladı.
1926-cı
ildə Naxçıvan Xalq Maarif Komissarlığı
yanında “Qızıl qələm” Ədəbiyyat Birliyi fəaliyyətə
başladı. Əvəz Sadıq, Abbas Gülməmmədov,
Əyyub Abbasovun təşəbbüsu ilə
Naxçıvan komsomol klubu yanında “Gənc qələmlər”
ədəbiyyat dərnəyi təşkil olundu və tezliklə
bu dərnəyin ətrafına onlarla gənc toplaşdı.
Professor
Yavuz Axundlu “Ədəbi mühit və sənətkar” kitabında
yazır: “1925-26-cı illərdə Əvəz Sadıq, Abbas
Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayevin təşəbbüsü
ilə “Gənc qələmlər” adlı ədəbiyyat dərnəyi
yaradıldı. Naxçıvanda ədəbi gəncliyin
inkişafında bu dərnəklə yanaşı, “Şərq
qapısı” qəzetinin də rolu var idi. Bu illərdə qəzetdə
ayda iki dəfə gənc qələm sahiblərinin şeirləri
çap olunurdu. Gənclərdən Lətif Hüseynzadə,
Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli
Zəbun, Məmmədəli Tarverdiyev, Əkbər Abbasov, Məmmədhüseyn
Təhmasib və başqaları mətbuatda tez-tez
çıxış edirlər”.
İstər “Qızıl qələm”, istərsə də “Gənc qələmlər”in fəaliyyətini qənaətbəxş saymayan bolşevik mühiti qələm sahiblərindən sosializm ideologiyasının təbliğinə yönələn ədəbi nümunələr tələb edirdi. Həmin dövrdə qəzəl və rübailər yazan, xalq arasında daha çox mərsiyə şairi kimi tanınan Molla Mahmud Çakər kimi şairlər isə kommunist ideologiyasına qulluq etmədikləri üçün “intim-bədbin şeirləri ilə ədəbi gəncliyə zərərli fikirlərini təlqin edən”, “yeni ideyaları qavraya bilməyən” damğaları ilə ədəbi mühitdən uzaqlaşdırılırdı.
1927-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçisi Ağahüseyn Rəsulov Naxçıvana gələrək burada yaşayan ziyalılar, şair və yazıçıların iclasını keçirir, mərkəzi komitənin ədəbiyyat sahəsində siyasətinin tarixi əhəmiyyəti haqqında məlumat verir. Bu səfərə baxmayaraq həmin il Naxçıvanda rəsmi surətdə Proletar Yazıçılar cəmiyyəti təşkil olunmur. Yalnız bir ildən sonra Naxçıvan Partiya Təşkilatının təşəbbüsü ilə “Qızıl qələmlər” Ədəbi Birliyi yaradılır. “Şərq qapısı” qəzetinin redaktoru Abbas Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Xalq Maarif Komissarı V.Həsənzadə, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.Babayev, gənclərdən Əyyub Abbasov, Müzəffər Nəsirli, Əsgər Kəngərli, Nemət Hüseynov, Səkinə Rzalıdan ibarət rəyasət heyəti yaradılır. Ədəbi Birliyin rəhbəri isə Əyyub Abbasov seçilir.
Həmin dövrdə Naxçıvanda yeni ədəbiyyat uğrunda gedən mübarizədə “Qızıl qələmlər” ədəbi birliyi fəal mərkəzə çevrilir. Birliyin təşəbbüsu ilə Naxçıvan şəhər komsomol klubunda tez-tez ədəbi gecələr və mühazirələr təşkil olunurdu.
Tarix elmləri namizədi Əli Əliyev həmin dövrü xatırlayaraq belə yazırdı: “Bu zaman komsomol klubu Naxçıvanda yazıçılar evinə çevrilmişdi. “Qızıl qələmlər” cəmiyyətinin fəaliyyəti getdikcə genişlənərək gənc nəsli özünə cəlb edirdi”.
1927-28-ci illərdə Naxçıvan ədəbi mühitində bir canlanma hiss olunur, gənclər daha geniş yaradıcılıq yoluna qədəm qoyurdular. Həmin ildən başlayaraq “Şərq qapısı” qəzetində müntəzəm olaraq “Ədəbiyyat səhifəsi” təqdim olunur, gənclər yeni şeir və hekayələrini burada çap etdirirdilər. Gənc ədəbi qüvvələr yalnız şeir yazmaqla kifayətlənmir, eyni zamanda, dram əsərlərinə də üstünlük verirdilər. 1927-ci ildə Əyyub Abbasov, Əsgər Kəngərli, Qurban Qurbanovun yazdıqları dram əsərləri Naxçıvan şəhərindəki Karl Libknext adına komsomol klubunda tamaşaya qoyulur və hər üç əsər tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Yaradıcılıq yolunu “Qızıl qələmlər” Ədəbi Birliyinin təşkilatçılarından biri kimi davam etdirən dövrün gənc ədəbi simalarından biri Müzəffər Nəsirli birliyin fəaliyyətinə dair xatirələrindən birində belə yazır: “Bir hadisə heç yadımdan çıxmır. 1927-ci ilin qış fəslində komsomol klubunda ədəbi gecə keçirirdik. Əyyub Abbasov gecəni aparırdı, həmin gecəyə şəhərin çoxlu ədəbiyyat həvəskarları toplanmışdı. Gecədə Əsgər Kəngərli, Məmmədəli İstedadlı (Tarverdiyev), Əli Zəbun, Nuru Axundov, Müzəffər Nəsirli yeni şeirlərlə çıxış etdi. İclasda iştirak edən qocaman şair Mahmud Çakər də şeir oxumaq üçün söz aldı, bir saqinamə oxudu. Üstundən bir müddət keçmişdi....”Molla Nəsrəddin” curnalının növbəti nömrəsində birinci səhifədə “Naxçıvan Proletar Yazıçılar cəmiyyəti” sərlövhəli yazı və karikatura verilmişdi. Şəkildə Naxçıvanda təşkil olunmuş ədəbi gecə təsvir edilmişdi. Ortada bir qoca şair, əlində bəyaz belə bir şeir oxuyurdu:
Saqi, baqi
doldur piyaləni hey,
Nuş
edim mən onu neydir-ney!
