“Nəbi Xəzrinin
sənətkarlığı” zəngin poetik
irs haqqında dəyərli monoqrafiya
Yaşadığımız
dövr özünün ictimai-siyasi,elmi-texniki səviyyəsi
ilə bütün keçmiş əsrlərdən kəskin
fərqlənir.Ona görə də indi əsrin qabaqcıl,
ayıq, fəal adamları olan şairlərin, sənətkarların
üzərinə çox böyük məsuliyyət
düşür. Hər hansı bir cəmiyyətin necə
sağlam bir özülə əsaslanmasını onun əxlaqı,
idealı, insanların bir-birinə münasibəti,
könül dünyası müəyyən edir. Bu isə ən
qədim janr olan lirika ilə, poeziya ilə, şairin mövqeyi
ilə sıx bağlıdır. Çağdaş Azərbaycan
ədəbiyatının, o cümlədən
poeziyamızın istər tarixi, istərsə də müasir
problemləri həmişə diqqət mərkəzində
olmuş, onun müxtəlif ideya istiqamətləri ətrafında
həmişə fərqli araşdırmalar
aparılmışdır.
Dosent
Fəridə Səfiyevanın N.Xəzrinin
yaradıcılığına həsr etdiyi “Nəbi Xəzrinin
sənətkarlığı” monoqrafiyası xüsusi maraq
doğurur. Tədqiqatçı bütovlükdə əsas tədqiqat
obyektini müəyyənləşdirərək, mövzunu
tam və konkret əhatə etmək məqsədi ilə N.Xəzrinin
müxtəlif mövzulu poetik nümunələrini təhlil
predmetinə çevirmişdir.
N.Xəzri
lirik şairdir. Həyatın, təbiətin hər bir hadisəsi
onun şair könlünü həyəcana, riqqətə gətirir.
O, vətəndən də, onun yollarından da, siyasi hadisələrdən
də, dənizdən də, küləkdən də,
çinar ağacından da, ulduzlardan da eyni hərarətlə,
eyni ilhamla yaza bilir. Lakin bütün bunlar əsas bir mövzu ətrafında
cəmləşir-insana, onun arzularına, gələcəyə
xidmət! İnsan- şairin ölçü vahididir.Onun qəlbi
insana məhəbbət və inamla doludur:
İnsanlıq
cahanda
Asanmı,
insan?
Söhbət
aç, bu böyük həqiqətindən
Həyatda
tək oddan
Qızınmır
insan
Qızınır
insanlıq
Hərarətindən!
Yaxud
...Gözəl
arzuların
Qanadlarında
Dünyadan
gözəllik
umanlar
gəlir.
Dünyaya
nə gözəl
insanlar
gəlir!
Monoqrafiyanın nəzəri cəlb edən bir cəhəti də budur ki, müəllif Azərbaycan poeziyasının görkəmli nümayəndəsi N.Xəzrinin zəngin irsini böyük tarixi ənənələri olan bir ədəbiyyatın zəminində yarandığını göstəririr. Müəllif N.Xəzrinin ilk hekayə və pyeslərindən tutmuş son əsərlərinə qədər-böyüklüyündən, kiçikliyindən asılı olmayaraq- hamısını bir-bir təhlil edir, hər əsərə öz qiymətini verir, yazıçının keçdiyi mürəkkəb yaradıcılıq yolunun eniş-yoxuşlarını, ziddiyyətlərini şərh edir. Oxucu görkəmli şairin yaradıcılığının hansı ideya-bədii keyfiyyətlərlə zənginləşdiyini müşahidə edir, onun novatorluğunun xüsusiyyətləri ilə tanış olur.
“Nəbi Xəzrinin sənətkarlığı” monoqrafiyasında N.Xəzri yaradıcılığı ədəbi mühitdən təcrid olunmuş şəkildə təhlil edilmir. Müəllif yeri gəldikcə şairin yaradıcılığını ədəbi həyatla əlaqələndirir, müqayisələr aparır, hər dövrün, hər mərhələnin ümumi ədəbi səciyyəsini verməyə çalışır. Bütün bunlar N.Xəzrinin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqeyi təyin etməkdə tədqiqatçıya kömək edir.
