Seyid Miriş ağa
“...Orda
bir dağ var uzaqda,
O dağ
bizim dağımızdır.
Enməsək
də, çıxmasaq da,
O dağ
bizim dağımızdır”.
Əhməd
Qüdsi Tecer
Eh,
qırx da gəlib çatdı. Hələ il
də gələcək, qərinə də, əsr də...
Dərd də,
kədər də, sevinc də insan kimidir, doğulur, yaşa
dolur, qocalır, sonra da ölür...
Bu dünyada qocalmayan, ölməyən yalnız
ruhlardır.
Bəli, ruhlar qocalmır, ruhlar ölmür! O kəslərin
ki, onlar müqəddəsdirlər, onlar əməli salehdirlər!
Onlar təkcə doğulduqları ölkənin yox, mənsub
olduqları millətin yox, bəşəriyyətə məxsus
insanlardır! Onların ürəyi bəşəri
duyğularının yuvasıdır. Onların
ruhu günəşə çevrilib insanlara əvəssiz
işıq, nur, xeyirxahlıq, bərəkət, halallıq,
saflıq bəxş edir. Sənin ruhun da,
səni tanıyanlar, səni sevənlər üçün
qırx gündür ki, dağlarda çaxan şimşəyə,
üfüqdə parıldayan şəfəqə
dönüb, yolunu azanlara bələdçilik edir.
Qoy bu ruh
heç vaxt pərişan olmasın, Seyid Miriş ağa!
Qəbrin
nurla dolsun, ey nurdan doğulan nurlu insan!..
lll
Qafqazın ikinci Şeyxülislamı Axund Fazil İrəvaninin
yeganə nəvəsi və varisi Mirzə Sadiq rəhmətə
gedəndən qırx gün sonra Urud kəndinin
ağsaqqalları bir yerə yığışıb belə
qərara gəldilər ki, müqəddəs ocağı
boş qoymasınlar. Həm də oranı elə adama etibar
etsinlər ki, dürüstlüyünə, əməli
salehliyinə görə müsəlmanlar arasında
tanınmış olsun. Xeyli götür-qoydan, məsləhət-məşvərətdən
sonra axırda Ordubadın Vələver kəndindən
vaxtı ilə Sisyanın Qızılcıq kəndinə
mömin şəxs kimi dəvət olunmuş, 17 il orada
yaşayandan sonra Uruda köçən, Zəngəzur,
Naxçıvan, Qarabağ mahallarında, hətta Orta Asiyada
adı hörmət və etiramla çəkilən
ağır cədd və kəramət sahibi Seyid Mirismayıl
ağaya pənah apardılar.
Seyid
Mirismayıl ağa onları səbrlə dinləyəndən
sonra dedi:
–
Düzdür, yaşlı ağacı bir yerdən
çıxarıb başqa yerdə əkmirlər, amma mən
iki şeyə görə təklifinizi qəbul edirəm. Birincisi, o cür möminlərin müqəddəs
ocağı boş qalmasın. İkincisi
də mənə inanmış, pənah gətirmiş sizin
kimi Allah bəndələrini ümidsiz qaytara bilmərəm.
lll
Seyid Mirismayıl ağa axar-baxarlı Urud kəndinə
də, səmimi, istiqanlı, hörmətcil Urud camaatına
da çox tez alışdı. Hətta ona elə gəlirdi ki, elə
burda – Bazarçayın sahilində doğulub, “Pürül”,
“Gəncalı adası”, “Bal bağı” və “Güllü
bağ” bağlarında böyüyüb, dupduru,
şipşirin sulu “Zor bulağ”ının suyundan içib, “Sarı
güneyə”, “Üztəpə”, “Güllü yurdu”,
“Hacallı” yaylaqlarının saf havasını udub.
Seyid Mirismayıl ağa Mirzə Sadığın abad
mülkünü, bağ-bağatını əlinin zəhməti,
alının təri ilə daha da gözəlləşdirdi. Allaha xoş
gedən çoxlu savab işlər gördü,
ocağını ziyarət edən, cəddinə pənah gətirənlərin
sayı gündən-günə artdı.
