“Əsl sənətkar üçün məqsəd – yaratmaqdır, həyat və yaşamaq isə hobbidir”

 

PƏRVİNİN HƏMSÖHBƏTİ ŞAİR VAQİF BƏHMƏNLİDİR

 

Pərvin: Salam, Vaqif müəllim!

Vaqif Bəhmənli: Xoş gördük, Pərvin xanım!

Pərvin: Vaqif müəllim, ötən ilin sonunda yeni kitabınız işıq üzü gördü. Təbrik edirəm sizi. Kitabın maraqlı adı var: “Hamı”. Əvvəlində də deyirsiz ki, hamı olmasaydı, bu kitab kimə gərək idi! Doğrudan da hamı üçün yazırsız? Ümumiyyətlə, sizcə hamının dərk edə biləcəyi şairsiz?

Vaqif Bəhmənli: Təşəkkür edirəm! Maraqlı sualdır. “Hamı” adı çox böyük   məsuliyyət tələb edir. Çünki, dünya çox böyükdür, insanlar da müxtəlifdir. Amma hər insanın bir “hamı” arealı var. Sənətkar ömrü boyu özünə məxsus olan sayda, miqyasda “hamı” qazanır. Əslində, bu şeirlər də mənə aid “hamı” üçündü. Lakin ümumi mənada götürəndə bizim üz tutduğumuz “hamı” bütün insanlığın bir parçasıdı.

Pərvin: Üz tutduğunuz “hamı” vasitəsilə insanlığa təsir etmək, nələrisə müsbətə doğru dəyişmək ümidi var?

Vaqif Bəhmənli: Şübhəsiz! Hər bir şairin, sənətkarın belə bir amalı olmalıdır. Çox güman ki, bu kitabda söylənilən həqiqətlər mənə məxsus o “hamı”ya çatandan sonra söz şəklində, misralar şəklində olmasa da bir enerji, qığılcım kimi, insanın ədalət, mərhəmət, məhəbbət hissi şəklində sonra gələn, başqa “hamı”lara da ötürüləcək.

Pərvin: Haqqında danışdığımız kitabınızın fərqli, estetik tərtibatı, dizaynı var və burda dünya şöhrətli xalq rəssamı Toğrul Nərimanbəyovun rəsmlərindən istifadə olunub. Bilirik ki, onun əsərlərində rənglər əsasən gözqamaşdıran, əlvan, parlaqdı. Bunlara “qışqıran” rənglər də deyilir. Sizin yaradıcılığınızla bu rənglər arasında əlaqə var?

Vaqif Bəhmənli: Əvvəla, onu deyim ki, biz bu cür dizaynla həm də kitab yaratma mədəniyyətini nümayiş elətdirmək istəmişik. Tərtibatı özüm vermişəm. Mənim istəyim budur ki, oxucu kitabdan hərtərəfli – həm estetik, həm də ədəbi zövq alsın və şairin ona bəslədiyi ehtiramı hiss etsin. Toğrul Nərimanbəyov Azərbaycan xalqının çox böyük rəssamıdı. Eyni zamanda o dünya rəssamlığında da özünəməxsus yolu olan sənətkardı. Tale elə gətirdi ki, onunla kitabın hazırlanma mərhələsi zamanı görüşdük. Mən bəzi əsərlərindən istifadə etmək istəyimi bildirəndə Toğrul müəllim mənim gözləmədiyim bir şəkildə sevindi və razılığını verdi. Onun əsərlərində görünən həyatla, görünməyən duyğular o qədər bir-birinə qaynayıb qarışır ki, həyatın harda bitib nağıla keçdiyini, yaxud nağılın həyatla harda qovuşduğunu ayırd etmək olmur. Mən hesab edirəm ki, bu kitabdakı şeirlərdə də nar qədər şirəsi, rənglər kimi “qışqırtı”sı olan misralar çoxdur. Amma ümumi mənada, dərinliyə varanda məncə, nə Toğrul Nərimanbəyovun əsərləri, nə də bu şeirlər qışqırmırlar.     

