Rəsmi qonaqpərvərlik

 

TƏMİZ, TƏHLÜKƏSİZ, RAHAT...

 

Fransız dizayneri Jean Marie Massaud dünya üzərində bütün təbii gözəlliklərin otel dəyişmədən görülə bilməsi üçün dahiyanə bir fikir irəli sürdü. Uçaraq hər yerə gedə bilən və panoramik görünüşə sahib zeplin otel “Manned Cloud” (İnsanlı bulud) 40 sərnişin və 15 işçi tutumludur. Bu “otel” heç bir yanacaq sərf etmədən 5 min km yol gedə bilir və 5500 m yüksəkliyə qədər havalana bilir. Uçan otel uzun mənzili sayəsində üç gündə Atlantik Okeanını keçə bilir. Boyu 210 metr maksimum sürəti 175 kilometr olan uçan oteldə 20 otaq, restoran, spa mərkəzi, kitabxana, bar və idman salonu var. Ayrıca 600 kvadrat metrlik panoramik görünüşə sahib bir pəncərəsi var. Nəhəng uçan otel istənilən uyğun bir yerə də enə bilir. Bu otel 2020-ci ildən fəaliyyətə başlayacaq. Təbii ki, bütün bu ideyalar otel biznesində qabaqcıl mövqe tutmaq üçün irəli sürülür. Ümumiyyətlə otel tikmək və onu idarə etmək yüksək bacarıq tələb edir.

 

Ulduzlara görə tələblər

 

Otellər turizm sənayesinin inkişafında mühüm yer tutur. Otel tikərkən əsas məsələ turistlərin yerləşdirilməsi üçün əlverişli imkanların yaradılmasıdır. Turistlər qaldıqları oteldə üç mühüm məsələyə önəm verir. Bu üç məsələ turistin qaldığı yerin təmizliyi və gigiyenik tələblərə cavab verməsi, təhlükəsizliyi və rahatlığıdır.

