Unudulan və
unudulmayan İsi Məlikzadə
“Kimdən başlamaq lazımdır, kimin qapısını döyüm? İki gündür beynimdə dolanan fikir rahatlığımı əlimdən alıb. Qarşımda uzun bir siyahı var: İsa Muğanna, Akif Səməd, Mirvarid Dilbazi, Məmməd Araz, İsi Məlikzadə və kimlər, kimlər...
Axır, qərara gəldim. “Rubrikanın ilk
yazısıdır, gərək, gündəmdə olan,
maraqlı adam olsun” düşüncəsiylə (əlbəttə,
yanılıram) bir xalq yazıçısının telefonuna
zəng edirəm:
– Mən
evimə heç vaxt jurnalist-zad buraxmıram, get
başqasını tap!!! – Boğazının gur yerinə
salıb acıqlanır, səsi zilə qalxar-qalxmaz xırp kəsilir.
Pərt
olduğumu ətrafdakılardan gizlətmək
üçün gülümsəyib özümü tox
tuturam:
“Belə
şeylər çox olur, möhkəm ol!”
Kefimə
doğranan soğanın acısını çıxarmaq
üçün internet kluba düşüb, Facebookda
avaralanıram... Bir dostumuz İsi Məlikzadənin “Duz” hekayəsini
paylaşıb. Aha, lap çoxdan oxumuşam,
dumanlı-dumanlı xatırlamaqdan bir şey çıxmaz,
gözlərim yenə sətirlərin arasında
dolaşır.
Oxuduqca
kövrəlirəm, lənətə gəlsin bu qəlbiyuxalığı,
həssaslığı.
Çox yox, bircə gün sonra İsi Məlikzadənin bacısı Vəzifə xanımgildə qonaq olanda stolun üstündə buğlanan çayı qabağıma itələyib “iç, soyutma” deyər-deməz ona “Duz”dan danışacaqdım və kənardan zabitəli görünən bu xanım, göz yaşlarını gizlətmək üçün yan otağa adlayacaqdı...
...Birinci yazı niyə İsi Məlikzadə haqqında olmasın?! Unudulubmu? Unudulub! Bunu özdöşümdən demirəm, “Radioda, televiziyada çalışan yaşıdlarını qara torpaq alandan sonra kim xatırladı İsi müəllimi?! Heç kim!” – Bunu mənə kürəkəni – qızı Xatirə xanımın həyat yoldaşı Arif müəllim deyəcəkdi.
Hardan başlamaq lazımdır? Kim bilər? Əsəd
Cahangir Rəşad Məcidi nişan verir:
“İkisi də ağcabədilidir, bilsə Rəşad bilər!”
Qulu Ağsəs telefona əl aparıb Aqil Abbasa
zəng vurur. Aqil müəllim söz verir, söz verir
ki, bu dəqiqə ev telefonlarının
nömrəsini tapıb sənə verəcəm. Vaxt
keçir, vədə dolur; bütün gözü yolda
qalanların muradı çin olur bircə məndən
savayı: Aqil Abbasdan xəbər-ətər yoxdur ki, yoxdur. Səbrimi
basa bilməyib özüm zəng edirəm: “İsi gözəl
yazıçıdır, mənim də dostum olub. O vaxt Rəşadla
bir-birimizə qoşulub gedirdik evlərinə, bizə piano
çalırdı. İsi unudulmuş
adamdı. Darıxma, ev telefonlarının nömrəsini
tapacam sənə!”.
Yazıçılar Birliyinin foyesində Rəşad Məcidlə
qarşılaşıram. Niyyətimi
açıb-ağardandan sonra deyir, Aqil Abbas sənin
qabağınca məndən xəbər aldı. Ədalət Əsgəroğlunu
axtarıb-arayır, xahiş edir. Sağ olsun, axır, Ədalət
müəllim əlində balaca kağız qayıdır:
İsi Məlikzadənin yeznəsi Nizami Hacıyevin ev nömrəsini mənə verir. Dəstəyi
qulağıma sıxıram:
– İsi
müəllimin ailə üzvləri ilə görüşmək
istəyirəm, bəlkə siz kömək edə biləsiniz?!
– Oğlu Saleh şəkərdən öldü,
yoldaşı Lətifə də... iki ildən çox olar,
dünyasını dəyişib. Qızlarından biri
Sumqayıtda yaşayır. Gəl, sənə kömək
edərəm, gəl! Məndə əlyazmaları da var
İsinin, şəkilləri də...