N.Xəzri yaradıcılığında nəzərə çarpan mühüm cəhətlərdən biri də epik-lirik janrda yazılmış ədəbi nümunələrdir. Süjetli lirikanın gözəl nümunələrini yaradan şair, yığcam və mənalı əsərlərində oxucularını düşündürən elə hadisələr seçir ki, biz bunları istedadlı bir şair xəyalının məhsulu kimi qiymətləndiririk. Lakin bu xəyal real və həyatidir. Adi həyat həqiqəti sənətkar qələmilə yüksək poetik vüsət kəsb edir. “Nəbi Xəzrinin sənətkarlığı” monoqrafiyasının dərin və əsaslı işlənmiş fəsillərdən biri də N.Xəzrinin epik poeziya yaradıcılığına həsr olunmuş bölməsidir. Dramatik elementlərin üstünlük qazandığı “Əfsanəvi yuxular”, “Peyğəmbər” öz epik vüsəti etibarilə poema janrının müasir mənada düşünülən sərhədlərini ötüb keçir, epik poemanın müasir imkanları haqqında real təsəvvür yaradır. Hər iki poema dosent Fəridə Səfiyeva tərəfindən layiqincə qiymətləndirilmişdir. Burada alimin mühakimə və müşahidələrinin dərinliyi və dəqiqliyi, bir sıra alimlərlə mübahisələr aparması, fikirlərini elmi şəkildə sübuta yetirməsi daha aydın görünür.
Cənub mövzusu N.Xəzrinin poeziyasında xüsusi yer tutur. Poeziyamızda müəyyən ənənələri olan bu mövzuda təkrara yol verməmək, fərdi yaradıcılıq axtarışları daha çox tələb olunur. Cənub həsrəti elə dərddir ki, onun nisgili hər dəfə bizə yeni görünən poetik misraların ruhuna çökür. N.Xəzrinin “Təbriz bayatıları”nın səmimi hissi öz mayasını bu nisgildən götürür.
Qar yağıbdır dizəcən,
Bu düzdən o düzəcən,
Qəlblərdə körpü olum
Uzanım Təbrizəcən.
Müəllifin qənaətinə görə “Cənub mövzusu yarım əsrdən artıq bir müddətdə həm siyasi lirikanın geniş intişar tapmasında, həm milli mücadilənin sönmək bilməyən azadlıq ideyalarının poeziyada inikas olunmasında, həm də milli özünüdərkin, bütövlük və birlik duyğusunun təcəssümündə çox böyük rol oynamışdır. Heç şübhəsiz, Nəbi Xəzri də bu poetik ənənədən təsirlənməyə bilməzdi”.
N.Xəzri yaradıcılığında epik ünsürlərin inkişafı, şairin dünyaduyumu, dünyagörüşünün zənginləşməsi onu dramaturgiyaya gətirib çıxardı. Şair dramaturgiyada da ilk növbədə doğma xalqının mənliyini və qürur hisslərini tərənnüm edən milli şairdir. ”Torpağa sancılan qılınc”, “Burla xatun” azərbaycançılıq şüurunun formalaşmasında mühüm rol oynadı. Monoqrafiyasında N.Xəzri dramaturgiyasını hərtərəfli təhlil edən Fəridə xanım yazır ki: “ N.Xəzrinin dramatirgiyaya müraciətinin bir səbəbi də müasrlərinin həyatına daha dərindən nüfuz etmək istəyi ilə bağlı idi. O, bütün yaradıcılığı boyu narahat sənətkar olmuşdur. Bu narahatçılığı onun dünyada, beynəlxalq aləmdə baş verən hadisələrə fəal şair mövqeyi ilə izah etmək olar.”
Ənənəsiz böyük sənət əsərlərinin yarana bilməməsini irəli sürən tədqiqatçı təkidlə xatırladır ki: ”Teatr sənətkar fikrini,məramını çatdırmaq üçün ən təsirli vasitədir. S.Vurğun, S.Rüstəm, M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev, Ə.Məmmədxanlı, B.Vahabzadə kimi sənətkarların dramaturgiyaya meyl və müraciəti də məhz bu səbəblə bağlıdır.Bu cəhətdən N.Xəzri də istisna deyildir”.
