Media Akademiyasında görüşlər: jurnalistikanın və plüralizmin inkişafı naminə uğurlu addım kimi

 

“İrəli” İctimai Birliyinin nəzdində yaradılan Media Akademiyası alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən radioda, “İrəli Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edirlər. Layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda “mən də varam” iddiasıyla professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir. Ötən il Akademiyada bir sıra aparıcı simalarla görüş keçirilib.

Media Akademiyasının qonaqlarından biri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olub. R.Məcid tələbələrə “525-ci qəzet”in yaranması tarixi haqqında danışıb, qəzetin fəaliyyəti, strukturu, iş prinsipləri, məqalələrin və xəbərlərin hazırlanması haqqında ətraflı məlumat verib. Bundan əlavə, qonaq gənclərə jurnalistikanın incəlikləri barəsində öz təcrübəsindən önəmli məqamları çatdırıb.

APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı da Akademiyanın qonaqları sırasındadır. Akademiyanın qonağı olan zaman V.Mahirqızı Media Akademiyasının üzvlərinə APA-nın yaranma tarixi, strukturu, iş prinsipləri, xəbərin hazırlanması formaları, informasiyanın cəmiyyətə çatdırılmasında müasir texnologiyaların tətbiqi, agentlik çərçivəsində reallaşdırılan layihələr, gələcək planlar barədə geniş söz açıb. APA-nın Azərbaycanın ən yeni mətbuat tarixində bir sıra ilklərə imza atdığını deyən Vüsalə Mahirqızı bu prosesin davam edəcəyini vurğulayıb. V.Mahirqızı yeni layihələri haqda tələbə-jurnalistlərə məlumat verib. V.Mahirqızı gənc jurnalistlərə gələcək planları haqda da danışıb: “Biz internet televiziya yaratmağı düşünürük. Sadəcə bu televiziya ənənəvi televiziyalardan fərqli olmalıdır. Onsuzda insanlar şou verilişlərini televiziyalarda izləyirlər. İnternet televiziyalar daha çox canlı yayımlar gerçəkləşdirməlidir. Əgər belə olsa əminəm ki, hər kəs internet televiziyaları izləyəcək”.

“İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı Akademiyaya qonaq olaraq, gənc jurnalistlərə “İrəli” İctimai Birliyinin yaranmasından və fəaliyyətindən söz açıb: “Biz “İrəli”ni yaradanda 6 nəfər idik, hazırda isə birliyimizin 20 mindən artıq üzvü var. İnsan həyatda uğur qazanmaq istəyirsə, qarşısına məqsəd qoymalıdır. Əgər qarşınıza məqsəd qoymusunuzsa və bu yolda əməli iş görürsünüzsə, məqsədinizə mütləq çatacaqsınız”. C.Osmanlı həmçinin “Media Akademiyası” layihəsinin uğuru haqda da danışıb: “İrəli”nin keçirdiyi bütün layihələrin uğuru bir-birinə bağlıdır. Yəni ki, bir layihəmizin uğuru digərindən asılıdır. “Media Akademiyası” da “İrəli”nin ən uğurlu layihələrindən biridir. Əminəm ki, siz də gələcəyin ən parlaq jurnalistlərindən olacaqsınız”. C.Osmanlı bildirib ki, Media Akademiyası alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir: “Akademiyanın tərkibində fəaliyyət göstərən “İRadio”da, “İrəli Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər”. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə gənc jurnalistlər özlərini maraqlandıran suallara cavab tapa biliblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da “İrəli” Media Akademiyasına qonaq qismində qatılıb. Tələbələrlə görüş zamanı S.Məmmədova mətbuat katibi vəzifəsinin çox məsuliyyətli iş olduğunu deyib: “Mətbuat xidməti bir növ nazirliyin simasıdır. Nazirliyin layihələri, görüşləri, məlumatları mətbuat xidməti vasitəsilə ictimaiyyətə çatdırılır. Mətbuat katibi jurnalistikaya yaxın adam olmalıdır, jurnalistləri tanımalıdır, onlarla dil tapmalıdır. Bütün bu amillər çox vacibdir. Elə bu səbəbdəndir ki, çox vaxt təcrübəli, illərini mətbuata vermiş insanlar mətbuat katibi təyin olunur”. Mətbuat katibi gənc jurnalistlərə peşələrini sevməyi arzulayıb: “İnsan heç bir sahədə mətbuatda ucaldığı qədər tez ucala, tanına bilməz. Jurnalistika elə bir aləmdir ki, gərək sənin dünyan yalnız ondan ibarət olsun. Ən əsası işi sevmək lazımdır. Əgər öz peşənizi sevsəniz, əminəm ki, böyük uğurlar əldə edəcəksiniz”. S.Məmmədova tələbə-jurnalistlərə kitab oxumağı, mütaliə etməyi də məsləhət görüb: “Yaxşı jurnalist olmaq istəyirsinizsə, mütləq mütaliə etməlisiniz. Kim deyir ki, mən çıxdım verilişdə bu qədər sözü ekspromt dedim, bilin ki, yalandır. Mütaliəsi olmayan insan efirə çıxanda tamaşaçı bunu çox aydın görür. Mənim nitq mədəniyyəti müəllimim Rafiq Hüseynov olub. O hər zaman deyirdi ki, efirə çıxanda unutmayın ki, sizə nazir də baxa bilər, fəhlə də, şair də... Məsləhətim budur ki, dəqiq bilmədiyiniz mövzudan qətiyyən danışmayın, çünki efirdə bu çox aydın görünür. Mütləq işinizin peşəkarı olmalısınız. Ya siyasət jurnalisti olun, ya mədəniyyət, ya da iqtisadiyyat, fərq etməz, əsas işə bələd olmaqdır. “Həm burada, həm orada olacam” fikri düzgün fikir deyil. Bir sahəni tam öyrənin. Əmin olun, bunları nəzərə alsanız, çox güclü jurnalist olacaqsınız”.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə gənc jurnalistlər özlərini maraqlandıran suallara cavab tapa biliblər.

İctimai Televiziyanın elm, təhsil və gənclər departamentinin direktoru Cəsarət Valehov, milli azlıqlar üçün verilişlər departamentinin direktoru Rauf Rəcəbov, “Ortaq məxrəc” və “Carçı” proqramlarının aparıcıları Vəsilə Vahidqızı və Hüseyn Azəri də Akademiyanın qonaqları sırasındadır.

C. Valehov təhsil sahəsindəki problemlərlə bağlı hazırlanan verilişlər, bu verilişlərin mahiyyəti, maarifləndirici əhəmiyyətindən söz açıblar. R. Rəcəbov isə ölkədəki azsaylı xalqların və milli azlıqların yaşamına, folkloruna dair verilişlərin məhz İTV-nin funksiyalarından biri olduğunu bildirərək, bu tip proqramların hazırlanma zərurətindən danışıb. Televiziyanın İnformasiya və analitik proqramlar departamentinin direktoru Anar Yusifoğlu informasiyanın əldə edilməsi və istehsalı, analitik proqramların hazırlanması prosesi, İctimai Televiziyanın xəbər siyasəti ilə bağlı master-klass keçib. O, həmçinin İTV-nin digər kanallardan fərqini izah edib. A.Yusifoğlu jurnalistika fakültələrində təlim mərkəzlərinin, laboratoriyaların olmasının vacibliyini, jurnalist kadrların hazırlığında təcrübəyə daha çox üstünlük verilməli olunduğunu bildirib. Bu gün tele-xəbərin on-line media ilə rəqabətə tab gətirməsi üçün addımlar atdıqlarını deyən A. Yusifoğlu bunun nümunəsi kimi İTV-də xəbərlərin on-line təqdimatına keçdiklərini bildirib. Üç saat davam edən master-klassda tələbələrə praktik olaraq müsahibə götürməyin texnikası öyrədilib və onları maraqlandıran digər suallar da cavablandırılıb.