...Bu
ocağa kimlər gəlməzdi. Ümidi hər
yerdən üzülənlər, uşağı olmayanlar, xəstə
və şikəstlər. Belə deyirlər
ki, həmin xəstələr bir gecə ağanın evində
qalandan sonra şəfa tapıb, evlərinə dönərdilər.
Kim ki, sidq ürəklə niyyət edib,
ocağa nəzir deyirdisə, mətləbi hasil olurdu.
Ocağa Sisyan camaatından başqa Azərbaycanın əksər
yerlərindən Füzulidən, Cəbrayıldan,
Ağdamdan, İmişlidən, Naxçıvandan, Zaqataladan,
hətta Orta Asiyadan, xüsusilə Qazaxıstan və
Qırğızıstanda yaşayan azərbaycanlılar da pənah
gətirirdilər.
Xalq arasında ocağa o qədər inam vardı ki, hətta
bəziləri “filan işim düzəlsin, oğlum gedib Seyid
Mirismayıl ağanın bir ay qulluğunda dayansın” – deyə
niyyət edirdilər.
Seyid Mirismayıl ağa ocağa gətirilən nəzirləri
həmişə xeyirxah işlərə sərf edirdi. Ərə gedən
kasıb qızlara cehiz verirdi. Kimsəsiz bir adam dünyasını dəyişəndə
dəfnini təşkil edər, ehsan verər, mərhumu
müsəlman adət-ənənəsi ilə son mənzilə
yola salar, yasinini oxuyardı. Ümumiyyətlə,
Seyid Mirismayıl ağa imkansız adamların nəzirlərini
götürməzdi, qəlbinə toxunmamaq üçün
son dərəcə nəzakətlə deyərdi ki, bunu da mən
sənə bağışlayıram, halal xoşun olsun.
Ən qəribəsi o idi ki, ətrafda yaşayan ermənilər
də dilək tutur, diləkləri qəbul olunanda nəzir-niyaz,
pay-puşla Seyid Mirismayıl babanın ocağını ziyarətə
gələr və onun cəddini cağırıb, qurban –
sadağa edərdilər.
lll
Seyid
Mirismayıl ağa rəhmətə gedəndə (1954-cü
il) böyük oğlu Seyid Miriş
ağanın iyirmi yeddi yaşı vardı. Atasını
müsəlman qanunları və el adəti ilə adi Urud qəbirstanlığında
dəfn etdi, qəbrin üstündə kümbəz tikdirdi.
Çox çəkmədi ki, Mirismayıl
ağanın evi kimi qəbri də ziyarət yerinə
çevrildi, adamlar ora nəzir gətirir, günbəzin ətrafında
qurban kəsirdilər.
lll
Ot
kökü üstə bitər deyiblər. Seyid
Miriş ağa cavan olsa da, özünü oturuşmuş,
yaşlı adamlartək ağır aparır, atası kimi
ehtiyacı olanlara, kimsəsizlərə, yetimlərə əl
tutur, səxavət kisəsinin ağzını həmişə
açıq saxlayırdı. O yaxşı bilirdi ki, illər
uzunu qazanılmış ad-san, etiqad, inam, ümid yeri,
şan-şöhrət onun ocağından çox
asılıdır. Əlbəttə, illərlə
qazanılmış hörmət-izzəti qoruyub saxlamaq şərəfli
olduğu qədər də, çətin və məsuliyyətli
idi.
Fəqət, hər bir adamın xəlbirdən
keçdiyi, sınağa çəkildiyi bir məqam olur.
1988-ci il, azğınlaşmış erməni
ekstremistləri illər boyu hazırladıqları mənfur
planı həyata keçirmək üçün min oyundan
çıxırdılar. İştahları böyük idi:
Ermənistanı türklərdən təmizləmək,
Dağlıq Qarabağı və ona bitişik əraziləri
– Ağdamı, Fizulini, Kəlbəcəri, Qubadlını,
Laçını, Cəbrayılı, Zəngilanı zəbt
etmək! Bəli, dünən Seyid Mirismayıl
ağanın ocağına nəzir gətirənlər bu
gün onun yurd-yuvasını dağıtmağa, viran
qoymağa hazır idilər.
lll
Günlərin
bir günü üz-gözünü tük basmış,
saqqallı erməni qulduru Seyid Miriş ağanın
qabağını kəsib deyir:
– Ara, sən
istəsən evini Bakıya, Sumqayıta, Gəncəyə dəyişə
bilərsən. Oralarda bura gəlmək istəyən
erməni çoxdur. Nəyi gözləyirsən?
