Qənirə
Paşayeva: “İşğalçı qala-qala Azərbaycana
qarşı haqsız düzəliş qəbul olunub və
illər keçsə də ləğv edilməyib”
MÜSAHİBİMİZ MİLLƏT
VƏKİLİ, AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT
ASSAMBLEYASINDAKI (AŞ PA) NÜMAYƏNDƏ HEYƏTİNİN
ÜZVÜ QƏNİRƏ PAŞAYEVADIR
–Qənirə
xanım, ABŞ Konqresinin separatçı və qondarma
“Dağlıq Qarabağ Respublikası”na növbəti maliyyə
yardımı ayırması cəmiyyətimizdə haqlı
olaraq, sərt etirazlara səbəb olub. Siz bir millət vəkili
olaraq, bəs bu haqda nə düşünürsünüz?
– Mən
birmənalı şəkildə həm parlamentdə səsləndirmişəm,
həm də açıqlamalarımda hər zaman demişəm
ki, Konqresin bu yardımları doğru deyil. Hansı istiqamətdə
doğru deyil? Birincisi, Azərbaycanın ərazi
bütövlüyünə hörmət anlayışı
içərisində Konqresin bu yardımları doğru deyil.
ABŞ deyir ki, Amerika Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Azərbaycanın ərazi
bütövlüyünü tanıyan bir ölkənin
parlamentinin, yəni, Konqresinin onun bir hissəsinə,
işğal altında olan bir hissəsinə Azərbaycan
dövlətinin icazəsi,razılığı olmadan
yardımlar ayırması, bu,ilk növbədə Azərbaycanın
ərazi bütövlüyünə qarşı bir hörmətsizlikdir.
Mən bunu açıq şəkildə deyirəm.
Çünki bu yardımlar Azərbaycan dövlətinin icazəsi
və razılığı olmadan həyata keçirilir və
təbii ki, biz bunu öz ərazi
bütövlüyümüzə qarşı hörmətsizlik
kimi dəyərləndiririk. İkinci bir aspektdən
götürək. Düşünün ki, Azərbaycanın
işğal altında olan Dağlıq Qarabağ bölgəsində
bu gün erməni icması yaşayır, erməni
separatçıları yaşayır. Bu separatçı
qüvvələr Ermənistan silahlı qüvvələri
ilə birlikdə Azərbaycan ərazilərinin
işğalında rol oynayıblar və Qarabağda,
Qarabağ ətrafında da Ermənistan silahlı qüvvələri
ilə birlikdə azərbaycanlıları Dağlıq
Qarabağdan, Qarabağ ətrafından qaçqın və məcburi
köçkünə çeviriblər. İndi
düşünün ki, bu işğalçı, bu
separatçı qüvvələrə – rahat şəkildə
orada oturub yaşayan qüvvələrə yardım verilir,
amma onların qovduğu, əziyyət verərək
çıxardığı, 20 ildir evinə dönə bilməyən
məcburi köçkünlərə o yardım verilmir. Bu,
hansı ədalət normasına sığır?
Çünki Dağlıq Qarabağın təkcə erməni
icması yoxdur, Dağlıq Qarabağın Azərbaycan
icması da var və bu yanaşmanın özü ədalətsiz
və yanlış bir yanaşmadır.Məsələnin
üçüncü tərəfi, mən bunu hər zaman
parlamentdə də səsləndirmişəm və çox
ciddi narahat edən tərəfi bundan ibarətdir ki, əgər
bu bir humanitar layihə düşüncəsi ilə həyata
keçirilirsə, o zaman Konqres niyə bu cür
yardımları Abxaziyaya, Cənubi Osetiyaya, Dnestryanı
bölgəyə ayrılmır, oradakı separatçı
qüvvələrə ayrılmır? Mən hesab edirəm
ki, bəli, ayrılmamalıdır da. O cümlədən də,
Dağlıq Qarabağın separatçı rejiminə də
bu yardım ayrılmamalıdır. Dağlıq
Qarabağdakı separatçı qüvvələrə də
ayrılmamalıdır. Ona görə Dağlıq
Qarabağın separatçı qüvvələrinə bu
yardımı ayırıb, digərlərinə ayırmamaq,
bu, artıq Konqresin, belə deyək, xoş olmayan niyyətindən
xəbər verən bir məsələdir. Səmimi niyyətindən
xəbər verən bir məsələ deyil. Odur ki, biz Azərbaycan
və azərbaycanlılar olaraq, buna qarşı haqlı
olaraq etiraz edirik...