Görüldüyü
üzrə, Cəlil Məmmədquluzadə öz əqidə
rəqibi Molla Mahmud Çakəri yenidən satira atəşinə
tutub, onu həyatdan yazmağa dəvət etdiyi kimi, bilavasitə
özü tərəfindən yazılmış bu məqalədə
Naxçıvanda yaradıcılığa başlayan gəncləri
köhnəlik təsirindən qurtarmaq istəməsi bizi
ruhlandırdı, odur ki, gənclərimiz nikbin şeir və
hekayələr yazmağa başladılar. Artıq Ə.Abbasov,
Ə.Kəngərli, Əli Zəbun və mənim şeirlərim
“Komsomol”, “Dan Ulduzu”, “Qızıl şəfəq” məcmuələrində,
“Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Kəndli” qəzetlərində
çap olunmağa başladı, bu da Naxçıvanda ədəbi
həyatın inkişafına geniş yol açdı, gənclərin
ədəbi yaradıcılığa həvəsi gündən-günə
artdı”.
1928-ci ildə
Naxçıvan ədəbi mühiti və mətbuatında
yaranan dönüş Azərbaycan Proletar
Yazıçılar İttifaqının diqqətindən
yayınmır və elə həmin il cəmiyyətin
katibi Süleyman Rüstəm Naxçıvana gələrək
buradakı yaradıcı gənclərin fəaliyyəti ilə
maraqlanır. Süleyman Rüstəmin Naxçıvana gəlişi
və “Qızıl qələmlər” İttifaqının
Naxçıvan şöbəsini təşkil etməsilə
Naxçıvandakı ədəbi qüvvələr öz fəaliyyətlərini
genişləndirir. Şöbə ətrafına bir çox
qələm sahibləri toplanır: “Bu il Azərbaycan
“Qızıl qələmlər” İttifaqının təşəbbüsü
ilə Naxçıvanda olan “Qızıl qələmlər”
yenidən təşkilat altına alınmağa
başlayır. Naxçıvan cəmiyyətinin şöbəsini
düzəltmək üçün Azərbaycan “Qızıl
qələmlər” İttifaqının proletar şairi və
cəmiyyətin məsul katibi, yoldaş Süleyman Rüstəmzadəni
göndərmişdir: “Biz artıq Yazıçılar
İttifaqını qurmalı və yeni cəmiyyətin rəhbərliyi
altında çalışmalıyıq.
“Şərq
qapısı” qəzetinin həmin sayında ədəbi gənclik
nümayəndələri ilə keçirilən toplantı
haqqında verilən xəbərdə Süleyman Rüstəmin
müasir ədəbiyyat qarşısında duran vəzifələrdən
bəhs etdiyi və yaradıcı gənclik içərisində
öz qələmi ilə seçilən Müzəffər Nəsirlinin
Naxçıvan Proletar Yazıçılar cəmiyyətinə
katib seçilməsi bildirilir.
Müzəffər
Nəsirli həmin görüş haqqında öz xatirələrində
yazır: “Poeziya gecəsində şair Süleyman Rüstəm
“Əzmimiz”, “Livadiyada” adlı şeirlərini oxudu.
Naxçıvanın istedadlı gənc şairləri də
öz yeni şeirləri ilə çıxış etdilər.
Bundan sonra bizim Azərbaycan Proletar Yazıçılar cəmiyyəti
ilə ədəbi əlaqəmiz daha da
yaxşılaşdı. Süleyman Rüstəmdən sonra gənclərimizə
yaradıcılıq istiqaməti vermək üçün o
zaman cəmiyyətdə katib işləyən Əcdər
Süleymanov, rus yazıçısı Mixail Yurin tez-tez
Naxçıvana gəlir, bizim yaradıcılıq müvəffəqiyyətlərimizlə
maraqlanırdılar”.
Süleyman
Rüstəm Naxçıvandakı ədəbi həyatla
şəxsən müntəzəm olaraq maraqlanır, mütəmadi
əlaqə saxlayırdı. Müzəffər Nəsirlinin
şəxsi arxivində qorunan, 25 may 1929-cu ildə Süleyman
Rüstəmin Naxçıvan Proletar Yazıçılar cəmiyyətinə
ünvanlanmış məktubunda deyilir: “Əziz
qardaşım Müzəffər! Yazdığın məktubu
və ədəbiyyat səhifələrini aldım. Sizin bu təşəbbüsünüz
təqdirəlayiqdir. Sənin göndərdiyin şeirləri
bu günlərdə “Gənc işçi” və ya “Komsomol” məcmuəsində
çap edəcəyik. Sonra biz “Oktyabr alovları” boyda bir
kitabça nəşr edirik, bu kitabçanı qəza yazıçılarının
əsərlərinə həsr edəcəyik. İndi sən
bir iş et, üzvlərinizin çap olunmamış əsərlərini
(hekayə və şeir) bir yerə toplayıb bizə göndər.
