Vahid Qazinin yaddaşından tarix olsun
deyə...
Mən gələcək
nəsillərimizə faydalı ola biləcək ən
xırda bilgini belə özündə içərən
olayların qeydə alınmasına, yazıya keçirilməsinə
tərəfdar olanlardan biriyəm. İnancıma görə,
türk milləti tarixin bütün dönəmlərində
o qədər böyük olub ki, qara torpağı da, mavi
göyləri də yüzdə yüz özünün
saydığı üçün heç zaman
yaratdığı tarixi yazıya köçürməyə
meyl etməyib. Odur ki, öz tariximizi yüz illər boyu ya
Çin, ya da ərəb mənbələrindən öyrənməli
olmuşuq. İllər içində öztürkcə olan
Orxon-Yenisey abidələrini tapanda da bəlli olub ki, istinad
etdiyimiz digər mənbələr bizim haqqımızda birtərəfli,
uydurma tarix yazıbmışlar. Günah isə tariximizi
yanlış yazanlarda deyil, özümüzdə olub. Biz tarix
yaradan millət olmaqla bərabər tarix yazan da
olmalıydıq. Olmalıydıq ki, bu gün bir ovuc erməninin
dünyanı başına almış əsassız
iddialarıyla üz-üzə qalmayaq.
Yuxarıda
yazdıqlarım təsadüfdən qaynaqlanmır. İndinin
özündə də dostlarıma hər zaman tövsiyə
edirəm ki, bütün olanları qeydə alsınlar,
yazıya köçürsünlər. Bu gün bizə ən
adi bir olay kimi görünən hansısa kiçik hadisə,
kim bilir, tarixin hansısa dönəmində bəlkə də
üzərimizə top mərmisi kimi geri dönəcək.
Onda haqlı olduğumuzu sübut etmək üçün
tutarqa axtarmağa başlayanda artıq gec olacaq. Məhz buna
görə, özəlliklə də, ictimai-siyasi fəallığı
olanlarımız başlarına gələn, gözləri ilə
gördükləri hər bir olayı qələmə
almalıdırlar.
Bu
baxımdan həm qələm adamı, həm də
ictimai-siyasi fəal olan Vahid Qazinin çalışmaları
xüsusi olaraq vurğulana bilər. Onun 2011-ci ildə dərc
edilmiş “Yaddaş ləpirləri. Demokratiya yazıları”
adlı kitabı, kim bilir, neçə illərdən sonra
araşdırmaçılar üçün bəlkə də
yeganə tutarqa olacaq. Burada dünyaca ünlü insan
haqları qoruyucularından (əslində dəllallarından)
tutmuş demokratiyaya və demokratikləşməyə həqiqi
mənada ömrünü xərcləmiş insanlar, onlarla
ünsiyyətlə bağlı kiçik, əslində isə
çox gərəkli epizodlar ustalıqla qələmə
alınıb. Bu kitabda bir tərəfdən insan haqları,
insan ləyaqətinə dayalı bir cəmiyyət
aşiqinin təsvirləri yer alırsa, digər tərəfdən
də türk dünyası, türk birliyi uğrunda
addım-addım hərəkət edən bir Azərbaycan
türkünün gözlənimləri ustalıqla, incə
bir şəkildə təqdim edilir.
Kitabı
oxuduqca yazarın son 20 ildə heç də rahat və sakit həyat
yaşamadığını, dünyanın bu başından
o başına bir çox ölkələri gəzdiyini, gəzdiyi
ölkələrdə qatıldığı tədbirlərdə
Azərbaycan həqiqətlərini bəzən normal diplomatik
dildə, bəzən də yurdu-yuvası əlindən
alınmış, uşaqlıq xatirələrini özünə
hopduran torpaqları düşmən tapdağında qalan bir
üsyankar kimi hayqırışlarını görmək və
yaşamaq mümkündür.
Bu kitab,
üzərində işlənəcək çoxlu
mövzularla da zəngindir. Örnək üçün,
Qırğızıstanda, İssık Kul sahilində
keçirilən bir toplantıda qırğız alimin Sovetlər
dönəmində Ermənistandakı Sevan (əslində
Göyçə) gölündən gətirdikləri bir
balığı öz göllərinə buraxandan sonra
başlarına gələnlər bəlkə də erməniliyin
xislətini açmaq üçün çox gözəl
psixoloji bir romanın süjet xəttini təşkil edə
bilər. Alim deyəndə ki, həmin balıqları
Issık Kula buraxdıqdan sonra buradakı bəzi
balıqların nəsli kəsilib, Vahid Qazi dözməyərək
yerindən səslənir ki, “yaxşı ki, oradan balıq
deyil, erməni gətirməmisiniz. Gətirsəydiniz, kim
bilir, indi bəlkə də Qırğızıstanda
qırğızların nəsli kəsilmişdi”.
Başqa
bir maraqlı olaysa məşhur Rusiya (əslində erməni)
hüquq müdafiəçisi Yelena Bonner Alixanyanla
bağlıdır. Əsərin müəllifi hətta
diplomatik nəzakəti belə bir kənara buraxaraq onun
Qarabağdakı “etnik təmizləmə” haqqında
yalanlarını üzünə çırpır.
Özünü Alixanyan soyadı ilə deyil, sadəcə
Bonner kimi təqdim edən bu erməniyə Vahid Qazi
açıq şəkildə deyir ki, “biz sizi Yelena Alixanyan
kimi tanıyırıq”. Bununla da, əslində, toplantı
qatılımçılarına çatdırır ki,
özünü insan haqları qoruyucusu kimi təqdim edən
bu qadın, sadəcə ikiüzlülük edir və yalan
danışır. Yazarın təsvir etdiyi bu
davranışı həmin erməninin öz yalanlarına son
verməsinə, ümumiyyətlə isə uydurmalarla
toplantı qatılımçılarını
yanıltmasına son qoyur.
Kitabda bir
tərəfdə duyğusallıq, bir tərəfdə vətən
və millət yanğısı, başqa bir tərəfdə
isə bəşəri qayğılar özünü
çox uyğun bir ansamblda büruzə verməkdədir.
Rahat oxunan və asan anlaşılan olması baxımından
bu əsər fərqlənir. Özəlliklə də
günümüzdə imla və üslub xətaları ilə
zəngin olan yazıları oxumaqdan bezdiyimiz bir vaxtda olduqca
savadlı, lakonik bir kitab təsiri bağışlayır
“Yaddaş ləpirləri. Demokratiya yazıları”.
Kitabın
adı da, deyəsən, təsadüfi seçilməyib. Bir
tərəfdə yaddaş ləpirləri, bir tərəfdə
də demokratiya yazıları.
Yazının
əvvəlində də qeyd etdiyimiz kimi, hər
gördüyümüz olayı tarixə keçirmək
baxımından bu cür əsərlər olduqca dəyərlidir.
Mənə elə gəlir ki, Vahid Qazi bu baxımdan üzərinə
düşəni yerinə yetirə bilib. Kitabda yer alan
yazılar müxtəlif dönəmlərdə dövri mətbuatda
(xarici mətbuat da daxil olmaqla) dərc edilib. Ancaq onların bir
araya toplanaraq kitablaşdırılması bir növ pərakəndə
tarix ruhumuzun pərən-pərən düşmüş
parçacıqlarının bir-birinə qovuşması
acısından olduqca önəmlidir.
Azər HƏSRƏT
525-ci qəzet.- 2012.- 14 yanvar.- S.9.