Azərbaycanda otel tikintisi və yerləşdirmə yerləri standartlaşdırılma və lisenziya əsasında fəaliyyət göstərir. Bu məsələ “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı əsasında həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyi otellərin lisenziyalaşdırılması üçün bir sıra tələblər qoyub. Otellərin aid olduğu kateqoriyalar ulduz simvolu ilə göstərilir. Ulduzların sayı göstərilən xidmətin keyfiyyəti ilə mütənasibdir. Yəni, hər otelə veriləcək ulduza uyğun olaraq xidmət tələbləri olur. Çox ulduzlu otellər daha yüksək xidmətlər vəd edir. Qapının ölçüləri, liftlərin və otaqların sayı, maşın park edilməsi üçün yer, otaqlardakı istimə və soyutma sistemləri, otel barındakı olan içkilər, otel otağındakı xidmətlərin müxtəlifliyi, mətbəxdəki menyuların müxtəlifliyi, otelin qarşısında müştərilərin yağış, qardan qorunması üçün olan çıxıntının ölçüsü belə, otelin standartları ilə tənzimlənir. Məsələn, birulduzlu otel xidmətlərində mühafizə xidməti, ehtiyat işıq, üçdən çox mərtəbə olduqda lift, xidmətçilərin çağırışı üçün düymə, şəhərdaxili və şəhərlərarası telefon, içəridən bağlanan qapılar, tavandan və yerdən işıqlanma sistemi, gərginliyi göstərən elektrik razetka, radioqəbuledici, üst paltarı üçün paltarasanlar, səhər yuxudan oyatma, beş gündən bir yataq üzlüklərinin dəyişdirilməsi otağın qaranlıqlaşmasını təmin edən sıx pərdələr, yanğından mühafizə xidməti, tibbi tələblər və s. daxildir. İkiulduzlu otellərdə isə bütün bu xidmətlərlə yanaşı uşaq çarpayıları, otaq üçün şkaf, restoran, üç gündən bir yataq üzlüklərinin dəyişdirilməsi, restoranda yerlərin bronlaşdırılması, səhər yeməyinin nömrəyə gətirilməsi və s. daxildir. Üçulduzlu otellərdə isə xidmətlər bir qədər də geniş çeşidlidir. Məsələn, bura işıqlı emblem, qaraj, 24 saatdan az olmayaraq əsas içıq və avadanlığın işini təmin edən stasionar generator, daimi su təminatı, iki mərtəbədən çox olduqda lift, masa lampası, hər otaqda rəngli televizor, iş kürsüsü ilə yazı masası, xarici dillərdə məlumat materialları, yazı ləvazimatı dəsti, əl-üz sabununun istehsal edən firmanın qabında verilməsi, kağız salfetka, istirahət zonasında xalça, biznes mərkəz, əlaqə üçün elekron vasitələr, sürətçıxaran texnika, bar, işçi heyəti üçün geyim forması, xidmətlərə uyğunlaşdırılmış xidməti nişanlar daxildir. Bütün bu xidmətlərdən bir qədər də geniş xidmətlər isə dördulduzlu otellər üçün məcburidir. Bura, enerji ilə işləyən bütün avadanlıqların işini təmin edən generator, suyun əlavə təmizlənməsi üçün avadanlıq, ilboyu bütün otaqlarda soyutma sistemləri, bir mərtəbədən yüksək olduqda lift, qonaqlar üçün ayrılmış liftdən əlavə xidməti lift, seyf qıfılları, istiliyi fərdi tənzimləmək üçün termostat, ən azı 37 sm diaqonallı və dünyanın əsas telekanalrını qəbul edən televizor, mini-bar, mini-seyf, hər otaqda tam boy güzgü, şampun, gel, lasyon, gözəllik salonu, səhər yeməklərinin menyusunun otağa gətirilməsi daxildir. Beşulduzlu otellərdə isə bütün bu sadalanan xidmətlərlə yanaşı, otel nömrəsinin axşama hazırlanması, sauna, danışıq aparmaq üçün telefakslar, hər bir qonaq üçün vanna xalatı və ayaqqabısı, vanna otağında yerin istiləndirilməsi və s. daxildir. Beşulduzlu oteldə yalnız Azərbaycan mətbəxinin menyusu ilə kifayətlənmək olmaz. Burada tanınmış ölkələrin mətbəxləri məsələn, italyan, fransız, çin, yapon, türk, ərəb mətəxi də təqdim olunmalıdır. Əgər otel iki ulduzludursa, əksinə, orada yapon mətbəxinin olması tələb kimi qoyulmur. Otelə ulduz verilən zaman Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları sadalanan standartların olub-olmamasını yoxlayır və bunun əsasında qərar verir. Azərbaycanda əsas problem həmin standartlar veriləndən sonra başlayır. Otellər yüksək ulduz almağa can atır. Məsələn, otel beşulduz alır və nazirliyin əməkdaşları getdikdən sonra beşulduzlu otellər üçün qoyulan ağır şərtlərdən imtina etməyə başlayırlar. Otel otağına verilən tələblərdən biri onun 24 saat isti saxlanılmasıdır. Yəni kombi sistemi daim işləməlidir. Lakin otelin hər otağında daim müştəri olmur. Buna görə də otel öz xərclərini azaltmaq üçün kombi sistemini söndürür və müştəri gələnə yaxın həmin sistemi işə salır. Bu zaman otaqda rütubət qoxusu əmələ gəlir və bu da müştərini narahat edir. Bu məsələ çox zaman menyuda da özünü göstərir. Məsələn, müştəri restorana gedir və məlum oldur ki, menyuda adı yazılsa da həmin içki menyuda yoxdur. Bu, beşulduzlu otellər üçün arzuolunmaz haldır. Otellər adətən müştəri gələndən sonra menyuunu müəyyənlədşirirlər. Menyuda yazılanlar isə formal olaraq qalır. Bu baxımdan bəzi xidmətlər bizdə yetərincə deyil. Otel tikintisi zamanı uyğun ərazinin seçilməsi, tikinti aparılacaq ərazinin memarlığa uyğunluğunu təmin etmək, müvafiq infrastrukturun yaradılması da əsasdır. Azərbaycanın bütün ərazilərindən turizm məqsədləri üçün istifadə etmək olar. Lakin otel və yerləşdirmə yeri tikmək hər ərazidə olmur. Çünki burada bir sıra tələblər var. Birincisi, kommunal çıxışlar və infrastruktur olmalıdır. Məsələn, Yardımlının ən ucqar yerində otel tikmək istəyən şəxs internet, mobil rabitə və yollar, həmin oteldə yeni ili keçirmək üçün şəraitin mümkünlüyü düşünməlidir. Azərbaycanın şimalında və cənubunda, Lənkəran, Astara, Masallıda, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Qazax-Tovuz Ağstafada, Naxçıvanda Ordubad və Şahbuzda otel tikmək olar. Xüsusilə Kürün sahilində çox gözəl otellər tikilə bilər. Kür çayı yalnız su mənbəyi kimi deyil, həm də turistik vasitə kimi istifadə edilə və bu baxımdan tarixi ənənə bərpa oluna bilər. Kürdə nəqliyyat və turistlər üçün tur təşkil oluna bilər.