Tez göndərməyə çalış ki, yaxşı əsərlər
toplansın. Sizin ədəbi səhifəniz haqqında bir məqalə
yazıram.
Naxçıvanda
nə var, nə yox, bu yaxınlarda oraya bir adam göndərəcəyik,
ondan istifadə edərsiniz.
Bir də,
üzvlərinizin siyahısını tutub tezliklə cəmiyyətə
göndər, onların komsomol olub olmadığını da
qeyd edərsiniz. Hər ədəbiyyat sevəni üzv deyə
yazmayınız. Bizdə bu saat təmizlik gedir,
yazıçı olmayanları, fəxri üzv olanları
atırıq.
Baqi
hörmətlə, yoldaşlara salam.
Süleyman
Rüstəm”.
Süleyman
Rüstəmin bu məktubundan sonra Azərbaycan Proletar
Yazıçıları cəmiyyətinin katibi Əjdər
Süleymanov Naxçıvana gəlir, gənc
yazıçı və şairlərin
yığıncağını keçirir, ədəbi məsləhətlər
verir.
Həmin
hadisədən sonra ədəbi gəncliyin fəaliyyəti
özünü daha qabarıq göstərməyə
başlayır. Məmmədəli Tarverdiyev, Müzəffər
Nəsirli, Q. Mustafayev, Nemət Nəim, Qurban Qurbanov, Məmməd
Raqib, Baqi Hüseynov, Əli Zəbun, Əbdül Kazım, Əsgər
Kəngərli, Bayram Mərdanlı kimi gənclər ədəbi
gəncliyin bayraqdarları, onu gələcək inkişafa
aparan yolun yolçuları olurlar.
1928-29-cu
illər Azərbaycanda mədəni inqilab dövrü idi. Azərbaycan
partiya və komsomol təşkilatlarının
savadsızlıq, çadra əleyhinə apardıqları
mübarizədə Naxçıvan ədəbi gəncliyi fəal
iştirak edirdi. Təhsil və inkişafla bağlı
çağırışlar sırasında milli-mənəvi
dəyərlərin unudulması və tamamilə xalqın
yaddaşından silinməsi də xüsusi yer tuturdu. Lakin
bütün mənfi cəhətləri ilə kommunizmin
savadsızlıq əleyhinə mədəni tərəqqi
çağırışları öz müsbət nəticələrini
verməkdə idi. Həmin illərdə Azərbaycan LKGİ
Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsində
işləyən Qurbanəli Mustafayev Naxçıvandakı ədəbi
gəncliyə rəhbərlik etməklə bərabər
özü də maraqlı hekayələr yazır, “Gənc
işçi” qəzetində çap etdirirdi. Onun “Qız
qaçırma” və “Yuxulu gecələr” adlı hekayələri
diqqətəlayiq idi. cəsarətlə demək olar ki,
Yaquboğlu imzası ilə çap olunan bu hekayələrdə
qız qaçırma, qan davası, tayfabazlıq kimi milli adət-ənənələrimizə
zidd cəhətlər tənqid atəşinə tutulurdu.
O
dövrdə Naxçıvan şəhər komsomol klubu ədəbi
yaradıcılıq mərkəzinə çevrilmişdir.
Ora bir çox istedadlı yazıçı və şairlər
toplanmışdılar. Lakin onların
yaradıcılığında qüsurlu cəhətlər
çox idi. Naxçıvanlı yazarlar Qurbanəli
Mustafayevin Azərbaycan LKGİ Mərkəzi Komitəsinə
katib seçilməsindən sonra ədəbi gəncliyin
düzgün istiqamətdə olmadığını öz
xatirələrində dəfələrlə qeyd etmişdilər.
1921-1931-ci
illərdə gənc qələm sahiblərindən Məmmədəli
Tarverdiyev, Əbil Yusifov, Baqi Hüseynov, Əkbər
Dadaşlı, Əli Zəbun və başqaları mətbuatda
daha çox şeir və hekayələrlə
çıxış edirdilərsə, Məmməd cəfər
dövri mətbuatda Azərbaycan və rus klassikləri
haqqında ilk məqalələrini, Məmmədhüseyn Təhmasib
isə milli folklor nümunələrini toplayır, ilk tədqiqatlarını
dərc etdirirdilər. Bu dövrdə gənc tədqiqatçı
Əziz Şərif də maraqlı yazıları ilə diqqəti
cəlb edirdi.
Naxçıvanda
kəskin sinfi mübarizənin getdiyi bir vaxtda cəmiyyət həyatında
fəal görünmək istəyən gənc şairlərin
bir qismi demək olar ki, öz əsərlərində
yalnız, “belə tələb edirlər”,-deyə yazmaqla həmin
əsərlərin müasirliyinə, aktuallığına, bədiiliyinə
lazımınca diqqət yetirmirdilər.
