Yol ROMANI (9-cu hissınin davamı)
(Əvvəli
ötən şənbə saylarımızda)
EPİLOQ
Bəşər övladı neçə min illərdi
yol salır. Hər dövr öz nəqliyyat vasitələrinin
yolunu qurub. Ağac döşəyiblər,
kəsmə daş düzüblər, beton töküblər.
Yollar insan mədəniyyətinin bir parçası
olub. Və həm də istəyinin... Harasa getmək istəyinin,
özü olmaq istəyinin, özündən qaçmaq istəyinin...
Yollar bəzən onları qurub düzəldənlərin
adıyla bağlanıb, bəzən ordan keçib gedən
hakimlərin adıyla, bəzən də ordan daşınan
qiymətli yüklərin adını daşıyıb.
Müharibələr və ticarət karvanları yol
anlayışına yeni bir anlam verib. Qədim Romalılar
bütün fəth etdiyi torpaqlarda şəbəkə yollar
qurub, əsas yola bağlayıblar. İmperiya
genişləndikcə yollar rahatlaşıb. Amma əsas
olan budu – bütün yollar Romaya aparıb... Romaya...
İnsan varsa yol da var. Qısası bu. Və hər dildə
olsun gərək Yol sözünün birbaşa, ya da məcazi
anlamı.
Ömrümüz boyu bu anlamları getdiyimiz yollarla
daşıyırıq – “Yola düşürük”, “yola
gedirik”, “yol tapırıq”, “yoldan çıxırıq”,
“yola veririk”. Həyat yolumuzu bəlirləyən,
bizi-biz edən bu anlamlardan hansının daha üstün gəlməsidi.
Öz Yolumuzu beləcə tapırıq...
Bütün yollar Romaya aparır. Ha Romaya, ha Romana...
Anamı ağlatdı bu Roman mənim. Çox danışdım
özümlə... Uşaqlığımgilə
dəydim, oyuncaqlarımgilə dəydim. Bəzən
gizlətdim özümü, bəzən bütün
çılpaqlığı ilə baxdım özümə.
Mutsuzluqdan bir şey yapamaz olunca mutsuzluğu
düşünməyə başladım. İşıqlı qaranlıqda ulduzlarla
danışdım, o uzaqlıqdan öz yaxınıma
qayıtdım. Ümid yolun açdım... İstək
varsa, ümid də var... Ümid varsa inam da var... Bu Varların içində yoxluqları itirməyə
çalışdım. Çalışdım hər
halda...
Sonra bu
ötüb-gedən ili təhlil etməyə
çalışdım. Bu qədər dəyişimlərin
üst-üstə gəlmələrinin səbəbini axtarmaq
istədim. Və mənə heyrət verən
bir kəşflə üzləşdim. Sən demə,
2011-ci il Mayya təqviminə görə,
Şimşək iliymiş, mən də həmin ildə
doğulmuşam, yəni anlayacağınız mənim Mayya təqvimindəki
bürcüm Şimşəkdi. Maraqla
bürcün özəlliklərini oxudum və gördüm
ki, tam isabət. Bu təqvimə görə
Şimşək ən üstün bürcdü və
dünyanın çox məşhurları həmin
Şimşək günündə doğulublar. (Dahi olduğun bir daha təsdiqləndi, Qumral
gözlüm). Bu adamlar çox
emosionaldılar, hətta çox sakit olduqları vaxtda da
gözlərindən daxili gərginliyi və hisslərinin
gücü bilinirmiş. Elə şimşək
kimi çaxıb anidən hər şeyi
işıqlandırmaq gücü varmış. Bu Şimşəyin həm pozitiv, həm də
neqativ hisslərinə aidirmiş. Və dəyişkən
halları olurmuş Şimşəyin, anidən böyük
sevinci anlaşılmaz kədərə dönüşə
bilirmiş. Amma onlar lap kiçik
yaşlarından öz güclərinə bələd
olduqlarından hər zaman bu gücü istiqamətləndirməyi
və yönətməyi də bacarırlarmış. Və
öz iç dünyası ilə əbədi savaş
onların simasına bir tragik möhür də vururmuş. Xasiyyəti başına bəlaymış
Şimşəyin – içindəki həyəcanlar, təbəddülatlar
rahat qoymurmuş onu ömrü boyu. Bu
xasiyyət onun ətrafındakı adamlara da çox əziyyət
verirmiş (Tofiq abi necə yazmışdı mənim
haqqımda – Sənsiz yaşamaq çətin, səninlə
yaşamaq zor). Diqqət çəkə bilir, diqqət
mərkəzində ola bilir və buna səbəb
onun xarici görkəmi, ən əsası isə şimşək
kimi çaxan gözləriymiş. Bu adamlar
özlərini daha çox sənətdə, ədəbiyyatda
realizə edə bilirlərmiş. Nüvə
enerjisi kimidi Şimşəklər – həm
dağıdıcı, həm də yaradıcı özəlliyi
var. Və Şimşək həyatını məsud
yaşamaq istəyirsə, içindəki hüzuru bulmalıdı.
