Elçin Quliyev: “İran Sərhəd Qoşunlarının
komandanı bizimlə görüşə gəlmir”
“XƏZƏRİN AZƏRBAYCAN
SEKTORUNA NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ
ÜÇÜN ƏN MÜASİR RADAR İNFRASTRUKTURU
YARADILIB”
Azərbaycan Dövlət Sərhəd
Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı,
general-leytenant Elçin Quliyevin APA-ya müsahibəsi
– Cənab
general, “2006-2010-cu illərdə Azərbaycan Respublikası
dövlət sərhədlərinin mühafizəsinin texniki
inkişafına dair” Dövlət Proqramı başa
çatdı. Bu proqramın icrası Dövlət Sərhəd
Xidməti (DSX) üçün hansı imkanlar
qazandırdı?
–
Qeyd etdiyiniz “2006-2010-cu illərdə Azərbaycan
Respublikası dövlət sərhədlərinin mühafizəsinin
texniki inkişafına dair” Dövlət Proqramı uğurla
başa çatdı. Proqramın bölmələrində sərhəd
mühafizəsinin təmin edilməsi üçün bütün
məqamlar nəzərə alınmışdı. Yəni, sərhədçi
heyətin yerləşməsindən tutmuş onların zəruri
avadanlıqlarla, silahlarla təchiz edilməsinədək
bütün məsələlər bu sənəddə nəzərdə
tutulmuşdu. Proqramın bütün müddəaları yerinə
yetirildi. Sözsüz ki, proqramın yerinə yetirilməsi Azərbaycan
sərhəd mühafizəsini çox ciddi səviyyəyə
qaldırdı. Amma bu o demək deyil ki, sərhəddə
bütün işlər yekunlaşdı və bundan sonra
heç bir iş görməməliyik. Əksinə, bu
gün dövlətimizin iqtisadi nöqteyi-nəzərdən
inkişafı qarşımızda yeni perspektivlər
açır. O nöqteyi-nəzərdən ki, sərhəd
mühafizəsini dövlətimizin təhlükəsizliyinin
onun sərhədlərində təmin edilməsini tamamilə
yeni, müasir müstəviyə qaldıraq, sərhəd təhlükəsizliyi
sözün əsl mənasında tam təmin edilsin. Bu
çox ciddi məsələdir. İqtisadi imkanların
artması daha ciddi avadanlıqların və silahların sərhəd
mühafizəsinə tətbiqi imkanını artırır.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin xüsusi
tapşırıqlarına əsasən bu istiqamətdə
xüsusi addımlar atılır.
–
Dekabrın sonlarında DSX-nın Rusiyadan aldığı
Mi-35M tipli helikopterlərin ilk partiyası ölkəyə gətirildi.
Müqavilə çərçivəsində qalan helikopterlərin
tam olaraq ölkəyə gətirilməsi nə zamana nəzərdə
tutulur?
–
Mi-35M tipli helikopterlərin Azərbaycan sərhəd mühafizəsi
tərəfindən alınmasını modernləşmə,
yeni texnikaların alınması prosesi kontekstində
atılmış addımlardan biridir. Bildiyiniz kimi, ərazilərimizin
bir hissəsi işğal altındadır. Ali Baş Komandan dəfələrlə
vurğulayıb ki, danışıqlar yolu ilə torpaqlarımız
işğaldan azad olunmasa, biz bütün yollara əl
atacağıq, həmçinin hərbi yola. Ona görə də
Silahlı Qüvvələrin tərkib hissəsi olaraq,
Müdafiə Nazirliyi ilə yanaşı, digər qoşun
növlərinin imkanlarının artırması
sözsüz ki, gələcəkdə
torpaqlarımızın işğaldan azad olunması
imkanlarını artırır. O ki qaldı müqavilədə
nəzərdə tutulan helikopterlərin qalan hissəsinin Azərbaycana
gətirilməsinə, düşünürəm ki, 2012-ci il
ərzində bu müqavilənin icrası başa
çatdırılacaq.
– Bu
gün artıq inkişafının birinci mərhələsini
geridə qoymuş Azərbaycan sərhəd mühafizəsini
milli model olaraq necə dəyərləndirmək olar?