Vədələşib görüşürük. Yaşı 80
olmasa da, 75-i çoxdan adlamış nurani kişidir.
Pilləkənləri qalxanda öyrənirəm ki, İsi
müəllimlə təkcə qohum yox, həm də dost,
sirdaş olublar. “İsi qəfildən getdi.
Heç kim gözləmirdi, heç kim. Yazdıqları ortalıqda qaldı. Biz özümüzü itirdik. Sonra
şəkillərini, yazılarını hərə bir yana
dağıtdı”.
İsi Məlikzadənin kiçik bacısı – Vəzifə
xanım bizi qarşılayır. Otağın yuxarı
başındakı şkafın üstündə İsi
müəllimin böyük şəkli asılıb. Elə
bil, gözləri yol çəkir, nədənsə
nigarandı...
Vəzifə
xanım çay fincanlarını stolun üstünə
düzə-düzə danışır:
“Qardaşımın böyük qızı Xatirə 190
saylı məktəbin müəlliməsidir. Kiçiyi
Arzu APİ-Axundovu bitirib, rus dilindən dərs deyirdi, sonra
ixtisasını təkmilləşdirib, başqa fənndən
dərs keçdi. Oğlu Saleh 2003-də
öldü, şəkər xəstəsiydi. Yoldaşı da, 2009-cu ildə rəhmətə
getdi. İsi Əzizbəyov adına
Sənaye İnstitutunu qurtarmışdı. Uzun
müddət neftçi işlədi. Mədəndə
çalışanda səkkizinci kilometrdən özünə
ev də almışdı. Sonra Allah rəhmət
eləsin, Mirzə İbrahimovun o vaxt böyük vəzifəsi
vardı, İsinin hekayələrini qəzetdə oxuyub
yanına çağırmışdı ki, sən
yazıçısan, neftçi yox! İnanırsan,
zorla işdən çıxartdırmışdı. Mən deməzdim, İsi unudulmuş
yazıçıdır. Az da olsa,
çox da olsa, İsi xatırlanır. O gün həyətdə
oturmuşdum, gördüm, bir qadın mənə
yaxınlaşdı ki, sizi tanıyıram, İsi Məlikzadənin
bacısısınız. Deyir, mən hər
gün onun əsərlərindən bir parça oxumasam, yata
bilmərəm. Bir dəfə də
Kislovodska getmişdik. Bir nəfər mənə dedi,
sizin yazıçılardan çoxunu tanıyıram. Gördüm, İsinin kitabını
çıxardı. Qardaşım çox mehriban adam idi. Uşaqlar evdə nadinclik edəndə
biz acıqlanırdıq, üstlərinə təpinirdik, amma
o yox, uşaqlarla elə dil tapırdı ki... Mən
anadan olanda üç gün çörək yeməyib ki,
niyə qardaşım olmadı. Yeddi
bacının bir qardaşı idi. Amma
sonralar çox istədi məni. Onun evində
qalıb əczaçılıq məktəbini qurtardım.
Anam məni Bakıya ona görə verdi
ki, get, qardaşından muğayat ol! Rəhmətlik
həmişə deyərdi, biz görmüşük
qardaş bacıdan muğayat olar, bizimkilər tərsinə
eləyiblər. Yaxşı tar çalmağı
vardı. Məktəbdən gələn kimi
ayaqqabımı çıxarmamış deyirdi, bir
ağız oxu. Səsim xoşuna gəlmişdi.
Lətifə deyirdi, ay İsi, uşaq yorğundu, acdı, qoy,
bir loxma salsın ağzına, deyirdi, yox e, oxu! Onun
haqqında veriliş hazırlayanlar gəlib kitablarını,
əlyazmalarını, şəkillərini aparıb
qaytarmadılar. Biz də soraqlaşdıq
tapa bilmədik. ”.
Nizami
müəllim iki saralmış qovluqu stolun üstünə
qoyub, İsi Məlikzadənin şəkillərini, əlyazmalarını
incələyə-incələyə Vəzifə
xanımın sözünü davam etdirir:
“Heykəltəraş Xanlar var, familini unutdum. O İsinin şəkillərini,
kitablarını apardı, video kasetlərini apardı. Büstünü yaxşı hazırladı.
Büstün açılışına Anar, Fikrət
Qoca, Allah rəhmət eləsin, Qabil, sonra ... yaddaşım
sözümə baxmır, çox yazıçı gəlmişdi. Xanlar
İsinin barelyefini də düzəltdi. Açığı
o vaxt onun zəhməthaqqısını verə bilmədik
deyə, barelyef bu dəqiqə də emalatxanadadır. İki min pul istəmişdi, ağcabədililərin
imkanı çatmadı.