Bu səbəbdən
1931-ci ildə Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin
katibi Mehdi Hüseyn Naxçıvana gələrək Partiya
Maarif Evində (indiki uşaq kitabxanasının binası)
Naxçıvanda yaşayan yazıçıların
iclasını keçirir, Azərbaycan proletar ədəbiyyatının
qarşısında duran vəzifələr haqqında ətraflı
bəhs edir. O, öz çıxışında
Naxçıvanda yaşayan yazıçı və şairlərin
yaradıcılığındakı məhdudluğunun əsl
səbəblərini göstərir.
Mehdi
Hüseynin Naxçıvana gəlməsi ilə əlaqədar
olaraq “Şərq qapısı” qəzetində “Ədəbi gəncliyin
sağlam yaradıcılığı uğrunda” adlı
redaksiya məqaləsi çap edilir. Həmin məqalədə
yerli təşkilatların gənclərin
yaradıcılığına istiqamət verməməsi, gənclərin
öz əsərləri üzərində lazımınca
işləməməsi, müasir proletar ədəbiyyatın
tələblərindən geri qaldığı
vurğulanır.
Mehdi
Hüseynin iştirakı ilə keçirilən
yığıncaqdan sonra Vilayət Partiya təşkilatı
ilə birlikdə lazımi tədbirlər planı
hazırlanır və “Şərq qapısı” qəzetində
müntəzəm olaraq ədəbiyyat səhifələri
verilməyə başlanır.
Lakin inkar
edilməz həqiqətdir ki, elə həmin illərdə
Naxçıvanda gənclərinin ədəbi yaradıcılığının
inkişafı hələ çox zəif idi, çünki
az-çox istedadlı gənclər Bakıya təhsil
almağa getmişdilər. Proletar Yazıçılar cəmiyyəti
sıralarında birləşən gənclərin bir
çoxu yaradıcılıq cəbhəsindən uzaq
başqa sahələrdə işləyənlər idilər.
1931-ci ildə
ölkədə ədəbiyyatın daha da inkişaf etdirilməsi
haqqında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin
ədəbiyyat haqqında yeni qərarı elan olunur. Proletar
Yazıçılar cəmiyyəti ləğv edilərək
Sovet Yazıçılar İttifaqının təşkili qərara
alınır. Elə bu zaman Bakıdan qayıtmış Əyyub
Abbasov yaradıcı gəncləri öz ətrafına
toplayır.
1931-ci ildə
Əyyub Abbasovun “Şərq qapısı” mətbəəsində
Məmmədəli Tarverdiyevin redaktorluğu, Lətif
Hüseynzadənin giriş sözü ilə “Mübarizə”
adlı ilk şeirlər kitabı nəşr edilir. Şairin
bu kitaba toplanmış şeirlərində zəhmətkeşlərin
əmək qəhrəmanlığı, elliklə kollektivləşmə
uğrunda gedən mübarizə öz əksini tapır.
Kitabda toplanan şeirlər bədii cəhətdən zəif
olsa da şairin mövzu dairəsinin genişləndiyini
göstərirdi.
Əyyub
Abbasov sonralar qələmə aldığı “Zəngəzur”
romanı və vətəndaş müharibəsinə həsr
olunmuş mənzum “Dar ağacı” poemasında öz üzərində
işləyərək yaxşı bir əsər ortaya
qomuşdur. “Mübarizə” kitabında Əyyub Abbasovun
“Naxçıvan” şeiri bədii yaradıcılıq
baxımından xüsusi əhəmiyyətə malikdir:
Bundan başqa, həmin ildə “Şərq qapısı” qəzetində
Əyyub Abbasovun silsilə şeirləri dərc olunmaqda idi.
1932-34-cü
illərdə Naxçıvanda ədəbi gəncliyin
sayı xeyli artsa da, onların yaradıcılığı sənətkarlıq
cəhətdən təkmil deyildi. Proletar
Yazıçılar cəmiyyəti ləğv edilmiş,
lakin hələ Naxçıvanda Sovet Yazıçılar
İttifaqının vilayət şöbəsi
yaradılmamışdı. Bu vəziyyət uzun müddət
davam etmədi. 1933-cü ildə Mirzə İbrahimov
Naxçıvan MTS siyasi şöbəsinin orqanı olan “Surət”,
Əli Vəliyev Azərbaycan KP Naxçıvan Vilayət
Komitəsinin orqanı olan “Şərq qapısı” qəzetinə
redaktor vəzifəsinə işləməyə gəldilər.
Bu zaman Naxçıvanda sinfi mübarizənin
qızğın dövrü idi. Kolxozların iqtisadi cəhətdən
möhkəmlənməsi, texnika ilə təchiz edilməsi əsas
problemlərdən biri idi.
Süleyman
Rüstəm və Azərbaycan ədəbiyyatının digər
simaları Əli Vəliyev və Mirzə İbrahimovun regiona
göstərdiyi diqqət və maraq Naxçıvan ədəbi
mühitində bir canlanma yaratmış, yaradıcı
insanları ədəbiyyatımıza yeni-yeni töhfələr
verməyə sövq etmişdi.
Əli Vəliyev
1934-1935-ci illərdə “Şərq qapısı” qəzetinin
redaktoru işləyərkən yerli ədiblərin
yazılarına geniş yer verir, özü də məqalə,
oçerk və hekayələri ilə qəzet səhifələrində
tez-tez çıxış edirdi. Onun “Budağın xatirələri”
sənədli romanının “Araz sahilində” bölməsi
Naxçıvanda işlədiyi illəri əks etdirir.