– Hər
bir dövlət üçün onun sərhəd mühafizəsi
modeli individualdır. Yəni, hər bir dövlətin sərhədində
olan əməliyyat şəraiti ona məxsusdur və digər
dövlətlərdən fərqliliyi var. Ulu öndər Heydər
Əliyevin 2002-ci il iyul ayının 31-də Dövlət Sərhəd
Xidmətinin yaradılması barədə qərarı məhz
Azərbaycan şəraitinə uyğun sərhəd modelinin
yaranmasına xidmət edirdi. Təbii ki, o zaman bütün məqamlar
nəzərə alınaraq belə bir modelin yaradılması
məqbul hesab edilmişdi. Azərbaycan sərhəd mühafizəsi
modeli milli model olaraq, dövlətimizin sərhəd təhlükəsizliyinin
təmin olunmasına yönəlib və bu istiqamətdə
atılan addımlar öz müsbət nəticələrini
verməkdədir. Bu da tək Azərbaycanın daxilində
deyil, Azərbaycandan kənarda, həmçinin NATO
institutlarında da birmənalı olaraq yüksək qiymətləndirilir.
Belə olmasaydı, NATO Azərbaycana Əfqanıstan və
İraq sərhədçilərinin təliminin təşkili
üçün müraciət etməzdi. Digər tərəfdən,
hazırda Azərbaycan sərhəd mühafizəsinin
infrastrukturunun mükəmməlliyi həm də
eşalonlaşmış, ardıcıl mühafizə
sisteminin tətbiqindən irəli gəlir. Bu istənilən
sahəyə aiddir – istər nəzarət buraxılış
məntəqələri, istər quru, istər dəniz sərhədlərində
olsun. Öz növbəsində, bu eşalonlaşma baş
vermiş sərhəd pozmalarının
qarşısını alınmasında çox effektivdir və
bunun nəticələrini gündəlik fəaliyyətimizdə
görürük.
–
Gürcüstanla delimitasiya olunmamış sərhəddə
sərhəd mühafizəsi necə, hansı prinsiplər əsasında
təşkil olunur?
– Delimitasiya
sözsüz ki, sərhəd mühafizəsinin təşkili
üçün önəmlidir. Delimitasiya olunmamış ərazilərdə
də sərhəd mühafizəsini təşkil etmək
mümkündür. Bu, həmin istiqamətlərdə sərhəd
komissarlarının işidir. Hər iki dövlətin sərhəd
nümayəndələri görüşərək şərti
əraziləri müəyyən edir və həmin ərazilər
ətrafında öz xidmətlərini qururlar. Azərbaycanla
Rusiya arasında delimitasiya işlərinin başa
çatması müstəqillik tariximizdə çox ciddi bir
hadisə oldu. Onu da deyim ki, Rusiya ilə delimitasiya ötən
il başa çatdı. Keçən ilədək həmin sərhədlər
delimitasiya olunmamışdı, lakin orada sərhəd
mühafizəsi aparılırdı. Yəni, delimitasiyanın
başa çatmaması sərhəd mühafizəsinin təşkilinə
mane olmur.
–
2012-ci ildə Sahil Mühafizəsi sistemində hansı
yeniliklər gözlənilir?
– Birmənalı
olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin
inkişafı bizim üçün önəmli məsələlərdəndir.
Azərbaycanın Xəzər dənizində dövlət
maraqlarının təmin edilməsi, kəmərlərin və
neft-qaz infrastrukturunun mühafizəsi Sahil Mühafizəsinə
həvalə edilib. Bu günədək bu
tapşırıqlar tərəfimizdən yerinə yetirilir.
Deyə bilərəm ki, Xəzər dənizinin Azərbaycan
sektoruna zəruri nəzarətin həyata keçirilməsi
üçün ən müasir radar infrastrukturu
yaradılıb. Biz bu infrastruktur, gəmilərimiz və digər
avadanlıqlar vasitəsilə dəniz akvatoriyamıza və
oradakı gəmilərə nəzarət edirik.
2012-2013-cü illərdə istər yeni avadanlıqların tətbiqi,
istərsə də yeni kater və gəmilərin xidmətimizə
qəbulu nöqteyi-nəzərdən imkanlarımız
artacaq.
– Bu
yaxınlarda bəzi KİV-də Lənkəran rayonunda yerli
sakinlər və sərhədçilər arasında problemin
yaranması barədə məlumatlar yayıldı. Bu məsələyə
münasibət bildirməyinizi istərdik.
–
Müəyyən mətbuat orqanları Sahil Mühafizəsinin
guya ki, dənizdə balıqçılara qarşı
qeyri-qanuni fəaliyyəti barədə məlumatlar yayır.