–Sizcə,
separatçı rejimə, separatçı qüvvələrə
verilən bu dəstək əslində işğala verilən
dəstək deyilmi?
–Bəli,
bu, əslində bir növ işğala verilən dəstəkdir.
Biz bunu belə də qiymətləndiririk. O qüvvələr
ki, Ermənistan silahlı qüvvələri ilə –
işğalçılarla bərabər Azərbaycan
torpaqlarını işğal edib, minlərlə insanı
qaçqın və məcburi köçkünə
çevirib, o insanlara, o rejimə, o qüvvələrə dəstək
vermək əslində onların “inkişafını”,
onların daha da bu əməllərini davam etdirməsinə
imkan yaradır, sanki, onlara verilən bir dəstək kimi qiymətləndirilir.
Ona görə də, təbii ki, biz hər zaman bu məsələni
etiraz edərək birmənalı qoyuruq. Birincisi, ABŞ
Konqresi tərəfindən Azərbaycanın
razılığı və icazəsi olmadan onun hər
hansı bir hissəsinə yardımın ayrılması
doğru deyil və bu, dondurulmalıdır. İkinci, ən
vacib məsələ ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir,
yəni, həmsədr oaraq münaqişənin tənzimlənməsində
obyektiv, neytral, ədalətli mövqe tutmalıdır. Həmsədrin
ölkəsinin Konqresi tərəfindən belə bir
addımın atılması onun artıq obyektivliyini,
neytrallığını və ədalətliliyini ciddi şəkildə
şübhə altına , sual altına salır. Təbii ki,
bu, Azərbaycanda da, insanlarımızda da, qaçqın və
məcburi köçkünlərimizdə də bu fikri
yaradır. Təbii ki, ABŞ bu münaqişənin tənzimlənməsində
obyektiv deyil, neytral deyil, ədalətli deyil və
ABŞ-ın Konqresinin bu addımları Ermənistana , Ermənistanın
işğalçılığına, Dağlıq
Qarabağın separatçı rejiminə, separatçı
qüvvələrə insanlarımız tərəfindən
dəstək kimi qiymətləndirilir və onlar da öz
etirazlarında, öz tələblərində
haqlıdırlar. Təbii ki, biz də ABŞ-ın Konqresindən,
ABŞ-dan bu kimi addımların dayandırılmasını,
durdurulmasını istəyirik. Birincisi, Azərbaycanın ərazi
bütövlüyünü tanıyan bir ölkə olaraq Azərbaycanın
ərazi bütövlüyünə hörmətlə
yanaşılmalıdır, o istiqamətdə bu
addımları durdurmalıdır.İkincisi, ATƏT-in Minsk
qrupunun həmsədri kimi neytral, obyektiv, ədalətli
mövqeyini qorumalıdır ki, o, bu addımlarla bunu qorumur,
artıq neytral, obyektiv, ədalətli olmayacaq mövqeyini
ortaya qoyur və bu baxımdan, bu addımlar
dayandırılmalıdır. Üçüncüsü, bu
addımlar beynəlxalq hüquq və beynəlxalq hüquq
normaları və prinsiplərinə ziddir.Beynəlxalq
hüquq normaları və prinsiplərinə görə də
bu addımlar durdurulmalıdır və eyni zamanda, təbii,
yenə vurğulayıram, separatçı qüvvələrə
verilən dəstək işğalçılığa verilən
dəstək kimi qiymətləndirilir. Hər tərəfdə
də ancaq bu şəkildə qiymətləndirilə bilər.
Baxın, Suriyada nə addımlar atırlar? Suriyada Bəşər
Əsəd rejimi tərəfindən sadə , sivil insanlara
qarşı qətl hadisələri həyata keçirilib,ona
görə, indi həmin rejimə embarqolar qoyulur, iqtisadi
sanksiyalar qoyulur, əlaqələrin kəsilməsi məsələsi
gündəmə gətirilir. Amma burada minlərlə
insanı qətl etmiş, minlərlə insanı məcburi
köçkünə çevirmiş, bu gün də evinə
dönə bilməyən, evinə dönməsinə imkan
verməyən qüvvələrə dəstək göstərilir.