1934-cü
ildə Naxçıvan Vilayət Partiya Komitəsi Azərbaycan
Yazıçılarının I qurultayı ərəfəsində
Naxçıvandakı gənc yazıçıların
konfransını keçirmək və Naxçıvan
Yazıçılar İttifaqını yenidən təşkil
etmək haqqında qərar qəbul edir. Buna səbəb
ÜİK (b) P MK-nın “Ədəbiyyat və incəsənət
təşkilatlarının yenidən qurulması haqqında”
1932-ci il 23 aprel tarixli qərarı olur. Vilayət Partiya Komitəsinin
8 maddədən ibarət bu qərarında-ədəbiyyat təşkilatlarına
yeni heyətin seçilməsi, təşkilatın maddi
bazasının möhkəmləndirilməsi, hər 10
gündən bir “Şərq qapısı” qəzetində
yazıçılar üçün ədəbiyyat səhifəsinin
ayrılması, yaxın bir zamanda Naxçıvanda pedaqoci-ədəbi
məcmuə nəşr olunması və aprel ayında
yazıçıların konfransının keçirilməsi
göstərilirdi. Qərarın son maddəsində əyalət
konfransını keçirmək və yeni heyət
seçilməsi üçün Əli Vəliyev və Mirzə
İbrahimovdan ibarət partiya komissiyasının
yaradılması da qeyd olunurdu.
Mirzə
İbrahimov öz məsul vəzifəsini yerinə yetirməklə
yanaşı, qısa müddətdə Naxçıvanda
yaradıcı gəncliyin inkişafına böyük təsiri
ilə seçilmiş, əhalini təkcə Azərbaycan ədəbiyyatının
görkəmli simaları ilə deyil, eyni zamanda dünya və
rus klassiklərinin ədəbi fəaliyyəti ilə də
tanış etmişdi. O, bu istiqamətdəki təbliğatını
təkcə mətbuat vasitəsilə deyil, eyni zamanda müxtəlif
yığıncaqlar, oxucularla görüşlər və
Naxçıvan yazıçılarının iclasları
vasitəsilə aparırdı.
1932-ci ildən
bütün respublikalarda mərkəzi komitənin qərarına
əsasən proletar yazıçılar cəmiyyəti ləğv
edilmiş, Sovet Yazıçılar İttifaqının yerli
şöbələri yaranmışdır. Lakin
Naxçıvanda hələ təşkilat
yaradılmamışdır. 1934-cü ilin aprelin 23-24-də
Naxçıvan Maarif Evində Naxçıvan İctimai
Şura cümhuriyyətinin şura
yazıçılarının iki günlük birinci tarixi
konfransı keçirilir. Həmin konfransda Mirzə
İbrahimovun “Yazıçılar qurultayına
hazırlıq”, Əli Vəliyevin “Sosialist kəndi və onun
ədəbiyyatda bədii şəkildə ifadəsi”
haqqında məruzələri dinlənilir. Naxçıvan
Sovet Yazıçılar İttifaqının yenidən təşkilində
Mirzə İbrahimov və Əli Vəliyevin təşəbbüsü
diqqətəlayiqdir. Bu haqda “Şərq qapısı” qəzetində
belə məlumat verilir:
“Partiyamızın
tarixi qərarından sonra Naxçıvanda Sovet
Yazıçılar İttifaqı yenidən təşkil
olundu. İttifaqın heyətinə aşağıdakı
üzvlər seçildi:
1. Mirzə
İbrahimov- sədr
2. Əbdül
Kazım- katib
3. Qurban
Qurbanov- üzv
4. Əli
Vəliyev- üzv
5. Baqi
Hüseynov- üzv
6. Qurban Həsənov-
üzv
7. Lətif
Hüseynzadə- namizəd
8. Rza
Şərifzadə- namizəd”.
“Şərq
qapısı” qəzetində dərc olunmuş “Ədəbiyyat”
xronikasında oxuyuruq: “Naxçıvan Sovet
Yazıçılarının iclası oldu,
yazıçılar qurultayına hazırlıq haqqında
Mirzə İbrahimov yoldaş məruzədə bulundu. Mirzə
İbrahimov yoldaş Mərkəzi Komitənin tarixi qərarından
sonra Azərbaycan ədəbiyyatında əmələ gələn
dəyişikliklər və müvəffəqiyyətlər
üzərində dayanaraq Hüseyn cavid, Kantemir, cəfər
cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul
Rza, Əbülhəsən, Hüseyn Mehdi və b.
yazıçıların
yaradıcılığındakı sosializm realizmi və
inqilabi romantizmdən bəhs etdi”.
Qəzetin
“Ədəbiyyat xronikası”nda deyildiyi kimi həmin iclasda eyni
zamanda Mirzə İbrahimov, Əli Vəliyev və Baqi
Hüseynov yoldaşlar Naxçıvandan Azərbaycan
Yazıçılarının I qurultayına nümayəndə
seçilmişlər. “Ədəbiyyat xronikası”nda ədəbi
mühitlə bağlı digər xəbərlər də
verilmişdi:
*
Naxçıvan Şura Yazıçılar İttifaqı
heyəti Ordubad şəhərində öz şöbəsini
təşkil etmişdir. Şöbəyə heyət
üzvü yoldaş Baqi rəhbərlik edir.
