Məhəmməd
Əmin Rəsulzadə
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev və elmi işçi
Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə
dövri mətbuatda dərc olunmuş əsərlərinin III
cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Vaqon məsələsi
Bəzi
filosofların iddiasına görə dünyanın
bütün qovğaları qarın davasından ibarətdir.
Buna görə də davanın böylə şirin vəqtində
hər tərəfdən qarın davasından ibarət olan
bahalıq və qəhətdən şikayət eşidilərsə,
heç də təəccüb etməməlidir.
Bahalıq və
qəhət, aclıq, hər bir düşməndən daha
qorxunc olan bu düşmənlər təbii bir yolla olarsa, yenə
dərd yarıdır, yenə xəlq təhəmmül edər,
çünki vətən yolunda ac qalmaq olar.
Fəqət
işlər təhqiq olunduqda görülüyor ki, xəlqin
aclığı çox da vətən üçün,
yainki canını vətənə fəda edən qəhrəman
əskərlər üçün olmuyub, bir taqim fürsətdən
istifadə edən qansız möhtəkirlər
üçündür.
Müharibə
zamanı olduğundan məlum işdir ki, vaqonlar müharibə
ehtiyaclarına işləyir, buna görə də şəhərlərə
lazım olan ərzağı göndərmək
üçün vaqon tapılmayır. Vaqon
tapılmadığından da Petroqrad, Moskva, Tiflis kimi
böyük şəhərlər çörəgə, qəndə,
oduna möhtac qalıyorlar. Fəqət böyük şəhərlərə
un göndərmək üçün vaqon
tapılmadığı halda, nədənsə təzə
çıxmış “qovğa” adında bir mədən suyu
böyük şəhərlərin restoranlarını
dolduruyor, nədənsə Petroqrada gələn qatarlar qənd
və ərzaq əvəzinə krım qarpızı ilə,
gözəl xanımlara təqdim olunmaq üçün tazə
güllər tapıyorlar. Bakı un üçün vaqon istəyib
də tapmadığı halda, Rostovdan gələn vaqonlar
İran üçün qənd yükliyorlar.
Malü-ticarə
üçün mal daşımağa verilən vaqonları
Don üzərindəki Rostovda mövcud bir komitə
paylayır. Bu işin intizamı onun öhdəsindədir. Fəqət
gərək şəhər idarələri və gərək
istehlak cəmiyyətləri (Putermitelni obşestvalar) bu komitənin
əlindən dad çəkməkdədirlər. Tiflis qəzetələrində
görülür ki, şəhər idarəsi Tiflis
üçün lazım olan ərzağı gətirtməkdən
tamam acizləmiş, Tiflisin şəhər idarəsi
üzvü Cabbar Qafqaz paytaxtını kəndisini qorxutmaqda
olan aclıqdan qurtarmaq üçün
hazırladığı layihəni dumanın iclasına
vermiş və bu layihənin müzakirəsi əsnasında
qəribə şeylər meydana çıxmışdır.
Tiflis bələdiyyə rəisinin dediginə görə
Tiflisdə ancaq üç günə yetişəcək qədər
– un varmış. Şəhər böylə aclıq
qarşısında ikən şəhər idarəsi
münasib qiymətlə almış olduğu 300 vaqon unu
Tiflisə yeritdirməkdən aciz qalmış. Qubernator şəhər
idarəsinin istədigi naryadları (cəvazları) bir an
saxlamayıb verdigi münaqilati-əskəriyyə rəisinin
köməgi hər anda olduğu, hətta canişin həzrətləri
müavininin də müavinəti müsəlləm
bulunduğu halda, Tiflis bələdiyyəsi Rostov vaqon komitəsinin
mərhəmətini cəlb edə bilməyib
aldığı unu şəhərə gətirdə bilməmiş
və yenə bu surətlə şəhər
üçün alınan kartoflar vağzallarda qalıb
çürümüş. Şəhər idarəsi kibi
Tiflis istehlak cəmiyyəti dəxi bir vaqon olsun bir şeyi gətirdə
bilmiyor. Halbuki, cəmaət müəssisələri vaqon
almaqdan acizkən heç bir hökumət dairəsinin
müavinətini görməyən bəzi möhtəkir
tacirlər istədikləri qədər vaqon alıb və istədikləri
şeyləri daşıtdırıyorlar. Görünüyor
ki, Rostov komitəsinə dərd andırmaq üçün cəmaət
müəssisələri ilə rəsmi idarələr
lazım olan vasitəyə malik degildirlər.
