Azərbaycan Mətbuat Şurasının hesabat konfransı keçirilib

 

ƏFLATUN AMAŞOV: “İL ƏRZINDƏ ŞURAYA 651 MÜRACIƏT DAXIL OLUB KI, ONLARDAN 499-NU KİV-DƏ GEDƏN MATERIALLARDAN ŞIKAYƏTLƏR TƏŞKIL EDIB”

 

Dünən Azərbaycan Mətbuat Şurasının hesabat konfransı keçirilib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov açaraq, bildirib ki, 2011-ci ildə Şuranın başlıca iş istiqamətləri komissiyaların fəaliyyətindən, quruma daxil olan şikayət və müraciətlərin araşdırılmasından, müvafiq qərar və rəylərin çıxarılmasından, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərindən, diffamasiya təşəbbüslərinin reallaşdırılmasından, o cümlədən ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin hazırlanmasından, prezident fərman və sərəncəmlarında media ilə əlaqəli proqramların reallaşdırılmasından, layihələrin həyata keçirilməsindən, müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masaların təşkilindən və beynəlxalq əməkdaşlıq məsələlərindən ibarət olub. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub ki, onlardan 499-nu kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil edib: “2011-cu ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub. 651 müraciətdən 328-i ilin ilk yarısına, 323-ü isə ikinci yarısına aiddir. Müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardandır. Bu baxımdan ikinci yer dövlət idarə, müəssisə və təşkilatlarına məxsusdur. Həmin qurumlardan 196 müraciət daxil olub. Özəl müəssisələrdən daxil olan müraciətlərin sayı 74-dür. 48 müraciət ictimai qurumlardandır. Yerli özünüidarəetmə orqanlarından 29, siyasi partiyalardan isə 9 müraciət daxil olub. 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 287, 203, 70, 68, 39 və 32 təşkil edib. 651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 2011-ci ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i Şikayətlər üzrə Komissiyada, 54-ü “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 7-i mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb. Onu da qeyd edim ki, 651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 152 müraciətdən 89-u Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lərdəndir. Prosedur qaydalara əsasən belə müraciətlərə Şura Katibliyində baxılıb, cavablandırılıb, yaxud rəy verilib. Həmin müraciətlər Şuranın “apellyasiya qrupu” tərəfindən də araşdırılıb. 63 müraciət Şuranın digər prosedur fəaliyyət istiqamətlərinə aid olub. Şikayətlər üzrə Komissiyada baxılan 128 məsələdən 92-i komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız komissiyanın rəylərinin çıxarılması ilə kifayətlənilib. Digər 36 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 54 şikayətdən 14-ü barədə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. Beləliklə Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 50-dir. Bunlardan Şikayətlər üzrə Komissiyanın rəyinə əsaslanılanların sayı 36, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən təqdim edilənlərin sayı 14 olub. 2011-cu ildə İdarə Heyəti müxtəlif KİV-lərdəki şikayət motivlərini əsas götürən 33 qərar və 1 xüsusi rəy çıxarıb ki, bunlardan 24-də Şikayətlər üzrə Komissiyanın, 10-da “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəylərinə istinad edilib. İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 9-na xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 9 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını, 1-i isə yenidən siyahıya qaytarılmasını nəzərdə tutub. Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 7, Sosial Komissiyada baxılan 9 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq təqdimat verilib. Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 56 qərarı var ki, bunlardan da 7-də “qara siyahı”dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərini araşdıran “apellyasiya qrupu”nun təqdimatına əsaslanılıb. Yerdə qalanlar cari məsələlərin başqa istiqamətlərini nəzərdə tutub”.

Ə.Amaşov il ərzində Şuranın İdarə Heyətinin 11, Şikayətlər üzrə Komissiyanın 17, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 6, mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclasının keçirildiyini bildirib. Həmçinin qeyd edib ki, müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 5, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 3 iclası keçirilib. Onun sözlərinə görə, Şuranın 2011-ci ilin fevralından başlayaraq fəaliyyət göstərən “apellyasiya qrupu” 2, avqustdan fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi 8 dəfə toplanıb. Mətbuat Şurasının sədri ötən il ərzində “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyəti barədə də geniş məlumat verib: “Mətbuat Şurası 2011-ci ildə “reket jurnalistika”ya qarşı mübarizəni 2 əsas istiqamətdə aparıb. Bunlardan birincisi “reket nəşr”lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması, ikincisi onlara qarşı ictimai qınağın fəallaşdırılmasıdır. Mətbuat Şurası həmçinin özünün əsas missiyalarından birinin mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, “qara siyahı”ya saldığı KİV-lərin fəaliyyətlərində düzəliş etmələrinə dair müraciətlərini nəzərə alıb. MŞ İdarə Heyətinin müvafiq qərarları ilə onların bir qisminin üzərindən “reket nəşr” adı götürülərək “qara siyahı”dan çıxarılıblar. 2011-cu ildə belə nəşrlərin sayı 7 olub. Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistikaya” qarşı mübarizə Komissiyasının təqdimatı əsasında il ərzində 4 dəfə “reket nəşr”lərin adlarını açıqlayıb. 2011-cu ilin yekunlarına əsasən “qara siyahı”da yer alan KİV-lərin ümumi sayı 89-dur. Mətbuatın “qara siyahı”sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. “Reket nəşr”lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən mətbəələrə və yayım firmalarına məktublar göndərib. Həmin məktublarda bildirilib ki, “qara siyahı”dakı KİV-lərlə bağlı ölçü tədbirinin götürülməsində həmin KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib”.

