Səksəndə görüşənədək
KAŞ BU BIZƏ QISMƏT OLA
Eldar Əli oğlu Məsimovun 70
yaşı tamam oldu. Onu bir alim, bir
insan, bir vətəndaş
kimi yaxından tanıyanlar üçün bu deyim, şübhəsiz ki,
isti bir təsir
bağışlayacaq. Eldar müəllim
də ömrünün yetmişini
haqladı deyərək çoxları köks
ötürəcəklər. Ölməz şair
“Ömür dediklərin bir
karvan yolu”
misrasını elə belə sadəcə deyim
xatirinə demirdi. Karvana
bənzəyən ömrümüzdə qulaqlarımıza hər
zaman dəvə düzümlərinin
zınqırovunun səsi gəlib, gözlərimizdə qumlu səhraların tozanağı qopmasa da, ömür
nə səssiz axan sulara,
nə də səmtsiz əsən küləklərə bənzəyir.
Bir düz xətt boyunca uzanan ömür adlı bu yolun nə qədər qollu-budaqlı olduğunu hər bir ömür sahibinin
özündən özgə kim bilir ki?..
Daha bir ölməz
şair isə “Dünyaya
gələ bilmək dünyada qala bilmək yaman zor işdir...” – deyirdi. Ömür həm
də məsuliyyətdir. Hərdən mənə elə gəlir
ki, ömür yoluna yaxından bələd olduğum
Eldar Məsimov dünyaya
gəldiyi ilk gündən özünün
bir insan və bir vətəndaş kimi
cəmiyyət və xalq
qarşısındakı yerini və məsuliyyətini
əvvəlcədən dərk edə bilibdi.
Qarşısına məqsəd qoyduğu
yolun ən ağırını, ən əzablısını
seçibdi. Əbəs yerə deməyiblər
ki, elmin yolları hamar olmur.
1957-ci ildə
Şəmkir rayonundakı Çinarlı beynəlmiləl kənd
orta məktəbini qızıl medalla başa vuraraq, Xarkov Dövlət Universitetinin fizika
fakültəsinə qəbul olub.
1963-cü ildə o, artıq ali təhsilli mütəxəssis idi, özü də ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdi.
Buradaca nə zamansa eşitdiyim hikmətli bir
rəvayəti xatırlayıram. Deyirlər bir
səyyah sonsuz səhrada çətinliklərə,
əzablara sinə gərərək yol
gedə-gedə, tez-tez üzünü
sonsuz göylərə tutaraq,
“Xudaya, görürsünüzmü,
mən başladığım bu yolu necə çətinliklə gedirəm?!” deyirdi. Bu zaman
səyyahın qulaqlarına qayıbanə bir
səs gəlir: “Sən yoluna davam et. Mən səni
başladığın yolu başa vurub mənzilə
çatanda görəcəyəm”...
Eldar Məsimov başladığı yolun bütün çətinliklərinə,
əzablarına sinə gərib, uğurlu
bir nəticəyə nail
olan alimdir. Elmi titullar, adlar, konfranslar, simpoziumlar, səfərlər, təəssüratlar,
mühazirələr, mükafatlar, işgüzar görüşlər və nələr,
nələr... Bunlar bir
alim ömrünün
qayğılı, keşməkeşli
yaşantılarıdır. Sadəcə desək, bir ömrün xəritəsidir.
Bəli, əsl insan ömrünün də
xəritəsi olur. Bu
xəritə önündə dayanıb, istənilən
nöqtəyə barmaq qoyub,
saatlarla danışıb, müzakirələr
aparmaq olar. Azərbaycan
Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasını başa vuran Eldar Məsimov qısa bir zamanda – 1969-cu ildə aşağı temperaturlar fizikası sahəsində dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi
adını alır. Sonra İtaliyanın
Roma Universitetində uzunmüddətli
ezamiyyətə yollanır. Bu səfərdə
gənc alimin məqsədi biofizika ixtisası üzrə elmi-tədqiqat
işləri aparmaq, elmi
bilik və müşahidələrini daha da artırmaq idi. O, buna da
nail olur. 1984-cü ildə
M.Lomonosov adına Moskva
Dövlət Universitetində su və onun müxtəlif məhlullarının tədqiqinə
həsr olunmuş doktorluq
dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru
adına layiq görülür.
Alim həmkarları onun
barəsində yazdıqları bir məqalədə
Eldar Məsimovu bu sahədə
doktorluq dissertasiyası müdafiə edən
ilk azərbaycanlı kimi
vurğulayırlar.
