“Yaradıcı insana səhnə, meydan lazımdır”

 

Ellada Hüseynova gənc olsa da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində illərdi ki, pedaqoji fəaliyyətlə məşğuldur. Özü Azərbaycan Musiqi Akademiyasını bitirib. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir. Bir neçə il “Musiqi sənəti” fakültəsinin “Musiqişünaslıq” kafedrasına rəhbərlik etdikdən sonra 2011-ci ildə həmin fakültənin dekanı vəzifəsinə təyin edilib. Əlbəttə, bu təyinatda Ellada xanımın musiqimizin nəzəriyyəsi sahəsindəki çalışmaları, kafedranın işlərinin təşkilində yüksək təşəbbüskarlığı rol oynayıb. Təbii ki, bu faktor universitetin rektoru, professor Timuçin Əfəndiyevin, eləcə də bu ali təhsil ocağının çoxsaylı professor-müəllim heyətinin diqqətindən yayına bilməzdi.

Dekan seçildiyi gündən “Musiqi sənəti” fakültəsində nəzərə çarpacaq dəyişikliklər, fərəh doğuran yeniliklər baş verməkdədir. bu özünü tələbə və magistrlərin yaradıcılıq ifa işlərinin geniş vüsət almasında, onların nəzəri biliklərin əldə olunmasına can atmalarında göstərir. Ötən ilin sonlarına yaxın fakültənin ayrı-ayrı şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin biri-birinin ardınca ortaya qoyduqları yaradıcılıq- ifa işləri dediklərimizə əyani sübutdur. Elə Ellada xanımı bu söhbətə cəlb etməyimizin səbəbi də həmin yaradıcılıq-ifa işlərinin çoxluğu, mütəşəkkilliyi, birki, əlbəttə yüksək bədii-estetik keyfiyyəti ilə bağlıdır.

Ellada xanım, bir bu qədər tədbiri qısa zaman kəsiyində tamaşaçılara təqdim etmək onlar üçün xoş olsa da hər halda bunları il uzunu həyata keçirmək olmazdımı? Axı, necə deyərlər, əlinizdə bəs deyincə “materialvar.

– Məsələ burasındadır ki, il uzunu bundan da artıq deməyə sözümüz olacaq. Bilirsinizmi nəyə görə? Bizdə aldığı təhsilə hörmətlə yanaşan, ixtisasına dərindən yiyələnməyə can atan və artıq buna nail olmuş tələbələr həddindən çoxdur. Bu bizi həm sevindirir, həm də məsuliyyət hissimizi artırır. Yaradıcı insana səhnə, meydan lazımdır. Bununçun isə onu bu mərtəbəyə hazırlamaq, dinləyicinin, tamaşaçının həvəs və ehtiramla qəbul edəcəyi səviyyəyə çatdırmaq əsas şərtdir. Baxın, bu gün bizim yetirmələrimizin böyük əksəriyyəti ölkəmizin, eləcə də dünyanın bir sıra nüfuzlu konsert salonlarında Azərbaycanı- deməli həm də ADMİU-nu təmsil edirlər. Yaxşı başa düşürük ki, təlim və tərbiyə verdiyimiz bu gənclərin gələcək uğurlarının təməli məhz bu günlərdə, bizim istedadlı pedaqoqlarımızın köməkliyi, onların gözləri qabağındaca qoyulmalıdır.

Buna necə nail olursunuz?

– “Musiqi sənəti” fakültəsi bilavasitə yaradıcılıqla məşğuldur. Yəni biz gələcəyin musiqiçilərini, muğam, mahnı ifaçılarını, dirijorları, eyni zamanda musiqi nəzəriyyəçilərini hazırlayırıq. Yaradıcı fərdi öz başına buraxmaq olmaz, onu həm də musiqi savadı, mükəmməl nəzəriyyə ilə silahlandırmaq gərək. Bunun üçün fakültə öz ətrafına yüksək elmi dərəcəli mütəxəssislər toplayıb. Canəli Əkbərov, Aytəkin Həsənova, Səbinə Mehdiyeva, Cəmilə Nəsirova, Cəvahir Mustafayeva, Nigar Ağayeva, Sevinc Dadaşova, Leyla Aslanova, Rəşad Kazımov və başqaları bu missiyanı həyata keçirməkdə əllərindən gələni əsirgəmirlər. Onların hər birinin mükəmməl qrafiki var. Özlərinə məxsus fəhmlə dərs dedikləri tələbələri musiqi qavrayışı, duyum tərzinə görə seçib ayırır, onlara fərdi surətdə dərs keçir, sonra müəyyən edilmiş vaxtlarda sinif konsertləri təyin edirlər. Bu, əgər belə demək olarsa, gələcək sənətkarın- tutaq ki, müğənninin, tarzənin, vokalçının, pianoçunun ilk solo konserti olur. Sonra onlar bir az da geniş auditoriya qarşısına çıxır, daha sonra universitetin “Səda” Tədris teatrında tamaşaçılar qarşısında çıxışlar edirlər.