Tiflis bələdiyyə
rəisinin bu bəyanatına qarşı söz söyləyən
bütün Tiflis qlasnıları haman acizlik hissindən hasil
olan bir infial ilə irad etdikləri nitqlərində və əlahəzrət
Canişin həzrətlərinin şəxsinə müraciətdən
başqa bir çarə qalmadığına qənaət
hasil etmiş və bir an əvvəl və əlahəzrət
Nikolay Nikolayeviçin şəxsinə müraciət edib
ondan kömək istəməgə qərar vermişlərdir.
Həqiqətən
də acınacaqlı bir hal Rostov komitəsindən bələdiyyə
idarəsi, qubernator, münaqiləti-əskəriyyə rəisi,
hətta canişinin müavini belə vaqon almaq iqtidarında
yox ikən, əllərində cəvazları, naryadları
olmayan möhtəkirlərin müvəffəqiyyətinə
heyran qalmamaq əldə degildir.
Bir qəzetənin
dediyi kibi şeytan fikirli möhtəkirlərin nüfuz və
etibarlarına bax ki, məmləkətin bir cümlə rəsmi
və ümumi müəssisə idarələri belə onlar
qədər bir etibara malik degildirlər.
Ümid olunur ki,
böylə təhəmmül olunmaz bir üsulsuzluqdan hasil
olan müşkülatı nəzərə alaraq vilayətimizin
böyük müdiri bu xüsusda lazım gələn qəti
tədbirlər ittixazını əmr buyurub şəhərlərimizi
aclıq çəkməyə qoymazlar.
Şübhəsiz
ki, arxada qalan vətəndaşların mənafeyi səfi-hərbdəkilərə
fəda edilməlidir. Fəqət şəhər idarələrinin
təşəbbüsü ilə cəmaət müəssisələrinin
xahişləri bir taqim möhtəkirlərin zirəkliginədəmi
fəda edilsin?...
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 14 oktyabr 1915, ¹10
cəbaz – icazə
Məkulat məsələsi
(Duma iclası
münasibətilə)
Dünyaya
çörək verən Rusiya, keçən il yaxşı
məhsul götürdüyü halda, çörəksizlik məsələsi
kibi mühüm bir məsələnin həlli
qarşısında bulunuyor. Bütün böyük şəhərlər
həmən un qəhətindən şikayət etməkdə,
çörəgi güclə tapmaqdadırlar.
Tapılmayan
yalnız buğda ilə un degildir, çörək və
taxıl dərəcəsində zəruri olan maddələrin
heç birisi bəs edər dərəcədə yoxdur.
Paytaxtlar daxil olduğu halda, böyük şəhərlər
haman məkulat yoxsulluğu ilə üz-üzə
qoyulmuşlardır.
Məkulatın
azlığını nəzərə alan Almaniya ta
müharibənin əvvəlindən əhvali-vəzn edərək
çarəsini düşünmüş məmləkətdə
mövcud olan bütün taxıl mövcudunu dövlətin
ixtiyarına alaraq işə böyük bir nizam və qayda
daxil etmişlərdir. Bu nizam və qaidə sayəsində əslində
taxılsız olan Almaniya məmləkəti bizim qədər
müşkülat çəkməməkdədir. Halbu ki,
Rusiyada taxıl və sair yeməli şeylər bol olduğu
halda nizam və qaidə yoxsulluğu bizi bu gün həll
olunacaq ən müşkül bir məsələ
qarşısında bulundurmuşdur.