 

Kiçik və sərfəli

 

Otel tikmək sərfəli biznesdir. Çünki otelə həmişə tələbat var. Lakin oteli tikməzdən əvvəl marketinq əməliyyatı aparmaq lazımdır. Məsələn, əgər otel Bakıda tikilirsə daha yüksək ulduzlu otel tikmək lazımdır. Burada əyləncə üçün hər cür imkan olmalıdır. Bu otellərə üz tutanların daha çox yüksək gəlirli təbəqənin və xarici qonaqların olduğunu nəzərə alsaq bu zaman müştərinin daha çox olacağını və belə otelin sahibinə daha çox gəlir gətirəcəyini söyləmək olar. Kütləvi turist qəbul edib daha çox gəlir gətirmək üçün isə başqa bir variant münasib ola bilər. Məsələn, əgər vətəndaş Masallıda otel tikmək istəyirsə bu zaman beşulduzlu otel tikməyə ehtiyac yoxdur. Müştərilərin tələbini nəzərə alsaq bu, məsləhət görülmür. Masallıda resort (istirahət evi) tipli təbiət qoynunda olan üçulduzlu, min yerlik və bazarda olan qiymətlərdən aşağı qiymət təqdim edən otelin tikintisi daha münasibdir. Turizm biznesi riskli sahə deyil. Xüsusən, Türkiyənin turizm obyektlərin baxıb onların analoji variantını burada yaratmaq olar. Oteli tikməzdən əvvəl onun dizayn, yerlik sayı, menyusu, brendləşdirilməsi otelin konsepsiyasına uyğun olmalıdır. Məsələn, əgər ailə oteli tikmək istəyiriksə bu zaman həm istifadə olnacaq menyunu, əyləncə yerlərini və hətta otelin rənglərini belə ailə konsepsiyasına uyğunlaşdırmaq lazımdır. Əgər otel bal ayı keçirmək istəyən gənclərə xidmət edəcəksə burada konsepsiya fərqli olur. Dünya təcrübəsində bununla bağlı geniş yayılmış bir təcrübə var. Sahibkar otelə qoyduğu investisiyanın yüzdə birini bu sahədə mütəxəssisə təqdim edir. Mütəxəssis otelin tikiləcəyi yeri, ətrafdakı vəziyyəti, tarixi abidələri, oteldəkilərin asudə vaxtlarının təşkili və s. müəyyənləşdirir. Məsələn, Masallıda otel tikib insanları Bakıdan Lənkərana gəmi vasitəsilə aparmaq olar. Bundan əlavə hava nəqliyyatı, avtobus reysləri, qatarlara xüsusi VİP vaqonlar qoşmaqla gediş-gəlişi təmin etmək olar. Almaniya təcrübəsində maraqlı bir məqam var. Məsələn, otel gənclər düşərgəsi kimi hesablanıbsa onların öz velosipedləriini düşəgəlyə aparmaları üçün otel üçün xüsusi nəqliyyat seçirlər. Burada əsas məslə qiymətin seçilməsidir. Elə qiymət təqdim etmək lazımdır ki, sizin təklif etdiyiniz qiymətlər digərlərindən daha sərfəli olsun. Bizdə otellər bu kimi məsələləri nəzərə almır.