O zaman heç kimə müəssər olmayan zirvələrin
fəthi şəksiz bir şey. Tam bir bəlaymış bu
Şimşək!
Ay aman, il ötüb-gedib və mən – Şimşək
indi öyrənirəm bunları. İndi agah
olur mənə bəzi hikmətlər. Bu
Mayya təqvimi indi çox aktual olub axı – deyirlər 2012-ci
ilin dekabrında dünya dağılacaqmış. (Əslində belə deyil təbii. Təqvimə görə, bir günəşin
dövrü bitir və yeni dönəm başlayır).
Cəhənnəmə dağılsın, mən öz
Şimşək ilimi yaşadım, Yolumu getdim.
Hər şeyi demək də, danmaq
çətin... Arabir bu gizli dərd udur məni...
Yolu getdim. Neçə sərhəddən keçdim, ötəri
də olsa baxdım... Nəyə
baxdığımı gözlərim gördü. Gözlərimin gördüyünün bir qismini sizə
də göstərdim. Qəlbimin
gördüyünü saxladım. Qırxıncı
otaq qapalı qalmalıdı. Açılsa
fəlakət olar dedilər. Niyə olsun ki?.. Qapalı ölkədən keçdim –
insanların üzündə dərd-ələm
gördüm... Qapalıydılar – əyinləri də,
ruhları da... Dili-ağzı bağlı... Hətta məzarları
da dəmir barmaqlıqlarla örtülmüşdü...
Altdan-üstdən... Beləsini heç yerdə görmədim...
Necə yaşayırlar, elə də ölüb-gedirlər...
Örtülü, qapalı... Anlamadım – bunlar
ölülərini də niyə həbs edirlər, niyə dəmir
barmaqlıqlar altında yatırdırlar? Yadımdadı,
nənəm bizə vəsiyyət edərdi ki, “üstümə
sinə daşı qoymayın”. Qiyamət gününə
inanırdı qadın – hər kəsin bir gün məzardan
qalxacağına inanırdı...
Əməl etmədik, sonra fikirləşirdim həmişə
bunu. Fikirləşirdim ki, bizə günah yazıldı.
Amma indi dəmir qəfəsin içində
yatan bu məhkum – ölülər də qiyamət
günü yəqin zindanla əlləşməli olacaqlar.
İndi həm də düşünürəm ki,
neçə minillik tarixi olan bir dövlətin yollarıyla
gedə-gedə niyə nekro-düşüncələrdən
qurtula bilmirdim.
Dağ yolları, yamacda məzarlar, o biri tərəfdən
də çay axır. Araz axır... Çayın
o biri sahilində də müharibə viranələri.
Xaraba kəndlər... İçimə
çökmüş ağırlıqdan qurtula bilmirdim.
Yolun bitməsini istəyirdim. İncitdi məni...
Bu bölgənin gələcəyini təsəvvür
etməyə çalışırdım, ağlıma
qorxudan başqa heç nə gəlmirdi. Bir də kəndlərin
içindən keçəndə miskin
görünüşlü insanlara baxıb da
Çalıquşu Fəridənin müəllimlik etdiyi
köyü xatırladım, cocuqları da ölü oyunu
oynayan köyü. Qorxu üzərində
bərqərar səltənət.
Sonra bu
qorxunun hətta qoxusunu hiss etdim, səsini duydum, soyuqluğu
üşütdü məni. Yaxın, doğma
adamların bir-biriylə pıçıltıyla
danışması ürpəndirdi məni. Nə şüşə kimi yollar, nə təmizlikdən
parıldayan küçələr, nə bol havalı meşələr
ciyərdolusu nəfəs almağa imkan vermədi.
Narahatlığın içində rahat olmaq... Könül
xoşluğu bulmaq... Xülya... İlğım...
Böyük İmperiyalar qurmuş babaların
torpaqlarında gəzdim, dolaşdım. Çox düşündüm
– nəyi tapdıq, nəyi itirdik? Cavabını da tapa
bilmədim, itmişdi əsrlər öncə...
Dəyişimlər
yolu... Özümdən-özümə yol... Bir ömür xərclədim
bunun üçün... Büdrədim, yıxıldım,
qalxdım...