Ə.Amaşov Mətbuat Şurası İdarə Heyətinin 2011-ci il üçün son iclasında 2012-ci ildəki fəaliyyət prioritetlərinin açıqlandığını vurğulayıb. Bu barədə məlumat verən Şura sədri həmin prioritetlərin əsasən diffamasiya ilə bağlı təşəbbüslərin dəstəklənməsindən, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onların həmkarlar ittifaqlarında təmsilçiliyinin real işlək mexanizmlərinin hazırlanması yollarından, KİV-lərdə reklam və elanların yerləşdirilməsinə dair qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlərin görülməsindən, internet medianın Mətbuat Şurasının medianın özünütənzimləmə obyektinə daxil edilməsindən ibarət olduğunu diqqətə çatdırıb. O eyni zamanda bildirib ki, Şura ötən il ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya haqqında qanun layihəsi hazırlayıb və sənəd ölkə parlamentinə təqdim olunub. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ında da diffamasiya məsələsinə önəm verildiyini deyən Ə.Amaşov əlavə edib ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub və Şura mövcud istiqamətdəki təşəbbüslərə dəstək verəcək: “Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası 2010-cu ili “Diffamasiya ili” elan etmişdi və buna uyğun olaraq ATƏT-in Bakı ofisi ilə birgə fəaliyyət planı həyata keçirdi. “Diffamasiya ili”ndə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərin sürətləndirilməsi və paralel olaraq “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair razılıq əldə olundu. 2010-cu ildə peşə davranışı qaydalarının yeni variantı qəbul edildi. 2011-ci ildə layihənin ikinci istiqaməti üzrə işlərin görülməsinə başlandı. Fevralın 9-da Azərbaycan Mətbuat Şurasında Şuranın ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşü baş tutdu. Görüşdə layihə üzrə yaradılan birgə işçi qrupunun növbəti fəaliyyət istiqamətləri ətrafında müzakirələr getdi. Layihə çərçivəsindəki növbəti müzakilər aprelin 20-də baş tutdu. Həmin gün may ayınadək diffamasiya ilə bağlı qanun layihəsi üzərində işlərin yekunlaşdırılması qərara alındı. Mayın 5-də Mətbuat Şurasında diffamasiya ilə bağlı qanun layihəsinin – “Diffamasiyadan müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun ilk müzakirəsi keçirildi. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərlərinin iştirakı ilə baş tutan toplantıda layihə müsbət qiymətləndirildi. Lakin onun daha geniş miqyaslı ictimai müzakirəsinin təşkili qərara alındı. Qanun layihəsi üzərində tamamlanma işləri “Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusundakı beynəlxalq konfransa qədər başa çatdırıldı. Tədbir mayın 11-də “Ratunda, Landmark”da keçirildi. Yerli və beynəlxalq ekspertlərin, dövlət rəsmilərinin, KİV rəhbərlərinin iştirakı ilə baş tutan toplantıda diffamasiya ilə bağlı qanun layihəsi müsbət dəyərləndirildi və sənədin ölkə parlamentinə təqdim olunması qərara alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılmasına gəlincə, zərbaycan Mətbuat Şurası bu istiqamətdə iki fəaliyyət xətti həyata keçirib. Bunlardan birincisi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə bağlı olub. Məlum olduğu kimi, cənab Prezident 21 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Sərəncam imzalamışdı. Mətbuat Şurası bunu rəhbər tutaraq, eyni zamanda mediamızın, jurnalistlərimizin dövlət müstəqilliyimizin bərpasındakı müstəsna rolunu nəzərə alaraq oktyabrın 19-da Gəncədə “Media və dövlət müstəqilliyimiz” mövzusunda ümumrespublika konfransı keçirdi. KİV rəhbərlərinin, dövlət rəsmilərinin, ziyalıların və elm xadimlərinin qatıldıqları toplantıda şərəfli tariximizdə, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsində xidmətləri olan bir qrup qəzetə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 23-də görkəmli jurnalist, publisist və alim Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sənəddə bildirilirdi ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin təkliflərini nəzərə almaqla, əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Mətbuat Şurası bununla əlaqədar öz təkliflərini verməklə yanaşı, eyni zamanda dekabrın 9-da görkəmli jurnalistlə bağlı “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirdi. Tədbirdə yubilyarın həyat və yaradıcılığı ətraflı təhlil olundu, onun peşə fəaliyyətinin müasir nəslə örnək məqamları ətrafında fikir mübadiləsi aparıldı”.

