Hüsü
Hacıyev küçəsi 19 və yaxud
Yazıçılar binası
“Orda bir ev
vardır,
O ev bizim
evimizdir.
Olsaq da,
olmasaq da,
O ev bizim
evimizdir”.
“Dağ masalı” adlı bir Türk filmindən
“Bizə bir
zövqi-təxəttür qaldı
Bu sönən
kölgələnən dünyadan”.
Əhməd Haşim
Vaxtı ilə
Bakının mərkəzi küçələrindən
biri Hüsü Hacıyev küçəsi adlanardı. O,
küçə elə indi də var. Amma artıq o
küçə Hüsü Hacıyev adına deyil. Deyəsən
adı dəyişdirilib. Amma, nədənsə biz uşaq ikən,
bizdən yaşlı olan nəslin dövründə bu
küçə “Bazarnı” küçəsi adlanardı. Nəyə
görə və niyə görə bu küçə
“Bazarnı” adlanırdısa, mən bunu deyə bilmərəm.
Çünki bilmirəm. Bu küçə “Bazarnı”
adlanan vaxtlarda mən bu dünyada olmamışam. Hə... bir
də yadıma gələni odur ki, uşaq ikən atamla taksiyə
mindiyimiz vaxtlarda (o vaxtlar hələ xüsusi
maşınımız yox idi) “Hüsü Hacıyev”
küçəsi deyəndə sürücü
matdım-matdım gözlərini döyərdi, hara gedəcəyini
bilməzdi, amma elə ki keçmiş “bazarnı”
sözünü deyərdi, dərhal “hə...bildim,
tanıdım” deyərdilər. Amma mən isə göz
açıb, ağlım kəsəndən bu doğma
küçəni elə Hüsü Hacıyev küçəsi
kimi də tanımışam. Bu Hüsü Hacıyev adlanan
şəxs hər kim olubsa nəçi olubsa, hansı sənətin
sahibi olub və nə işlə məşğul olubsa, nə
mən, nə də o dövrkü mənim
yaşıdlarım olan həyət dostlarım bunu bilmirdik,
heç belə maraqlanmırdıq da... Yox, əlbəttə,
indi bilirik ki, bu Hüsü Hacıyev kim olub, nəçi olub
ki, bir vaxtlar adına belə bir yaraşıqlı, geniş
küçə vermişdilər. O dövrdə isə bu bizə
qətiyyən maraqlı deyildi. Amma Hüsü Hacıyev
küçəsində yaşamağımızla həmişə
olmazın fəxr edirdik. Çünki bu küçənin
düz mərkəzində 19 saylı bir bina var idi. Biz də
bu binanın sakinləri idik. Bu bina isə o vaxtlar məşhur
yazıçılar binası adlanardı. İndi bilmirəm
bu bina nə adlanır, necə adlanır və bu binanın
indiki sakinləri kimlərdir, nəçidirlər, nə
işlə məşğul olurlar. Bicə onu bilirəm ki, hər
kimlərdisə yazıçı-şair deyillər. Qələmdən,
yazı-pozudan uzaqdırlar. Amma dediyim kimi bir vaxtlar bu bina
yazıçılar binası adı ilə məşhur idi.
Artıq yetmişinci-səksəninci illərdə həyətimizin
yazıçı və şairləri elə tanınmağa
başlamışdılar ki, elə məşhurlaşmışdılar
ki, hətta bəzən maşınsız günlərimizdə
taksiyə oturub deyəndə ki – sür yazıçılar
binasına, sürücü dərhal deyilən ünvanı
tanıyırdı. Ümumiyyətlə şəhərdə
ziyalıdan tutmuş ən sadə peşə adamlarına qədər
hamı bizim bu binanı tanıyırdı. Çünki bir
vaxtlar hamının kitaba, şeirə, poeziyaya marağı
var idi, şairə, yazıçıya böyük hörmət
var idi.
İndi bu
küçənin adı dəyişdirilib. Və mən bilən
bu küçə indi “Azərbaycan” küçəsi
adlanır. Dəqiq deyə bilmərəm. Çünki indi o
qədər küçə adları dəyişdirilir ki...
biri digəri ilə əvəz olunur ki, adam bəzən
heç getdiyi yolu da düz-əməlli tanıya bilmir.
Dünən bir adla tanıdığımız küçə,
bu gün tamam başqa bir adla tanınır, başqa cürə
adlanır. Amma bizim bu küçənin adı indi nə
olursa olsun, nə qədər dəyişdirilirsə dəyişdirilsin
və bu binanın sakinləri də lap belə kimlər olursa
olsun mənim yaddaşımda, hafizəmdə elə
ömrümün sonuna qədər də Hüsü
Hacıyev küçəsi kimi qalacaq, heç bir vaxt dəyişməyəcək.
Bu mənim inqilabçı Hüsü Hacıyevə olan
xüsusi məhəbbətimdən irəli gəlmir. Yox...