Bir qədər də söhbətimizin əvvəlində işarə etdiyimiz yaradıcılıq ifa işləri, yəni onların qısa vaxt ərzində dalbadal tamaşaçılara təqdim olunması barədə. Məqsəd oxucuları gördüyünüz işin detallarıyla tanış etməkdir.

Biz indi yeni layihələr, yeni müsamirələr, görüşlər planlaşdırırıq. Bu barədə danışmaq mənim üçün daha xoş olardı. Keçmiş olsa da o söylədiyiniz yaradıcılıq-ifa işlərinə də qısaca nəzər salaq. Bunlar əslində tələbə və müəllimlərimizin hesabat konsertləri idi. Adlı-sanlı pedaqoqlarımız öz tələbələri ilə gördükləri işləri bir araya gətirmək istəmişdilər. Dekabrın 20-dən başlayan hesabat konsertlərində yüzlərlə tamaşaçı iştirak etdi, gənc ifaçılarımızın solo çıxışlarını sürəkli alqışlarla “mükafatlandırdılar”. I kurs tələbəsi Ruslan Səmədovun Frederik Şopendən ifa etdiyiİnqilabi etüd”, Coşqun Beydullayevin, Emin Mirzəyevin, Ayşən Mehdiyevanın, Samir Arazovun, Sadıq Məmmədovun, Əsmət İbadovanın oxuduqları mahnılar unudulmaz idi.

Sonrakı günlərdə “Musiqi fənləri və dirijorluq”, “Estradapopulyar musiqi” kafedralarının təqdim etdikləri ifalar, “Muğam sənəti” və “Aşıq sənəti” kafedralarının xəttiylə çıxış edən tələbələrin hazırladıqları musiqi çələngi xüsusi qeyd edilməlidir.

İnstrumental ifaçılıq” kafedrasının müdiri, əməkdar artist Mirnazim Əsədullayevin yetirmələrindən olan istedadlı kamançaçalan Rauf İslamovun ifa etdiyi Avropa və Azərbaycan ünvanlı əsərlər dinləyiciləri heyran etdi.

Dahi muğam ustası, xalq artisti Xan Şuşinskinin anadan olmasının 110-illik yubileyibizim universitetdən yan ötmədi və əlbəttə ki, fakültəmiz ölkə Prezidenti İlham Əliyevin bu görkəmli muğam ustasının əlamətdar yubileyi ilə bağlı imzaladığı fərmanın işığında “Səda” Tədris teatrında möhtəşəm bir proqram həyata keçirdi. Xalq artisti, professor Canəli Əkbərovun aparıcılıq etdiyi bu müsamirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərli, akademik Telman Əliyev, böyük sənətkarın övladları Aslan Cavanşir, qızı Bəyimxanım qəlbləri ehtirasa gətirən çıxışları, xatirələri ilə yadda qaldılar. Və birXan Şuşinskini yada salan ifalar, ifalar.... Musiqi sənəti” fakültəsində dərs deyən pedaqoqlardan Teyyub Aslanov, Zakir Əliyev, Bəsti Sevdiyeva, Mələkxanım Əyyubova, Gülüstan Əliyeva və Qəzənfər Abbasovun misilsiz şövqlə oxuduqları mahnılar unudulmaz sənətkarın xatirəsinə ən layiqli töhfə oldu.

– Müsahibəyə görə çox sağ olun. Yeri düşmüşkən 2013-cü ildə yaranmasının 90-illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin çoxsaylı müəllim və tələbə heyətini, ayrıca olaraqMusiqi sənəti” fakültəsinin yaradıcı potensialını yeni il münasibətilə təbrik edir, onlara, dünya səhnələrindən səsiniz gəlsin, deyirik.

 

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.-2012.-  11 yanvar.- S.7.