Seyid
Miriş ağa sərt şəkildə:
– Mənim
evim ocaqdır, ocağı nə dəyişərlər, nə
də satarlar – cavab verir.
–
Özün bilərsən. Məndən deməkdir.
Bir gün görəcəksən, mal-qaranı
qırıblar, bir gün görəcəksən,
ağaclarını kəsiblər, bir gün görəcəksən,
tayana od vurublar. Nədir?
Gəmidə oturub, gəmiçi ilə dava etməyəcəksən
ki?
Seyid
Miriş ağa daha dözmür:
– Ə, sən nə həyasız adamsan? Nə vaxtdan gəmiçi
olmusan? İrəvan
xanlığının axırına
çıxmısınız, indi də
gözünüzü tikmisiniz Qarabağa? Əl çəkin
türk torpaqlarından! Sizinki lap, yersiz qəldi,
yerli qaç oldu. Mənə toxunan xeyir tapmaz!
lll
...Bir
milis Civan varmış, Urudun sahə inspektoru. Ona Sisyan rayon
partiya komitəsinin 1-ci katibinin göstərişi ilə rəisi
1974-də aprelin 24-ü uydurma, genosid günündə
Qubadlının qışlağından qayıdan
günü Seyidin 90 baş qoyun-quzusunu, 10 baş
mal-qarasını dabaq adı ilə kəsmək
tapşırıqı verilmişdi. Mal-qaranı kəsdirəndən
sonra Seyid Civanı haqsız iş gördüyünə
görə Allaha tapşırır. Aradan bir ay
keçmir ki, Civan elə Üçtəpədə
qoyun-quzunu, mal qaranı kəsdirildiyi yerdə motoskiletlə qəzaya
uğrayıb cəhənnəmə vasil olur.
Min illərlə adı Üçtəpə olan həmin
yerə camaat “Civanölən” deyirdi.
Demə, həmin Civan Seyid Miriş ağanın
qabağını kəsən saqallı erməninin
dayısı imiş.
– Ara, mənim
dayım nə elədiyini də yaxşı bilirdi. Genosid günü biz üç milyon insan qurban
vermişik, sən də 100 baş qoyun-quzu, mal-qara. Hələ bir danışırsan? İndi ki,
belə oldu, sənə üçcə gün möhlət
verirəm: evini ya dəyiş, ya da sat, yoxsa peşman olarsan,
bir böyür-başına bax da, hamı gedir...
lll
Seyid Miriş evinin nə dəyişdi, nə də
satdı. O, həqiqətən
də bu əqidədə idi ki, ocaq nə satılmaz, nə də
dəyişdirilməz. Odur ki, 1988-ci il
dekabr ayının 2-də el-oba ilə birlikdə doğma
yurdu tərk elədi, amma günlərin bir günü
hökmən geri qaytarmaq ümidi ilə. Seyid Miriş ağa
qəlbən inanırdı ki, qec də olsa, işıq
zülmətə, haqq haqsızlığa, həqiqət
yalana qalib gələcək...
lll
Tanınmış
şair-publisist Musa Urud itirilmiş Qərbi Azərbaycan ellərinin
tarixi taleyindən, etnoqrafiyasından, adət-ənənəsindən
dəyərli insanlarından geniş söhbət
açdığı “Urud” kitabında yazır: Biri var idi,
biri yox idi, Allahın altında, dağların
qucağından, dünyanın pisliyindən və naqisliyindən
xəbərsiz yaşayan 110 evli bir kənd var idi.
Əzəli və əbədi türk məskəni olan
bu kəndin qədim qəbiristan və qəbiristanın
yanında şəstlə ucalan Babək qalası var idi. Bütün kənd
hər səhər qibləgah kimi ora baxıb salavat çevirərdilər.
