“Məhəbbət ilə qəhrəmanlıq mövzusunda filmin büdcəsi eyni ola bilməz”

 

“Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz”. Bəli, zaman-zaman dünya sivilizasiyasını formalaşdıran dahilərimiz biz insanları işığa, elmə, intellektə çağırıblar. Nizamidən sonra böyük Nəsimi “Ey bülbüli qüdsi, nə giriftari qəfəssən? Sındır qəfəsi, tazə gülüstan tələb eylə!” deyib. Yəni köhnə fikirləri qır, stereotipləri poz, arxaik düşüncə tərzindən imtina et və inkişaf et. Və ondan sonra dahi Füzuli “Mənə manənd bir divanə, surət baglamaz guya.. Qələm sındırdı təsvirim çəkəndən sonra, nəqqaşım” deyib. Yəni Allah Təala yeri-göyü, hər şeyi yaratdı və nəyinsə çatışmadığını duyaraq, insanı xəlq etdi. Baxdı, bu onun o qədər xoşuna gəldi ki, ona öz əlamətini verdi və onu bütün canlı məxluqatın əşrəfi etməklə əslində demokratiyanın bünövrəsini qoydu və qələmini sındırdı. Düşündü ki, bundan sonra bəşər övladı üçün bundan mükəmməl heç nə yarada bilməyəcək. Bax, məhz bu əxlaq formalaşmalı, bu ideologiya təbliğ və tədris olunmalıdır”.

Bu fikirləri “525”in müxbiri ilə söhbətində rejissor Şeyx Əbdül Mahmudov deyib. O deyib ki, bu gün fərqli mənzərə ilə rastlaşırıq. “Nitşe, Kant və başqalarından misallar çəkən insanlar özlərini ziyalı adlandırırlar. Bu, əslində yaxşıdır, insan bunları bilməlidir, lakin öyrənməyə ilk öncə öz mənəvi dəyərlərimizdən başlamalıyıq. Bu şüur, bu yanaşma, bu fəlsəfi dəyərlər qorunmalıdır. Hökm, hikkə, şəxsi mənafe və ambisiyalar uğrunda mübarizə bizə həmişə əngəl olub. Bunun da fövqündə o dayanıb ki, biz qlobal şəkildə maariflənməmişik. Biz əqli mülkiyyəti fərdi şəkildə inkişaf etdirsək də kütləvi şəkildə buna tam nail ola bilməmişik. Böyük Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbili darülfünun, yəni universitet açmışdı. Burada tibb, nücum, ilahiyyat, təbabət, fəlsəfə kimi çox əhəmiyyətli fənnlər tədris olunurdu. Böyük Nəsirəddin Tusinin bir kəlamı var. Deyir ki, yer adamlarının göyün sirrini bilmədən burada yaşaması mümkün olmayacaq. Əgər biz yerdə rahat yaşamaq istəyiriksə, babamız Nəsirəddin Tusi demişkən, göyün elmini, sirrini bilməliyik. Çünki dünya qurulandan Allah Təalanın iki nəzəriyyəsi var. Hər şey cütdür, məsələn yaxşı-pis, xeyir-şər, işıq-zülmət, haqq-nahaq, ağ-qara. Eləcə də yergöy. Yer həmişə ana obrazında olub. Baxın, Müqəddəs İslam dinində deyilir, “Allahdan gələn Allaha qayıdır”. Məsələn nəyə görə deyirik, ruhlarımız uçduyaxud əlimizi göyə uzadırıq və s. Bunlar heç də nağıl və ya mif deyil. Bu, insanların təhtəlşüuruna pərçimlənib”.

Ə.Mahmudov deyib ki, hələ islama qədərki dövrdə bizim həm söz, həm də obraz mədəniyyətimiz yaranıb. Yəni bizim şifahi xalq ədəbiyyatımız, nağıllar, dastanlar, bayatılar, ozan-aşıq deyimlərimiz, hamısı əslində bizim əxlaq-konstitutsiya kitabımızdır: “Mənim rəhmətlik nənəm həmişə deyərdi ki, balalarımı zərb məsəllərlə müalicə etmişəm. Məsələn, çox yemək adamı azdan da qoyar. Allah adama iki qulaq, bir ağız verib, yəni iki eşit, bir danış və s. Bir misal çəkək, simli-nəfəsli alətlər haqqında. Hələ XIV əsrdə dahi Əbdülqədir Marağayi 7 səsi kəşf edərək, rəsmi notunu da qeyd edib. Mən bunu həmişə xüsusi vurğulayıram. 7 rəng, 7 avaz, 7 ritm var və bunların hamısı bizim şaman – dərviş avazımızda mövcuddur. Əbdülqədir Marağayi bunu böyük mədəniyyətin davamı kimi gətirib. Yəni, bu, bizə məxsusdur. Heç kim bunu mənimsəyə bilməz! Milli-mənəvi dəyərlərinə, ədəbiyyatına, mədəniyyətinə sahib çıxmayan millət öz düşmənləri üçün uğurlu oğurluq obyektidir.

Azərbaycan müstəqil dövlət kimi hər şeydən əvvəl öz milli ideologiyasını, soyunu-kökünü özünə qaytarmalı, formalaşdırmalıdır. Bütün bunlar tədqiq, tədris və təbliğ olunmalıdır. Özü də dünyanın başa düşdüyü, anladığı dilə tərcümə edilərək.