Lakin bunlar qərəzli və böhtan xarakterli məlumatlardır
və biz başa düşürük ki, o məqalələr
kimlər tərəfindən hazırlanır. Onu qeyd etmək
istəyirəm ki, Sahil Mühafizəsi brakonyerliyə
qarşı mübarizə aparmır. Bu, digər qurumların
vəzifələridir və biz bununla məşğul olmuruq.
Digər qurumların müraciəti olarsa, yardım göstərə
bilərik. Sahil Mühafizəsinin vəzifəsi Xəzərin
Azərbaycan sektorunda rejim sularına nəzarətdir. Biz bu vəzifələrimizi
yerinə yetirir və bundan sonra da qeyd olunan istiqamətdə
imkanlarımızı artıracaq, nəzarəti daha da
gücləndirəcəyik. Bir daha deyirəm ki, Sahil
Mühafizəsi brakonyerliyə qarşı mübarizə ilə
məşğul olmur.
– Bir
neçə ay əvvəl Azərbaycanın dövlət sərhədini
pozarkən, sərhədçilərin əmrinə tabe
olmayan iranlı əsgər öldürüldü. İran tərəfi
hələ də bu məsələ ilə bağlı bəyanatlar
səsləndirir, rəsmi Bakının İrandan buna görə
üzr istəməsini tələb edirlər...
–
Qeyd etmək istəyirəm ki, bu kimi məsələlər həmişə
prosedur qaydalar əsasında müzakirə olunur. Əvvəlcə
yerlərdə sərhəd nümayəndələri
görüşür, müzakirələr aparılır.
Problem həll olunmazsa, daha yuxarı instansiyalar – hər iki
ölkənin Sərhəd Qoşunlarının
komandanları səviyyəsində məsələ
müzakirə olunur. Bundan bir qədər öncə, iyul
ayında Yardımlı rayonu istiqamətində İran sərhədçiləri
tərəfindən bizim zabit
öldürülmüşdü. Mən bu məsələ
ilə bağlı müzakirələr aparmaq
üçün İran Sərhəd Qoşunlarının
komandanı, general Zülfüqarini sərhəddə
görüşə dəvət etdim. Üstündən bir
neçə ay keçməsinə baxmayaraq o, hələ də
görüşə gələ bilmir. Onun görüşə
gələ bilməməsininin səbəbi bizim
üçün də aydın deyil. Düşünürəm
ki, bu görüş baş tutduqda, Sərhəd
Qoşunlarının komandanları üz-üzə, göz
gözə bu məsələləri müzakirə etdikdə,
hər iki tərəf üçün maraqlı məsələlərə
tam aydınlıq gətirilə bilər. Onu da qeyd edim ki, hər
bir dövlətin sərhədi onun üçün müqəddəs
və pozulması yolverilməzdir.
– Azərbaycan
tərəfindən beynəlxalq təşkilatlar
qarşısında dəfələrlə Ermənistan tərəfindən
işğal olunmuş ərazilərdə nəzarətsiz
qalmış sərhədlərdən narkotik ticarəti,
qaçaqmalçılıq kimi məqsədlərlə
istifadə olunmasına dair məsələnin
qaldırıldığı bəyan olunur. Bilmək istərdik
ki, bu məsələyə beynəlxalq təşkilatların
münasibəti necədir?
– Biz
iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə,
NATO, Beynəlxalq Sərhəd Konfransı, FRONTEX və s. kimi
təşkilatlarda dəfələrlə bu məsələni
qaldırır və bildiririk ki, nəzarətsiz sərhədlərdən
narkotik ticarəti, qaçaqmalçılıq da daxil olmaqla
və digər bu kimi məqsədlər üçün
istifadə olunur. Onların cavabları isə demək olar ki,
eynidir: münaqişənin sülh yolu ilə həlli istiqamətində
danışıqlar gedir. Bizim açıqlamalarımız bu
prosesə mane ola bilər.
–
İşğal olunmuş ərazilərə yaxın sərhəd
zastavalarının fəaliyyəti necə təşkil
olunur?
– Hərbi
qurumun vəzifəsi istənilən halda torpaqların
işğaldan azad olunmasına hazır olmaqdır. Bu şərəfli
vəzifədir, biz də buna hazırıq.
Düşünürəm ki, çox qalmayıb, gec-tez
torpaqlarımız işğaldan azad olunacaq. Bu gün
işğalda olan həmin ərazilərdə sərhəd
infrastrukturu yaradılacaq, üçrəngli
bayrağımız həmin sərhəd zastavalarında
dalğalanacaq.
525-ci qəzet.-
2012.- 11 yanvar.- S.5.