Beşulduz otel həmişə arzuolunan deyil.

Ölkəmizdə iki tip turizm sürətlə inkişaf edir. Birincisi, biznes turizimidir. Azərbaycana gələn xarici turistlərin əksəriyyəti biznes məqsədi üçün gəlir. Onlar buraya müvəqqəti gəlir. Adətən, belə turistlər yüksək ulduzlu otellərdə qalır. Çünki onlar hansısa təşkilatın, şirkətin sifarişi ilə gəlir və vaxt itkisi ilə üzləşmək istəmədiyindən bütün xidmətlərin oteldə olmasını istəyirlər. Onlar yüksək xidmət keyfiyyəti görmək üçün yüksək ulduzlu otellərdə qalır. Ikinci qrup turist kateqoriyasına daxil olanlar isə yerli turistlərdir. Vətəndaşlar yayda və bayramlarda rayonlara səfərlər edir. May-sentyabr aylarında turizm zonlarına, xüsusən, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lerik-Lənkəran, Göygöl, Daşkəsən bölgələrinə turist axını çoxalır. Turistlər belə yerlərdə evlər kirayələyir, çadır evləri qurur və s. Belə insanların arzuladıqları otel aşağı ulduzlu, xüsusi yüsksəksəviyyəli xidmətlərin olmadığı otellərdir. Məsələn, onlar tarixi yerləri gəzmək üçün bələdçi, dağ gəzintisinə getmək üçün xüsusi avtomobil, nəqliyyat üçün xüsusi vasitələr istəmirlər. Bu tip turistləri üçün 2-3 ulduzlu otellər daha sərfəlidir. Çünki belə otellərdə qiymətlər də onlar üçün münasibdir. Gənclər üçün isə gənclər düşərgələrinə, müalicə və bərpa keçmək istəyənlər üçün sanatoriyalara tələbat var. Daha çox ən yüksək və ən aşağı ulduzlu otellərə ehtiyac var. Ən çox tələbat isə rayonlarda aşağı ulduzlu otellərədir.

 

Zaman hər şeyi həll edəcək

 

Hazırda 477 Azərbaycanda otel və 30 minə yaxın yerləşdirmə yeri var. Bu rəqəm normaların altındadır. Dünya bazarında turizm sahəsində özünə yer tutmaq ölkə üçün 30 min çox aşağı rəqəmdir. Dünya standartlarına uyğunlaşmaq üçün bu rəqəmi 100 minə qaldırmaq və onların təxminən 20 000-in beşulduzlu otellərin payına düşməsini təmin etmək mühüm məqsədlərdən biridir. Azərbaycan son vaxtlar oteltutumlu layihələrə ev sahibliyi etmək üçün bir sıra addımlar atır. Bu addımlar sırasına Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün müraciət daxildir. 2024-cü ildə bu məsələ baş tuta bilər. Bu, xeyli müddət kimi görünsə də əksinə tələsmək lazımdır. Çünki otellərin tikilməsi üçün vaxt tələb olunur. Əgər Olimpiya oyunları Bakıda keçirilərsə bunun üçün paytaxtda 20-25 min yerlik otel olmalıdır. Lakin yerliklə yanaşı, otel xidmətləri və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi də buraya daxildir. Oteltutumlu tədbirlər zamanı Azərbaycana yüksək səviyyəli qonaqlar gələcək və onların müxtəlif istəkləri olacaq. Məsələn, qonaqlar kirayə etdikləri hava nəqliyyatı ilə otelin tavnına enmək kimi sifarişlər verə bilərlər. Bunun üçün xidmətlər yetərincə olmalıdır. Ölkədə 2000-ə yaxın beşulduz otel var. Hazırda onların sayının artırılması sahəsində addımlar atılır. Məsələn, Qusar istiqamətində Şahdağ yay-qış Oplimpiya Kompleksinin tikintisi artıq başlayıb. İlk otel gələn ilin dekabrında istifadəyə veriləcək. Bu, 10 min yerlik kompleks olacaq.

 

 

Günay FƏRHADQIZI

 

525-ci qəzet.- 2012.- 14 yanvar.- S.12.