Media Akademiyasının digər maraqlı qonaqlarından biri isə Lider TV-nin “Səda” İnformasiya Xidmətinin rəhbəri Tofiq Abbasov olub. Həm də politoloq olan T.Abbasov gənclərə televiziya jurnalistikası barədə ətraflı məlumat verib. O qeyd edib ki, cəmiyyət və onu idarə edənlər televiziya haqqında onun gücü və missiyası haqqında daha geniş və səmərəli düşünəndə belə bir model yaratmaq imkanı olacaq. Əslində belə model axtarışına vaxt və enerji sərf etməyinə dəyməz. Dünyada belə maraqlı televiziya modelləri kifayət qədərdir. Biz Türkiyə televiziyalarındakı plüralizmi, Rusiya televiziyalarındakı peşəkarlığı, Avropa televiziyalarındakı cəmiyyətə yanımlılığı əxz edə bilsək, çox şey udarıq: “Jurnalistika bir ictimai institut kimi cəmiyyəti məlumatlandırmaq sistemidir. Ona görə də Qərbdə media strukturları hakimiyyətin fəaliyyətini daim projektor altında saxlayır, cəmiyyəti məlumatlandırır, problemləri araşdırır, geniş diskussiyalar təşkil edir, beləliklə, insanı və onun problemlərini də diqqətdə saxlayır. Bunlarsız media anlayışı mövcud deyil”. Üç saat davam edən görüşdə tələbələrə praktik olaraq müsahibə götürməyin texnikası öyrədilib.

Araşdırmaçı, jurnalist Pərviz Abubəkirov da Akademiyada qonaq olan zaman kriminal jurnalistikası haqqında danışıb, daha sonra əyani vəsait olaraq 1 il müddətində araşdırma apardığı bir cinayət işi ilə bağlı hazırladığı sənədli filmi gənclərə təqdim edib. Sonra P.Abubəkirov yeni layihələri və görəcəyi işlər barədə tələbələrə ətraflı məlumat verib. Üç saat davam edən görüşdə tələbələrə praktik olaraq müsahibə götürməyin texnikası öyrədilib və onları maraqlandıran digər suallar da cavablandırılıb.

Bunun ardınca Media Akademiyasının tələbələri “1News.az” informasiya agentliyinin direktoru Rəhman Hacıyevlə görüşüb. Görüş zamanı R.Hacıyev gənclərə “onlayn” jurnalistikası, eksklüziv və operativ xəbər anlayışı barədə ətraflı məlumat verib. O, həmçinin, agentliyin rəhbərliyinə gəldikdən sonra apardığı dəyişiklik, gördüyü işlər barədə tələbələrə məlumat verib. R.Hacıyev qeyd ndib ki, yaxın zamanlarda “1News.az” informasiya agentliyinin Azərbaycan dili versiyası fəaliyyətə başlayacaq. Agentlik direktoru əlavə edib ki, jurnalistika fakültələrində təlim mərkəzlərinin, laboratoriyaların olması vacibdir. Jurnalist kadrların hazırlığında təcrübəyə daha çox üstünlük verilməlidir.

Akademiyanın digər qanağı isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu olub. H.Babaoğlu bildirib ki, çox təəssüf, qəzetlərdə klassik mətbuat janrında yazılara çox az təsadüf olunur. Baş redaktor mətbuatda ləhcəylə və jarqonla yazılan məqalələrin, təhqiramiz sözlərin işləndiyi yazıların xroniki hal aldığını və bunları yazanların demokratiya və söz azadlığından sui-istifadə etdiklərini söyləyib. Müasir dövrdə mətbuata marağın azaldığını deyən H.Babaoğlu bunun səbəbini cəmiyyət və mətbuat arasındakı əlaqələrin, bağların zəifliyində, internetin gənclər arasında çox aktuallaşdığında gördüyünü bildirib. Tələbələrin “Bəlkə qəzetlər öz yazıları ilə oxucular üçün maraq doğura bilmirlər?” sualına – “Maraq doğuran mövzular çox olur, amma oxucuların mətbuata etibar gücü zəifləyib” deyə baş redaktor cavab verib.

