“Media
ilə yüksək səviyyəli əlaqələr qurmaq üçün gərək
piar meneceri də öz işinin peşəkarı
olsun”
“BAKI PARK BULVAR”ın PİAR
MENECERİ GÜNAY MALİKQIZI:“GÖRDÜYÜMÜZ
İŞLƏRİN CƏMİYYƏT ARASINDA TƏBLİĞ
EDİLMƏSİ VƏ MAARİFLƏNDİRMƏ
İŞLƏRİNİN APARILMASINDA JURNALİSTLƏRİN
BÖYÜK ƏMƏYİ VAR”
Azərbaycan
teleməkanında bir sıra tanınmış jurnalistlər
var ki, bəzi gənc həmkarları onlara müxtəlif
rakursdan yanaşaraq, özlərinə örnək
sayırlar. Peşəkarlıq səviyyələrinə, təqdimata
görə bir-birlərindən fərqlənən
tanınmış telejurnalistlər həm də
çalışdıqları telekanalların imicini
formalaşdırırlar desək, yanılmarıq. Nahaq yerə
“yaxşı jurnalist, yaxşı aparıcı
televiziyanın üzüdür” demirlər. Teleməkanda
öz sözünü demiş aparıcılar izləyicilərin
sevimlisinə çevrilir və həmişəlik onların yaddaşında
qalır.
Tamaşaçıların
rəğbətini qazanmış, xəbərləri
özünəməxsus şəkildə təqdim edən
belə aparıcılardan biri də Günay
Malikqızıdır. Bir müddətdir ki, televiziyadan
ayrılmasına baxmayaraq özünün də söylədiyi
kimi yolda rastlaşdığı insanlar hələ də onu
televiziya aparıcısı kimi xatırlayırlar.
G.Malikqızı 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib. Jurnalist kimi fəaliyyətə
də elə həmin ildən başlayıb. İlk olaraq
“Virtuoz” teleradio kompaniyasında idman müxbiri kimi çalışıb. Sonra “Space” və
“Lider” telekanallarında
xəbər aparıcısı
kimi fəaliyyətini
davam etdirib. Hazırda isə “Bakı Park Bulvar” Ticarət Mərkəzinin piar meneceri vəzifəsində
çalışır.
G.Malikqızının sözlərinə
görə, o, “Space”telekanalına
müsabiqə yolu ilə qəbul olunub: “Müsabiqədə
iştirak edən 365 nəfər içərisindən
cəmi beş
nəfər seçilmişdi
ki, onlardan da biri mən
idim. O vaxt mənin 19 yaşım var idi. Bu kanalda
ana xəbər buraxılışının aparıcısı
kimi 7 il
çalışdım. Sonra “Lider”
telekanalına keçdim
və kanalın Xəbərlər Departamentində
aparıcı və redaktor kimi fəaliyyətimi
davam etdirdim.
G.Malikqızı deyir ki, jurnalist peşəsi çox zəhmətli, insandan böyük güc, qüvvət tələb edən bir peşədir: “Bizim işimiz özünə qarşı
həqiqi sevgi tələb edir. Ancaq qəlbində jurnalistikaya
böyük sevgisi olan insan bu
peşəni seçə
bilər. Məni jurnalistikaya
böyük sevgi bağlayır, mən peşəmin vurğunuyam.
Jurnalistika peşəkarlıq, cəsarət, zəhmət
tələb edir.
Bu işdə ya yaxşı peşəkarsan, ya da ümumiyyətlə yoxsan. Peşəkarlıqla yanaşı, aparıcının
aydın, rəvan, səlist danışıq
tərzi olmalıdır
ki, informasiyanı tamaşaçıya olduğu
kimi çatdıra bilsin. Mən televiziya aparıcısı
kimi 15 il
fəaliyyət göstərmişəm.
Bu az bir
müddət deyil. Deməli peşəmə
sevgi məni 15 il efirdə
saxlayıb. Sual oluna bilər
ki, necə oldu ki bu
qədər sevdiyim aparıcılıqdan, efirdən
uzaqlaşdın. Əslində bu suala mən
özümdə indi də cavab tapa
bilmirəm. Hər
şey 3 gün ərzində baş verdi. cvimi göndərdim və 3 günə işə götürüldüm.
