“Elə məsələlər
var ki, orada
birgə mövqedən çıxış etmək mümkündür”
VAHİD ƏHMƏDOV:
“İQTİSADİ SAHƏDƏ APARILAN SİYASƏT
TAMAMİLƏ NORMAL VƏ QƏBULOLUNAN BİR SİYASƏTDİR”
MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN (MM)
İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN
ÜZVÜ VAHİD ƏHMƏDOVDUR
–
Vahid müəllim, ötən ilin sonlarında dövlət
başçısı tərəfindən imzalanmış
“Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”nın həyata keçirilməsində,
icrasında ilk öncə nədən başlanılmalıdır?
–
Bununla bağlı ilk öncə hesab edirəm ki, ölkədə
seçkilərin tam demokratik keçirilməsinə
çalışmaq və buna nail olmaq lazımdır.
Düzdür, xüsusilə son illər ölkəmizdə bu
istiqamətdə böyük, önəmli işlər
aparılır, amma bununla belə, demokratik, mülki vətəndaş
cəmiyyətinin qurulması əsasən seçkilərin
demokratik keçirilməsilə birbaşa bağlıdır.
Əgər seçkilər demokratik keçirilirsə,
demokratik fikirli insanlar bu prosesdə – özünü sınaya
bilirsə, o cəmiyyətdə çox zaman problemlər də
bir o qədər özünü göstərmir. Doğrudur,
cəmiyyətdə müəyyən qədər fikir
ayrılıqları olur, bununla yanaşı, həmin fikir
ayrılıqları cəmiyyətin inkişafına mənfi
təsir göstərmir, əksinə onun müsbət istiqamətdə
inkişafını müəyyən qədər irəliyə
aparır. Yəni, həmin Proqramla bağlı işlər əsasən
bundan başlamalıdır. Elə etmək lazımdır ki,
seçkilər Azərbaycanda tam demokratik şəraitdə
reallaşdırılsın. Dünyada da elə bir ölkə
yoxdur ki, orada seçkilər ideal olsun, ümumiyyətlə,
bütün ölkələrdə seçkilərdə bu və
ya digər dərəcədə problemlər özünü
göstərir. Bu da onunla bağlıdır ki, seçkilər
elə-belə asan proses deyil, çox ağrılı bir
prosesdir. Bununla belə, maksimum şəkildə
çalışmaq lazımdır ki, seçkilər
demokratik şəraitdə baş tutsun.
İkincisi,
cəmiyyətdə konsensusa gəlmək, konsolidasiyaya nail olmaq
lazımdır. Özü də mən bunu bir neçə dəfə
demişəm və indi də təkrar olaraq demək istəyirəm
ki, Azərbaycanda ətrafımızda baş verən proseslərlə,
eləcə də digər məqamlarla bağlı dialoqa
ciddi ehtiyac var. Bu prosesə də cəmiyyətin bütün
aktiv siyasi təbəqələri cəlb olunmalıdır.
Çünki cəmiyyətdə, o cümlədən
parlamentdə müxtəlif siyasi partiyaların nümayəndələri
təmsil olunur, həmçinin müstəqil, bitərəf
millət vəkilləri, siyasətçilər var. Bununla belə,
cəmiyyətdə ayrı-ayrı nüfuzlu ziyalılar,
tanınmış, az-çox nüfuzu olan partiyalar,
qeyri-hökumət təşkilatları da mövcuddur. Hesab
edirəm ki, bunları bir araya gətirib Azərbaycanın gələcəyi,
ölkəmizin müstəqilliyinin daha da dönməz xarakter
alması naminə bir forum keçirmək, müəyyən
məsələlərdə qarşılıqlı
razılığa gəlmək lazımdır. Düzdür,
bir sıra məsələlərdə razılığa gəlmək
mümkün deyil, çünki hər kəsin öz fərqli
mövqeyi, düşüncəsi var, bu baxımdan da fikir
ayrılığı olub və bundan sonra da olacaq, ancaq elə
məsələlər var ki, orada birgə mövqedən
çıxış etmək mümkündür. Məsələn,
Qarabağ məsələsi ilə bağlı bütün
qüvvələrin iştirakı əsnasında vahid
strategiya hazırlana bilər və hazırlanmalıdır.
Eyni zamanda, digər məsələlər – seçki məsələləri
ilə bağlı ümumi bir strategiya ortaya qoyula bilər və
qoyulmalıdır...
– Bəs
iqtisadi sferada nədən başlanılmalıdır?