Bir dəfə
zəng vurmuşdu, dedim, Xanlar, darıxma, Elçin müəllimə
müraciət etmişik, İsinin evini muzey etmək istəyirik.
İnanın, İsi Qarabağ dərdinə
dözmədi.
O
qarışıqlıq onu yaman sarsıtmışdı. Həmin
vaxt Ağcabədidəki ev boş idi, rəhmətlik
onu iki qaçqın ailəsinə verdi ki, eviniz olana qədər
burda yaşayın, heç kim sizə dəyib-dolaşa bilməz!
İstəsəniz, gedib onları da
danışdıra bilərsiniz ki, İsidən necə
hörmət görüblər. Deyəsən, 98-ci il idi, İsinin adına rayonda küçə
verdilər”.
Şəkillərin,
əlyazmaların içində bir ərizə surəti diqqətimi
çəkir: Oxuyuram:
“Azərbaycan
Respublikasının Nazirlər Kabineti sədrinin müavini cənab
E.İ.Əfəndiyevə
Hörmətli
Elçin müəllim!
Atamız İsi Məlikzadə Ağcabədi şəhərində
doğulub, böyüdüyü ata evini öz
sağlığında (1992) Ağdam və Şuşadan
qaçqın düşmüş ailələrə
vermişdi.
Hazırda Yeni qəsəbələr
salındığından ev
boşalmışdır.
2009-cu
ilin may ayında atamızın 75 yaşı tamam olur. Bu
münasibətlə həmin evin İsi Məlikzadənin ev muzeyinə çevrilməsinə kömək
etməyi Sizdən xahiş edirik.
Hörmətlə, Xatirə və Arzu İsi
qızı.”
Soruşuram:
– Vəzifə
xanım, ərizədən sonra sizinlə əlaqə
saxladılar?
– Dedilər,
kömək edəcəyik. Məsələ qaldırmışdılar,
iş gedirdi, bilmirəm, nəsə alınmadı. Amma biz ümidimizi üzməmişik. Gözləyirik.
– İstəyirəm,
sizə bir şeyi də deyim, – Nizami müəllim davam edir –
Prezidentin fərmanı ilə latın əlifbasında
kitablar çap olundu. Ora İsinin cəmi beş
povesti və beş hekayəsini salmışdılar. Beş
povestlə İsini təqdim etmək olmaz axı! Bu adamın
20 povesti, iki romanı, altmışdan çox hekayəsi var. Əvvəla,
İsini xatırladıqlarına görə sağ olsunlar, elə
Yazıçılar Birliyi də, Ədəbiyyat İnstitutu
da! Amma “Azərbaycan” jurnalında çıxan iki
romanını: “Qırmızı yağış” və
“Qanlı Qış”ı gərək kitaba daxil edəydilər.
İnanın imkanım yoxdur, özüm eləyərəm,
o romanları hələ də kitab kimi çap edə bilməmişik.
70 illiyində Qəzənfər Paşayev məsələ
qaldırdı, Rafael Hüseynovun tapşırığı
ilə İsinin xatirə kitabını hazırladılar.
İsi Məlikzadənin
dostlarını soruşanda, Nizami müəllim uzun bir
siyahı deyir:
– İsa
İsmayılzadə, Sabir Rüstəmxanlı, Fərman Kərimzadə,
Anar, Siyavuş Sərxanlı, Bəxtiyar Vahabzadə, Fikrət
Sadıq, Əlibala Hacızadə, Mövlud Süleymanlı,
Fikrət Qoca... Sabir də, Ayaz Vəfalı da,
Fikrət də hər yerdə İsidən
danışırlar. Fikrət Qocanın bir Moskviçi
08-i vardı, təmir elətdirməyə gətirmişdi,
dedim, İsi, bu cavan oğlan niyə özünə qoca deyir.
Sən demə Fikrətin famili Qocayev imiş.
Aqil Abbasla Rəşad Məcid onun tələbələri
kimi idilər o vaxt. Mən Aqilin də, Rəşadın
da xətrini çox istəyirəm, özlərinə deməmişəm,
heç istəyirsən, sən də demə, amma bir az umu-küsümüz var onlardan. Şikayət
eləmirik ha, intəhası, uman yerdən küsərlər:
Aqil də, Rəşad da öz qəzetlərində İsi
haqqında çox az yazı verirlər. Bilirəm, Ağcabədililər təvazökar
adamlar olur, amma İsi haqqında təvazökarlıq etməsələr,
yaxşı olar.