*
Naxçıvan Pedaqoji Texnikumu ədəbiyyat dərnəyi
üzvlərinin bir çox əsərləri təhlil edilərək
“Şərq qapısı” qəzetəsində çapa
verilmişdir.
* “Telman”
adına işçi klubunda ədəbiyyat dərnəyi
işə başlamışdır.
“Şərq
qapısı” qəzetinin 8 may tarixli ikinci və
üçüncü səhifələri də Azərbaycan
yazıçılarının I qurultayına həsr
olunmuşdur. Səhifə başlığında təqdim
olunmuş şüarda deyilir: “Təmiz, büllurlaşmış,
mütərəqqi dil ilə bədii əsərləri ifadə
edən yazıçı dəyərli məhsul uğrunda
mübarizə aparan ən yaxşı yazıçı hesab
olunur”. Səhifədə qocaman şair Şeyx Məhəmməd
Rasizadənin “Firdovsi” poemasından bir parça, Lətif
Hüseynzadənin “Günlər”, “Canilərə ölüm”
adlı hekayələri, Ənvər Əylislinin “Komsomol
Qulam” poemasından, Qurban Qurbanovun Naxçıvanda Sovet
hakimiyyətinin qələbəsinə həsr edilmiş
“Qurtuluş” pyesindən bir səhnə çap olunmuşdur.
1933-35-ci
illərdə Naxçıvanda gəncliyin inkişaf etməsində
Əli Vəliyev və Mirzə İbrahimovun xidmətləri
danılmazdır. Demək olar ki, onların köməyi,
faydalı məsləhətləri sayəsində
Naxçıvanda böyük bir ədəbi məktəb
formalaşmış, özünəməxsus inkişaf yoluna
qədəm qoymuşdur.
Bakıda
nəşr edilən “Ədəbiyyat qəzeti”ndə Azərbaycan
Yazıçılar İttifaqının Naxçıvan
şöbəsinin fəaliyyəti haqqında
aşağıdakı sətirləri oxuyuruq:
“Naxçıvanda 27 nəfər gənc yazıçı və
16 nəfər aşıq vardır ki, bunlarla heç bir
yaradıcılıq işi aparılmır. Bu vaxta kimi bir dəfə
də olsun müzakirə və disput keçirilməmişdir.
Yaradıcılıq işi tamamilə unudulmuşdur. Gənclərin
yazdıqları roman, şeir, hekayə və oçerklərə
göstəriş verən yoxdur. Naxçıvan
yazıçılarından Qurban Qurbanov “Ayrım”, Hüseyn
Baqi “Xəndan”, Qasım Tağıyev “Kolxoz həyatı”, Məmməd
İsmayılov “Bizim gənclər”, Hüseyn Hüseynov
“Yüksəliş” adlı əsərlər yazmışlar,
lakin bunların əsərləri heç bir yerdə
müzakirə olunmamışdır”.
Naxçıvanda
yaşayan yaradıcı gənclik haqqındakı belə bir
siqnaldan sonra Azərbaycan Yazıçılar İttifaqı
Naxçıvandakı ədəbi gəncliklə yenidən
məşğul olmağa başlayır. Buna görə də
“Ədəbiyyat qəzeti”ndə “Yeni yazanların
yaradıcılığı uğrunda” redaksiya məqaləsi
çap edilir. Bu məqalədə ədəbi gəncliyə
yaradıcılıq köməyinin zəruriliyindən, gənclərlə
aparılan işin yarıtmaz olduğundan bəhs olunur.
Həmin tənqidi
məqalədən sonra 1940-cı ildə Azərbaycan
Yazıçılar İttifaqı tərəfindən
Bakı şəhərində gənc
yazıçıların respublika kurs konfransı
çağırılır. Həmin konfransda
Naxçıvandan Ənvər Əylisli, Yaqub Məmmədov,
Abbasqulu Quliyev, Hüseyn Əzim, Miryəhya Seyidov, Təvəkkül
Zeynalov kimi yaradıcı gənclər də iştirak edirlər.
Azərbaycan
Sovet Yazıçılar İttifaqının bu təşəbbüsü
Naxçıvanda başlı-başına
buraxılmış yaradıcılıq təşkilatının
işlərinin yenidən canlanmasına xeyli kömək edir.
Gənclər axtarışlar aparıb, yeni şeir, hekayə
və dram əsərləri yazmağa başlayırlar.
Müxbirlərin
sayını artırmaq, onların bilik səviyyələrini
gücləndirmək üçün ölkə Partiya Komitəsi
Naxçıvanda tez-tez müxbirlərin seminarlarını,
konfranslarını keçirirdi.
Müzəffər
Nəsirli belə konfranslardan biri haqqında yazırdı:
“1928-ci ildə “Şərq qapısı” qəzeti müxbirlərinin
II konfransı çağırıldı. Bu konfransda
iştirak etmək mənə də nəsib oldu. Konfrans
dövlət teatrının binasında keçirilirdi.