Monoqrafiyada şairin bir neçə pyesi təhlil edilir: “Sən yanmasan”, “Əks-səda”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla xatun”.Təhlillərdə nəzəri cəlb edən cəhət budur ki, müəllif hər əsəri ayrılıqda qiymətləndirməklə kifayətlənmir, pyeslərin Azərbaycan dramaturgiyasına gətirdiyi yeni keyfiyyətləri, onların fəlsəfi mahiyyətini, qəhrəmanların səciyyələrini aydınlaşdırır, tariximizlə üzvi əlaqəsini, xalq həyatı ilə, milli varlığımızla bağlılığını göstərməyə çalışır. Müasirlik, tarixə günün tələbləri nöqteyi-nəzərindən yanaşmaq və tarixi hadisələri ümumləşdirə bilmək Nəbi Xəzri dramaturgiyasının səciyyəvi keyfiyyətləri kimi təqdim edilir. Araşdırmanın nəticəsi belədir ki, şair tarixi mövzuda yazdığı əsərlərində asan yolla-tarixi əsərə köçürmək yolu ilə getmir; o, keçmişə, olmuş hadisələrə yaradıcı yanaşır, onları müasir həyatın tələbləri ilə həmahəng verməyə çalışır, əsil sənətə məxsus bir yol ilə- bədii ümumiləşdirmə yolu ilə gedir. Monoqrafiyanın bu bölməsində də müəllifin təhlilinə məxsus konkretlik, dəqiqilik, yığcamlıq, aydınlıq özünü göstərir.
“Nəbi Xəzrinin sənətkarlığı” monoqrafiyasında qəhrəman probleminin şərhinə də geniş yer verilir və bu problemin həllində də müəllif öz estetik mövqeyinə sadiq qalır. Mücərrəd nəzəri müddəalar əvəzinə, biz bu problemin izahında ictimai həyatın əsas götürüldüyünü, deyilən fikirlərin bilavasitə həyati hadisələlə əlaqələndirildiyini müşahidə edirik. Kitabda lirik qəhrəman məsələsinin poeziyamızda necə əks etdirilməsinə, onun daxili aləminin və ictimai simasının necə formalaşmasına, bədii inikasının hansı mərhələlər keçməsinə xeyli yer verilib. Burada göstərilir ki, müasir ədəbiyyatın irəliyə doğru inkişafını təmin etmək üçün insan mənəviyyatının yeni keyfiyyətlərini, yeni aləmini açmağa, öyrənməyə böyük ehtiyac vardır. Böyük ədəbiyyat yeni formadan yox, yeni qəhrəmandan başlayır. Buna görə də yeni qəhrəman ədəbiyyatın simasını dəyişə bilir, ona istiqamət verir. Geniş, rəngarəng və ziddiyyətlərlə dolu mövzu çox zaman şairin öz həyata baxışı, dünyagörüşü ilə qarışmış şəkildə verilir. Başqa sözlə, şairin lirik qəhrəmanı onun öz “mən”i ilə qovuşur, vəhdət təşkil edir.
Kitabda əhatə olunan məsələləri, elmi-bədii, ədəbi materiaları gözlərimiz önünə gətirsək, N.Xəzri yaradıcılığının uğurları, ideya-bədii keyfiyyətləri haqqında aydın təsəvvür əldə edə bilirik. “Nəbi Xəzrinin sənətkarlığı” monoqrafiyasının müəllifinin tədqiqatçılıq bacarığı, problemlərə obyektiv və elmi yanaşma vərdişi, ədəbi prosesi yaxından izləməsi təqdirəlayiqdir və ciddi zəhmətin bahasına başa gəlmişdir. Kitabı oxuduqca yəqin edirsən ki, Fəridə xanım məlum faktlara da yeni mövqedən nəzər sala bilir. Qarşısına qoyduğu problemləri həll etməkdən ötrü tədqiqatçı klassik irsə, ədəbiyatımızın müasir uğurlarına, N.Xəzri haqqında yazılan elmi məqalələrə yaxından nəzər salır. Bu məqsədlə onun gətirdiyi faktlar çox inandırıcı görünür.
Şübhə etmirik ki, elmi-kütləvi səpkidə, aydın və rəvan bir dildə yazılmış “Nəbi Xəzrinin sənətkarlığı” monoqrafiyası ədəbi ictimaiyyətin marağına səbəb olacaq.
Dilbər ZEYNALOVA,
filologiya elmləri namizədi,
dosent
525-ci qəzet.- 2012.- 13 yanvar.- S.7.