Düşünürəm ki, piar-meneceri
vəzifəsi mənə
maraqlı gəldiyi üçün bu addımı atdım.
Mən “Lider”dən dostcasına ayrılmışam. “Lider”dən, efirdən öz istəyimlə uzaqlaşmışam. Mən hər
zaman “Lider”də özümə qarşı
hörmət, sevgi görmüşəm. Öz növbəmdə
mən də bu kanalda çalışan
əməkdaşlarıma və
digər çalışanlara
sevgilə, hörmətlə
yanaşmışam. Mən işdən
çıxacağımı deyəndə bu xəbər hər kəs tərəfindən
təəccüblə qarşılandı.
Çünki mən artıq
7 ilidi ki, burada çalışırdım
və işdən uzaqlaşmağım üçün
heç bir ciddi səbəb yox idi. Həmkarlarım çoxu kanaldan
getməyimi istəməsə
də seçimimə
hörmətlə yanaşdılar.
Hər kəs mənə deyirdi ki, sən
peşəkar aparıcı
kimi özünü teleməkanda çoxdan təsdiq etmisən, biz əminik ki, piar-meneceri kimi də təsdiqləyəcəksən.
Artıq
üç aya yaxındır ki, mən kanaldan uzaqlaşmışam. Ancaq bügün
də “Lider”dəki əməkdaşlarımla mütəmadi
ünsiyyətdə oluram,
tez-tez görüşüb
söhbətləşirik”.
G.Malikqızının sözlərinə
əsasən, həyatda
və işində qazandığı uğurlarda
ailəsinin rolu böyükdür: “Doğurdan
da ailə qadın üçün çox önəmlidi. Mənim üçün də ailə çox önəmlidir və birinci yerdədir. Hər bir qadının onu başa düşən,
anlayan, dəstək olan həyat yoldaşına ehtiyacı
var. Mən piar-meneceri
kimi işə başlayanda ailəmdən,
anamdan, həyat yoldaşımdan böyük
dəstək gördüm.
Onlar bügün də mənə böyük dəstəkdirlər”.
G.Malikqızı bildirib ki, artıq xeyli vaxtdır ki, “Bakı Park Bulvar” Ticarət Mərkəzinin
piar meneceri vəzifəsində işləyir:
“Piar plüralist cəmiyyətlərdə müxtəlif
təşkilatlar və
insan qrupları arasında qarşılıqlı
anlaşmaya yardım edən qərarların qəbul edilməsinə və cəmiyyətin daha effektiv fəaliyyət
göstərməsinə xidmət
edir. Piar meneceri olaraq
mənim əsas vəzifəm Ticarət Mərkəzində təşkil
olunan tədbir və aksiyaları mətbuat vasitəsilə
ictimaiyyətə çatdırmaqdır.
Həmçinin “Park Bulvar”in
daim ictimaiyyətin diqqət mərkəzində
olması və bu məqsədlə
KİV-də Ticarət
Mərkəzi haqda məlumatların yerləşdirilməsinə
xidmət etmək. Piar-meneceri işi bir qədər
fərqli işdi.
Aparıcı olan zaman mən böyük bir komanda ilə
çalışırdım. Ancaq burda işi yalnız mən icra edirəm, bütün məsuliyyət
mənim üzərimdədi.
Düzünü deyim
ki, piar-meneceri olmaq o qədər də asan iş
deyil. Bu işin
də öz çətinlikləri var. Ancaq
mən bu çətinlikləri rahatlıqla
aşır və işimin öhdəsindən
məharətlə gəlirəm.
Bu iş mənim çox xoşuma gəlir, olduqca maraqlı bir işdi. Bəlkə də piar meneceri olmağı ilk gündən çox sevdiyim üçün bu çətinliklər mənə asan gəlir. Bizim fəaliyyətimizdə KİV əməkdaşları ilə
yaxşı əlaqələrin
qurulması başlıca
məqsədlərdən biridir.
Çünki gördüyümüz işlərin cəmiyyət
arasında təbliğ
edilməsi və maarifləndirmə işlərinin
aparılmasında jurnalistlərin
böyük əməyi
var. Biz də bunu nəzərə alaraq fəaliyyətə başladığımız
ilk vaxtlardan etibarən
bu əməkdaşlığı
ən yaxşı şəkildə davam etdirmək məqsədilə
bir sıra layihələr həyata keçirmişik. Mətbuatla əlaqələrimiz
daha çox qarşılıqlı işgüzar
münasibətlərə söykənir.