MŞ rəhbəri deyib ki, media sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı ü fəaliyyət istiqaməti üzərində dayanılıb. Onun sözlərinə görə, bunlar Mətbuat Şurasının YUNESKO-nun Moskva ofisi ilə əməkdaşlığı, “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsinin reallaşdırılması və Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə layihəsidir: “Birinci istiqamətlə əlaqədar Mətbuat Şurası YENUSKO-nun Moskva ofisi ilə hələ 2009-cu ildən sıx əməkdaşlıq edir. Həmin ilin dekabrında “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində İctimai Televiziyada iki günlük geniş konfrans-seminar keçirildi. Həmin tədbirdə media nümayəndələrimiz, o cümlədən 17 yerli və regional telekanalın təmsilçiləri YUNESKO-nun “TV və radio mediası və iqlim dəyişikliyi” barədə Paris konfransının deklorasiyası ilə həmrəylik bəyanatına da imza atdılar. ayihə çərçivəsində 2011-ci ilin iyulun 8-də “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçirildi. Mətbuat Şurası YENUSKO-nun Moskva ofisi ilə əməkdaşlığının növbəti mərhələsi avqust ayından start götürdü. Avqustun 1-dən hər iki qurum Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsinin icrasına başladı. Layihə çərçivəsində “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda” adlı tədris proqramı hazırlandı. Sənəd ilk olaraq noyabrın 18-də Azərbaycan Mətbuat Şurasında baş tutan dəyirmi masada müzakirə olundu və müsbət qiymətləndirildi. Noyabrın 30-da isə tədris proqramının geniş təqdimatı baş tutdu. Hazırda sənəd təsdiqlənmək üçün Təhsil Nazirliyinə təqdim olunub. İkinci fəaliyyət istiqməti üzrə Azərbaycan Mətbuat Şurası may-sentyabr ayları ərzində “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsini reallaşdırıb. KİV-lərin və orada çalışan jurnalistlərin yaradıcılıq məhsullarında Azərbaycan dilinin norma və qaydalarına necə riayət etmələri sahəsindəki mənfi meyllərin aradan qaldırılmasına dəstək göstərmək, mövcud istiqamətdəki problemlərin effektiv həllini həyata keçirmək, tendensiyaları izləmək, ümumən məsələyə ictimaiyyətin diqqətini cəlb edərək yol verilən nöqsanların kəmiyyət göstəricilərinin azalmasına nail olmaq layihənin başlıca məqsədlərindən olub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə baş tutan layihə çərçivəsində iyulun 14-də və sentyabrın 22-də “Mediada dil faktoru” mövzusunda iki “dəyirmi masa” keçirilib. Tədbirlərdə Azərbaycan Mətbuat Şurasının Kütləvi informasiya vasitələrində ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə dair Təlimatına uyğun olaraq 3 ay ərzində aparılan monitorinqin nəticələri açıqlanıb. Üçüncü fəaliyyət istiqamətinə gəldikdə isə Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidmətlərinin informasiya əldə edilməsindəki rolunun artırılmasına dəstək göstərməkdən ibarət olub. Layihə çərçivəsində iyulun 9-10-da Qubada, həmin ayın 30-31-də Goranboy rayonunda nazirliklərin, dövlət komitələrinin mətbuat xidmətlərinin nümayəndələrinin iştirakı ilə seminar-məşğələlər keçirilib. Tədbirlərə dəvət olunmuş xarici ekspertlər mətbuat xidməti institutunun fəaliyyətindəki dünya miqyasında qəbul edilən forma və prinsiplər barədə ətraflı məlumatlar veriblər”.

