İnsanların
qəlbinə yol tapmaq da elmi kəşf qədər çətindir
BU GÜN AKADEMİK ABEL MƏHƏRRƏMOVUN
REKTORLUQ FƏALİYYƏTİNİN 13 İLİ TAMAM
OLUR
Görkəmli
şəxsiyyətlərin həyatını onların məxsus
olduqları xalqın tarixinin bir parçası sayanlar səhv
etməyiblər. Görkəmli kimyaçı alim, akademik,
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin
deputatı Abel Məhərrəmovun ömürnaməsini vərəqlədikcə,
bu həqiqəti bir daha dərk edirsən. Bunu Abel Məhərrəmovun
həyatında bir neçə istiqamətdə görmək
mümkündür.
Əvvəla,
görkəmli alimimiz Qərbi Azərbaycanın əsil-nəcabətli,
köklü-köməcli nəsillərindən birinə mənsub
olan ailədə dünyaya göz açıb. Təbii ki,
zaman-zaman ata-baba torpaqlarımıza sahib çıxmağa
can atan ermənilərin mənfur niyyətləri bu ailəyə,
Abel Məhərrəmovun taleyinə də təsirsiz
qalmayıb.
Digər
tərəfdən, akademik Məhərrəmovun elmdə
qazandığı nailiyyətlərin timsalında bir Azərbaycan
elminin uğurlarının, şöhrətinin bir hissəsini
görürük.
Bütövlükdə
Abel Məhərrəmov bir alim, təhsil təşkilatçısı,
rəhbər işçi, qurucu insan, ictimai xadim kimi nümunəvi
bir yol keçib. Bunu ümumiyyətlə Azərbaycan
ziyalısının, alimin keçdiyi şərəfli yol
hesab etmək olar.
Atası
Məmmədəli Məhərrəmov Ermənistan adlanan
respublikanın Amasiya rayonunda tanınmış riyaziyyat müəllimlərindən
idi. O, irəvanlı tacir Məşədi Ələsgərin
ixtisasca müəllim olan qızı Şəfiqə ilə
ailə həyatı qurmuşdu. Lakin “Türksüz Ermənistan”
məqsədi ilə yaşayan erməni şovinistləri
1948-ci ildə Qərbi azərbaycanlıların növbəti
dəfə öz ata-baba yurdlarından
köçürülməsinə nail oldular. Bu deportasiya
dalğası təbii ki, Məhərrəmovların ailəsindən
də yan keçmədi.
Gənc
müəllimlər ailəsi bir müddət Ağdam rayonunun
Əhmədağalı kəndində məskunlaşdı.
Burada onların Abel adlı oğlu dünyaya gəldi. Lakin ara
sakitləşəndən sonra ailə yenidən öz doğma
ocağına – Ağbaba mahalının ən böyük kəndlərindən
olan Güllübulağa köçdü. Mənzilinin ən
sevimli və “qiymətli” mebelinin yazı taxtası olan Məmmədəli
kişinin və sonralar əməkdar müəllim şərəfli
adına layiq görülən Şəfiqə xanımın
ailəsində böyüyən övladların təhsilə,
elmə hələ erkən yaşlarından bağlanması
təsadüfi hal deyildi. Başqa sözlə, hərisliklə,
həvəs və məhəbbətlə biliklərə yiyələnən
Abelin bu marağı ilk növbədə qanından-genindən
gəlirdi. Bu maraq və istək onun ömürlük yol
yoldaşı oldu.
Kimya
sahəsini də öz istəyilə seçdi. Orta məktəbi
bitirəndən sonra müvəffəqiyyətlə imtahan
verib Bakı Dövlət Universitetinin tələbəsi oldu.
BDU-nu
bitirdikdən sonra Abel Məhərrəmov Moskvaya gedir və
orada aspiranturaya daxil olur. Dünya şöhrətli alim,
akademik N.S.Zefirovun rəhbərliyi altında kimya elminin incəliklərinə
yiyələnir. Özünə məxsus qətiyyət və
zəhmətsevərliklə: “Başladığım işi
axıra çatdırmalıyam”, – deyir. Uğurla dissertasiya
müdafiə edərək 26 yaşında kimya elmləri
namizədi olur.
Beləliklə,
Abel müəllim doğma universitetə alim kimi qayıdaraq
elmi-pedaqoji fəaliyyətini həvəslə davam etdirir.