Neçə
zamandan bəri Petroqrad və Moskva cəmaəti müəssisələri
ilə şəhər idarələri bu məsələ ilə
məşğuldurlar. Tiflisin dəxi keçəndə bu
xüsusa aid bir qərar və təşəbbüsə gəldiyini
xəbər vermişdik. Nəhayət qismi məxsusimiz də
təfsil verildigi vəchilə Bakı duması da bu məsələ
ilə məşğul olub bəzi qərarlar ittixaz elədi.
Biz burada hər
şeydən əvvəl dumanın dünki iclasından
aldığımız xüsusi təsürlərimizdən də
bəhs edəcəgiz.
Məsələ
mühüm. Həyat məsələsi. Xəlqin məişət
və güzəranına təəllüq edən bir məsələ.
Nə idi, bu məsələdə şəhərin əsl
sahibləri yerli xəlqinin vəkilləri olan müsəlman
qlasnılarının rəyi? Heyhat, əvvəl bu mübarəklər
digər “cüzi” məsələlər kibi bu məsələyə
də əhəmiyyət verməmiş, cələsəyə
gəlməmişlərdi. Gələnlər dəxi sanki bu məsələdə
bir əlaqələri yoxmuş. Sanki bu məsələ
üstündə heç fikir etməmiş kibi oturub
baxıyorlardı. Arada bir söz söyləyənlər də
o qədər zəif, o qədər məntiqsiz ki, nə məsələnin
əhəmiyyətinə, nə də söylənilən digər
sözlərə heç yaraşmıyordu.
Əcəba, bu
ruhsuzluq, bu hərəkətsizlik, cəmaət işlərində
bu əlaqəsizlik nə vaxta qədər davam edəcək?
Məsələnin
əhəmiyyəti və xəlqin ilk mütəəssir bir
nöqtəsinə toxunduğundan olmalıdır ki, xəlq
müsəlman qlasnılarından daha ziyadə əlaqədarlıq
göstərərək duma salonu tamaşaçı ilə
dolmuşdu. Məsələnin müzakirəsi əsnasında
olduqca mühüm məsələlərdən bəhs olunub
heyrəti mövcud şeylər danışılırdı.
Natiqlərin əksəri dəmiryol
rüsvayçılığından, bilxüsus Vladiqafqaz dəmir
yolunun nizamsızlığından şikayət
ediyorlardı.
Dünki
sayımızda “Vaqon məsələsi” ünvanı ilə
yazdığımız məqalədə dəmir yoluna
istinad olunan şeylər az da artıqlaması ilə burada
zikir olunuyordu. Serebiryakov bu məsələyi Tiflisdə
müzakirə edərkən orada imiş. Diyor ki, Tiflis idarəsinin
bəyanına görə şəhər idarəsi əlində
civazi olduğu halda, vaqon ala bilmədigi halda, xüsusi bir tacir
istədigi qədər un gətirtmiş və ağır bir
qiymətə şəhər idarəsinə təklif
etmişdir. Əcaib burasıdır ki, məzkur tacirin dediginə
görə o özü üçün vaqon almaq degil, şəhər
idarəsinə vaqon verilməmək üçün “təşəbbüs”
etmiş və müvəffəq olmuşdur.
Gərək
şəhər idarəsinin bəyanından və gərək
unçu Skoblevin izharından anlaşılır ki, bu gün
– sabah Bakı dəxi çörəksizlik bəlasına
mübtəla olacaq. Çünki əhli-xeyrənin təxmininə
görə Bakıda olsa-olsa, ancaq 10 günlük qədər
un vardır. Bakını doydurmaq üçün gündə
70-80 vaqon məkulata ehtiyac varkən, Rostov vaqon komitəsinin qərarınca
Bakıya ancaq 100 vaqon veriliyor ki, bundan 70-80-i də neft
daşımaq üçündür. Deməli, Bakıya ancaq
30 vaqon məkulat gələ bilər.