Pərvin: Vaqif müəllim, mühafizəkarsız?

Vaqif Bəhmənli: Xarakterimdə inkişafa xidmət edən mühafizəkarlığın olmasını etiraf edirəm. Həm yaradıcılıqda, həm də həyatda insanın gücünü, enerjisini boğmayan, ona hikmət, dərinlik verən mühafizəkarlığın tərəfdarıyam. Bunun özündə bir dərinlik var. Özünü çox sərbəst hiss edən insan ola bilər ki, bir işi rahat şəkildə həll eləsin. Amma mühafizəkar onun dərinliyinə gedəcək və peşəkarcasına həyata keçirəcək. Hər bir sənətkarın özünün estetik arzuları var ki onlara çatmaq üçün peşəkarlıqla sinonim ola biləcək mühafizəkarlıq lazımdı. Amma klassik mənada, ifrat həddə mühafizəkarlıq mənim düşüncələrimə yaddır.

Pərvin: Mühafizəkarlıqla bağlı sualım təsadüfən yaranmadı. Son illərdə şeirə urbanistik dilin gəldiyi müşahidə edilir. Elmin, texnikanın inkişafıyla bağlı poeziyaya bir qrup termin daxil olub. Məsələn, mesaj, kontur, imeil, çat, virus və s. Sizin “Telefon” şeirinizi də urbanistik dildə yazılmış şeirlərə aid etmək olar. Amma burda həm də nənəyə müraciət var... Yaxud kənd leksikonunun işarələri hiss olunur ki, şeirin ümumi ab-havasına müəyyən mənada uyğun gəlmir. Bu, dediyiniz o mühafizəkarlıqla bağlıdı? Yəni yeniliyi edirsiz, amma köhnəliyi qorumaq şərtilə...

Vaqif Bəhmənli: Siz ciddi bir məqama toxundunuz. Mən müasir Azərbaycan şeirini və nəsrini çox sistemli şəkildə oxuyuram və müşahidə edirəm. Azərbaycan ədəbiyyatının indiki mərhələsini təqribən 70-ci illərin sonu, 80-ci illərin əvvəlləri ilə müqayisə edərdim. Bu gün ədəbiyyatımıza gələn nəfəsi, tərpənişi hiss eliyərəm. Amma siz dediyiniz urbanistik dildən, çağdaş zamanın şeirə gətirdiyi o sözlərdən yerli-yersiz istifadə məni narahat edir. Müasir dövr poeziya dilinin bu qədər cansız olmağı, insan hisslərinə təsir etməməyi adamı hətta qorxudur da. Şeir insanın coşqun, emosional halıdı. Ona görə şeirdə qupquru danışmaq olmaz. Hətta belə bir fikir də var: “Poeziya hisslərdi, duyğulardı, sevgilərdi, ağrılardı və lüğətdən götürülmüş beş-altı sözdü.” Bu mənada müasir şeirimizdə sehirli enerjinin qıtlığını hiss edirəm. Bu enerji dediyiniz kənd leksikonu ilə də, sadə sözlərlə də yaradıla bilər. Həmin enerji olmayandan sonra, ağıllı söz belə sadəcə elə ağıllı söz olaraq qalır, poeziyaya çevrilmir. Poeziya düşüncə ilə hissin harmoniyasıdı. Bəzən heca vəznində yazanları qınayırlar. Əgər heca yazanları qınayırsansa, onda harmoniyanın hecasız, yeni variantını ortaya qoymalısan. Deyək ki, Nazim Hikmət kimi. Bu gözümüzün önündə olan böyük bir təcrübədir. Nazim Hikmətin hecada yazılmayan, amma məhz hecalarının ahəngi düzgün səslənməyən bir duyğusunu tapa bilməzsiniz...