Yəni, Ermənistana bu dəstək bir ayrı göstərilir,
üstəlik Dağlıq Qarabağın separatçı
qüvvələrinə, separatçı rejimə dəstək
göstərilir. O zaman biz hansı səmimiyyətdən
danışırıq, hansı ədalətli yanaşmadan
danışırıq? Təbii ki, bu da insanların içərisində
çox ciddi suallar doğurur. Bu baxımdan ,
biz hesab edirik, bu, bizim tələbimizdir, Azərbaycan
xalqının tələbidir, məcburi köçkünlərin
tələbidir ki, ABŞ Konqresi bu kimi yardımları və
bu kimi addımları dayandırmalıdır.
–
ABŞ-ın ölkəmizdəki səfirliyindən bununla
bağlı mediaya verilən açıqlamada bildirildi ki, buna
görə Azərbaycan tərəfinin əndişələnməsinə
heç bir əsas yoxdur. Çünki bu
yardımlara ayrılan pul – 2 milyon dollar daxil olmaqla birbaşa
separatçı rejimin rəhbərliyinə deyil, orada
humanitar layihələri həyata keçirən təşkilatların
hesabına köçürülür. Bir
də sonda belə bir ifadə işlədildi ki, onlar Konqresin
qəbul etdiyi qərarlara hər hansı bir şərh verə
bilməzlər. Yəni, Konqresin qəbul
etdiyi qərarlar mütləqdir. Buna
fikriniz necədir?
– Konqresin
verdiyi qərara verilən şərh səfirliyin
mövqeyidir, mən ona nə deyim? Biz sadəcə,
Konqresin mövqeyinə toxunuruq. Bir daha qeyd
edirəm ki, bu, absurd bir şeydir. Onda get Abxaziyaya da ver,
Dnestryanıya da ver, niyə vermirsən? Get oranın təşkilatlarına
ver də? İkincisi də nə fərqi var ki,
oradakı təşkilatlar kimin təşkilatlarıdır,
separatçı rejimin təşkilatlarıdır da? Orada nə təşkilat var, orada axı, hansı təşkilatdan
söhbət gedə bilər? O, həmin
separatçı, işğalçı qüvvələrin çiçəklənməsinə , o,
separatçı rejimin, o bölgənin inkişafına “xidmət
edir”. Nə fərqi var onun? Üstəlik
hələ aparıb ciblərinə pul da qoymaq istəyirsiniz?
Deyir, biz ora vermirik, ora verirsiniz də, nə fərqi
var ki? Mən bunu deyə bilərəm ,
mən hesab edirəm ki, bunlar hamısı fikri başqa istiqamətə
yönəltməkdir. Səfirlik elə deyəcək
də, Konqresin dediyini deməyəcək ki? Onun o yetkisi
yoxdu desin ki, Konqres səhv edir, onu deyə bilməz. Ona görə onu elə deməyə məcbur olur.
Mən belə hesab edirəm ki, bu, bir arqumentli
cavab deyil. Çünki Konqresin Azərbaycanın
işğal altında olan ərazilərinə, Dağlıq
Qarabağa, Dağlıq Qarabağdakı separatçı
rejimə, separatçı qüvvələrə verdiyi maliyyə
dəstəyi işğala verilən dəstəkdir. Demək ki, biz o rejimə dəstək vermirik, o
qüvvələrə dəstək vermirik, bunlar
düzgün deyil. Bu yardımlar hara gedir,
bu yardımlar bu gün Dağlıq Qarabağda,
separatçı erməni rejimi və separatçı erməni
qüvvələri var ki, onlara – bu bölgəni idarə edənlərə
gedir. Bu yardımlar o bölgə
üçün gedir. Yəni, o bölgədəki
hansısa fəaliyyətlərə yönəlir, hansısa
işlərə yönəlir. İkincisi
də söhbət o yardımların həcmindən və
paylanmasından getmir, söhbət bu yardımların
ayrılmasının doğru olmadığından gedir.
Onəmli deyil ki, o yardımların həcmi nə
qədərdir, o yardımlar hansı yollarla
dağıdılır, özlərinin müəyyənləşdirdiyi
təşkilatlarlamı, yoxsa, başqalarınamı gedir.
