O
günlərin xətrinə...
İnsan bir anın, bir günün eşqiylə bir
ömür yaşaya
bilər. Solmuş bir gülün
ləçəyindəki qurumuş göz yaşları, bir
ağacın köksündə cızılmış ürək
şəkli, bir kitab
varağının arasında uyuyan qurumuş ceviz
yarpağı dili bağlı, qolu bağlı bir sevginin lal harayı deyilmi?! İllər keçsə də,
yanıq yeri kimi
ürəyimizin başında göyür-göyür
göynəyən o sevgi
unudulmur ki, unudulmur. O günlərin xətrinə yaşamaq, yazmaq, yazmaq istəyirsən.
Lirik,
kövrək şeirləri ilə könüllərə yol çəkən gənc şairə Şəfiqə
Şəfanın bu günlərdə
işıq üzü görmüş
kitabı da “O günlərin xətrinə”
yazılmış isti, kövrək, duyğulu şeirlər, nəğmələr
toplusudur.
Yenə payız...
Yenə sevgimizin dünyaya gəldiyi fəsil,
öldüyü fəsil
Yenə köhnə kitab vərəqləri
kimi
tökülən sevginin
saralmış xatirələri,
silinməz izləri...
Yenə dərdimə şərik
yağışlar,
Yollarına dikilən baxışlar.
Bu
qüssəli, sısqa yağışlı misraların
arxasından görünən payızın qızılı
rəngli portreti, yanmış xəzəllərin
burnumuza dəyən tanış qoxusu, pəncərə arxasından yollara dikilmiş
baxışlar, Şopenin noktrünləri,
payız rəqsi... Şəfiqənin bir
rəssam kimi çəkdiyi bu poetik lövhə hər
bir kəsə öz
gəncliyini, öz sevgisini
xatırladır.
Gənc şairənin vəsf eləmək, rəsm
eləmək ustalığı bir çox şeirlərində qabarıq görünür.
Adının ilk hecasın
Divarlara
yazmışam,
Həsrətinin acısın
Ürəyimə qazmışam.
Gerçək də, röyalar
da
Yalnız səndən danışır.
O şirin röyalarda
Ulduzumuz
barışır.
Sarı, qızılı rənglərlə zəngin
olan şeirlərin bir
çoxu kül
altındakı közə bənzəyir. Xəfif bir meh bu
közü alovlandıra bilər.
Nəyin qaldı səndən sonra ?
Bir
quru
ad, solğun xəyal,
Dilimdə
bir
yazıq sual:
“Nəyin qaldı səndən sonra” ?
Suya
həsrət torpaq kimi,
Soyuq
küləyin yorduğu
tənha
qalmış
yarpaq
kimi,
Özü boyda yara olub, qaysaq
kimi
eşqin qaldı səndən sonra.
Nəyin qaldı səndən sonra ?
Soyuq görüşlərin
qaldı.
Payız yağışı altında
islaq öpüşlərin
qaldı.
Şəfiqə Şəfanın şeirlərinin hamısında
əhval-ruhiyyə var. Kədərin
özündə, nüvəsində
belə insanı süstlükdən çıxaran,
sabaha qanadlandıran enerji var. Biz bu şeirləri oxuya-oxuya ömrün dörd fəslinin yaşantılarını
duyduq, hiss etdik. Bu, gənc qələm
adamının uğurudur.
Təbiilik, sadəlikdə qeyri-adilik
axtarışı, ən
başlıcası səmimiyyət
Şəfiqənin şeirlərinin
mayasıdır.
Bu kitabı poetik etiraflar toplusu da adlandırmaq olar, yaralı sevgi nəğmələri
də... Bu qənaətə
gəlmək oxucunun öz işidi. Başqalarını bilmirik, biz “O günlərin
xətrinə” yazılmış
bu nəğmələri
sevə-sevə oxuduq.
Və düşünürük ki,
bu kitabla baş-başa qalan hər bir kəsin
qəlbindən bir sevgi nidası, bir ah keçəcək.
Ötən günlərin
xətrinə...
Tahir KAZIMOV
yazıçı, dramaturq
Zülfüqar
ŞAHSEVƏNLİ
şair, publisist
525-ci
qəzet.- 2012.- 12 yanvar.- S.7.