Dediyiniz urbanistik, yaxud da kənd leksikonuna aid sözlərin hökmranlığı o harmoniyanı, enerjini süni yolla yaratmaq istəyəndə gəlir. İstedad yoxdursa, nə yeni terminlərdən istifadə, nə də klassik leksikonu qoruma kömək edə bilir.    Ümumiyyətlə, poeziyanı təhlil etmək, orda nəyin doğru, nəyin səhv olduğunu demək çətin məsələdir. Elə buna görə də şairin özü ən həssas və savadlı oxucu olmalıdı.

Pərvin: “Kişilər, arvadlar” şeirinizdə kişi xarakteri ilə qadın xarakterini maraqlı şəkildə fərqləndirirsiz. Kişilərin qadınlardan fərqli olaraq hər şeyi ürəklərinə salmaları, gizlətmələrindən danışırsız. Məncə, şairlik bunun tam əksidir. Kişi sözü ürəyinə salandırsa, gizlədəndirsə, şair ürəyinin sözünü deyəndi, car çəkəndi. Sizcə, kişi xarakteri ilə şair xarakteri nə dərəcədə uzlaşır?

Vaqif Bəhmənli: Bu çox maraqlı, həm də çətin sualdı. Çünki bəlkə də bəzi analizlər, nəticələr mənim əleyhimə olar. Bəlkə də bir kişi kimi borcumuz o ola bilərdi ki, şeir yazmaqdansa, silaha sarılıb Qarabağ uğrunda döyüşək... Şairlik son dərəcə zərif bir sənətdir. Rəssamlıqda miniatür sənətini xatırladır. Əgər siz baxsanız, o zəriflik içərisində daimi möhkəmliyə, mübarizəyə çağırış görərsiz. Yəni, ən zərif bir duyğu peşəkarlıqla yazılırsa və ən kobud bir insan qəlbini yumşaldırsa, bunun özü də mübarizədir. Bu mənada şairliyi elə əsl kişi işi hesab etmək olar. Dediyiniz mənada isə, məncə, şair ürəyinin sözünü car çəkmir, o elə kişi kimi gizlədə-gizlədə deyir...

Pərvin: Şairliyin kişiyə, yaxud qadına daha çox uyğun olmasından danışırıq. Amma kişi poeziyası, qadın poeziyası bölgüsünün əleyhinə olan tənqidçilər çoxdur...

Vaqif Bəhmənli: Mənim bu bölgüyə münasibətim normaldır. Və son illər qadın poeziyasına çox nikbin baxıram. Azərbaycanda əvvəllər də qadın şairlər, yazıçılar olub. Heç kimin adının üstündən qələm çəkmək istəmirəm. Əvvəllər elə bil qadınlara güzəşt olunub sənətdə. Amma indi qadın poeziyasına tələbkar bir münasibət var və burda yeni keyfiyyətlər üzə çıxıb. Bu da məni çox sevindirir. Həm publisistikada, həm şeirdə, həm də nəsrdə onlarla həqiqi sənətkar olan, necə yazmağı dərk edən qadın yazarlarımız var...

Pərvin: Bəlkə də bu müasir dövrdə qadınlara verilən sərbəstliklə bağlıdır ki, yaradıcılığa da təsir edir.

... Ümumiyyətlə sənətkarın ömrü, onun yaşamalı olduğu mühit barədə fikirlər müxtəlifdir. Bəziləri deyir ki, sənət adamı əziyyət, dərd, sıxıntı, kasıblıq görməlidi. Hətta yadınızdadırsa, Sovet dövründə kasıblıqdan, dərddən, xəstəlikdən əziyyət çəkən yazıçılar, şairlər “reklam olunurdular”. Sanki əsl sənətkarın taleyi mütləq acınacaqlı olmalıdı... Amma bəziləri də deyirlər, şair, yazıçı rahat, sıxıntısız yaşamalıdır ki, bütün fikrini, enerjisini yaradıcılığa yönəldə bilsin.