Konfransda bütün rayonlardan ən fəal müxbirlər
iştirak edirdilər. Hüseyn Vəkilov, İbnyəmin, Məmmədağa
Axundov, Əkbər Abbasov, Məmməd Əkbər, Məmmədəli
Tarverdiyev, Səkinə Rzalı, Hüseyn İbrahimov, Səlbi
İsgəndərova, Abbas Qasımov, Abbas Gülməmmədov,
Əsgər Kəngərli, Həsən İbrahimov, Nemət
Hüseynov, Həsən Əlizadə, Ramazan Əliyev, Məmməd
Rəsulov, M.Əli Əsədullayev və b. kimi fəal
müxbirlər konfransda iştirak edirdi”.
Konfransın
gedişi haqqında məlumat verən məqalə müəllifi
Partiya Komitəsinin təbliğat və təşviqat
şöbəsinin müdiri Məmməd Bağırovun
müxbirlərin gələcək vəzifələrini
müəyyənləşdirdiyini və Azərbaycan
Müxbirlərinin Qurultayına nümayəndələr
seçildiyini qeyd edir. Qurultaya seçilənlər
arasında Müzəffər Nəsirli də vardı.
“Şərq
qapısı” qəzetində şeirlərini ilkin olaraq dərc
etdirən gənc qələm sahiblərindən biri də dahi
ədib Hüseyn cavidin qardaşı Şeyx Məhəmməd
Rəsizadə idi. O, 1906-cı ildə Naxçıvanda
“Üsuli-cədid” (xeyriyyə) məktəbini bitirmiş və
orada müəllimlik etmişdi. O, həm də istedadlı və
ümidverici şair kimi tanınmışdı. Lakin
Naxçıvanda sovet hakimiyyətinin qurulmasından sonra
Şeyx Məhəmməd Rəsizadənin qələmə
aldığı şeirlər totalitar recimi qane etmədiyindən
birmənalı qəbul edilmirdi.
Müzəffər
Nəsirli Məhəmməd Rəsizadə
yaradıcılığına qiymət verərək
yazırdı: “Rəsizadə yoldaşda nöqsan cəhət
əsərlərində obrazların azlığı, təsvirin
cansızlığı, verilən məsələnin məqalə
tərzində inkişafıdır. M.Rasizadə yoldaş
sosialist realizmi, inqilabi romantizmi mənimsəməli, ölkəmizin
inkişafına aid mühüm əsərlər verməyə
çalışmalıdır” .
Şair
keçən əsrin 30-cu illərinin əvvələrində
“Yeddi qız” və “1914-cü il” adlı kiçik poemalar qələmə
almışdır. Birinci cahan müharibəsindən bəhs
edən “1914-cü il” poemasından bəzi parçalar 1935-ci
ildə “Şərq qapısı” qəzetində dərc
edilmişdi.
Şeyx Məhəmməd
Rəsizadə fars dilində də bədii nümunələr
qələmə almışdı. O, Firdovsiyə şeir və
poema həsr etmiş, onun məşhur “Şahnamə” əsərindən
parçaları dilimizə çevirmiş, Firdovsi
haqqında tədqiqat aparmış, bununla əlaqədar
görkəmli şərqşünas K.Smirnovla məktublaşmışdır.
“Azərbaycanı tədqiq və tətövbə cəmiyyəti”
Naxçıvan şöbəsinin tarix, ədəbiyyat
bölməsinə rəhbərlik edən Ş.M.Rəsizadə
Naxçıvanın keçmişi ilə bağlı
maraqlı araşdırmalar aparmış, “Şərur qəzasında
aparılmış ibtidai tədqiqat haqqında” və digər
məqalələri “Azərbaycanı öyrənmə yolu”
curnalında dərc olunmuşdur. Şeyx Məhəmməd Rəsizadə
qardaşı Hüseyn cavid həbs ediləndən sonra
göz altına alınmış, məqalə və
şeirlərinin qəzet və curnal səhifələrində
verilməsinə qadağa qoyulmuş, təzyiq və təqiblərə
dözməyərək 1939-cu ildə vəfat etmişdir.
Əvəz
Sadıq da Şeyx Məhəmməd Rəsizadə kimi müəllimlik
edər, “Şərq qapısı”na şeirlər yazardı.
1926-1927-ci illərdə o, ilk şeirlərini dərc etdirdiyi
“Şərq qapısı” qəzetinin redaktoru vəzifəsində
çalışır, qəzet səhifələrində ədəbi
qüvvələrə geniş yer verirdi. 1927-ci ildə Əvəz
Sadıq “İnqilab və mədəniyyət” curnalına məsul
katib təyin edilmiş, həmin vaxtdan etibarən fəaliyyətini
Bakıda davam etdirmişdir.
Əvəz
Sadıq həmişə fəal yaradıcılıqla məşğul
olmuşdur. “Xatirələr”, “Yeni gün”,
“Aşığın dedikləri”, “Tələ”, “Qərənfil”,
“Sabahı yaradanlar”, “Qəhrəmanlar” və digər hekayə
və povestlər onun qələminin bəhrələridir. O,
Tolstoy, Lermontov, Lope de Veqa, Esxil və Sofoklun əsərlərindən
nümunələri dilimizə tərcümə etmişdir.
Yazıçı-curnalist Akif Axundov Əvəz Sadıq
yaradıcılığına qiymət verərək yazır:
“Əvəz Sadığın satirik əsərləri Mirzə
Cəlil, Üzeyir bəy və Sabir gülüşündən,
xalq zərb-məsəllərindən, atalar sözlərindən
bəhrələndiyindən öz bədii, ictimai-siyasi dəyərinə
görə publisistikamızın qızıl fonduna daxil
olmuşdur” .