–
İqtisadi sferaya gəlincə, son illərin hadisələri
də göstərdi ki, Azərbaycanda iqtisadi sahədə
görülən işlər nəticəsində müəyyən
irəliləyişlər var. Bu irəliləyişlər həm
göstəricilərdə öz əksini tapıb, həm də
cəmiyyətin məsələlərə yanaşmasında
özünü büruzə verib. Hətta 2008-ci ildə
ABŞ-da, onun ardınca isə Qərb ölkələrində
başlanan, hələ də davam edən böhranın Azərbaycana
bir o qədər də mənfi təsiri olmadı.
Düzdür, Azərbaycanın özünün “təhlükəsizlik
yastığı” mövcuddur, 40 milyard ehtiyatı var, müəyyən
problemlərlə, məsələlərlə bağlı isə
həm Mərkəzi Bank, həm də hökumət tərəfindən
müəyyən işlər görülür. Ölkə
başçısı İlham Əliyevin iqtisadi sahədə
apardığı siyasət tamamilə normal və qəbulolunan
bir siyasətdir. Bu siyasətin nəticəsində də Azərbaycanda
ciddi iqtisadi fəsadlar baş vermədi. Hətta dövlət
başçısının göstərişinə əsasən
bu dövrdə manatın məzənnəsi qorunub
saxlanıla bildi. Bütün dövlətlərdə milli
valyutalar dəyərdən düşdüyü halda, Azərbaycan
manatı öz stabilliyini qoruyub saxladı. Özünüz də
görürsünüz ki, Böyük Britaniyada, İtaliyada,
Yunanıstanda, İspaniyada, Almaniyada, Fransada və digər
xarici Qərb ölkələrində hansı hadisələr
baş verdi və verməkdədir. Bu ölkələrdə
dövlət büdcəsinin kəsiri artıq 70-80 faizə gəlib
çatıb. ABŞ-ın özündə büdcə kəsiri
hardasa 16 trilyon dollara yaxındır. Yəni, bu dövlətlər
faktiki olaraq iqtisadi krizis vəziyyətindədirlər. Amma
aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda
bu hiss olunmadı.
Bütün
bunlara baxmayaraq, Azərbaycanda iqtisadi sferada, iqtisadiyyat sahəsində
də müəyyən problemlər hələ də
qalmaqdadır. Sahibkarlığın inkişafı
üçün daha ciddi addımlar atılmalıdır. Məsələn,
biz bir müddət öncə müzakirədən
keçirib qəbul etdiyimiz 2012-ci ilin dövlət büdcəsində
Dövlət Neft Fondundan büdcəyə 10 milyard manata
yaxın transfert nəzərdə tutulur. Bu böyük məbləğdir.
Əgər dövlət büdcəsi 17 milyard manata
yaxındırsa, həmin rəqəm böyük rəqəmdir.
Dövlət başçısı özü də bir
neçə dəfə hökumətin iclasında və
bütün çıxışlarında bildirib ki, qeyri-neft
sektorunun inkişafına diqqəti artırmaq lazımdır.
Qeyri-neft sektoru da nədir? Bu sənayedir, kənd təsərrüfatıdır,
turizmdir və sair. Hesab edirəm ki, qeyri-neft sektorunun
inkişafı üçün bu sahələrə daha ciddi
diqqət yetirmək gərəkdir. Bizim işlək əhalinin
haradasa 40 faizi kənd təsərrüfatı, aqrar sektoru ilə
məşğul olur. Bu əhaliyə diqqəti daha da
artırmaq, onların öz fəaliyyətlərini daha da
yaxşı qurması üçün ayrılan vəsaitin həcmini
çoxaltmaq lazımdır. Şoranlaşmış
torpaqları qaydasına – əkinə yararlı hala salmaq
vacibdir. Demək istəyirəm ki, bu istiqamətdə
görüləsi və görüləcək işlər həddindən
artıq çoxdur. Doğrudur, cənab prezidentin göstərişi
ilə Sumqayıt, o cümlədən Gəncə şəhəri,
Bakının Qaradağ rayonu sənaye zonası elan olunub,
burada bu istiqamətdə də böyük işlər
görülür. Şəxsən mən özüm bu
yaxınlarda “Azərenerji” tərəfindən Sumqayıtda
salınan Texnoparkda oldum. Orada tikilən zavodlarla tanış
oldum, hamısı da müasir zavodlardır. Mən oranı gəzib-dolaşanda
bir anlıq özümü Almaniyada hiss etdim. Çünki Almaniyada
olanda belə bir mənzərə ilə tanış
olmuşam. Odur ki, bunu işlək hala salmaq, daha da inkişaf
etdirmək lazımdır. Əldə etdiyim məlumata görə,
SOCAR da Sumqayıtda böyük işlər görür. Kimya
sənayesi ilə bağlı bir sıra addımlar
atırlar, texnoparklar yaradırlar. Hesab edirəm ki, bu işlərin
canlandırılması çox vacibdir. Bir daha qeyd edirəm
ki, sahibkarlıq fəalyyətinin genişləndirilməsi
üçün vergi yükünün azaldılması məsələsinə
yenidən qayıtmağa böyük ehtiyac duyulur. Burada
müəyyən vergi güzəştlərinə getmək
lazımdır.