“Kirayədə yaşadığım evlərin darvazası balacaydı, əyildim...” – deyirsiz şeirlərinizdən birində. Necə düşünürsüz, bu “əyilmə”lər yaradıcılığa nə dərəcədə təsir edir?

Vaqif Bəhmənli: Mən çox arzu edirəm ki, dünyada heç kim vaxtından əvvəl valideyn itkisi görməsin. Hər bir doğulan uşağın beşiyi ən azı beş otaqlı mənzildə qurulsun. Amma həyat belədir ki, biri kasıb olur, biri varlı. Tənbəlliyinin ucbatından kasıblığa məhkum olan adamlar da çoxdur. Əgər insanın sağlamlığı varsa, amma ac qalırsa, mən onun taleyinə acıyıram. Normalda hər bir insan özünü və özünə bağlı insanları yaşatmağa borcludur. İnsan hər mənada təmin olunanda gözü-könlü tox olur. Gənclərimiz ələbaxımlılıqdan tez azad olsalar, yaxşıdı. O ki, qaldı ehtiyacların yaradıcılığa təsiri, bu geniş bir mövzudu. Mən gənclik illərində “Ehtiyac” adlı bir şeirdə yazmışdım ki:

 

Nə atamdı, nə qardaşım, nə oğlum,

amma hər gün evimizdədi.

 

Yəni ehtiyacla bu qədər doğmalaşmağın yaradıcılığa təbii ki, müxtəlif mənfi təsirləri ola bilər. Lakin ehtiyaclar xarakteri möhkəmlədə də bilər. Ehtiyac içində yaşayan, amma yaza bilən adamlar bəlkə də qəhrəman hesab olunmalıdırlar. Lakin bunu da nəzərə almaq lazımdır ki, şair həssas bir varlıqdı. Çatışmazlıqlar onu əzər. Əsl sənətkar üçün məqsəd yaratmaqdır, həyat və yaşamaq isə hobbidir. Ona görə də sənətkarın qələmdən və varaqdan başqa heç nəyə xidmət etməməsi daha gözəldir. Yazarda doğrudan da istedad varsa, yaratdığı ədəbiyyat həqiqətən qəbul olunursa, cəmiyyət ona şərait yaratmalıdır. Artıq işlər insanı çox yazılardan qoyur, duyğulardan aralı salır.

Pərvin: Yəqin ki, yaradıcılığa ən çox təsir edən çətinliklərdən biri də müharibədir. Burda 90-cı illəri xatırlamaq yerinə düşür. Həmin dövrdən sonra kimlərsə daxilən sındı, əzildi, kimlərsə ümumiyyətlə yaradıcılıqdan uzaqlaşdı. Bəziləri çox bədbin, bəziləri üsyankar ruhlu əsərlər yazdılar. Sizin yaradıcılığınızda isə Allaha tapınmaq, ilahi qüvvəyə, hisslərə, insan duyğularına inam maraqlı şəkildə özünü göstərdi. Yazılarınızın birində deyirsiz ki, Qarabağı – içini dərd çürüdən Vətən torpağını nə ATƏT, nə BMT – Azərbaycan xalqının biri-birinə olan sevgisi xilas edəcək!