Onun
elmi tədqiqatlarının fəaliyyət dairəsi geniş
və çoxşaxəlidir. Onlar kimyanın əsas sahələrini
– neft kimyasını, üzvi kimyanı əhatə edir.
BDU-nun öz “şinel”indən çıxdığı
üçün burada A.Məhərrəmovun həm elmi tədqiqatlarının
sanbalına, həm də bir müəllim kimi nüfuzuna hələ
cavan yaşlarından bələd idilər. Odur ki, ona əvvəllər
universitetin tədris hissəsinə rəhbərlik etmək
kimi çox məsuliyyətli iş
tapşırmışdılar. Bundan sonra Abel müəllim
kimya fakültəsinin dekan müavini, daha sonra dekanı
seçilmişdi. Tapşırılan bütün vəzifələrdə
A.Məhərrəmovun təşəbbüskarlığı,
idarəetmə qabiliyyəti ona müvəfəqqiyyət
qazandırmışdır. Hər yerdə həm tədrisin
səviyyəsini yüksəlməyə, həm də kollektivdə
sağlam, işgüzar mühit yaratmağa nail olmuşdur.
Bütün bunları öz prinsipiallığı,
ardıcıl və məqsədyönlü işi, insanlara
diqqət və qayğısı sayəsində edə
bilmişdir.
Paralel olaraq elmi işlərini də davam etdirirdi. Odur ki, 1991-ci
ildə alim böyük müvəffəqiyyətlə
doktorluq dissertasiyası müdafiə etdi. Həmin zaman
40 yaşını təzəcə haqlamışdı...
Onu yaxından tanıyanlar bir çox yüksək
xüsusiyyətlərindən yaxşı xəbərdardılar. Həmin xüsusiyyətlər
sırasında əsasən bunları qeyd edirlər: dərin
ağıl, uzaqgörən analitik düşüncə,
güclü məntiq, möhkəm yaddaş, dostluqda sədaqət,
humanist münasibət, böyük diqqət, balanslı rəftar,
tükənməz cəsarət, zəhmətsevərlik və
s.
Yüksək
elmi səviyyəsini, islahatlara meyilliliyini,
işgüzarlığını, idarəçilik keyfiyyətlərini
nəzərə alaraq ulu öndər Heydər Əliyev
1999-cu il yanvarın 11-də Abel Məhərrəmovu
Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin
etmişdir.
Sonralar
Abel müəllim belə deyəcək: “Mən həyatımda
minlərlə, bəlkə yüz minlərlə insanla
görüşmüşəm. Bunların
arasında dövlət başçıları, böyük
elm adamları, görkəmli siyasi xadimlər də olub.
Lakin onların heç biri məndə ümummilli lider Heydər
Əliyev qədər yüksək təəssürat
oyatmayıb... Bircə fakt qeyd edim ki, 1999-cu ilin
yanvarında mənim BDU-ya rektor təyinatımla əlaqədar
onunla təxminən bir saatlıq görüşümdəki
təəssürat on iki ildən artıqdır ki, məni
müşayiət edir. Ən həlledici məqamlarda,
çətin dəqiqələrdə, mürəkkəb qərarların
qəbul olunduğu anlarda onun tövsiyələri, məsləhətləri
köməyimə çatır”.
Bu gün BDU tanınmaz dərəcədə dəyişib. Abel Məhərrəmov
düz 13 il əvvəl Azərbaycanın
bu nüfuzlu, qocaman ali təhsil ocğına rektor təyin
olunan gündən məhz bu amala xidmət edib – misilsiz
universitet nümunəsi yaratmağa! Rektor
ideyalarını gerçəkləşdirmək
üçün ilk növbədə universitetin köhnə,
dağılmış görkəmini ən müasir səviyyəyə
çatdırmaqdan başladı. Tezliklə,
BDU tamamilə başqa bir görkəm aldı. Təmir və yenidənqurma işləri
aparıldı, həyəti abadlaşdırıldı.
Lakin bu təbəddülat universitetin təkcə zahiri
simasında özünü göstərməməli idi! Məhz buna görə də rektor “universitet təhsili
onun görkəminə, statusuna adekvat olmalıdır” fikrini həyatda
konkret işlərlə reallaşdırmağa başladı.
Nəticədə BDU Azərbaycanda ilk dəfə
olaraq təhsildə Avropa standartlarına – Bolonya sisteminə,
bakalavr, magistratura pilləsinə qoşulub. Təhsil
Nazirliyi bu təşəbbüsü bəyənməklə
yanaşı, universitetin təcrübəsinin digər ali məktəblərin əxz etməsini də
lazım bilib.