Hüsü Hacıyev adi bir inqilabçı olub. Lakin bu ad, bu
söz mənim uşaqlığımın ilk gənclik illərimin
bir parçası olub deyə, heç bir vaxt unudulmayacaq.
Hüsü Hacıyev küçəsi, Yazıçılar
binası vəssalam. (Amma bir vaxtlar isə mən uşaq ikən,
bu söz bir qədər mənə toxunardı. “Axı niyə
bizim bina məhz Yazıçılar binası adlanır,
Şairlər binası adlanmır. Axı bu binada şairlər
də yaşayır” – deyə düşünərdim.
Çünki mənim atam şair idi və mən də istəyirdim
ki bizim binaya Yazıçılar yox, elə Şairlər
binası desinlər). Və indi baxmayaraq ki, bu binada
yazıçı və şairdən başqa hər kim desən
yaşayır. Lap belə...
Çoxdandır
ki, ayağım o küçəyə dəymir. Əvvəla
bir xeyli vaxtdır ki Bakıda olmuram. Diplomatik xidmətimlə əlaqədar
bir-birinin ardınca uzun illərdir ki müxtəlif xarici
ölkələrdə işləyirəm. İkincisi lap
Bakıda olsam belə, çalışıram ki, qəsdən
o küçədən keçməyim. Yolumu o küçədən
salmayım. İstəmirəm. Çünki hər dəfə
o küçədən keçəndə kövrəlirəm.
Qəhər məni boğur. İstər-istəməz
gözlərim dolub-boşalır. Çünki mənim
bütün uşaqlıq və ilk gənclik illərim, həyatımın
ən qayğısız, ən təmiz, ən kövrək
illəri, ən çılğın və ən cəsarətli
illəri, ən qorxmaz illəri bu binada keçmişdi.
Çünki bir vaxtlar bura mənim ata yurdum idi. Təmənnasız
dostluq sözünün bünövrəsi bu binada
qoyulmuşdu. Həyata keçən və həyata keçməyib
yarımçıq qalıb, yarı yolda qırılan
bütün arzularımın özülü bu binada
qoyulmuşdu. Bütün şirin və acı xatirələrimin
əsası bu binada qoyulmuşdu. O arzular ki, o xəyallar ki,
uşaq ikən, yeniyetmə ikən bütün həyət
dostlarımla, yaşıdlarımla bərabər o arzulara
şərik idik. Biz bir-birimizin bütün arzularına şərik
idik hamımızın ən müxtəlif arzularında da
hamımızın yeri var idi. Biz hamımız böyük
arzularla yaşayırdıq. Biz bir-birimizsiz heç nə
idik. İndi isə bir-birimizin heç yadına da
düşmürük. Çünki əlacsızlıqdan hər
biri öz evlərini ya kimlərəsə kirayə verib və
yaxud da satıb şəhərin ən müxtəlif ucqar
yerlərinə köçüb, vaxtı ilə bir-birimizi
qardaş bildiyimiz həyət dostlarım bir vaxtlar valideynlərimizdən
əxz etdiyimiz ən kamil savad, ən kamil təhsil, ən
kamil tərbiyə və ən kamil mütaliə nəticəsində,
get-gedə bu dünyanın hər üzünə bələd
olub və heç də həmişə xeyir gətirməyən
bu bələdçilikdən doğmuş ağrıdan,
çıxılmazlıqdan və bu çıxılmazlıqdan
da yaranmış pərişanlıqdan heç birimizin
heç bir vaxt gözləmədiyi, heç bir vaxt hazır
olmadığı müxtəlif bulanıq ictimai və siyasi
hadisələr burulğanında heç bir işıq
üzü görməyib həyat hadisələrindən
laqeydləşib özlərinə çəkilib yox oldular.
Elə yox oldular ki, heç bir-birimizi tapmaq da olmur. Hərdən
Bakıya gəldiyim vaxtlarda istəyirəm ki, şəhərin
ən gur yerinə çıxıb var gücümlə
qışqırım: – Ay mənim həyət dostlarım,
uşaqlıq və gənclik dostlarım, niyə
görünmürsünüz. Hara yox olmusunuz? Axı niyə
ardınızca gələnlərə yem oldunuz? Geri çəkildiniz?
Niyə yerinizi onlara verdiniz? Niyə bir-birimizi arayıb
axtarmırıq? Siz dəyişmisiz, yoxsa mən
başqalaşmışam? Axı vaxt var idi ki, biz bir-birimizsiz
heç bir gün də qala bilmirdik. Hə...
Yox,
sözsüz ki, mən heç bir vaxt belə bir səmimi səhvi
edə bilmərəm. İstəmərəm ki, mənim belə
bir səmimi adam olmağımı görsünlər. Səmimi
olmağıma gülsünlər, əlbəttə yox.