Sonra bir gün həyatım dəyişdi bütün mənalarda. Hətta
düzənim, günümün axarı dəyişdi. Deməli, boş şeymiş deyəndə ki, bəlli
bir yaşdan sonra insan heç nəyi dəyişə bilməz,
bu dəyişimlərə dözə bilməz. Əksinə, insan hər zaman dəyişimlər
özləmi ilə yaşayır. (Özləmək
və gözləmək sözlərinin etimoloji
bağlılığı varmı? Bilməm
ki, filoloq deyiləm).
Kimsə özünə etiraf edə bilir bunu, kimsə də
edə bilmir.
Amma ürəyinin dərinliyində var hər kəsin.
Etirafa gedə bilməyənlərin həyatında
nəyin dəyişib-dəyişmədiyi haqda ancaq fərziyyə
yürütmək olar.
Çevrəsi olan, sevilən, sevilməyən kimsələri
olan biriləriyik, boşluqdan nəyəsə əl
atmırıq.
İzahı bu deyil – yalnız özümüzün bildiyimiz
çox və ya az nəsnələrdən
biri də budu.
Kəşf elədim özümü – hər dəliliyi,
çılğınlığı edə bilərəmmiş. Gecikdiyinə
təəssüf edə bilərəm bəlkə, bəlkə
də təəssüfə dəyməz. Belə
olmalıymış yəqin... Bəlkə də
içimdə yaşatmaqla tale məni bu şəkildə
qoruyub. Olmalıydı amma... Xoş dəqiqələr də,
günlər də, əzab-əziyyət də... İncimək, küsmək də hər şeydən.
Hamıda olan kimi... Vaxt dəhşətli bir
şeydi, bunu hər gün hiss edirəm. Və
bütün olanları fəlakət kimi, ya taleyin töhfəsi
kimi qəbul edəcəyimi də bilmirəm. Cavabım yoxdu – amma təsadüflərə
inanmıram artıq.
Donmuş, lehimlənmiş həyatıma cərəyan
gəldi, damarlarımda qan dövran eləməyə
başladı.
Qüdrət... Səadət bildiyim hər şey cirəylə...
Amma getdiyim Yol ömür yoluymuş.
Yolu gedib də Qırxıncı otağın
kandaında dayandım. Yasaq odanın... Açmaq olmaz dedilər.
Açıb-görəcəyin nə ola
bilər ki... Otu itin qabağına, əti atın
qabağına qoyublar... Bütün
Qırxıncı otaqları qır-dağıt, Qumral gözlüm.
Yeni yollar ara-bul... Getdiyin yolu anlaya bilsən, tanıya bilsən
heç nə çətin olmazmış... Mövlana
der ki, ağılın kimyası və aşkın kimyası
başqadı. Ağıl təmkinlidi,
qorxa-qorxa atar addımlarını. “Aman,
ehtiyatlı ol”- deyər. Halbuki aşk böylə deyil. Onun tək dediyi – “Burax, içindəki məhbusu,
qoy getsin”.
Ağıl kolay-kolay yıxılmaz. Aşk isə kendini
yıpratar, viran edər. Xəzinələr və
dəfinələr isə xarabalarda bulunar. Nə varsa
viran olmuş qəlbdə var! Bu həyatda təkbaşına
inzivada qalaraq, sadəcə kendi səsinin yankısını
duyaraq Həqiqəti kəşf edəməzsin. Kendini ancaq bir başqa insanın aynasında tam olaraq
görə bilirsin. Nə yönə gedirsən get –
Doğu, Batı, Quzey, ya da Güney –
çıxdığın hər yolçuluğu içinə
doğru bir səyahət olaraq düşün! Kendi içinə yolçuluq edən şəxs,
sonunda ərzi dolaşır. Səndən
yepyeni və təptəzə bir “Sən” zühur edə bilməsiyçün
zorluklara, sancılara hazır olman gərəkir.
Yer üzündə yollar bitməz. Həm yollarım, həm
sözlərim, həm də konuşan gözlərim var...
Yolları gəzdim, gözlərimlə baxdım, sözlərimlə
dedim. Yolun bitdiyini düşünmək
aldanışdı dedilər. Bitməz... İnsan
qəlbi isə ən böyük müəmma. Bu labirintdə azmaq ehtimalı da var.
Şimşək Qadın, sən ordan gəldin axı,
göylərə bax, sonra istək aynasına bax.
İstək
aynasına baxıb da min işıq ili
ötədə, neçə ulduz dumanlığı ötədə
yaşayan birinə de sözlərini. Susacaq ayna, cavab gəlməyəcək...
Hər şeyi demək də, danmaq da çətin...
Və
anlayacaq ki,
Qumral
gözlü dev...
BİTMƏZ !
May, 2011- yanvar, 2012.
İradə TUNCAY
525-ci qəzet.-
2012.- 14 yanvar.- S.14.