Rektor Abel Məhərrəmovun qabaqcıl dünya
standartlarına söykənən tədris fəaliyyəti ilə
universitet xarici dövlətlərin nüfuzlu təhsil
ocaqlarının diqqətini cəlb edib. Moskva Dövlət
Universiteti, Ankara, İstanbul universitetləri ilə tələbə
mubadiləsi yeni mərhələyə qədəm qoyub.
“Abel Məhərrəmov hər şeydən öncə
tələbə adamdır”. Bu sözləri BDU-nun
jurnalistika fakültəsinin tələbələrindən
biri deyib. Bəli, onun rəhbərlik etdiyi
universitetin əsas məqsədi məhz gələcəyin
yüksək ixtisaslı mütəxəssisini,
ziyalısını və vətəndaşını
yetişdirməkdir. Bu məqsədə
çatmaq üçün rektor strategiyanı dəqiq müəyyənləşdirmiş,
həmin istiqamətdə bütün qüvvələri səfərbərliyə
almışdır. Odur ki, universitetdə tədris
və təhsilin keyfiyyəti günü-gündən yüksəlir.
Ölkə Prezidentinin bu sahədə
qarşıya qoyduğu tələbləri həyata
keçirmək üçün ən mütərəqqi
yeniliklərin BDU-ya gətirilməsi və tətbiqi rektoru
düşündürən başlıca məsələlərdəndir.
Bu böyük universitetin qədir-qiymətini
bilmək, missiyasını dərk etmək Vətən sevgisi
qədər vacibdir. Buna görə də
rektor A.Məhərrəmov müəllimlərlə, tələbələrlə
görüşlərində dönə-dönə təkrar
edir ki, universitet tələbəsi olmaq şərəf
işidir, insanın öz həyatını qurmaq prosesinin
uğurlu başlanğıcıdır. Universitet
müəllimi olmaq isə xalqın potensial maddi intellektini
gerçəkləşdirmək iddiasıdır, habelə məsuliyyətdir.
BDU-ya gətirdiyi ab-hava, möhkəm intizam, qayda-qanunların
ciddi qorunması kimi müsbət cəhətlər
bütün universitet kollektivində ona qarşı rəğbət
yaradıb. Universitet – böyük, müəllimlər, əməkdaşlar,
tələbələr çoxdur. Əgər
desək ki, rektor bunların hər birinə fərdi
yanaşmağı bacarır, əsla səhv etmərik.
Maraqlıdır ki, Abel müəllim bəzən
ən tənbəl, ipə-sapa yatmayan, əslində heç
təhsilini davam etdirməyə layiq olmayan tələbəyə
də şans verib. O da maraqlıdır ki, həmin tələbə
rektorun bu böyüklüyü və alicənablığı
qarşısında ram olaraq düz yola qayıdıb, yəni
necə deyərlər, başını aşağı
salıb təhsili ilə, oxumağı ilə məşğul
olub. Məsələ dövlətin, xalqın,
elmin, universitetin mənafeyinə toxunanda isə Abel müəllim
bir qayda olaraq barışmazdır. Qarşıdakı ən
yaxın adamı olsa belə...
Abel Məhərrəmovun
Türkiyə, Latviya, Rusiya, Qazaxıstan, Türkmənistan,
Rumıniya, Polşa prezidentləri ilə görüşməsi
BDU-nun həmin ölkələrlə elmi-ictimai əlaqələr
qurmasında böyük rol oynayır. Bu əlaqələrin
qiyməti təkcə universitetə deyil, bütövlükdə
Azərbaycana gərək olmasındadır.
Təsadüfi
deyil ki, Abel Məhərrəmov Rumıniyanın Ovidius
Universitetinin, Qazaxıstanın L.N.Qumilyov adına
Avrasiya Milli Universitetinin, Krım Mühəndis Pedaqoji
Universitetinin fəxri doktoru seçilib. 2002-2004-cü
illərdə Qara Dəniz Höfzəsi Ölkələri
Universitetləri Assosiasiyasının prezidenti olub, 2004-cü
ildən isə vitse-prezidentidir.
Prezident İlham Əliyev akademik Abel Məhərrəmovun
elm və təhsil sahəsindəki fəaliyyətini yüksək
qiymətləndirərək onu “Şöhrət” ordeni ilə
təltif edib.