“Xəzər TV”nin Xəbərlər departamentinin şef-redaktoru Nəcəf Həsənov da Media Akademiyası tələbələrinə təlim keçib. N.Həsənov gənclərə reportaj hazırlanması texnikalarından danışıb. “Aktual xəbər” proqramının aparıcısı tələbələrə xəbərlərin seçimi, onların hazırlanmasında, efirə təqdim edilməsindəki mərhələləri sadalayıb. N.Həsənov hal-hazırda efir məkanında mövcud olan xəbərlər-informasiya verilişlərinin keyfiyyətindən danışıb. Üç saat davam edən görüşdə tələbələrə praktik olaraq müsahibə götürməyin yolları izah olunub.

Media Akademiyasının tələbələri SOS Uşaq kəndinin PR mütəxəssisi, telejurnalist İlhamiyyə Rzayeva ilə görüşüblər. Görüş zamanı teleaparıcılıq və özünü təqdimetmənin texnikaları, formalarından söz açan İ.Rzayeva ünsiyyət qurmaq bacarığı, bu yolda qarşıya çıxacaq sədlərin aradan qaldırılması yollarını izah edib. Daha sonra İ.Rzayeva layihə iştirakçıları arasında sınaq testi aparıb. Tələbələrə prezentasiya ilə bağlı videoçarx da nümayiş etdirilib. Üç saat davam edən görüşdə tələbələrə praktik olaraq peşəkar aparıcılığın yolları izah olunub.

“Kaspi” qəzetinin baş redaktor müavini Kənan Quluzadə də Media Akademiyasının qonağı olan zaman isə tələbələrə konflikt jurnalistikasından təlim keçib. Təlimdə bu sahə ilə məşğul olan jurnalistlər, daha sonra konflikt jurnalistikasının spesifik xüsusiyyətləri, Azərbaycan-Ermənistan munaqişəsinin tarixi, jurnalistlərin bu mövzuya münasibəti kimi mövzular müzakirə olunub: “Məlum oldu ki, Azərbaycanda konflikt jurnalistikası ilə məşğul olan cəmi 10 nəfər var və bu müxbirlər həm də xarici media qurumları ilə işləyirlər”. Sonra tələbələr qruplara bölünərək K.Quluzadə tərəfindən verilən tapşırıqları yerinə yetiriblər. Tapşırıq əsasında konflikt şəraitində reportajın hazırlanması, jurnalistin bitərəfliliyi, bu sahənin qayda-qanunları daha da dərindən öyrənilib.

“Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Milli Kitab Mükafatında II yerin sahibi, yazıçı Əjdər Ol və ABŞ-ın Kaliforniya Universitetinin kitabxanaçısı Liladhar Pendtse Media Akademiyasının ən maraqlı qonaqlarından olbular. Görüş zamanı Liladhar Pendtse azərbaycanlı müəlliflərin kitablarını Kaliforniya kitabxanasında yerləşdirmək istəyindən söz açıb. Daha sonra tanınmış teleaparıcı Nərgiz Cəlilova və əməkdar artist Tünzalə Ağayeva tələbələrlə görüşə qatılıb. Nərgiz Cəlilova mediada mədəniyyət sahəsində mövcud olan yeknəsəklikdən danışıb, professional aparıcı olmaq üçün lazımi keyfiyyətlərdən söz açıb. Tünzalə Ağayeva isə hazırda keçid dövründə olan Azərbaycan musiqisinin durumundan danışıb.

Media Akademiyasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin də Media Akademiyasına qonaq qismində qatılıb. ABŞ səfirliyinin Azərbaycanla bağlı siyasətində əsas götürdükləri mədəniyyət və informasiya istiqamətləri haqqında danışan qonaq tələbələri diplomatiya və jurnalistika mövzusunda ətraflı məlumatlandırıb. İki ölkə arasında tələbə mübadiləsi və mədəniyyət tədbirlərinin təşkilinin bu sahədə böyük əhəmiyyətə malik olduğunu deyən diplomat Azərbaycanda olan Amerika mərkəzinin fəaliyyətindən də söz açıb. Tələbələrin suallarını cavablandıran mətbuat katibi öz diplomatik fəaliyyəti, ABŞ-ın xarici və daxili siyasəti, ABŞ-ın Azərbaycandakı yeni səfirinin təyinatı ilə bağlı məsələlərə aydınlıq gətirib. “907-ci düzəliş” barədə də danışan K. Bin bu məsələdə Azərbaycanın bir qədər də aktiv olmasının vacibliyini vurğulayıb.