Dahi Azərbaycan şairi
Nizami Gəncəvi hələ
zamanında “... bir inci
saflığı varsa da
suda” deyirdi. Elm və texnikanın müasir
inkişafı həyati varlığın başlıca əsası
sayılan suyun tərkibində neçə-neçə
incilərin olduğunu meydana
çıxardı. Məlum oldu ki, suda
bir yox, min bir inci saflığı
gizlənir. Hər zaman bizə dumduru görünən bu saf suyun
saflığında hələ
axtarılıb-araşdırılası nə qədər incəliklər, hələ
də açılmayan
nə qədər sirlər, suallar qalmaqdadır. Eldar Məsimovun kitabxanamda olan “Maddə quruluşu” kitabını
vərəqləyirəm. Bu sahədə mütəxəssis
olmasam da, diqqətimi cəlb edən bir çox
bölmələr mənə
hədsiz maraqlı görünür: “Suyun xassələrindəki qeyri-adilik
onun canlı orqanizmə bir sıra funksiyaları yerinə yetirməsinə
kömək edir. Su mühit kimi orqanizmdə osmos və diffuziya vasitəsilə maddələrin
daşınması, hüceyrə
və orqanların qorunması (məsələn,
beyin xarici mexaniki təsirlərdən,
kəllə sümüyü
ilə yanaşı, kəllə-beyin mayesi vasitəsilə də qorunur), çox böyük istilik tutumuna və buxarlanma istiliyinə malik olması hesabına orqanizmin soyuqdan və istidən qorunması kimi çox vacib funksiyaları yerinə yetirir. Su böyük enercili şüalanmanı udma qabiliyyətinə malikdir və canlı orqanizmlərdə enercinin
ötürülməsində böyük rol oynayır”.
Bax beləcə,
bəzən adi baxdığımız suyun
görün nə qədər böyük hikmətləri bizə sadə görünməkdədir.
Mən həmişə
fizikada bir poeziya, poeziyada isə bir fizika
var, fikrini əsas götürənlərdənəm.
Məqsədim Eldar Məsimova nə xasiyyətnamə yazmaqdır, nə də onun ünvanına
hədsiz tərifli sözlər söyləməkdir.
Düşünürəm ki, hər bir
insan, söhbət şəxsiyyətdən gedir,
öz xasiyyətnaməsini
özü hamıdan yaxşı yazır. Tərifli sözlər isə, şübhəsiz
ki, tərifli insanların ünvanlarına
deyiləndə, sözlər
də yerini tapmış olur.
Eldar müəllimi
dostları və həmkarları çox sevirlər. Çünki
o, dostlara qarşı
həmişə həssas
və diqqətlidir. İnsanlara etibar, sədaqət nümayiş
etdirməyi sanki özünün bir vəzifə borcu hesab edir. Qarşılığını
görməyəndə isə
alnını ovuşdurub
dərin bir fikrə getməyi var. Maddi maraqların mənəvi keyfiyyətləri
üstələdiyi bir
zamanda belə hallar, təəssüf ki, tez-tez baş
verir. Amma fizikanın və təbiətin qanunlarını
yetərincə bilən
alim dostum yeri gələndə onu cəmiyyətin qanunları ilə üzləşdirə bilir,
baş verənlərə
təbii bir hal kimi baxmağı
bacarır.
Bakı Dövlət
Universiteti Eldar müəllim üçün
olduqca doğmadır.
O, 1970-ci ildən burada
çalışır. Deyişi
asan gələn bu tarixin ömrü
isə artıq 42 ili haqlayır. Eldar müəllim doktorluq dissertasiyasını
müdafiə edəndə,
onun 43 yaşı var idi. Burada
adam sadəcə üç nöqtə qoyub, başqa bir fikrə keçməyi üstün
tutur.
Professor Eldar Məsimovun çalışdığı,
ömrünü və
elmi fəaliyyətini
həsr etdiyi biofizika sahəsi, 1992-ci ildən müdiri olduğu “Maddə quruluşu” kafedrası elmin asan olmay1an sahələrdindən hesab
olunur. Həmyerlimiz
Nobel mükafatı lauyreatı,
akademik Landau “Mən fizikanı seçməmişəm,
fizika məni tapıb” deyirdi. Bu sözlərdəki böyük
məna bəlkə də dahi alimin
fizikasız həyat yoxdur anlamına bir işarə idi. Eldar Məsimov
ölkəmizdə və
onun sərhədlərindən
kənarda müxtəlif
elmi populyar curnallarda çap edilmiş 400-dən artıq
məqalənin, 27 monoqrafiyanın,
dərsliklərin, dərs
vəsaitlərinin müəllifidir.