Əflatun Amaşov ötən il Azərbaycan Mətbuat Şurasının müxtəlif mövzularda təşkil etdiyi konfrans, seminar və dəyirmi masalardan da söhbət açıb: “Azərbaycan Mətbuat Şurası cəmiyyətdə söz və mətbuat azadlığı pinsiplərinin dərinləşməsinə, jurnalistlərin peşəkarlıq vərdişlərinin artırılmasına xidmət edən vəsaitlərin təqdimatına həsr olunmuş 7, mətbuat tariximizdə mühüm yeri olan mətbuat orqanlarının yubiley mərasimlərinin təşkilinə aid 5, ölkədə jurnalistikanın, publisistik fikrin və ədəbi mühitin inkişafında xidmətləri olan jurnalistlərlə bağlı yubiley və anım mərasimlərinin təşkilinə dair 8, jurnalistlərin müəllifləri olduqları kitabların təqdimatıyla bağlı 3, Azərbaycan mediasında müxtəlif sahələrin işıqlandırılması xüsusiyyətləri ilə bağlı 3, dünyada söz və mətbuat azadlığı ilə bağlı əlamətdar günlərə həsr olunmuş 2 tədbir keçirib. Xüsusi olaraq, Mətbuat Şurası mart-may aylarında Bakı Futbol Federsiyası ilə birgə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının yaxından köməkliyi ilə Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı həyata keçirib. Plan çərçivəsində mart ayında ölkə jurnalistlərinin və polislərinin iştirakı ilə futbol matçı keçirilib. Mayda isə qələm sahiblərinin parlamentin deputatları ilə qarşılaşması olub. Mayın 31-də Mətbuat Şurasında ölkənin idman ictimaiyyətinin nümayəndələrinin və idman yazarlarının iştirakı ilə “dəyirmi masa” keçirilib. Tədbirdə ölkədə idman jurnalistikasının inkişaf xüsusiyyətləri, mövcud sahədəki problem və çatışmazlıqlar ətarfında fikir mübadiləsi aparılıb. İdmandan yazan bir qrup jurnalistə və veteran qələm sahiblərinə Mətbuat Şurasının fəxri diplomları təqdim olunub. İyulun 21-də Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib. Tədbirdə həmin dövr jurnalistikasının fəaliyyətindən söhbət açılıb, onun tarixən formalaşmış mətbuat ənənələrimizin qorunub saxlanılmasındakı, o cümlədən müasir müstəqil ruhlu qələm sahiblərinin yetişməsindəki roluna diqqət çəkilib. Həmçinin 60-cı illərin jurnalistlərinin bir qrupuna Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olunub. Sentyabrın 20-də Azərbaycan Mətbuat Şurasında “Turizmin inkişafı media müstəvisində” mövzusunda “dəyirmi masa” təşkil olunub. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin də qatıldığı tədbirdə ölkədə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb, bu sahənin mediada işıqlandırılmasındakı spesifik cəhətlərə, problem və çatışmazlıqlara diqqət yetirilib. Oktyabrın 28-də isə Bakıda Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirilib. Toplantıya Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Saxa, Tuva, Qaraçay-Çərkəz, Kabarda-Balkar Respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, türklərin Avropada kompakt məskunlaşdıqları Kosova, Bolqarıstan və Yunanıstan kimi bölgələrdən media nümayəndələrin qatılmaları təmin olunub. Forumda Türkdilli Ölkələrin və Toplumların Media Birliyi daxili əlaqələrin inkişafı, türk dünyasında fəaliyyət göstərən media orqanlarının birgə fəaliyyətinin müxtəlif istiqamətləri müzakirə olunub. Forum çərçivəsində həmçinin xarici qonaqların Azərbaycanın görməli yerləri ilə tanışlığı, o cümlədən Quba rayonundakı tarixi məzarlığı ziyarəti də həyata keçirilib. Həmçinin qonaqlar İctimai Televiziyanın onlar üçün hazırladığı xüsusi proqramda da iştirak ediblər”.

Mətbuat Şurasının sədri rəhbərlik etdiyi qurumun qəzetlərin əldə yayımı sahəsində yaranmış problemləri aradan qaldırmaq istiqamətində də səylərini davam etdirəcəyini diqqətə çatdırıb. Ə.Amaşov bununla bağlı müvafiq dövlət qurumunun rəsmiləri ilə ilkin görüşlərin keçirildiyini deyib.

Qəzetlərin əldə yayımı ilə əlaqədar məsələyə MŞ İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, respublikanın əməkdar jurnalisti Yusif Kərimovun və başqalarının çıxışlarında da önəm verilib, mövcud sahədəki vəziyyətin tənzimlənməsinin zəruriliyinə dair təkliflər səsləndirilib.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2012.- 13 yanvar.- S.6.