İndi səmimilik dövrü deyil. Zaman başqadır,
dövr dəyişib. Hm... Ümumiyyətlə hər bir
şey dəyişilib. Həm də səhv etməkdən
daha qorxuram. Çox qorxuram. Çünki elə bir dövrə,
elə bir zamana gəlib çatmışıq ki, daha
heç kim, heç kimin səhvini bağışlamır,
üstündən keçmir. Ay mənim həyət
dostlarım, uşaqlıq və gənclik dostlarım, siz indi
haradasınız, niyə görünmürsünüz?
İndi bilmirəm,
bu bir xoş təsadüfdür yoxsa elə əvvəlcədən
nəzərə alınmış bir işdir – deyə bilmərəm.
Çünki çox qəribədir. Bu küçənin
bir tərəfində Mirzə Ələkbər Sabirin, o biri
başında, digər tərəfində də Məhəmməd
Füzulinin heykəli qoyulmuşdur. Mərhum şairimiz Əlağa
Kürçaylı da həmişə gülə-gülə
atama deyərdi: “Vallah ay Bəxtiyar, sən bir işə bax
e... Füzuli ilə Sabirin arasında qalmışıq.
Füzuli kimi vurulub məcnun olub, sevib aşiq olub, Sabir kimi də
millət, vətən xəstəliyinə tutulub “millət, a
vətəndaşlar”, “qeyrət, a vətəndaşlar” deməkdən
dilimiz qabar olub, alışıb-yanıb elə bu günə
də qalmışıq. Əgər üzbəüzümüzdə
də ya Cavidin, ya da ki Hadinin heykəlini qoysaydılar, vallah
işlərimiz lap düzələrdi, əla olardı”.
Duzlu-məzəli yumor ustası olan Salam Qədirzadə də
həmişə deyərdi ki, elə ona görə də
düz on beş-iyirmi addımlığımızda NKVD-nin
binasını tikiblər ki, daha özlərini əziyyətə
salıb çox da elə uzağa getməsinlər. Artıq-əskik
danışanımızı tutub içəri salsınlar.
Çünki bilirlər ki, bizdən çox artıq-əskik
danışan yoxdur, ağzını Allah yoluna qoyan yoxdur.
Ağzımızın qıyığı yoxdur. Həqiqətən
də biz yaşayan binanın elə iyirmi-iyirmi beş
addımlığında Daxili İşlər Nazirliyinin
binası yerləşirdi. Amma nədənsə o zamanlar, nəinki
bizim həyətimizin yaşlı sakinləri, daha doğrusu
valideynlərimiz, digər yaşlılardan da heç kim o
binaya Daxili İşlər Nazirliyi deməzdi, elə hamı
ora NKVD deyirdi.
Hə... hər
iki heykəlin düz ortasında da Sovet dövrünün
parametrlərinə uyğun olan bütün ən adi beşmərtəbəli
o simasız binalardan qətiyyən seçilməyən bir
beşmərtəbəli bina da var idi ki, bu həmən o
dediyim məşhur yazıçılar binası idi. Yox... həmin
küçədə beşmərtəbəli binalar
çox idi. Daha doğrusu hamısı elə beşmərtəbəli
binalar idi. Amma o küçədə yazıçılar
binası tək idi...Nə bilim indi bir tərəfimizdə
alimlər binası, digər tərəfimizdə bəstəkarlar
binası, başqa bir tərəfimizdə isə kimlərin və
daha kimlərin binası... yerləşirdi.
Amma bu
binalara digər bir tərəfdən başqa bir gözlə
baxdıqda isə görürdük ki, yox, bizim bu bina və
bizim binanın sakinləri ətrafımızda olan digər
başqa binalardan və bu binaların sakinlərindən
köklü surətdə fərqlənirlər. Həqiqətən
də çox fərqlənirdilər. Vallah fərqlənirdilər.
Özü də çox fərqlənirdilər. Heç belə
bu fərqləri saymaqla da qurtarmaz. Valideynlərimizin həm
dünyagörüşü, həm gündəlik həyat tərzi,
həm geyim tərzi, həm danışıq tərzi, həm
hamı ilə rəftarları o biri binaların sakinlərindən
çox fərqlənirdi. Lap o “Dərviş Parisi
partladır” filmindəki Hətəmxan ağanın Musyö
Jordana dedikləri olmasın. Məsələn onlar evdə rus
dilində danışardılar, biz isə Azərbaycan dilində.
Onlar evlərində it-pişik saxlayardılar, biz isə belə
bir zatı xoşlamazdıq. Onlarda kişi axşam saat
doqquzdan sonra evdə oturardı, heç yana
çıxmazdı, bizlərdə isə kişi axşam
saat doqquzdan sonra evdən gedərdi. İndi Allah bilir, hara gedərdi,
kişinin özündən başqa bunu heç kim bilməzdi.
Heç kim də cəsarət edib soruşmazdı ki, a
kişi, bu gecə vaxtı hara gedirsən. Onlarda bazara
kişilər gedərdi, bizlərdə isə qadınlar.