Korrupsiya
ilə əlaqədar mübarizəni daha da gücləndirmək
lazımdır. Bu sahədə Prezident Administrasiyanın rəhbəri
cənab Ramiz Mehdiyevin rəhbərliyi altında bir sıra
işlər görülüb, bunlar göz
qabağındadır, amma hesab edirəm ki, bu istiqamətdə
mübarizəni daha da sürətləndirmək gərəkdir.
Yəni, yuxarı eşalonda əyləşən insanlar
üçün də bu məsələdə əl yeri
qalmasın. Həmçinin iqtisadiyyatda, iqtisadi sferada şəffaflığı
daha da artırmaq lazımdır. Baxmayaraq ki, bütün
nazirliklərin, dövlət komitələrinin saytları
açılıb, fəaliyyət göstərirlər, amma
burada məlumatları daha çox yerləşdirmək
lazımdır. Tender əməliyyatlarını daha da şəffaflaşdırmaq
zəruridir, vacibdir. Əsas məqsədimiz də ondan ibarət
olmalıdır ki, dövlət büdcəsinin neft sektorundan
asılılığını yavaş-yavaş aradan
qaldıra bilək. Bu gün ixracın 90-92 faizini neft və
neft məhsulları təşkil edir. Ona görə bunu
heç olmasa 50-60 faizə endirməyə
çalışmaq lazımdır ki, dövlət büdcəsinin
neftdən asılılığı qismən də olsa aradan
qaldırılsın. Bu istiqamətdə də müəyyən
işlər görülür, amma hesab edirəm ki, bu işlərin
daha da sürətləndirilməsinə ehtiyac var...
– Necə
hesab edirsiniz, iqtisadi sferanın, sektorun daha da inkişaf etdirilməsi
baxımından, onun hüquqi, qanunvericilik bazasının təkmilləşdirilməsi
üçün hansı qanunların qəbulu daha önəmlidir?
– Bu
istiqamətdə ilk olaraq Rəqabət Məcəlləsini qəbul
etmək lazımdır. Bu, çox başıbəlalı
bir Məcəllədir. O, Milli Məclisdə iki oxunuşdan
keçib, ancaq neçə ildir ki, üçüncü
oxunuşda “ilişib” qalıb. Müəyyən qüvvələr,
“uzun əllər” var ki, onun üçüncü oxunuşa
çıxarılaraq bütövlükdə qəbul
olunmasına qarşı çıxırlar, ona əngəl
yaradırlar. Hesab edirəm ki, nəhayət bunların
qarşısını almaq və Rəqabət Məcəlləsini
qəbul etmək lazımdır. Bu, özü də cənab
prezidentdən gələn bir qanundur və bu baxımdan, bu Məcəllənin
qəbulunu başa çatdırmaq lazımdır. Bu, kimə
ziyan vursa da, mane olsa da, amma bütövlükdə Azərbaycan
dövlətinə xeyirlidir. Onun xeyiri dövlətimizə dəyəcək.
Azərbaycan sahibkarları, işgüzar cəmiyyət
üçün bu Məcəllə çox böyük əhəmiyyətə
malikdir. İkincisi, ipoteka, xüsusilə sosial ipoteka ilə
bağlı məsələyə yenidən qayıtmaq, bu
yöndə qanunvericiliyə yenidən baxmaq, bir sıra dəyişikliklər
etmək lazımdır. Hətta lazım gələrsə,
sosial ipoteka ilə bağlı ayrıca qanun qəbul etmək
gərəkdir. Çünki cəmiyyətdə ipoteka daha
çox sosial ipoteka kreditlərinə böyük ehtiyac, təlabat
var, insanlar bundan yararlanmaq istəyirlər. Ona görə
ipotekanın verilmə şərtlərinə, faizlərinə,
müddətinə yenidən baxmaq və onları
yumşaltmaq vacibdir.
Üçüncüsü,
mən dəfələrlə çıxışlarımda
Azərbaycanın xarici banklardakı vəsaiti məsələsinə
toxunmuşam. Bu məsələyə yenidən baxmaq
lazımdır. Çünki hazırda Avropa – Qərb ölkələri
iqtisadi cəhətdən çökürlər, ABŞ-da da
vəziyyət heç də ürəkaçan deyil.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2012.- 13 yanvar.- S.5.