Əlbəttə,
məsələ olduqca mühümdür. Bunu əsaslı
surətdə həll edə bilmək üçün
ümumi dövlət qərarı lazımdır. Bu da bəzi
qlasnıların söylədikləri vəchlə əsaslı
və ümidli bir surətdə ancaq dövlətin ümidli əllərdə
olması ilə həll oluna bilər. Fəqət quru ehtiyac,
quru çarələrə də möhtacdır. İştə,
quru çarə olmaq üzrə Bakı duması bir neçə
maddədən ibarət bəzi tədbirlər ittixazına qərar
verdi. Oxucularımız bu maddələrin nədən ibarət
olduğunu qismi-məxsusumuzda bularlar.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 15 oktyabr 1915, ¹11
Məkulat – azuqə
Xeyrə –
xeyirxah
Polşa müsəlmanları
Müharibə
Daxili Rusiya müsəlmanlarını yeni bir ehtiyac ilə dəxi
üz-üzə gətirmişdir. Məlum olduğu üzrə
İçəri Rusiyadakı irqdaşlarımız saldat
gedirlər. İmdiki halda Volqa Boyu tatarları ilə Krım əhalisindən
sayı yüz minlərə yetişən müsəlmanlər
rus saldatları ilə bərabər vətənin müdafiəsi
yolunda müharibənin hər qism şiddət və zəhmətlərinə
qatlanıb qanlarını axıdıyorlar. Buna görə də
bütün Rusiyada olduğu kibi Şimal türklərində
də bir ev yoxdur ki, əzasından birini və ya bir neçəsini
itirməklə dağıdar olmasın. Əlbəttə, vətən
uğrunda fəda olan bu adamların köməksiz
qalmış ailələri, dağılmış yurdları
ucundan hasil olmuş ehtiyaclar, bir araya gəlib də mili bir
ehtiyac hökmünü almışdır ki, şimallı
qardaşlarımız onunla məşğul olmaq məcburiyyətindədirlər.
Bu ehtiyacı nəzərə alaraq vaxtilə mərkəzi
Petroqradda olmaq üzrə müharibədən zərər
görən müsəlmanlara müavinət edən müvəqqəti
komitə üçün müsaidə alınmış və
əksər şəhərlərdə bu komitənin
şöbələri təsis olunmuşdu. Bu komitə gərək
idarə miyanında olan müsəlman saldatlarının
ehtiyacı və gərək onların arxada qalan ailələrinin
dərdinə qalmaq niyyətilə vücudə gəlmişdi.
Şimali
qardaşlarımız imdiki zamanda ikinci bir məsələ ilə
də məşğuldurlar. Polşanın,
Qaliçiyanın və ələlümum Qərb vilayətlərinin
düşmən əlinə keçməsi ilə Rusiya
böyük qaçqınlar seli müqabilində qaldı.
Düşmən təkməsi altından əzilən
quberniyaların xəlqi içəriyə doğru
qaçmağa başladılar. Lehistanlılarla yəhudilərin
bu yolda nələr çəkdikləri, başlarına nələr
gəldigi qəzetələrdən məlumdur. Fəqət bu
bəla seli müsəlmanları da hissəsiz
buraxmamış. Əski zamandan bəri Polşa və Litvada
yaşayan müsəlmanlar vardır. Bu müsəlmanlar da
qaçmaq məcburiyyətində qalaraq qaçqınlığın
bütün zəhmət və əzablarına məruz
qalmışlardır.
Polşa müsəlmanları
əslən tatar cinsindəndirlər. Bunlar vəqti ilə
Polşa padşahlığında əsgərlik xidməti
görmüş və Lehistanın düşmənləri ilə
icra elədigi müharibələrdə kəndisinə
müavinət üçün göndərilmiş və
Lehistan panlarının vaqe olan arzularına görə orada
qalıb da artıq geri dönmək istəməyən igid
tatarların nəslindəndirlər. Sair müsəlman vilayətlərindən
uzaq düşən bu müsəlman türklər vəqtilə
dillərini də unutmuş, tamamilə mühitə
qarışıb getmişlərdir. Polşa tatarları
türkcə bilməzlər. Yalnız dincə zahiri bir əlaqə
ilə islam aləminə mərbut qalmışlardır.