Onların uşaqları ataları ilə çox
açıq-saçıq idilər, bizlərdə isə ata
ilə övlad arasında çox qalın bir pərdə var
idi. Biz atamızı görən kimi, necə deyərlər,
az qala siçan deşiyini satın alardıq. Ən
başlıcası isə onların övladları rus məktəbinə
gedirdilər, biz isə Azərbaycan məktəbinə. Yenə
də Əlağa Kürçaylının sözü
olmasın, rəhmətlik deyərdi ki, bizim uşaqlar deyir,
“Xumar, xumar baxmaq göz qaydasıdır”, onların
övladları isə “Beleyet parus odinokiy” deyir. Hə... belə-belə
fərqlər çox idi.
Bir dəfə
Qasım Qasımzadə – Qasım əmi bu it-pişik məsələsinə
bu cür izah vermişdi. Gülə-gülə demişdi ki,
balam, heç görmüsüzmi itlə-pişiklə Azərbaycan
dilində danışsınlar? Yox, şəxsən mən
görməmişəm. Həmişə görmüşəm
ki, itlə, pişiklə rus dilində danışırlar.
Çünki it-pişik Azərbaycan dilini bilmir, başa
düşmür. Bu sözü də Qasım əmi ona
görə deyirdi ki, bir dəfə bərk əsəbiləşmişdi.
Bu o vaxtlar idi ki, “Mosfilm” kinostudiyası “Ko mne Muxtar” adlı bir
film çəkmişdi. Filmdə Muxtar itin adı idi.
Qasım əmi də deyirdi ki, bir it alıb saxlayacağam,
adını da İvan qoyacam. Görüm “İvan, yanıma gəl”
desəm, məni başa düşəcək? Əlbəttə,
başa düşməyəcək. Çünki it Azərbaycan
dilini bilmir. Hardan bilsin ki. Yazıq it də göz açandan
bəri ətrafında ancaq rus dilində danışanları
görüb. Balam, bu it sənə belə əzizdirsə,
adını İvan niyə qoymursan? Elə gərək Muxtar
deyəsən. Sonra qonşu binanı göstərərək
deyərdi ki, vallah onların iti də rus dilini bizdən
yaxşı bilir pişiyi də”.
Yox, yox, mən
demirəm ki, evdə rus dilində danışmaq pis bir
işdir, o yasaq olmalıdır və yaxud da rus dilində təhsil
almaq, oxumaq pisdir. Yox, qətiyyən yox, əlbəttə yox.
İndi kim nə dildə oxuyursa özü bilər, bu onun
öz işidir. Kim nə dildə danışırsa, yenə
də özü bilər. Rəhmətlik Qabilin sözü
olmasın, onsuz da Azərbaycan yeganə yerdir ki, öz dilində
danışanlara çuşka deyirlər. İstəyirsənsə
hamı sənə hörmət eləyib səni savadlı
ziyalı kimi tanısın və sənə çuşka
damğası vurmasınlar, hə, onda zəhmət çək
rus dilində danış. Birdən çaşıb nəbadə
Azərbaycan dilində danışarsan, dərhal gözdən
düşərsən. O ki qaldı evdə it-pişik saxlamaq
məsələsinə, buna da heç kim, heç nə deyə
bilməz. Kim nə istərsə evində onu da saxlaya bilər.
Lap belə evində donuz saxlasın, bu onun öz işidir. Mən
sadəcə olaraq aramızdakı çoxsaylı fərqlərin
bir neçəsini saydım, bəzi fərqləri göstərdim.
Hətta bir
dəfə adını çəkmək istəmədiyim
bir bəstəkarın qoca bir iti ölmüşdü.
Paho....Sanki dünya dağılıb itin sahibi də
altında qalmışdı. Həyat yoldaşı yəhudi
olan bu bəstəkar heç cürə özünə gələ
bilmirdi, göz yaşları qurumurdu. Məsud Əlioğlunun
da kefinin yaxşı vaxtlarından birində qəflətən
bu bəstəkarla üz-üzə gəlir. Cəld ciddi sifət
alaraq deyir:
– Ə,
yaxşı deyil, axı üz gözünü niyə
qırxmısan? Bir balaca saqqal saxlayaydın da.... Heç
olmazsa yeddisinə qədər gözləyəydin də,
başına belə bir müsibət gəlib.
Kişinin
küt-küt ona baxdığını görüb
sözünə əlavə edib:
– İt demə,
o dəxi sizin biriniz, Belə ölmüşlərə fəda
diriniz.
Rusdilli olan
bu bəstəkar Məsud Əlioğlunun, Seyid Əzim
Şirvaninin təhrif edib dediyi bu sözlərdən heç
nə başa düşmür. Sözsüz ki, o, Seyid Əzim
Şirvaninin adını belə eşitməmişdi. O ki
qalmışdı “Köpəyə ehsandan” xəbəri
olsun. Başını bulayaraq:
– Da, da ne
qovori, oçen bolşoye qore.