Onun rəhbərliyi ilə 20 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
O, bir alim kimi respublikamızda və bir çox
ölkələrdə yüksək
qiymətləndirilir. Şübhəsiz
ki, elmi əlaqələr həm də bir vətəndaş
kimi onun yüksək insani xarakteri ilə əlaqəlidir. Professor Eldar
Məsimov kimi insanlar Azərbaycandan kənarda xalqımızı
yüksək şəkildə
təmsil etməyi bacarırlar. Bu da təbiidir ki, bəzən bir insan vətənindən kənarda böyük bir xalq haqqında
təsəvvür yarada
bilir. Heç bir mübaliğəsiz demək olar ki, Eldar Məsimov
belə insanlardandır.
Onun həyat
fəaliyyəti təkcə
bir elm adamının ömür-gününü əhatə
eləmir. Müxtəlif
zamanlarda Respublika Təhsil Nazirliyində Elm
İdarəsinin rəisi,
Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifələrində
çalışıb, universitetin
rektor əvəzi olmuşdur. Bu gün Eldar Məsimvo çalışdığı fizika fakültəsinin kafedra müdiri olmaqla yanaşı, həm də Bakı Dövlət Universitetinin nəzdindəki
“Fizika problemləri”
ETİ-nin “Bioloci sistemlər fizikası” şöbəsinin müdiri
vəzifəsini daşıyır.
1990-1995-ci illərdə
XII çağırış Azərbaycan Respublikası
Ali Sovetinin deputatı
olmuşdur. Onun elmə və təhsilə verdiyi töhfə yüksək qiymətləndirilir. Rusiya
Pyotr Elm və İncəsənət Akademiyasının
əvvəlcə müxbir
üzvü, 2003-cü ildə
isə həmin akademiyanın həqiqi üzvü seçilmişdir.
Rusiya Təbiətşünaslıq
Akademiyasının Təltif
və Mükafatlar Komissiyası şöhrətli
alimə “Bioloci strukturların təşkili
prinsipləri” elmi məktəbinin yaradıcısı
adını vermiş,
onu Alfred Nobel və V.Vernadski adına medallarda təltif etmişdir. Eldar Məsimov eyni zamanda həmin təşkilat tərəfindən
“Əməkdar elm və
təhsil xadimi” fəxri adına layiq görülmüşdür.
Hər bir yazını başlamağın və
bitirməyin öz çətinlikləri
olur. Şöhrətli alim,
gözəl insan, dostum
və eloğlum Eldar
Məsimov haqqında düşündüklərimin bir qismini oxucularla
bölüşə bildim. Amma dediyim kimi,
istənilən yazını başa
vurmağın, onun sonuna
nöqtə qoymağın da öz çətinlikləri olur.
Dediklərimi dedim, deməkdiklərim isə
qalır. Tanrı ona da,
mənə də ömür bəxş
eləsə, demədiklərimi onun 80
illiyində deyəcəyəm. Qoy elə
hər ikimiz bir qədər
intizarda qalaq. Amma hər halda nöqtə
qoymazdan əvvəl bir
fikrimi demədən ötüşə
bilmirəm. Tanıyanlar bilir ki, Eldar müəllim kifayət
qədər təvazökar və ciddi
adamdır. “Yubileyimin təmtəraqlı
keçirilməsinin əleyhinəyəm. İndi
bunu istəmirəm. Amma
bircə onu istəyirəm ki, bir zamanlar
qızıl medalla başa
vurduğum Çinarlı qəsəbə
orta məktəbində bir
Eldar Məsimov guşəsi
yaradılıb, orada sadəcə “Eldar Məsimov-70” sözləri yazılsın
və mənim kitablarımın, məqalələrimin, keçdiyim həyat yolunun
müəyyən bir təsviri əks olunsun...”
Fikirləşirəm,
görəsən bu guşə indi orada
yaradılıbmı?!.
NECƏDİ
Şirin xəyallarım gəzməsin gendə,
İsinirəm
duyğuların harayında, ünündə.
Əziz dostum, indi bu
ad günündə
Şəkmkirçayın
nəğməsindən
Bir ərmağan düzəldib,
Onu sənə bağışlasam,
Necədi?
Qar yağanda Seyfəlidən
yuxarı,
Qırov düşüb üşüdərdi
bağları.
Dərələri
duman çəkən buxarı,
Keçidləri
sənlə aşsam,
Necədi?
Qoy ana Kür nəğməmizi oxusun,
Xalıları
çəmən güllər toxusun.
Mən demirəm
Qoşqar dağı, Kəpəzi,
Bütün mükafatlar, adlar əvəzi
Yasamaldan əsən mehə qoşulub,
Səni öpüb, alqışlasam,
Necədi?
Taleh HƏMİD
525-ci qəzet.- 2012.- 13 yanvar.- S.4.