Media Akademiyasında “İdman həftəsi”də keçirilib.

Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftahəddinova həftənin qonağı olub. İdmana gəlişindən, uğurlarından, yarışlar zamanı baş verən maraqlı hadisələrdən söz açan olimpiya çempionu məşğul olduğu idman növünün spesifik xüsusiyyətlərindən də söz açıb: “Bu idman dözümlülük, vaxt, səbr tələb edir. Qadın üçün xüsusilə çətindir. Çünki müəyyən yaşdan sonra ailəni və idman nailiyyətlərini bir arada davam etdirmək problem yaradır. Mən isə bu problemi yaşamıram”. Tələbələrə uğurlarının sirrini açan Zemfira xanım bildirib ki, o hədəfi gözü ilə deyil, intuisiyası ilə nişan alır. Gələcək planları haqqında verilən sualı cavablandıran Z.Meftahəddinova deyib ki, bundan sonra əsas məqsədi kiçik oğlu Ruslanı böyüdüb boya – başa çatdırmaq və növbəti olimpiya oyunlarında doğma vətəninə daha bir medal qazandırmaqdır.

Həftə çərçivəsində karate üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova, 4 qat Avropa çempionu Etibar Bağırov və Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayevin tələbələrlə görüşü keçirilib. Z.Hüseynova tələbələrə məşğul olduğu idmanın spesifik xüsusiyyətlərindən, idmançı olmağa qadına heç bir maneçilik törətmədiyindən söz açıb. 11 yaşında idmanın cüdo növü üzrə məşqlərə başlayan və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi Etibar Bağırov isə Avropa, dünya və olimpiya çempionu olmağın çətinliklərindən, bu idman növünün fərqli cəhətlərindən danışıb. Karatenin döyüş qanunlarından, növlərindən danışan Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev hər bir idman növündə təhsil almağın mütləq olduğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva Media Akademiyasında gənclərlə görüşüb. Akademiyanın üzvləri Q.Paşayevanın nəyə görə jurnalistika sahəsini seçdikləri ilə maraqlanıblar. O bildirib ki, riski sevməyən insan jurnalistikada uğur qazana bilməz: “Mənim jurnalistikaya marağım kiçik yaşlarımdan yaranıb. Məktəb illərində divar qəzetinin baş redaktoru olmuşam. Hələ o vaxtdan heç kimi dinləməmişəm, doğru bildiyim yolla irəliləmişəm. Səhvlərim mənə böyüməyə imkan verib”. Millət vəkilinin fikrincə, insan həyatda yalnız özünə inanıb, güvənməlidir: “Mənim həyat devizim budur: xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur. Bundan başqa, rahat həyatı sevənlər heç vaxt jurnalistikada uğur qazana bilməz. Belə insanlar jurnalistikadan çox tez gedirlər. Jurnalistika riski sevənlərin meydanıdır”. Q.Paşayeva jurnalistikadan tam uzaqlaşmadığını da tələbələrin diqqətinə çatdırıb: “Mən jurnalistikaya populyarlıq üçün gəlməmişdim. Jurnalistikadan ayrılanda da heç nəyim yox idi. İnsan riskdən qorxmamalıdır. Mənim həyat fəlsəfəm insanlara yararlı olmaqdır. Həm də mən jurnalistikadan uzaqlaşmamışam. Tez-tez mətbuatda yazılarım dərc olunur”. Q.Paşayeva millət vəkilləri ilə jurnalistlərin münasibətindən də danışıb. O bildirib ki, jurnalistlər millət vəkillərini yox, millət vəkilləri jurnalistləri axtarmalıdır. Sonra qonaq gələcəyin jurnalistlərinə uğurlar arzulayıb və deyib ki, Azərbaycan mətbuatının gənc jurnalistlərə, onların yaradıcı fikirlərinə ehtiyacı var.