Biz hər bir
KİV-in, hər bir jurnalistin sorğusunu cavablandırırıq və
ya əlaqədar şəxslərlə birləşdiririk.
Jurnalistlərlə mütəmadi olaraq
əlaqə saxlayır,
tədbirlər zamanı
görüşürük. Mən hər zaman çalışıram ki,
tədbirlər zamanı
mətbuat nümayəndələrinin
yanında olum, onları maraqlandıran suallara cavab verim. Bu əməkdaşlığımız
getdikcə səmimi tanışlığa çevrilir”.
G.Malikqızı deyir ki, əsas prinsipimiz KİV-lə əlaqələri peşəkar səviyyədə
qurmaqdır: “Media ilə
yüksək səviyyəli
əlaqələr qurmaq
üçün gərək
piar meneceri də öz işinin peşəkarı
olsun. Media ilə uğurlu əməkdaşlıq
üçün piar menecerindən çox keyfiyyətlər tələb
olunur, bunun ən əsası peşəkarlıqdır: “Piar
meneceri çox məsuliyyətli və vacib vəzifədir. Çünki bizim işimizdə
qarşılıqlı əlaqə
prinsipi var. Piar meneceri təmsilçisi həm təmsil etdiyi qurumun mənafeyini unutmamalı, həm də həmkarlarla işgüzar
əməkdaşlığı qorumalıdır. KİV-lə əməkdaşlığın
əsasında peşəkarlıq
keyfiyyətləri başlıca
meyar kimi dayanır. Əksər KİV nümayəndələri
bu məsələdə
çox tələbkardırlar
və biz də bunu mütləq nəzərə almağa
çalışırıq. Amma hərdən qeyri-peşəkar
səviyyəli, təmsil
etdiyi KİV-in adını
doğrultmayan media nümayəndələrilə
də rastlaşırıq.
Bütün bunlara baxmayaraq,
biz peşəkar jurnalistlərlə
hər zaman yüksək səviyyədə
öz işimizi qurmağa can atırıq”.
Piar menecerinin dediyinə görə, ötən il “Bakı
Park Bulvar” Ticarət Mərkəzində bir-birindən
maraqlı tədbirlər
təşkil olunub və bütün bunlar mediada lazımi səviyyədə
işıqlandırılıb:
G.Malikqızı vurğulayıb ki, “Park Bulvar”ın fasebook səhifəsinin daim yenilənməsi və üzvlərinin sayının
artması da əsas məqsədlərdəndir. “Park Bulvar”ın
internet səhifəsinə də diqqət artırılıb. Saytda mütəmadi
olaraq xəbərlər
3 dildə yenilənir.
Hər gün mərkəzin
internet səhifəsini çoxlu
sayda insan daxil olur. Hər kəs mərkəzdə keçirilən tədbirlər
və aksiyalar haqda məlumat əldə etməyə çalışırlar. Bu
da bizi çox
sevindirir”.
Gələcək planlarından, piar
meneceri kimi görəcəyi işlərdən
söz açan G.Malikqızı vurğulayıb
ki, KİV nümayəndələri
ilə əməkdaşlıq
əlaqələrini daha
da genişləndirmək
fikrindədi: “Mərkəzdə
təşkil olunan bütün tədbirlər,
aksiyalar KİV-də işıqlandırılır. Mətbuatda, televiziyada mərkəzin fəaliyyətinin işıqlandırılma
səviyyəsi məni
qane edir. Ancaq mən əməkdaşlıq
etdiyim telekanalların,
radioların, informasiya
agentliklərinin, qəzetlərin
sayını artırmaq
fikrindəyəm. İstəyirəm ki, mərkəzin keçirdiyi bir-birindən
maraqlı tədbir və aksiyalar ölkədə fəaliyyət
göstərən bütün
KİV-də işıqlandırılsın.
Bununla yanaşı biz qarşıdakı
günlərdə maraqlı
və fərqli mövzuları əhatə
edən tədbirlər
keçirməyi düşünürük.
Planlar, layihələr çoxdu.
Hazırda onların icrası
istiqamətində işlər
görürük”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 11 yanvar.-S.6.