Müsəlmandırsa, Lailahə iləllah kəlmeyi-təbiyyəsini
hala zikr edib duruyorlar. Qürbətdə qalmaq surətilə
Allahın ən böyük neməti olan dinlərini unutmaq bədbəxtliyinə
mübtəla olan bu müsəlmanlar imdi də məmləkətlərində
olan digər həmşəhəriləri kibi
qaçqınlıq səfalətinə
uğramışlardır. Şimal türkləri (tatarlar) bu əsrlərdən
bəri ayrı düşən qardaşlarının dərdlərini
səmimi bir surətdə bənimsəmiş, kəndilərini
qardaşca istiqbala qərar vermişlərdir. Moskvada, Kazanda,
Orenburqda və s. yerlərdə məxsus komitələr təsis
olunaraq ianələr toplanmış və Qərb
quberniyalardan gələn qaçqın müsəlmanları
istiqbal etmişlər. Onlara yer-yurd bulmuş, dərdlərinə
qalmışlardır. Hər tərəfdən
qaçqın Polşa müsəlmanları üçün
ianələr toplandığı Şimalı türkcə qəzetələrdə
görünüyor. Bunların kədərli halları həqqində
mütaliələr yazılıyor. Qafqasiyada çıxan
türkcə qəzetələrdən ötrü Kars hərbzədələrinin
halı nə isə adətən Polşa müsəlmanlarının
bədbəxtliyi şimaldakı rəfiqələrimizdən
ötrü odur. Şimallı rəfiqələrimiz Polşa
müsəlmanları ilə sair müsəlmanlar arasında
baqi qalan müsəlmanlıq camiəsinin cüzi bir əlamətini
belə göstərdiklərini bu əlaqə
üçün kafi göriyorlar. Milli məktəb o yanda
qalsın, rusca olsun belə, əqaid və şəriət tədrisatından
məhrum bulunan bu Qərb müsəlmanları bittəbii dini
ədəb və əqayid həqqində olduqca səthi məlumata
malikdirlər. Fəqət bununla bərabər müsəlmanlıqlarından
əl çəkib də xristianlıq qəbul etməmişlər,
“Əl-həmdülillah müsəlman qalmışlardır”.
“Vəqt” qəzetəsində Polşa müsəlman
qaçqınlarından bir mollanın halı təsvir
olunuyor. Bu təsvirdən görünüyor ki, tatarca bəzi
dualar hala Lehistan müsəlmanları arasında baqidir. Fəqət
onlar özləri bu duaların öz qədim ana dilləri
olduğunu bilməyib tatarcanı ərəbcə
sanmışlardır. “Vəqt” mühərriri bu qədərlik
zəif bir rabitənin belə baqi qaldığını
“itmiş” bu qardaşlarımızın təkrar
“bulunması” üçün böyük bir nemət
sayıyor.
Polşa müsəlmanları
tarixi bir bədbəxtliyə uğradıqlarından, nə
kibi bir halda olsalar da, türk və müsəlman olduqları
üçün böylə fəlakətli bir günlərdə
bütün Rusiya müsəlmanlarının müavinətini
gözləmək həqqinə malikdirlər. Onlara müavinət
etmək yalnız maddi ehtiyaclarını rəf etmək
üçün degil, onların Qərb ruhunda yenidən qardaşlıq
və doğmalıq hissini oyandırmaq üçün dəxi
vacib və lazımdır.
Sibiryanın ta
uzaq bucaqlarından Qafqasiya dağlarını aşan istimdad fəryadlarına
ləbbeyk dedilər. Qafqasiya cəbhəsində
duçari-ğədər olan müsəlmanların faidəsinə
sərf olunmaq üçün qəpik-qəpik topladıqları
pullarını göndərdilər. Gözləməlidir ki,
Volqa Boylarından gələn “əlqiyas” nidaları da
Qafqasiya dağlarının yüksək şahiqələrinə
dəgərək əksi-nida verir.
