İnsan hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramının təqdimatı keçirilib

 

ƏLİ HÜSEYNLİ: “ƏMİNƏM Kİ, MİLLİ FƏALİYYƏT PROQRAMI DEKLARATİV DEYİL, REAL NƏTİCƏSİ OLAN SƏNƏDƏ ÇEVRİLƏCƏK”

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı əsasında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təsdiq olunması barədə Prezident Fərmanının ictimaiyyətə çatdırılmasıyla bağlı konfrans keçirilib. Millət vəkillərinin, dövlət qurumlarının və beynəlxalq təşkilatlarının nümayəndələrinin, QHT rəhbərləri və jurnalistlərin də iştirak etdiyi tədbiri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açaraq MFP-nin əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən sənəd Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən siyasətin məntiqi davamıdır. Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə də BMT-nin təcrübəsindən istifadə olunduğunu deyən komitə sədri deklarativ bir sənədə çevrilməməsi üçün MFP-nin icrasının yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyasının idarə heyəti üzvlərinin və vətəndaş cəmiyyətinin iştirakı ilə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində MFP-nin mətbuat üçün təqdimat mərasimidir. Bu proqramı səciyyələndirən əsas xüsusiyyətlərdən biri sənədin vətəndaş cəmiyyəti ilə birlikdə icra olunması məsələsidir. Baxmayaraq ki, bu dövlət proqramıdır, milli fəaliyyət proqramıdır, belə qənaətə gəldik ki, bunun vətəndaş cəmiyyəti formatında təqdimatını keçirək. Azərbaycan Hüquqşünaslar Konfederasiyası özündə həm hakimiyyət qollarında çalışan, həm də müstəqil fəaliyyət göstərən bir çox hüquqşünasları birləşdirir. Elə bilirəm ki, belə bir formatda biz MFP-da əks olunan bir çox müddəaları, müxtəlif sahələri, vətəndaş cəmiyyəti, media ilə əlaqələri, proqramın icra olunması və gələcək əməkdaşlıqla bağlı əhəmiyyətli fikir mübadiləsi apara bilərik. Vətəndaş cəmiyyəti ilə birgə təqdimatın keçirilməsi Proqramın əsas mahiyyətindən biridir. Çünki huquqi münasibətlərin tənzimlənməsində vətəndaş cəmiyyətinin rolu böyükdür. Biz vətəndaş cəmiyyətinin nümayəndələrini proqramın icrası ilə bağlı fikir mübadiləsi aparmağa dəvət edirik. Əminəm ki, bu Proqram deklarativ deyil, real nəticəsi olan sənədə çevriləcək”.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş üzrə şöbəsinin İnsan haqlarının müdafiəsi məsələləri üzrə Sektorunun müdiri, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov MFP-nin strukturu, mahiyyəti ilə bağlı məlumat verərək bildirib ki, sözügedən sənəd insan hüquqlarının qorunması sahəsində aparılan tədbirlərin daha yüksək səviyyəyə çatdırılmasına imkan verəcək. Onun sözlərinə görə, Proqramın qəbul olunması bir daha göstərir ki, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi dövlətin və şəxsən prezidentin qarşıya qoyduğu prioritet istiqamətlərindən biridir: “İlk növbədə, Milli Fəaliyyət Proqramına “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Strategiyasına hazırlıq çərçivəsində irəli sürülmüş vəzifələr kontekstində nəzərdən keçirtmək lazımdır. O, bir daha Azərbaycan Respublikası prezidentinin apardığı siyasətin prioriteti qismində insan haqlarının müdafiəsini müəyyən edir. Milli Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyini, onun ölkəmizə regionda möhkəm mövqe tutan təsirli sosial siyasətə və inkişaf etmiş iqtisadiyyata malik müasir demokratik hüquqi dövlət kimi baxışlarını özündə əks etdirir. MFP bütün nəzərdə tutulan tədbirlə izah olunmaqla konseptual sənəd şəklində hazırlanıb. Proqramın hazırlıq prosesində bizim insan haqlarının müdafiəsi sahəsində tədbirlərin həyata keçirilməsi üzrə əvvəlki təcrübəmiz, həmçinin digər ölkələrin təcrübələrindən istifadə olunub. Bu təcrübə BMT-nin insan haqları üzrə Ali Komisarlığının “İnsan haqları sahəsində milli planların hazırlanmasına rəhbərlik” adlanan sənədində ümumiləşdirilib. Bu sənəddə təhlil aparılıb və Norveç, İsveç, Avstraliya, Latviya, Yeni Zelandiya və bu kimi digər ölkələrin daha səmərəli təcrübələri təqdim olunub. Proqramın Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-cı ilin dekabrında təsdiq olunan MFP nəzərə alınmaqla hazırlandığına diqqət yetirmək çox vacibdir. Onun həyata keçirilməsi üçün tərkibində dövlət orqanları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi işçi qrup təsdiq edilib. Fəaliyyət Planının icrasının aralıq nəticələrinin müzakirəsi üçün işgüzar qrupun müntəzəm görüşləri ilə yanaşı, hər il dövlət orqanları və qeyri-hökumət təşkilatları rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə konfranslar keçirilib. Fəaliyyət Planının həyata keçirilməsində əməli olaraq ölkənin bütün şəhər və rayonlarında təşkil olunan ictimai dinləmələr də az rol oynamayıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, MFP o cümlədən 2006-ci il tarixli Fəaliyyət Planında nəzərdə tutulduğu kimi insan haqlarının müdafiəsi sahəsində işlərin davam etdirilməsi məqsədi ilə qəbul olunub. Proqram dövlətin qarşıdakı illərdə əsas fəaliyyət istiqamətlərini müəyyən edir və faktiki olaraq ictimaiyyətə və beynəlxalq cəmiyyətə Azərbaycanın insan haqları və azadlıqlarının müdafiəsi sahəsində mövcud prioritetlərinin tam təsvirini təqdim edir. Proqramda bundan başqa, Avropa İnsan Haqları Məhkəməsinin təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrlə əlaqədar qərarlarda müəyyən olunan mövqeyi nəzərə alınıb”.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2012.- 11 yanvar.- S.4.