Dövlətimizin başçısı BDU-nun
90 illik yubileyində çıxış edərkən
ölkəmizin bu adlı-sanlı təhsil ocağında
qazanılmış nailiyyətləri yüksək dəyərləndirib.
Bir alim kimi Abel Məhərrəmov son 13 ildə BDU-da
böyük elmi-tədqiqat işlərinin aparılmasına
da böyük əhəmiyyət verib və universitet bu sahədə
beynəlxalq arenaya çıxa bilib. Belə ki, akademikin
elmi inkişafa münasibəti Amerika fiziki T.Kunun praqmalar
konsepsiyası ilə həmahəng səslənir. T.Kun
elmin inkişaf mərhələlərini “normal elm”ə və
“elmi inqilab”lara ayırır. Elmi fəaliyyətin və ya paradiqmanin müəyyən
modelini qəbul edən elmi ictimaiyyətin əksər
nümayəndələri bütün elmi
“başsındırmalar”ı bu model çərçivəsində
həll etməyə çalışırlar. Elmin inkişafı prosesində belə bir mərhələ
gəlib çatır ki, burada qarşıya çıxan
problemlərin həlli həmin paradiqma çərçivəsində
qeyri-mümkündür. Bu zaman mövcud
paradiqmadan imtina edilir və problemlərin həlli
üçün yeni paradiqma axtarışı
başlanır. Bu, elmi təfəkkürdə
inqilabi situasiyanın yetişməsindən xəbər verir.
Məhərrəmov elmi-tədqiqata Kun konsepsiyası
üzrə münasibət bəsləyir. O özünün elmi
yaradıcılığında paradiqmanın bu prinsiplərini
həyata keçirir. Onun ən böyük
arzularından biri elmi yaradıcılığın bu keyfiyyətinin
universitet professor-müəllim heyətində bərqərar
olmasıdır. Misal kimi nanotexnologiyanı
göstərmək olar. Nanotexnologiya elmdə
tamamilə yeni sahədir və onun tətbiqi ciddi çətinliklər
törədə bilər. Lakin Abel müəllim
bu çətinliklərə qalib gələcəyi şəksizdir
və nanotexnologiyanın xidmətlərini
xalqımızın istifadəsinə yönəldəcəyinə
şübhə yoxdur.
Abel müəllim elmdə də, vəzifə
kürsüsündə də, insanların gözündə
də halal zəhməti ilə pillə-pillə ucalıb. Kiçik arayış:
Abel Məhərrəmov 2001-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə
həqiqi üzvü seçilib.
1998-ci ildən Təhsil Nazirliyinin Vahid Elmi-Metodik
Şurasının üzvü, 2000-ci ildən isə doktorluq
və namizədlik Dissertasiya Şurasının sədridir.
YAP
İdarə Heyətinin üzvüdür. Əməkdar
elm xadimi 2002-ci ildə BDU üzvi kimya kafedrasının
müdiri seçilib və onun rəhbərliyi altında “Zərif
üzvi sintez” elmi-tədqiqat laboratoriyası təşkil
olunub. 48 müəlliflik şəhadənaməsinin, 15
monoqrafiyanın, 51 dərslik və dərs vəsaitinin, həmçinin
Azərbaycanda və xarici ölkələrdə
çıxan jurnallarda nəşr olunmuş mindən
artıq elmi məqalə və tezisin müəllifidir. Rəhbərliyi altında 37 kimya elmləri doktoru və
namizədi hazırlanıb.
Abel Məhərrəmov anasını sevən bir
övlad, övladını sevən bir ata, gözəl ailə
başçısı, nəvələrinə çox vaxt sərf
edə bilmədiyi üçün təəssüflənən
qayğıkeş baba, tələbələrinin arzuları
ilə yaşayan müəllim, əməkdaşlarına
bağlı olan rəhbərdir. İnsanlara sevgisi Abel
müəllimin bir millət vəkili kimi seçicilərini
başa düşməkdə, onları narahat edən məsələlərə,
problemlərinin həllinə diqqət və qayğı ilə
yanaşmaqda köməkçisidir. İkinci
dəfə millət vəkili seçilməsi də məhz
bu amillərdən qaynaqlanır.
Ataların
müdrik bir kəlamındakı dərin mənaya istinad edərək
deyək ki, bütün bunların özü, yəni
insanları sevmək, onların sevgi və ehtiramını
qazanmaq heç də elmi kəşflər etməkdən az əhəmiyyətli deyil.
A.ƏMİROVA
525-ci qəzet.-
2012.- 12 yanvar.- S.5.