Media Akademiyasında “Mədəniyyət həftəsi” çərçivəsində isə əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudbəyov və modelyer Fəxriyyə Xələfova tələbələrin görüşünə gəlib. B.Vəziroğlu tələbələrin xahişi ilə sevilən şeirlərindən olan “Xatirə”, “Məndən bir də olmayacaq”, “Yox deyəndə mən” şeirlərini səsləndirib.

Azərbaycanda kino sənətinin tarixindən və bugünki durumundan söz açan Şeyx Əbdül Mahmudbəyov kino sistemini yenidən qurmağın vacibliyindən danışıb: “Bu gün orta səviyyədə dünyanın maddi-texniki bazasına cavab verən texniki bazamız yoxdur. Bununla dünya səviyyəsinə çıxa bilmərik. Hər bir işin arxasında böyük zəhmət durur. Ölkəmizi dünyada tanıtmaq üçün mütləq hər bir sahədə maariflənmək lazımdır”.

Modelyer Fəxriyyə Xələfova isə moda tarixinə yer verərək, gəncləri müasir moda ilə ayaqlaşmağa çağırıb: “Hər bir gənc modanı özünə dost seçməlidir. Bunu özümüzə yaraşan üslubda təqdim etməliyik. Hər bir geyimə yaradıcı yanaşmaq lazımdır”- deyə F.Xələfova moda ilə geyinərkən daxildəki istəkləri də nəzərə almağı tələbələrə tövsiyə edib.

Bakı Dövlət Universitetinin professoru, jurnalist Qulu Məhərrəmli Media Akademiyası layihəsində təlimçi qismində çıxış edib. Təlimlərdə araşdırma jurnalistikası barədə danışan Q. Məhərrəmli mətbuatın 4-cü hakimiyyət kimi təqdim edilməsinin yanlışlığı barədə fikirlərini bildirib. Onun fikrincə, jurnalistika hakimiyyət ola bilməz, çünki hakimiyyət müəyyən qərar və qanunlar qəbul edə bilir və böyük səlahiyyətlərə malik olur. Cəmiyyətin harmoniyasını qorumaq üçün yaşadığımız cəmiyyətin məqsədlərini bilməyin vacibliyini də vurğulayan Q. Məhərrəmli “Media Akademiyası” layihəsinin cəmiyyət üçün yararlı jurnalistlər yetirəcəyinə inandığını söyləyib.

Media Akademiyasında növbəti təlim “M Group Production”un rəhbəri, tanınmış teleaparıcı Murad Dadaşov tərəfindən keçirilib. M.Dadaşov təlim zamanı tələbələrə televiziya aparıcılığından və prodakşn fəaliyyətindən bəhs edib. Həmçinin Media Akademiya tələbələrinə çəkilişləri hələ başlamayan serialından da danışan teleaparıcı teleməkanda mövcud olan uğurlu və uğursuz verilişlərdən, aparıcılardan söhbət açıb. M. Dadaşov serialın ssenarinin hazır olduğunu, çəkilişlərə yaxın zamanda başlayacaqlarını bildirib.

Media Akademiyası tələbələrinin televerilişlərlə bağlı ünvanladıqları sualları cavablandıran M. Dadaşov əsas etibarı ilə bu sahəyə gələcək jurnalistlərin obyektiv olmalarının vacibliyini qeyd edib.

Media Akademiyasının qonaqlarından biri də Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş Kərimi olub. Tələbələrlə görüş zamanı “Azərbaycanda mədəniyyət kanalının açılmasına ehtiyac varmı və gəncliyin musiqi zövqü” mövzusunda söhbət açan S.Kərimi öz münasibətini belə bildirib: “Ölkəmizdə mədəniyyət kanalının açılmasına ehtiyac var. Bu çoxdan olmalı idi. Təbii ki, cəmiyyətin mənəvi aşılanmamasında televiziyanın rolu danılmazdır. Əgər bu kanal açılsa, mədəniyyətin bütün sahələrini, maarifləndirmək və tərbiyələndirmək sistemini öndə tutmaq vacibdir. Mədəniyyəti insanlara yaxşı mənada sevdirmək lazımdır”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 12 yanvar.- S.6.