İndi
rüzgarın üzü döndükcə qəbiristandan qədim
qəbir daşları tədricən daşınan həmin
qalanın adı dəyişdirilib “David berd” qoyulan Urudun sərgərdan
övladları harada yaşamalarından asılı olmayaraq,
hamısı hər gecə üzü eyni bir səmtdə
yatır, eyni yuxunu görür – yamyaşıl salxım
söyüdlərin altında ağayana-ağayana axan Bazar
çayı, çayın bir sahilində qürurlu, məğrur-məğrur
ucalan Babək qalası, o biri sahilində isə
babalarımızın məzarı olan, üstündə sərgərdan
ruhlar dolaşan minillik kənd qəbiristanı. Bu adamlar bundan
sonra qərinələr ötsə də, gecələr o
yuxunu görəcəklər və arxasında o qala, o məzarlıq
olan dağlara tərəf baxıb salavat çevirəcəklər...
lll
Doğma
yurdunu tərk etmək zorunda qalan, dünya malında
gözləri olmayan urudluların indi yalnız bir
nigarançılığı var: Ulu əcdadlarının
uyuduqları qədim qəbiristanlıq... Görəsən
ermənilər oranı da dağıdacaqlarmı?.. Ocağa, inam, etiqad yerinə
çevrilmiş qəbirin üstündəki günbəzi
uçuracaqlarmı? Yəqin ki.
Axı, onlar türk tarixinə, mədəniyyətinə mənsub
hər şeyin, bütün maddi və mənəvi
varlığın, dəyərlərin izlərini silməyə
adət ediblər...
Sən demə, urudlular nigaran olmaqla haqlı imişlər. Hər cür təhlükəni
göz altına alan şair Musa Urud çətin
də olsa, doğma yurda gedə bildi və təəssüf
ki, oradan acı xəbərlə döndü: qədim
türk qəbiristanlığındakı məzarlar kimi,
Seyid Mirismayıl ağanın qəbrinin günbəzi də
dağıdılmışdı. Urudlular qisasa qisas! – deyəndə Seyid Miriş ağa onları
sakitləşdirib təmkinlə “Yox, biz erməni qəbiristanlığını
dağıtmayacağıq. Bu dünyada hər xalq öz adına layiq iş tutur. Vandalizm
– mədəniyyətsizlikdir, vəhşilikdir və heç
kimə baş ucalığı gətirmir. Biz o torpaqlara qayıdacağıq, hökmən
qayıdacağıq. Dağıdılmış
qəbiristanlığımızın yenidən möhtəşəm
“İnsanlıq” abidəsi ucaldacağıq!” söylərdi.
Elə bu
arzu ilə də dünyadan köçdü...
lll
Eh,
qırx da gəlib çatdı. Hələ il
də gələcək, qərinə də, əsr də...
Dərd də,
kədər də, sevinc də insan kimidir, doğulur, yaşa
dolur, qocalır, sonra da ölür...
Bu dünyada qocalmayan, ölməyən yalnız
ruhlardır.
Bəli, ruhlar qocalmır, ruhlar ölmür! O kəslərin
ki, onlar müqəddəsdirlər, onlar əməli salehdirlər!
Onlar təkcə doğulduqları ölkənin yox, mənsub
olduqları millətin yox, bəşəriyyətə məxsus
insanlardır! Onların ürəyi bəşəri
duyğularının yuvasıdır. Onların
ruhu günəşə çevrilib insanlara əvəssiz
işıq, nur, xeyirxahlıq, bərəkət, halallıq,
saflıq bəxş edir. Sənin ruhun da,
səni tanıyanlar, səni sevənlər üçün
qırx gündür ki, dağlarda çaxan şimşəyə,
üfüqdə parıldayan şəfəqə
dönüb, yolunu azanlara bələdçilik edir.
Qoy bu ruh
heç vaxt nigaran qalmasın, Seyid Miriş ağa!
Qəbrin
nurla dolsun, ey nurdan doğulan nurlu insan!..
P.S. Bu
esseni yazmaq qərarına gələndə dostum, görkəmli
şair Musa Urudla məsləhətləşdim.
“Yaz!” –
dedi və yazdım.
Çox sağ ol, əziz dostum, gözəl şair
Musa Urud!
Hüseynbala MİRƏLƏMOV
525-ci qəzet.-
2012.- 14 yanvar.- S.15.