Şair Ələmdar Quluzadənin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Ələmdar Quluzadənin 60 illik yubileyilə bağlı tədbir keçirilib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivinin hazırladığı videoçarxın nümayişi ilə açılan tədbiri AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid idarə edib. R.Məcid Ələmdar Quluzadənin zəngin yaradıcılığına geniş nəzər salıb, onun müxtəlif illərdə işıq üzü görən əsərlərinin, nəşr olunan kitablarının oxucular tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb: “Ələmdar Quluzadənin yaradıcılığında Azərbaycan xalqının ən böyük dərdi olan Qarabağ itkisi, bu mövzuyla bağlı motivlər əsas yer tutur. Onun “Salam, Xocalı dərdim” poeması bu baxımdan xüsusilə təsirli əsərdir. Ələmdar Quluzadə, həm də çox mühüm bir yaradıcılıq sahəsilə – uşaq ədəbiyyatı ilə fəal məşğuldur. Belə bir istedadlı şairin öz qələmini uşaq ədəbiyyatı sahəsində də işlətməsi çox təqdirəlayiq haldır”. Çıxışının ardınca R.Məcid Yazıçılar Birliyinin rəhbərliyi adından yubilyarı təbrik edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tədqiqatçı Füzuli Ələsgərli Ə.Quluzadənin 35 illik yaradıcılıq yolunun bir-birindən dəyərli və poetik cəhətdən keyfiyyətli əsərlərlə zəngin olduğunu önə çəkib: “1976-cı ildə işıq üzü görmüş “Dağların yaddaşı” kitabından son zamanlar çapdan çıxan, uşaqlar üçün yazdığı “Ətirşah ətri” kitabı və “Qürbətdən qürbətə düşən daş” əsərinə qədər keçdiyi yola baxanda belə təəssürat yaradır ki, Ələmdar Quluzadənin potensialı hələ irəlidədir. Onun yaradıcılığı üçün yüksək poetik sənətkarlıq səciyyəvidir”. F.Ələsgərli Ə.Quluzadənin uşaq ədəbiyyatı sahəsində də xüsusi mövqeyi olduğunu deyərək, dramaturgiya sahəsindəki fəaliyyətinin daha da güclənəyinə ümid etdiyini bildirib.

Tənqidçi Vaqif Yusifli Ə.Quluzadənin ədəbiyyata gəldiyi ilk illərdən diqqəti cəlb etdiyinimaraqla qarşılandığını vurğulayıb: “O ədəbiyyata gəlişi ilə ədəbi ictimaiyyətin, özündən yaşca çox böyük olan nüfuzlu qələm sahiblərinin diqqətini cəlb etmişdi. Mən Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Əkbər Ağayevin bu haqda məqalələrini oxumuşam. Onlar Ələmdarın yaradıcılığı haqqında yüksək fikirlər söyləyib, heç kimə bənzəməyən istedadlı şair olduğunu vurğulayıblar öz yazılarında. Onun əsərlərində yurdumuzun gözəl diyarı olan Qarabağın insanları, təbiəti, özünəməxsus cəhətləri hər zaman geniş təsvir və tərənnüm olunub. Şairin ovqatını dəyişən bəlli hadisələr baş verəndən sonra onun yaradıcılığında Qarabağ mövzusu daha qabarıq yer tutmağa başladı. Mənim fikrimcə, Ələmdar Quluzadənin Qarabağla bağlı qələmə aldığı əsərlərini də fərqli bir “Qarabağnamə” adlandırmaq olar”. Daha sonra tənqidçi şairinDağlar məni bağışlama” şeirini nümunə kimi səsləndirib.

Yazıçı Nüşabə Məmmədli Ələmdar Quluzadənin yaradıcılığını göy qurşağı ilə müqayisə edib: “Hər bir əsərin özünəməxsus rəngi, dadı var. Ələmdar Quluzadənin əsərlərinin isə səsi var, hayqırtısı var. Mən onun yaradıcılığını göy qurşağına bənzədirəm. Hər rəngin öz dərdi, sızıltısı var. Ortadan keçən çəhrayı rəng isə uşaqların sevincidir”.

Şair-pedaqoq Zahid Xəlil də Ələmdar Quluzadə haqqında düşüncələrini bölüşüb, şairin yüksək şəxsi keyfiyyətlərindən, aralarındakı səmimi dostluqdan bəhs edib.

Azərbaycan Radiosunun əməkdaşı Aybəniz Məmmədəliyeva, şair Yalçın Qoca, “Baharuşaq jurnalının redaktoru Ruhiyyə xanım, şairin dostu Əliş Əhmədoğlu da çıxışlarında Ələmdar Quluzadə yaradıcılığı və şəxsiyyəti haqqında maraqlı fikirlər söyləyiblər.

Tədbirdə Səbail rayonu 239 saylı orta məktəbin şagirdlərinin ifasında şairin əsərləri səsləndirilib.

Mərasimin sonunda söz yubilyara verilib. Ələmdar Quluzadə tədbirin təşkilində əməyi olanlara, iştirakçılara yaradıcılığı barədə fikir söyləyənlərə təşəkkürünü bildirib, “60 yaşın nağılı”, “Sevgidən yazma”, “Gözəllər qocalandaadlı şeirlərini oxuyub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 13 yanvar.- S.7.