Vaqif Bəhmənli: Mən natura etibarilə dindar deyiləm. Amma ilkin başlanğıca inanan adamam. İnamlar insanlığı daim qoruyur, hifz eliyir. Dinimizin insanlığın qorunması üçün böyük fəlsəfi gücü var. Eyni zamanda insanların bir-birini anlamasına kömək gücü çox əvəzsizdir. Dönə-dönə dini fəlsəfi ədəbiyyatı oxuyuram və öyrənməyə çalışıram. Lakin din özü də bunu deyir ki, bütün həqiqətlərin ən kəsə yolu elmdir. Əslində kainat gözəl alınmış əsərdir. Elə bil bir gözəl şeir alınıb. Bütün komponentlər birləşib, Allahın həyat deyilən, kamil əsəri yaranıb. Onu oxucu, yəni bizlər təhlil edib qiymət verə bilərik. Hər insan dəyişməz dəyərə yaxınlaşdığı qədər haqlı olur. İnsan öz qəlbinin dilində də dua edə bilər. Amma onun qəlbinin, duyğularının gücü çatmırsa, o zaman başlayır başqa mənbələrdən seçdiyi mətnləri əzbər deməyə. Mən düşünürəm ki, yaxşı adam sidq ürəkdən üzünü Allaha çevirib dua eləsə, qanın qarşısı alınar, insanlıq xilas olar. İnsanın daxili enerjisi yaradana məxsus enerji ilə eynidir. Sanki, o enerjini yaradan Allah özü parçalanaraq bizim hər birimizin varlığında yaşayır. Yəqin ki, ilahi varlıqla bərabər, insan hisslərinə, duyğularına inamım, tapmağım da məhz bu düşüncəmdən irəli gəlir. Lakin bu cür düşünüb bir hücrəyə çəkilib oturmaq da olmaz. Mənə elə gəlir ki, “insan” sözünün ən münasib sinonimləri “çalışmaq”, “hərəkət etmək”, “zəhmət çəkmək”, “can atmaq” sözləridir. Yəni bütün bu hisslərə, ilahi varlığa inamla bərabər həm də əziyyət çəkmək, çalışmaq lazımdır.

Pərvin: Vaqif müəllim, istərdim bir az Mədəniyyət və Turizm Nazirliyindəki işinizdən danışaq... Məmurluq nə qədər çərçivə və dəqiqlik tələb edirsə, şairlik bir o qədər azadlıq, sərbəstlik sevir. Yəqin ki, belə suallarla tez-tez qarşılaşmısız?! Amma yenə soruşmaq istəyirəm ki, şair Vaqif Bəhmənli ilə məmur Vaqif Bəhmənli necə yola gedirlər?

Vaqif Bəhmənli: İnsan heç vaxtı tək ola bilməz, ən azı özü-özüylə qalır, gün ərzində heç olmasa bir neçə saat daxilindəki məni ilə danışır. Təkcə dəlilər yox, ağıllılar da bəzən elə hamının eşidə biləcəyi səslə özləriylə söhbət edirlər. Bu mənada mənim içimdəki məmurla şair tez-tez dərdləşirlər. Deyərdim ki, yaxşı da yola gedirlər. (gülür)

Bilirsiz, Pərvin xanım, yaradıcı adamlar çoxqatlı həyat yaşamalı olurlar. Yəni bunlar həm evlə, məişətlə, həm sənəti ilə, eyni zamanda bir qulluq mövqeyi, siz deyən kimi məmurluğu varsa bu işlə də məşğul olurlar. O sənətkar xoşbəxtdir ki, iş yerində də yaradıcı mühit var və o işinə yaradıcı yanaşır. Öz işimi bu mənada uğurlu hesab edirəm. Çünki Mədəniyyət və Turizm Nazirliyindəki işim sırf ədəbiyyatla, klitabla bağlıdır. Görünür, bu da bir qismətdir. Həm də öz seçimimdir. Əgər biliyimə uyğun olmayan bir strukturda iş təklifi alsaydım, təbii ki, razılıq verməzdim. İnsan gərək özünü o işdə görə. İş yeri ürəyincə olanda yaradıcılığı tamamlayır. Sadəcə çalışmaq lazımdır ki, tərəzinin gözü əyilməsin. İşimin bir üstün cəhəti də mənə istedadlı gəncləri tanımaq imkanını yaratmasıdır. Mən gəncləri çox sevirəm. Əgər gəncin istedadı varsa, özündən əvvəlkilərdən seçilirsə, çalışqandırsa, onun başına dönmək lazımdır.   