Məsud Əli
oğlu da:
– Hə, a
kişi, əlbəttə. Başın sağ olsun –
demişdi.
Sözsüz
ki, o bəstəkar başa düşməmişdi ki, Məsud
Əlioğlu onu dolayır.
Hə...
Gözəl insan, böyük alim, sözün əsl mənasında
böyük alim, məclislər yaraşığı Məsud
Əlioğlu – Məsud əmi həmişə atama deyərdi:
– Mən
ölüm, ay Bəxtiyar, bir diqqətlə fikir ver. O biri
qonşuluğumuzdakı o beşmərtəbəli binalara
bax, gör bir nəyə oxşayırlar. Bax o bina lap elə
bil ki əsl “çlen seka”dır ki durub. Bu biri bina isə elə
bil ki, səliqə ilə qorunub saxlanan, heç bir töhməti
olmayan partiya biletidir. Sən canın o biri binaya bir diqqətlə
bax. Mən ölüm, elə bil ki, beşillik planı bir həftədə
yerinə yetirən hər ildə bir dənə dəmir-dümür
alıb sinəsinə taxan işləməkdən ayaq üstə
qırxı çıxmış acından ölən
“çestnıy fəhlədir”. Amma bizim binanın görkəmindən,
vidindən lap belə xalis antisovetlik yağır. Acından
ölən, amma öz sözündən dönməyən,
özünü içki ilə aldadan antisovet adama
oxşayır. Görkəmindən əsl 37-ci ilə
oxşayır. (Qəribə adam idi Məsud əmi, Məsud Əlioğlu.
Özünə sığmayan, istedadı
aşıb-daşan bir adam idi).
Məsud Əlioğlunun
sözünə qüvvət. Bir dəfə mərhum
yazıçımız İsmayıl Şıxlı (Elə
bil ki xalqın dediyi o ağır oturub batman gələn
sözü İsmayıl Şıxlıya baxıb
deyilmişdi, ona şamil olunmuşdu. Ağır yerişi, təmkinli
danışığı, yatımlı səsi dərhal tərəf-müqabilə
təsir edərdi) həyətdə atamla söhbət edərkən
dedi ki:
– Ay Bəxtiyar,
heç fikir vermisən, sovet quruluşuna nifrət edən,
antisovet adamın vidindən, görkəmindən bir
müdriklik yağır, bir alicənablıq
tökülür. Amma o adam ki, canı dildən bu hökumətə
qulluq edir, sovet quruluşuna inanır sir sifətindən
şüursuzluq yağır. Mənasız bir adama
oxşayır. Üz-gözündən simasızlıq
yağır.
Hə... Əslinə
qalsa bütün bu binaların heç biri digərindən qətiyyən
seçilib eləmirdi. Fərqlənmirdi. Hamısı bir əndazədə,
bir boyda. Hamısı da eyni daşdan tikilmişdi. Amma Məsud
Əlioğlunun bu sözlərindən sonra bu binalara diqqətlə
fikir verib aradakı bu fərqləri gördüm, bu bənzətmələri
tapdım. Lakin bir iş var ki, belə fərqləri heç
bir sözlə demək, izah etmək və yaxud da yazmaq olmur,
çünki bilmirsən ki, bunu necə deyəsən və
yaxud necə yazasan, təsvir edəsən, bunu ancaq
müşahidə etmək olar. Bu fərqi gərək
özün müşahidə edəsən, özün
görəsən. Mən bu fərqi müşahidə etdim,
gördüm və görəndən sonra bir xeyli
güldüm, lap belə qəşş elədim. A kişi,
doğrudan da ilahi binalar da insana oxşayarmış. Məsud əmi
isə deyərdi ki, nəinki binalar insana oxşayır, elə
insanlar var ki, lap belə zavoda oxşayır, nə bilim pravda qəzetinə
oxşayır.
Bizim bina
dediyim kimi o dövr ki sovet dövrünün parametrlərinə
uyğun olaraq standart adi beşmərtəbəli bir bina idi.
Amma bu binanın sakinlərinin öz yazıçı və şair
xəyallarında, arzularında isə yazıçı
Anarın sözü olmasın altıncı, lap belə
yeddinci mərtəbəsi də tikilmişdi. Hələ bir xəyallarda
bu binanın səkkizinci mərtəbəsi də tikilirdi,
tikilmək üzrə idi. Amma bu binanın sakinlərinin xəyallarında
bir vacib məsələ, əsas məsələ nəzərə
alınmamışdı. O məsələ də bundan ibarət
idi ki, bu binanın özülü konkret olaraq ancaq beş mərtəbəli
bina üçün nəzərdə tutulmuşdu. Bu
özül altıncı, yeddinci mərtəbələrə
tab gətirməyəcəkdi... Eh... Zaman dəyişən
kimi tab gətirmədi. Elə ki dövran
başqalaşdı, hər şey dəyişdi, bina
yazıçılıqdan çıxdı, kimliyini,
özünü itirdi.