Bizə öylə
gəlir ki, Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi
bu xüsusda ilk qədəm götürüb idarəsindəki
məbləğdən bir miqdarını polşalı
müsəlman qaçqınlara sərf olunmaq üzrə
müvafiq gördügi Şimal cəmiyyəti-xeyriyyələrindən
birinə göndərərsə, ona kimsə etiraz etməz!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 16 oktyabr 1915, ¹12
Bugünki
günlər
Tam bundan on il əvvəl bugünki bir
gün idi. Vətənimiz Rusiya keçirməkdə
olduğu böyük imtahanların kiçik bir mislini
keçirmiş və xarici düşmənlə çəkişdigindən
sonra daxili bəzi islahati-əsasinin elanını lazım
görmüşdü. Əvət, 17 oktyabr fərmani-aliyəsinin
xəbəri bugünki gün Bakıya
çatmışdı. Bu günü xatırlayanlar söz,
ictimai, ittifaq, mətbuat və şəxs
azadlığını təmin edən fərmanın xəlq
arasında hüsula gətirdigi şadlığın dərəcə
və göstərişlərini, əlbəttə,
unutmamışlardır. Çünki bu kibi vaqeələr
bütün cüziyyatı ilə insan ömrünün axırına
qədər unudulmayan şeylərdir. Bugünki gün
bütün Rusiya seviniyordu. Bütün demək olmasa da, cəsarətlə
Rusiyanın böyük bir qismi seviniyordu – demək olar.
Seviniyordu çünki Rusiyanın əzəmətini, tərəqqi
etməsini, mədəni olub da sair Avropa millətləri kibi
ayaq tutub tərəqqi yoluna düşməsini hüriyyətlərin
payidar olmasında görüyordu. Bugünki gündə
söylənilən nitqlər Mancuriya səhralarında məğlub
olan qüvvətin rus milləti olmayıb, rus həqsizliyi
olduğunu söyləyir və artıq məğlub olmamaq
üçün xəlqin azad olmasına lüzum göstəriyorlardı.
Rus xəlqi fərmani-ali mocibilə kəndisinə verilən
hüriyyətlər sayəsində məmləkətin idarəsinə
qarışacaq, cəmaətin etimad və etibarına malik
milli hökumət vücudə gətirəcək, arada
mövcud olan bütün haqsızlıqlar qalxacaq, Rusiya
bütün əksikliklərini düzəldəcək həqiqi
bir məşrutiyyət qazanacaqdı.
Rusiyada sakin olan bütün millətlər,
bütün siniflər seviniyordu. Hüriyyəti-vicdan elan
olunduqdan, imnsanın hüquqi qəbula keçdikdən sonra
bittəbii məzhəb və milliyyət üzündən təzyiqata
uğrayanlar olmayacaq və böyük Rusiyada yaşayan
qeyri-rus xəlqlər də milliyyətlərinin bəqa və
tərəqqisi üçün su və hava kibi lazım olan
təbii müsaidələri alacaqlardı.
Böylə idi rusiyalıların
intizarı, böylə idi 1905-ci il oktyabrının 17 və
18-nin zehnlərə yerləşdirdigi ümid.
Fəqət bu sevinc günləri çox
çəkmədi, keçdi. O gündən bu günə qədər
tam on ildir. Bu günə qədər fərmani-alidə vəd
olunan hüriyyətlər haman bir arzu halında qalmaqdadır.
Mətbuat qanunu bu günə qədər meydana gəlməmiş.
Hürriyyəti-şəxsiyyə hala idarəyi-ürfuyələrə
qurban olunmaqda, ictimai və ittifaq azadlıqları da onların
kökündə.
Bu böylə olmaqla bərabər,
böyük hüriyyət vaqeəsi, Dövlət
dumasının intixabı və bunun ətrafında vaqeə
olan hadisələr nəticəsiz və faidəsiz dəxi
qalmadı, xəlq az da olsa, məşrutiyyət həyatına
ögrəşməgə başladı. Az da olsa, milli təşkilatın
vücudu hiss olunaraq xəlq bu yolda tərbiyə olundu.