Pərvin: Bilirik ki, “Gənc ədiblər məktəbi”nin yaradılmasında sizin xüsusi zəhmətiniz var. Bu hadisə ədəbi mühitdə canlanmaya, müzakirələrə səbəb oldu və həm də birmənalı qarşılanmadı. Tənqid edənlər də oldu, alqışlayanlar da... Sizin bu barədə fikriniz necədir? Ümumiyyətlə, bu məktəb ümidləri doğrultdumu?

Vaqif Bəhmənli: Hansı sahəyə aidliyindən asılı olmayaraq gənclərlə bağlı istənilən addım alqışa layiqdir. İndi Azərbaycan dövləti 2012-2015-ci illər üzrə gənclər proqramı hazırlayır. Bu çox böyük bir işdir. “Gənc ədiblər məktəbi” də daha öncəki dövlət qərarına söykənib, onun əsasında yaradılıb. Bu dövlətin gənclərlə bağlı tələbidir, siyasətidir. Mədəniyyət və Turizm Nazirliyində həmin ideya meydana çıxan kimi qərar qəbul edildi, məktəb yaradıldı. İstək yeni ədəbi qüvvələri meydana gətirmək idi. AYB də dəstək verdi. Elə təkcə 2 il, hər ayın ilk şənbəsi, 24 dəfə gənclərə ustad dərslərinin keçilməsi özü nə qədər faydalı iş idi. Bu görüşlərdən əlavə başqa tədbirlərdə də mən bu gəncləri görürdüm. Və getdikcə sizlərdə ədəbi mühitə can atma, onu yaratma həvəsi də aydın hiss olunurdu. Tənqidi fikirlər isə təbiidir. Bu ədəbi mühitin qanunudur. Lakin bütün işlərin yekunu, nəticəsi varsa, deməli gözəldi, uğurludu. Nəticə sizlərsiniz. Ədəbiyyata yeni gələn şair adları, yazıçı adları, onların əsərləri, kitabları, çıxışları və s. Mən istərdim ki, gələcəkdə bütün ədəbi cərəyanlara aid olan gəncləri birləşdirən layihələr daha çox olsun.

Pərvin: Vaqif müəllim, gəlib çıxdıq söhbətimizin sonuna. Ürəyinizdə deyiləsi sözünüz qalmadı ki?

Vaqif Bəhmənli: Sözüm odur ki, Allah hamını qorusun, biz də o hamının içində. Bir də istərdim ki, “Hamı” kitabından “Belə” adlı şeir söhbətimizə əlavə olunsun.

Pərvin: Maraqlı söhbətə görə təşəkkür edirəm. Sağ olun!

 

BELƏ

 

Ömür ki od aldı, əriyir şam-şam –

yağı yalavaca paylayır cam-cam,

Fələyin qolunda səhəngdi adam –

sonda qopur qulpu, lüləyi belə...

 

Qafil o kəsdi ki, çörəkdən qaçır,

Eşqin yeri dardı, ürəkdən qaçır...

Mehdə hünər hanı? –

                            Kürəkdən qaçır,

Şülləmə belinə küləyi beləəə...

 

Fələk pəsdah açır sınıq təkərlə,

Novdanda dən yoxsa, hərlə, ha hərlə...

Un olub ələnir can zərrə-zərrə

Kafər, fırlatmazlar ələyi belə...

 

Ürəyi at verdi... Allah, min, dedi –

Çapırsan...

          Görmürsən tər içindədi? –

Allahın verdiyi yaman gündədi;

Adam əldən salmaz ürəyi belə!

 

Sözün şövqü dəysə qızıl qanayar,

Kəlməni ləldən çək, qızıldan ayır!

Mürəkkəb ayrı şey, qızıl qan ayrı

Qandı şax saxlayan lələyi belə...

 

Can ona sadağa, baş ona peşkəş,

Vaqiflər qul olmaz ötərgi eşqə!

Kimsəyə dil vermə Tanrıdan başqa,

Buraxma evinə mələyi belə!

 

 

525-ci qəzet.- 2012.- 14 yanvar.- S.20.