Hə... Deyəsən
mətləbdən bir qədər uzaq düşdüm. Bu
binadan təxminən elə yüz, yüz əlli metr
aralıda isə məşhur “Azərnəşr”in binası
yerləşirdi. Görəsən bu da bir təsadüf idi,
yoxsa bu binanın da burada olması bir zərurət idi? Əgər
təsadüfdürsə... Yox, təsadüflər axı deyəsən
çox oldu. Çox güman ki, “Azərnəşr”in də
burada yerləşməsi müxtəlif təsadüflərin
və yeganə zərurətin birgə
düşünülmüş əməli idi. Çünki
bu bina “yazıçılar binası” adından çıxan
kimi “Azərnəşr” də öz fəaliyyətini
saxladı. Bitirdi. İndi deyəsən hansısa bir banka
verilib. “Azərnəşr” hansısa bankla əvəz olunub.
Bu “Azərnəşr”in pillələrini vaxtı ilə kimlər
çıxardı, kimlər düşərdi –
yazıçılar, şairlər, jurnalistlər. İndi bəs
kimlər bura gedib gəlir, bu pillələri kimlər
qalxır-düşür – tacirlər, biznesmenlər... Əlbəttə,
indiki dövrdə “Azərnəşr” elə bankla əvəz
olunmalıydı, bəs necə. Çünki “bir dövrdəyəm
ki, nəzm olub xar” məsələsi.
Həmişə
dediyim kimi, hər yazımda yazdığım kimi yenə də
deyirəm. Özü də şişirtmirəm,
mübaliğə etmirəm. Vallah bizim bu bina bəlkə də
Azərbaycanda ən müqəddəs bir bina sayılmalı
idi. Çünki bizim bina çox əqidəli, təmiz (təmiz
deyəndə ki, səliqəli zir-zibili olmayan mənada demirəm.
Yox əgər səliqə-səhman məsələsinə
qalsa idi, bəlkə də bizim bu bina, bizim həyət qədər
səliqəsiz, natəmiz həyət tapılmazdı.
Çünki bizim binanın sakinləri heç bir vaxt zahirə
fikir verməzdilər. “Əşşi həyətdir də, nə
olacaq ki” deyə düşünərdilər. Əksəriyyəti
də oğlan uşağı, hamımız da kür, ipə-sapa
yatmayan), pak bir bina idi.
XX əsr Azərbaycan
ədəbiyyatının bir çox simaları vaxtı ilə
bu binada yaşayardılar. Cild-cild elmi və publisistik əsərlər,
cild-cild romanlar, şeirlər, ən anşlaqlı teatr
tamaşaları və filmlər, ən çox oxunan, dillər
əzbəri olan musiqilərə yazılan şierlər bu
binada, bu binanın 18- 19 kv. metrlik iş otaqlarında
yaranmışdı. Sonradan ayaq tutub sərhədlərimizdən
xeyli uzaqlara qədər gedib çıxmışdı.
İndi baxmayaraq ki, bu gün nə teatra gedən var, nə
kinoya, nə də ki kitab oxuyan var. Amma bir vaxtlar hamı teatr
ölüsü idi, kitab dəlisi idi. Kitab əlimizdən
düşməzdi.
İndi bəzən
düşünürəm ki, aman Allah, bu 18-19 kv. metrlik
kiçik mənzillərdə, dar otaqlarda kimlər hansı
obrazlar, hansı personajlar yaratmayıb – Kollu Koxadan tutmuş,
Qılınc Qurbana qədər, Nəsimidən tutmuş,
Cahandar ağaya qədər, Həsənzadədən
tutmuş, Qədim bəyə qədər... Digərlərindən
tutmuş, digərlərə qədər hamısı,
hamısı bütün yaddaqalan obrazlar, personajlar bu binada
yaranmışdı. Yuxusuz gecələrdən
doğmuşdu. Bu binada yaşayan hər bir şairin –
yazıçının hər hansı bir kitabı
çapdan çıxan kimi, mətbəədən gələn
kimi o necə deyərlər mətbəənin iyi hələ
getməmiş, rəngi qurumamış ilk növbədə həyət
qonşularına paylanardı. Həmin kitabın da elə ilk
oxucuları qonşular olardılar.
Ən
çox da yadda qalan teatr və kino tamaşaları idi. Hər
hansı bir teatr və film tamaşasının üç
günlük premyerasının birinci günü hökmən
həyətimizin sakinləri iştirak edərdilər.
Hamılıqla birgə əvvəlcə həyətdə
yığışardıq, sonra isə teatra gedərdik.
Ön sırada həyətimizin sakinləri oturardılar.