–
Övladlarından, nəvələrindən
yazıb-pozanı var?
–
Uşaqlar hərdən yazırlar, amma ciddi məşğul
deyillər. – Vəzifə xanım deyir, – İsiyə
yazıçılıq elə atasından keçmişdi. Dəllək Abbas Ağcabədidə yaxşı
tanınırdı. Xatirə məktəbdə
keçirilən tədbirlərin ssenarisin özü
yazır. Bir dəfə gəlib o qədər
ağladı. Dedi, bibi, Əlibala Hacızadəni
görüşə çağırmışdıq. Məni görən kimi tanıdı, ağladı.
Yanına çağırdı ki, atan sağ
olsaydı burda o oturardı, mən yox, onun yeri idi bura. Allah rəhmət eləsin, Tofiq Bayramla çox yaxın
idi İsi. Bir şey danışım.
Bu yaxınlarda avtobusla evə gəlirdim. Dayanacaqda Tofiq Bayramın bacısını
gördüm. Boğazımı qəhər
tutdu, deyə bilmədim ki, bilirəm sən kimin
bacısısan, mən də İsinin... bacısıyam.
Tofiq Bayram məni bacı kimi istəyirdi. Həmişə deyirdi, kartof qızart, gəlirəm.
Həsən Əblucla möhkəm dost idi İsi. Həsən
basdırılanda demişdi, Həsən, sən get, mənim də gəlməyim çox
çəkməz.
Əslində, yazını burda bitirmək olardı.
Amma İsi Məlikzadənin qızı Xatirə
xanımla görüşüb ailəvi şəkillərini
almasam, atası ilə bağlı dediklərini çinədanıma
yığmasam, ürəyim sahman olmaz.
Hər ikisinə – Nizami müəllimə də, Vəzifə
xanıma da qonaqpərvərliklərinə, isti münasibətlərinə
görə minnətdarlıq edib, qapının
kandarını kəsdirirəm.
“İnşallah, lap yaxın vaxtlarda Ağcabədidə
– İsi müəllimin ev muzeyində görüşərik”
– deyəndə, bacı yenə qəhərlənir.
– Allah
ağzından eşitsin, oğul!
Çox keçmir, Xatirə xanımla
danışıram. Ertəsi gün İsi müəllimin
kürəkəni Arif bəy məni qarşılayıb evə
aparır. Yolda xeyli söhbətləşirik.
Kinostudiyada
işlədiyi illərdən danışır, filmlərini
sayıb qurtara bilmirik:
“Qatarda”,
“Pəncərə”, “Kişi sözü”, “Qanlı zəmi”,
“Küçələrə su səpmişəm”, “Gəl
qohum olaq”, “Ağ atlı oğlan”, “Alma almaya bənzər”,
“Gümüşgöl əfsanəsi”, “Güllələnmə
təxirə salınır”, və s.
Qızı atasının orta məktəb, gənclik
dövrləri ilə bağlı şəkillərini,
ölümündən sonra stolunun üstündə
yarımçıq qalan “millət vəkili” adlı pyesinin əlyazmasını
mənə verir.
Qınamıram,
jurnalistlər, yazı-pozu adamlarının məsuliyyətsizliyi
gözlərini qorxudub: ciddi-ciddi tapşırırlar ki, tələsdirmirik,
amma mütləq qaytar!
Şəkillərin
içində biri diqqətimi çəkir: İsi müəllimin
məktəb illərində oynadığı Aydın
rolundan fotodur.
Xatirə
xanım servant şüşəsindəki leytenant
oğlanın şəklini göstərir:
“Oğlumdu, zabitlik məktəbini qurtardı. Görün,
atama necə oxşayır”.
Heyrətlənirəm:
eynən İsi Məlikzadənin fotolardakı
cavanlığıdır: ciddi, qarayanız, çəlimsiz...
“Atamın adı İnşallah olub, qonşunun
uşaqları, tay-tuşları
zarafatlaşırmışlar. Sonra əmisi İsi
adını qoyub”.
Öyrənirəm ki, İsi müəllim 1995-ci ildə
film çəkilişi ilə bağlı rayona getməliymiş.
Evə gəlib,
özünü pis hiss etdiyini deyir.
Dava-dərmanın xeyri olmur.
Yazıçılar poliklinikasına aparsalar da... əcəl
aman vermir.
Ruhu
şad olsun!
Cavid ZEYNALLI
525-ci qəzet.- 2012.-
14 yanvar.- S.18-19.