Siz fikir versəniz, görərsiniz ki, doğrudan da dilimizin zənginliyi, səlisliyi, gözəlliyi bu dilin böyüklüyündən qaynaqlanır. Ən adi deyim belə özündə hansısa fəlsəfi mənanı ehtiva etdirir. Bu poetik ruh, ritmmusiqi ilə sıx bağlıdır. Diqqət yetirin, niyə başqa xalqlar muğamat ifa edə bilmirlər. Çünki onlarda bizdə olan hərflər yoxdur, əgər hərf yoxdursa, səs, səs yoxdursa, onu ifa etmək bacarığı da ola bilməz. Bu bizə adi görünür, çünki biz bununla doğulmuşuq”.

Müsahibimin sözlərinə görə, bizim həyatımıza həmişə İlahi müdaxilələr olur: “Allah Təalanın bizə qismət etdiyi müqəddəsliklər var. Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Təbii ki, bu qurumun özünün emblemi olmalı idi. Və onlar uzun məşvərətdən sonrayer kürəsinin üzərində sülh göyərçini”ni özlərinə emblem götürdülər. Amma fikir verin, 1934-cü ildə böyük Səməd Vurğununİnqilab və mədəniyyət” jurnalında bir şeiri çap olundu. Şeirdə deyilir ki, “Bir cüt ala gözlü göyərçin olaq, Gəl, yer kürəsinin çiyninə qonaq”. Səməd Vurğun bu gün dünyanın sülh kimi qəbul olunan o embleminin neçə il öncə sözlə təsvirini vermişdi. Bu o deməkdir ki, bilərəkdən, bilməyərəkdən, bəzən planlı, bəzən plansız şəkildə, fakt olaraq biz dünya sivilizasiyasının formalaşmasına müxtəlif yollarla xidmət etmişik. Sözümüz, ritmimiz, musiqimiz, ifa mədəniyyətimiz, poeziyamızla...

Mən hər səhər yuxudan duran kimi əllərimi açıb Allaha mənə bu sabahı nəsib etdiyinə görə şükür edirəm. Şükür edirəm ki, ailəm, sevdiklərimləyəm və sevimli işimlə məşğul oluram. Bu, əslində insanın mənəvi borcudur. Bu həm də insanın əxlaqi və mədəni səviyyəsinin göstəricisidir. Yəni Allahına dua edən, ailəsinə, Vətəninə, torpağına bağlı insandan heç zaman xətər gəlməz.

XIX əsrin sonları, XX əsrin əvvəllərində Üzeyir Hacıbəyov, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı, H.Cavid olmasaydı, bizim bu günümüz necə olardı? Nəyə istinad edərdik? Nədən danışardıq? Yəni əslində Azərbaycan ədəbiyyatı, mədəniyyəti adıçəkilən insanlarla məhdudlaşmır, sadəcə hər sahə sözügedən bu nəhənglərdən birinin adı ilə bağlıdır. Yəni, söz sahibləri, böyük alimlər, elm-sənət mədəniyyətimizin nümayəndələri əslində bizim Konstitusiyamızı öz sözləri ilə qələmə alıblar. Bir halda ki, Allah Təala bizə başqalarından fərqli olaraq bu qədər yeraltı və yerüstü sərvət, mənəvi dəyərlər, möhtəşəm mədəniyyət və ədəbiyyat verib, mütləq bunu tədris və təbliğ etməliyik”.

Şeyx Əbdül bildirib ki, bu millətin söz, elm-sənət, mədəniyyət adamları, ziyalıları həmişə olubolacaq: “Sözsüz ki, hər şeyin fövqündə yüksək dövlət qayğısı, dövlət diqqəti durmalıdır. Günümüzdə bütün sahələr üzrə əhəmiyyətli, vacib işlər görülür. Ölkə prezidenti milli serialların çəkilməsi üçün sərəncam verib, vəsait ayırıb. Bu, çox böyük işdir. Mənə də film çəkmək təklif olunmuşdu. Lakin məhəbbət ilə qəhrəmanlıq mövzusunda filmin büdcəsi eyni ola bilməz. Axı bu, gülməlidir.

Neçə illərdir, daha doğrusu, 30 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Bu yay mən “Qan yaddaşımız” adlı tarixi faktlarla zəngin ssenari qələmə aldım. Deportasiya, soyqırımlarla bağlı tarixi faktlara söykənən ssenaridə ermənilərin köçürülməsi dəqiq tarixi mənbələrə istinad olunur.

İctimai televiziyada 7 seriyalı ibarət tarixi mövzulu televiziya filminin hazırda 5-ci seriyasının üzərində işləyirik. Dekabr ayının 23-də filmin rejissor ssenarisinə başlamışıq. Fevralın sonlarında filmin çəkilişlərinə başlanılacaq. Rollar, epizodlar, çəkiləcək məkanlar, dekors. haqqında hələ heç bir söz demək mümkün deyil, çünki bunların hamısı rejissor ssenarisindən sonra məlum olacaq.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.-2012.-  12 yanvar.- S.7.