Tamaşa bitəndən sonra evə qayıdan valideynlərimiz
elə yol boyu indicə baxdıqları əsəri müzakirə
edərdilər, hələ bir xeyli vaxt da həyətdə
dayanıb gecədən xeyli keçənə qədər əsər
barəsində danışardılar. Həmin əsəri
müzakirə edərdilər, bərkdən – bərkdən
mübahisə edərdilər. Həmin əsərin ilk rəyçiləri
də elə həyətimizin sakinləri olardı. Mənə
deyə bilərsiz ki, gecə yarıya qədər həyətdə
dayanıb bərkdən-bərkdən danışmaq, nəyisə
müzakirə etmək axı bu bir qədər düzgün
olmur. Axı bu kimlərəsə mane ola bilər, kimisə
yuxudan oyada bilər. Bəlkə indi biri yatıb, istirahət
edir... Xeyr, sən demə elmi, əbədi mübahisələr
o vaxtlar heç kimə mane olmurdu, hamıya maraqlı olurdu.
Çünki bu mübahisələrin, müzakirələrin,
tənqidlərin heç biri qərəzli deyildi, haqlı
idi. Bunlar adicə tənqid olardı, çirkab olmazdı.
O vaxtlar nəsə
teatr mənə qeyri-adi sehrli bir aləm kimi görünərdi.
Həm də mənə nədənsə elə gələrdi
ki, o vaxtlar teatrın nəsə özünə məxsus qəribə
bir iyi vardı. Heç nə ilə əvəz olunmayan qəribə
bir ətri vardı. Sonra nədənsə o iy get-gedə
azaldı, çəkilib yox oldu. Sanki öz sehrini itirdi, əriyib
real həyata qarışdı, yox oldu. İndi bilmirəm
teatr öz marağını itirdi, yoxsa mən
çoxdandır ki, teatra getmirəm. Və ya indi daha əvvəlki
səviyyədə əsərlər yazılmır. “Unuda
bilmirəm”, “Sən həmişə mənimləsən”, “Mənim
bəlalı sevgim”, “Dəli kür”, “Nəsimi”, “Ulduzlar
sönmür”, “Vicdan”, “İkinci səs”, “Yağışdan
sonra”, “Nənəmin şahlıq quşu” və s... və
s... teatr və filmlərin ilk tamaşaçıları biz
olardıq. Bu əsərlər, bu tamaşalar insanları
düz yola çəkərdi, onlara yol göstərərdi, sətiraltı
mənalarla bir çox məsələləri, incə mətləbləri
yeniyetmələrə, gənclərə, çox incə bir
dillə pıçıldayardı, onları ayıldardı,
ayıq saxlayardı, yatmış beyinləri oyadardı, bəlkə
də yol göstərərdi. Nəsə başa salardı.
Kiçik
bir haşiyə.
Ölməz
sənətkarımız İlyas Əfəndiyevin “Məhv
olmuş gündəliklər” tamaşasının
premyerası gedirdi. İndi dəqiq yadımda deyil, deyəsən
ya 8-ci, ya da 9-cu sinifdə oxuyurdum. Və bu əsərdən
sonra mənim həyatımda müəyyən qədər
dönüş yarandı. Daha doğrusu, bu əsər mənim
peşə seçməyimdə çox böyük rol
oynadı. Əsər indi tam təfərrüatı ilə
yadımda deyil. Amma təxminən yadımda qalan odur ki, əsərin
qəhrəmanlarından biri olan Anjel deyir ki, mən xaricdə
atalığımın yanında idim, yenicə gəlmişəm.
Atalığım Fransada səfirdir.
Əsərin
digər qəhrəmanı olan Savalan sevinərək cəld
Anjeldən soruşur:
–Atalığınız
azərbaycanlıdır?
Anjel
gülümsəyərək:
– Xeyr, yəhudidir.
Savalan bir qədər
pərt olur. Və bu pərtlik tamaşada aktyorun sifətində
açıq-aydın görünür. Savalanın əvvəlki
sevincindən heç bir əsər-əlamət qalmır,
yavaş səslə:
– Hə...mən
elə bilirdim ki, azərbaycanlıdır.
Atam
pıçıltı ilə dedi:
– Əla, əla
detaldır.
Tamaşadan
sonra evə gələndə yolda atamdan soruşdum ki, ay ata, o
nə deməkdir? Sən əla nəyə deyirdin?
– Ay oğul,
özün bir düşün, heç azərbaycanlını
səfir təyin edərlər? Səfir çox böyük
səlahiyyətli bir vəzifədir. Böyük vəzifədir.
