Anarın “Türk Dünyasında İlin Ədəbiyyat Adamı” seçilməsilə bağlı Ankarada tədbir keçirilib

 

Avrasiya Yazarlar Birliyi yeni ildə təşkil etdiyi ilk konfransı “2012-ci ildə Türk Dünyasında İlin Ədəbiyyat Adamı” elan edilən Anara həsr etmişdi. Ankarada Altındağ Bələdiyyəsi Kabakçı İmarətində baş tutan konfransı Avrasiya Yazarlar Birliyinin sədri Yakup Dəliöməroğlu açaraq, Anarın Türk Dünyasında İlin Ədəbiyyat Adamı elan olunmasına yol açan ədəbi-mədəni, dünyəvi hadisələrdən və yaşanan proseslərdən bəhs etdi. Anarın ortaya qoyduğu əsərlərlə bütün türk dünyasının ortaq səsi olduğunu, onun əsərlərində, xüsusilə Azərbaycanın, ümumi türk dünyasının, hətta bütün insanlığın məsələlərinin dilə gətirildiyini qeyd edən Y.Dəliöməroğlu onun bu böyük mükafata artıqlamasıyla layiq olduğunu bildirdi. Y.Dəliöməroğlunun çıxışından sonra konfrans açıq elan edildi.

Tanınmış yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatının Türkiyədəki fəal təbliğçisi İmdat Avşar çıxışına Anarın bioqrafiyası ilə başlayaraq, onu tanımaq üçün “Rəsul Rzanı və Nigar Rəfibəylini tanımaq da kifayətdir” deyərək, bu iki ədəbi şəxsiyyətin də həyatından söz açdı. Anarı bir insan, bir şəxsiyyət, siyasi xadim, sənətçi və müdrik ağsaqqal olaraq hərtərəfli təqdim edən İmdat Avşar çıxışında yazarın həyat və yaradıcılığı ilə yanaşı, dinləyicilərə onun əsərlərindən, eləcə də hekayə və romanlarından da bəhs edərək, dəyərli bilgilər verdi. Kofnransa qatılanların sual yağışına tutduqları İmdat Avşar xüsusilə Anarın “ qoç, Qara qoç”, “Otel otağı”, “Mən, sən, otelefon” və başqa əsərlərindən geniş söhbət açdı. Anarla bağlı xatirələrindən bəhs edən İmdat Avşar dinləyicilərə böyük yazarla bağlı xoş təəssüratlarını çatdırdı.

Daha sonra çıxış edən professor Əli Yavuz Akpınar Avrasiya Yazarlar Birliyinin sədri Yakup Dəliöməroğluya və İmdat Avşara minnətdarlığını bildirərək, Anarla bağlı ümumi çıxışından sonra, onun “Dədə Qorqudla bağlı irihəcmli əsərindən və bu əsərin Türk dünyasında doğurduğu əks-sədadan söz açdı.

SondaKardeş Kalemler” dərgisinin ümumi yayım direktoru Ali Akbaş çıxış edərək, “Türk Dünyasında İlin Ədəbiyyat Adamı” seçilmiş Anara həsr olunan konfransda iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi.

 

 

525-ci qəzet.- 2012.- 12 yanvar.- S.7.