Böyük Avropa yanğını
çıxdı. Məmləkət tarixində misli
görülməmiş bir imtahanə tutuldu. Yalnız
hökumətlərin intizamı, qoşunun qüvvəti degil,
əxlqin təşkilat və təşəbbüsünün
də qələbə üçün vacib və lazım
olduğu meydanə çıxdı.
Yarımçılıq, hürriyyətlərin təmin elədigi
yarımçıq təşkilatın bu müharibədə
göstərdigi vətənpərəstlik əsərləri
bildirdi ki, Mancuriya imtahanından bu böyük miqyasda faidəsində
olmaq istəmiyən Rusiya nə böyük xəta eyləmişdir.
Rus mətbuatı ilə rus xəlqinin əfkarını idarə
edən şəxslərin düşüncələri
araşdırılırsa, xarici düşmənə qalib gəlmək
üçün Mancuriya imtahanından sonra təyin olunan
çarələrdən, yəni daxili islahat ilə etimada
şayan milli bir hökumət vücudə gətirməkdən
Rusiyanın azadlığından başqa bir çarə
görülmiyor.
Ənid və cəsur düşməni
ancaq müttəhid və azad rus milləti sındıracaq.
Məhəlli rəfiqlərimizdən
birinin dedigi kibi, “ümumdünya yanğınının
alovları içində islahat dövrindən əvvəl
olan çürük parçalar yanacaq, onun yerində isə
yenə bu atəşlərin içərisindən yeni
Rusiyanın maddəsini təşkil edən saflanmış mədən
parçası çıxacaqdır ki, bundan on il əvvəl
elan olunan əsasların sözdən işə keçməsinə
imkan verəcəkdir”.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 18 oktyabr 1915, ¹13
Ənid – inadcı, tərs, höcət
İki yol
ayrıcında
Güman olunuyor ki, artıq Balkan müharibələrinə
diplomasi vasitələrlə kömək edib Serbiyanı o surətdə
xətərdən çıxarmaq fürsəti
qalmamış. Fəqət hər nə qədər ilk nəzərdə
məsələ böylə isə də, batində
dördlü etilaf dövlətləri Yunanıstan ilə
Rumaniyadan tamamilə əl üzüb
oturmamışlardır. Almaniya – Avstriya – Bolqariya – Türkiyə
orduları müqabilində dögüşmək məcburiyyətində
qalan kiçik Serbiyaya lazım olan müavinəti yetirmək üçün
müttəfiqlərin fürsəti yoxdur. Bu fürsətsizlik
İtaliyanı Balkanlara qoşun göndərməkdən
saxladı. İngiltərə göndərdigi qüvvələrdən
artıq bir qüvvə göndərə bilməyəcəgini
Laksudvanın ağzı ilə əvam məclisində
söylədi. Əksəriyyətlə fransızlardan ibarət
olan Salonik desantı (sudan quruya çıxarılan qoşun)
da bittəbii düşmənin böyük qüvvətinə
müqabil qoyulacaq qədər degildir.
Bu surətlə ən ümidli çarə
Yunanıstanı Serbiya ilə əvvəla ittifaqnaməsinə
əməl etməgə vadar eləmək və Romaniyanı
da dörtlü etilaf faidəsinə olaraq müharibəyə
atdırmaqdır.
İki yol ayrıcında mütərəddid
qalan bu iki Balkan hökumətlərində hala bir münarizədir
gediyor və bu tərəddüdlərin günlük
halını təsvir edən teleqraflar bir gün böylə,
o biri gün də öylə bir xəbər gətirməklə
zehnləri məşğul ediyorlar.
Yunanıstanın siyasətcə nə
kibi iki od arasında yandığını keçənlərdə
bir məqalə ilə izah etmişdik. Yunan bir tərəfdə
İtaliyayi, digər tərəfdən də Bolqariyayı
görərək hər iki yana yanaşmaqdan qorxuyor. Buna
görə də faidəni bitərəflikdə bularaq
dörtgözlə müharibənin keçirdigi səmtlər
və halları güdüb duruyor. Yunanıstanın bu tərəddürlü
halı tarixin əcib bir halını meydana gətirmişdir.