Bir ölkənin təmsilçisidir, simasıdır. Müəllif
əsərdə çox böyük ustalıqla onu demək
istəyir ki, bu imperiya heç bir vaxt bizə, yəni türkə
inanıb ona belə bir səlahiyyət verməz. Bir şərtlə
sənə belə bir səlahiyyət verərlər ki, ya gərək
anan, ya həyat yoldaşın qeyri millətdən olsun. Nə
bilim yəhudi olsun, rus olsun, erməni olsun. Bir sözlə
özününkü olmasın. Çünki bu çox,
olduqca səlahiyyətli bir vəzifədir. Və mən o
vaxtdan diplomat, səfir vəzifəsinə ən əlçatmaz
bir iş kimi baxmağa başladım. “Bir zamanlar görəsən
mən də hər hansı bir xarici ölkələrin birində
diplomat, səfir ola bilərəmmi” deyə düşünərdim.
İlk baxışda adi görünən bu dialoqda çox
gizli mətləblər gizlənirdi. Və müəllif də
bu gizli mətləbləri, çox məsələləri
ustalıqla, eyhamla tamaşaçıya
çatdırırdı. İndi kim nəyi başa
düşdü, düşdü.
Amma o vaxta qədər
mən gələcəkdə partiya sahəsində işləmək
arzusunda idim. Niyə? Nə üçün? Səbəbi nə
idi? Axı atamın kim olması, hansı əqidənin sahibi
olması o zaman ki yuxarı dairələrə çox gözəl
bəlli idi. Gün kimi aydın idi. Atamın partiya sahəsinə,
sovet quruluşuna olan hədsiz nifrəti hamı üçün
açıq-aydın idi. Bu gizli deyildi. Bu hiss mənə də
keçmişdi. Mən də onun övladı idim. Ondan
törəmişdim. Sovet quruluşuna, rus imperiyasına
qatı nifrətim var idi. Bu əqidədə onun eyni idim. Bəs
mən niyə bu sahəyə belə can atırdım? Niyə
bu imperiyaya qulluq etmək istəyirdim? Hə... bu isə tamam
başqa bir mövzudur. Bu barədə nə zamansa
yazacağam. Hökmən yazacağam. Bu sahədə işləmək
arzum partiyaya sovet quruluşuna xüsusi məhəbbətdən
irəli gəlmirdi, xeyir. Məsələ tam başqa idi.
Ağacı qurd içindən yeyər məsələsi
idi.
Aman
Allah... nə zamansa bu dünyada mənim üçün ən
müqəddəs məbədgah sayılan, əstəğfürullah,
qiblə bildiyim təmtəraqdan olduqca kənar bir ev vardır
və həmin o evdə də atamın özünə məxsus
olan, həmişə hər yazımda dediyim kimi armud qoxulu
atamın ətri gələn bir iş otağı var idi. Ağ-bəyaz
bir qədər də boz siqaret tüstüsünə
bürünmüş bir otaq.
Həmin o
otaqda da qəhvəyi rəngli ən adi bir taxta
çarpayı. Çarpayının da baş tərəfində
bir tərəfi azacıq qırılmış yaşıl rəngli
bir bra. Atam da həmişə zarafatla deyərdi ki, bu bir tərəfi
sınmış bra elə mənim gözmuncuğumdur.
Otağıma yaraşıq verən elə bu sınıq
bradır. İki olduqca sadə kreslo, bir jurnal masası, bir
yazı masası, bir də bir kitab dolabı. Yerdə də
köhnə bir xalça. Hə... Vəssalam. Bu 18-19 kv.
metrlik iş otağı atamın macəralarla dolu
ucu-bucağı görünməyən böyük bir
dünyası idi. Hər gecə atam bu iş masasının
arxasına keçib qələmi əlinə alan kimi bu
dünyada o qədər cahanşümul hadisələr
baş verərdi ki... “Dar ağacları qurulardı”,
“Qılınclar özlərini kəsərdi”, “İkinci səs
dediyi vicdanı” onu səhərə kimi çarmıxa
çəkərdi, Sabir gülə-gülə
ağlayardı... Hadi ağlaya-ağlaya gülərdi.
Füzuli göz yaşlarıyla öz Leylasını
axtarardı. İmperiyalar tapdağında olan
kiçik-kiçik xalqlar öz azadlıq mücadiləsinə
başlayardı. Osmanlı isə Səfəvi müharibəsi
yenidən başlayardı, torpaqlar qorunardı, daha o torpaqdan
heç bir ölkəyə pay verilməzdi. Atam səhərə
kimi özü ilə mübahisə edərdi. Mübahisələr
bitib tükənməzdi. O, özü-özünə həm
hakim olurdu, həm məhkum, həm müttəhim olardı, həm
də müqəssir, həm də hamının yerinə vəkil
olub hamıya bəraət verməyə
çalışardı. Hamını
barışdırmağa çalışardı. Axırda
da hamının səhvlərini, günahlarını öz
üzərinə götürüb, özünü müqəssir
edib, öz-özünə ən ağır cəza tələb
edərdi... Bir sözlə səhərə kimi mübahisə
və mübarizələrlə çarpışardı...
(Ardı var)
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2012.- 14 yanvar.- S.24-25.