Ordubadlı
Əbdül Kazım Naxçıvan ədəbi mühitinin
geniş yaradıcılığa və
dünyagörüşə malik şairlərindən biri
kimi yaddaşlarda qalmışdır.
Şair
Müzəffər Nəsirli “Şura ədəbiyyatı”
başlıqlı məqaləsində Əbdül Kazım
yaradıcılığına qiymət verərək
yazırdı: “Əbdül Kazım
yaradıcılığında olan ümumi cəhət aktual
problemlərin bədii ifadəsidir və daha mürəkkəb
məsələlərin həll olunmasıdır....Ə.Kazım
həyatın dialektik inkişaf qanununu mənimsəmiş, həyatın
mütəmadi dəyişməsi onu
maraqlandırmışdır. O, şüur, məişət,
siyasətdə olan dəyişikliyi görərək:
Həyat
bir qaladır onun içində
Fırlanıb-fırlanıb
insan dəyişir.
Təbəqə-təbəqə
yerin dibində
Havalar dəyişir,
vulkan dəyişir...
“Bir qanun
şeiri məzmun və sənət etibarilə parlaqdır”.
Məqalə
müəllifi daha sonra şairin bitməmiş “Səməd”
poemasından bəhs edərək poemanın sücet xəttini
təşkil edən ana-oğul qarşıdurmasından bəhs
edərək cəmiyyətdəki təbəqələşmə
siyasətinin əleyhinə çıxır. Müzəffər
Nəsirli gənc şairə tövsiyyə verməyi də
unutmur: “Məişəti təsvir edən bu poemanı yazmaq
üçün Ə.Kazım ən böyük kolxozların
işi ilə tanış olmalı və xüsusi diqqəti
obraz, təsvir vasitəsinə verməli....”.
“1932-1941-ci
illərdə “Şərq qapısı” qəzeti
redaksiyasında şöbə müdiri işləmiş Əbdül
Kazım 1937-1939-cu illərdə Azərnəşr və
Uşaqnəşr tərəfindən işıq üzü
görmüş uşaqlar üçün yazdığı
“Sayıq uşaqlar”, “Elşad”, “Pəhləvan Nəzər və
igid qardaş” kitabları nəşr olunmuşdur.
Əylisli
təxəllüsü ilə yazan Ənvər Məmmədov
yaradıcılığından bəhs edən Müzəffər
Asim yazırdı: “1934-1935-ci illərdə “Şərq
qapısı” qəzetində, sonra isə bir müddət Azərbaycan
Yazıçılar cəmiyyətinin Naxçıvan
filialında çalışmışdı. Bu dövrdə
onun “Mənim qəlbim”, “Naxçıvan”, “Ana”, “Bahar”, “Əsgər”
və digər şeirləri və “Puç ümidlər”
poemasından parçalar “Şərq qapısı” qəzetində
dərc edilmişdi. Ədəbiyyata 30-cu illərin ortalarında
gələn Nağı Nağıyevin ilk hekayələri
1937-ci ildə mətbuatda görünmüş, birinci səhnə
əsəri olan ”Səadət” pyesini 1939-cu ildə
tamamlamışdır.
Dövrün
gənc ədəbi simalarından olan Hüseyn Əzim poetik
yaradıcılığa 1934-cü ildən “Ordubad
işçisi” rayon qəzetində dərc olunan “Yaz səhəri”
şeiriylə başlamışdır. Onun rayon qəzetində,
habelə “Şərq qapısı” qəzetində
çıxan şeirləri öz əlvanlığı ilə
diqqəti cəlb edirdi.
XX əsrin
30-cu illərinin sonunda Əbülfəz Abbasquliyev, Adil Babayev,
İslam Səfərli, Hüseyn Razi, Həsən Elsevər,
Kazım Ziya, Hüseyn İbrahimov və digər yazarlar ilk qələm
təcrübələri ilə ədəbi aləmə qədəm
qoymuş və Naxçıvanda ədəbi mühitin daha da
canlanması və formalaşmasına böyük təsiri ilə
seçilmişlər.
Göründyü
kimi, Naxçıvanda mətbuatın yaranmasından ötən
iyirmi il ədəbi mühitdə inkişafa səbəb
olmuş, mətbuatda isə yeni imzaların, təşəbbüslərin,
novator fikirlərin yaranması ilə nəticələnmişdir.
Bu isə öz növbəsində ədəbiyyat və mətbuatın
gələcək, paralel fəaliyyət istiqamətini müəyyənləşdirmişdir.
Həmin illərdə “Şərq qapısı” qəzetində
dərc olunan ədəbi materiallarda, yaradıcı
insanların qələmindən çıxmış
nümunələrdə dövrün, cəmiyyətin
siyasi-ideoloci ovqatından, zamanın və hakimiyyətin tələbindən
irəli gələn bir sıra məhdudiyyətlər, birtərəfli
mülahizələr, ayrı-ayrı məqamlarda siyasi təbliğatın
bədiyyatı üstələməsi də aşkar
görünürdü. Bununla belə, “Şərq
qapısı”nın nəşrə başlaması və fəaliyyəti
Naxçıvanda mətbu və ədəbi-mədəni
inkişafa güclü təkan vermişdi.
Seyid SURƏ,
filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2012.- 10 yanvar.- S.6.