Bir tərəfdən bitərəf qalan Yunanıstan, digər
tərəfdən torpağından keçən müharibələr
müqabil dustanə bir vəziyyət saxlayır.
Romaniyaya gəlincə, əhval başqa
bir şəkil almaqdadır. Serbiya əhvalı fənalaşdıqca,
Balkan davaları qızışdıqca, Romaniya siyasəti də
itiləşir və biri-birilə çəkişməkdə
olan daxili partiyaların münasibətləri
qızışıyor. Əsl iki yol ayrıcında qalan siyasət
Romaniyanın siyasətidir.
Bütün Balkan padşahları kibi
Hühinslurn xanədanına mənsub olan nemes kral
başında olan almanpərəstlərlə bərabər
Almaniya tərəfində olub var qüvvə ilə
çalışıyorlar ki, hal-hazırda iş
başında olan Bratyanu hökumətini salıb, yerinə
almanpərəst bir kabinə qoysun. O biri tərəfdən də
bütün müxalif firqələr başında köhnə
vəzirlərdən Fliyesko, Takyenosko olduğu halda məmləkətdə
böyük və gurultulu bir propaqanda çıxarıb, hər
nə cür olursa-olsun dövlətinin dörtlü etilaf
lehində olaraq işə qarışmasını tələb
ediyorlar. Böyük Romaniya amalı bəsləyən
müxaliflər Transilvaniya və Buqavina kibi və əhalisi
sırf rumın olan əyalətləri əlində
bulundurduqca Avstriya dövlətini öz milli müttəfiqlərinin
düşməni hesab edərək, indiki fürsətdən
istifadə ilə vətənin ayrı düşən o iki
qitəsini almaq üçün zamanın yetişdigini iddia
ediyorlar.
Bratyanu özü paytaxt qəzetələrinin
təsdiqinə baxılırsa, dörtlü etilafa mail bir
adamdır. Fəqət kabinəsində həmcinslik yoxdur. Vəzirlərdən
bir neçəsi almanpərəstdirlər. Buna görə də
imdiki Romaniya hökuməti o siyasəti ixtiyar etmək iqtidar və
qətiyyətindən uzaq bir iradəsi qeyri-müəyyən
bir heyətdən ibarətdir.
Fəqət bu iradəsizlik çoxmu
çəkəcək? Vaqiələr bir ildırım surətilə
getməkdədir. Müharibələrin surəti və
müharibə meydanlarının vüsəti artdıqca məlum
işdir ki, iki yol ayrıcında dayanıb da hankı tərəfə
gedəcəgini bir növ kəsdirə bilməyən Romaniya
saətin əmredici təsirinə bu yollardan birinə yönələcəkdir.
Bu gün etilafçıların, bir
gün də almançıların müvəffəqiyyətini
xəbər verən teleqraflar son günlərdə Romaniya
müxalif firqələrin hərarətli təşəbbüslərindən,
hətta küçə qovğalarına qədər
çıxdıqlarından xəbər gətirdikləri
halda, o biri tərəfdən də kralın alman tərəfdarı
bir kabinə təşkili fikrindən olduğunu bildiriyorlar.
Şübhəsiz ki, Romaniyanın gedəcəyi
yolu müxaliflərin istədiklərindən ziyadə dava
meydanında üz verən təbəddülat təyin edəcəkdir.
Buna görə də dörtlü etilaf dövlətləri
siyasi təşəbbüslərlə bərabər Balkan
müharibələrinin əskəri cəhətinə əhəmiyyət
verməli və bütün qüvvələrilə
almanları dəf edə bilməsələr də,
hücumlarının şiddətini saxlamalıdırlar ki,
iki yol ayrıcında qalanlara düşünmək imkanı
qalsın.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 19 oktyabr 1915. ¹14
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.- 2012.-
14 yanvar.- S.26-27.