Önəmlisi bu yardımların
ayrılmasının yanlış olmasıdır. Yenə təkrar vurğulayıram ki, ABŞ Azərbaycanın
ərazi bütövlüyünü tanıyıb. Ərazi
bütövlüyünü tanıdığınız
ölkənin bir hissəsinə – o hissədəki Azərbaycan
hökumətinin, dövlətinin nəzarəti yoxdur, ora
işğal altındadır və orada separatçı
qüvvələr, separatçı rejim fəaliyyət
göstərir, belə bir bölgəyə Azərbaycanın
razılığı olmadan, Azərbaycanın icazəsi
olmadan ayrılan hər hansı bir yardım, hər bir
addım Azərbaycanın ərazi bütövlüyünə
hörmətsizlikdir və bu dünyanın hansı ölkəsi
ilə bağlı olursa-olsun bu cür də qəbul edilməlidir
ki, bu ölkənin ərazi bütövlüyünə
sayğısızlıqdır. İkinci bir tərəfdən
bu beynəlxalq hüquqa, beynəlxalq hüquq normaları
prinsipinə ziddir. Üçüncüsü
də ATƏT-in Minsk qrupunun həmsədr kimi Amerikanın
mövqeyinə ciddi şəkildə kölgə salan
addımdır. Dördüncüsü,
axı Dağlıq Qarabağın təkcə erməni
icması yoxdu? Dağlıq
Qarabağın erməni icması işğalçı Ermənistanın
yanında olaraq separatçı qüvvələrə dəstək
verirlər, separatçı rejim də bu işğalda
geniş şəkildə rol oynayıb. İşğalçıya
bu dəstəyi verir, amma əziyyət çəkən, yəni,
evindən qovulan qaçqın və məcburi
köçkünə heç bir yardım ayırmır?!
Konqres tərəfindən niyə yardım ayrılmır ki,
Dağlıq Qarabağdan qaçqın və
köçkün düşmüş insanların bu humanitar
layihələrə ehtiyacı var. Çünki bu insanlar evlərini
itiriblər, məktəblərini itiriblər, işlərini
itiriblər, hər şeyini itirən azərbaycanlılardır.
Niyə onlara heç bir yardım
ayrılmır? Amma separatçı rejimin
olduğu, separatçı qüvvələrin olduğu, yəni,
işğalçı qüvvələrin olduğu yerə
ayrılır o yardım. Bunun özü
axı məntiqlə də absurddur. Beşincisi,
əgər bu doğrudan da bir səmimi humanitar mahiyyət
daşıyırsa, niyə Abxaziyaya yoxdu, niyə Cənubi
Osetiyaya yoxdu, niyə Dnestryanıya yoxdu? Nə
üçün məhz Dağlıq Qarabağa bu
addımı atırlar? Demək ki, burada artıq fərqli
bir niyyət, fərqli bir düşüncə də var. Təbii
ki, biz bu parametrləri nəzərə alanda Azərbaycan
heç zaman bunu qəbul edə bilmir və hər zaman da buna
öz etirazını bildirir. Azərbaycan dövləti, Azərbaycan
xalqı hər zaman ciddi arqumentləri gətirərək, bu
cür addımların doğru olmadığını bildirir . ABŞ ən azı ATƏT-in
Minsk qrupunun həmsədri kimi özünün obyektiv, neytral
və ədalətli mövqeyini qoruması istiqamətində
– münaqişənin tənzimlənməsində belə bir
rol oynamalıdır. Amma çox təəssüf
ki, bu istiqamətdə biz müsbət addımları görə
bilmirik, o cümlədən də 907-ci düzəliş məsələsində.
907-ci düzəliş də bu gün ABŞ
siyasətində Azərbaycana qarşı ədalətsiz
düzəlişdi, haqsız düzəlişdi. Bu gün ABŞ-ın siyasəti ilə məşğul
olan və bu bölgəni bilən siyasətçilərin
hamısı bunun doğru olmadığını bilirlər.
Amma o ləğv olunmur. Bu ədalətsiz
düzəliş bu günə qədər də davam edir.
Bu özü məsələnin digər tərəfidir
ki, bu haqsızlıq hələ də Azərbaycana
qarşı davam edir. Bax bu da ATƏT-in Minsk qrupunun həmsədri
kimi ABŞ-ın mövqeyinə ciddi şəkildə
kölgə salır ki, işğalçılar qala-qala Azərbaycana
qarşı belə bir düzəliş qəbul olunub və
neçə illər keçməsinə baxmayaraq, indiyə
qədər də o ləğv olunmur...
VAHAB
525-ci qəzet.-
2012.- 10 yanvar.- S.4.