Yaddaşın tarixi qoruyucusu
Görkəmli
tarixçi alim Cəmil Həsənlinin 60 yaşı tamam
olur. Çağdaş tariximizin açılmamış səhifələrini
yüksək peşəkarlıqla işıq üzünə
çıxarmaqda Cəmil müəllimin müstəsna xidmətləri
danılmazdır. Cəmil Həsənli Azərbaycanın, eləcə
də başqa ölkələrin – Rusiyanın, ABŞ-ın,
Türkiyənin arxivlərində yorulmaz axtarışlar nəticəsində
əldə etdiyi faktları əsl tarixçi obyektivliyiylə
üzə çıxarır, ümumiləşdirir, nəzəri
cəhətdən əsaslandırır. İllər boyu davam
edən ağır zəhmətin bəhrəsi olan neçə-neçə
samballı, qalın kitabı XX əsr Azərbaycan həyatının
tamamilə əvvəlki araşdırmalardan çox fərqli,
daha gerçək mənzərəsini yaradır.
XX əsrin
ikinci onilliyində – 1918-ci ildə Şərq tarixində
görünməmiş hadisə baş verdi – Azərbaycanda
ilk demokratik Cümhuriyyət yarandı. Bu Cümhuriyyətin
istər daxili, istər xarici siyasətində
rastlaşdığı çətinlikləri C.Həsənlinin
tədqiqatlarında bütün ayrıntılarıyla əyani
şəkildə görürük. Ölkəmizin təbii sərvətlərinə
tamah salmış və ilk növbədə elə buna
görə də müstəqilliyimizə qənim kəsilmiş
böyük dövlətlər, – müxtəlif xarici
maraqların toqquşması, hakimiyyət hərisliyindən
törəyən daxili hərki-hərkilik, ölkənin
içindəki bolşevik “beşinci kolonu”, Cəmil müəllimin
kitablarında elə konkret faktlar və real simalar vasitəsiylə
canlandırılır ki, sanki biz özümüz bu hadisələrin
şahidinə çevrilirik.
Alim
XX əsr Azərbaycan tarixini vətənimizin
hüdudlarından kənarda – yaxında ya uzaqda – cərəyan
edən hadisələrdən təcrid olunmuş şəkildə
təhlil etmir. Rusiyada, İranda, Türkiyədə baş verən
hadisələrin Azərbaycanın taleyində rolunu
araşdırır. Yalnız keçən əsrin əvvəllərində
deyil, ortalarında da, İkinci dünya müharibəsi illərində
Sovet hökumətinin İranda və Türkiyədə
yürütdüyü siyasi oyunlar tarixçinin yozumunda ibrət
dərsi kimi səslənir. Yalnız Azərbaycanın deyil,
qonşu dövlətlərin də ibrət götürəcəyi
dərs kimi...
Təsadüfi
deyil ki, C.Həsənlinin kitabları Türkiyədə də,
ABŞ-da da, Rusiyada da böyük maraq doğurur, nəşr
olunur, diqqətlə izlənilir.
Cəmil müəllimin tədqiqatçı-alim kimi özəlliyi ondadır ki, o, tariximizin haqlı milli qürur doğuran və təəssüf ki, faciələrlə sonuclanan dövrlərini qələmə alır. 1918-ci ildə ilk Cümhuriyyətimizin fərəhi 1920-ci ilin bolşevik istilasıyla alt-üst oldu. 45-ci ilin dekabrında “21 Azər” günü kimi tarixə düşmüş iftixar doğuran başqa bir hadisə – Cənubi Azərbaycanın azadlıq sevinci – bir il sonra elə həmin gün “21 Azər” müsibətiylə nəticələndi. Cəmil Həsənli bu hadisələr haqqında vətəndaş ağrısıyla, ziyalı təəssübüylə, eyni zamanda alim dəqiqliyiylə bəhs edir.
Cəmil Həsənlinin son dərəcə maraqlı və vacib tədqiqatlarından biri də 1950-ci illərdə Azərbaycanda baş verən hadisələr, bu hadisələrdə Moskva hökumətinin inzibati təzyiqi və qabaqcıl Azərbaycan ziyalılarının dirənişi – konkret faktlarla açıb göstərir. Bu da çox mühüm məsələdir. Çünki indi “icazəli cəsarət” şəraitində bu hadisələrdən bixəbər olanlar, yaxud da onları bilib özünü bilməməzliyə qoyanlar belə bir təsəvvür yaratmaq istəyir ki, sovet dövründə rəsmi siyasətə heç bir müqavimət olmayıb, hamı ucdan tutma ideologiyaya mütiliklə boyun əyib.
Çağdaş rus mediasında Xuruşovun altmışıncılar nəslinə mənsub olan o vaxtın şairləri və yazıçılarına qarşı qaba davranışı, onları təhqir etməsi, hədələməsi haqqında dönə-dönə yazırlar. Qoy Cəmil müəllimin kitabıyla da tanış olsunlar, həmin Xuruşovun mötəbər yazıçımız Mirzə İbrahimovu doğma dil uğrunda mübarizəsinə görə millətçilikdə ittiham edərək, hətta faşist adlandırmasından da xəbər tutsunlar.
Tarix yalnız ictimai və milli yaddaşın güzgüsü deyil, tarix həm də bugünki rəftarımız, davranışımız üçün bələdçidir, kompasdır. Axmatovanı, Zoşşenkonu, Pasternakı, Soljenitsini sovet rejiminin müxtəlif dövrlərində ən ağır ittihamlarla suçlayanlar, ən çirkin böhtanlarla şərləyənlərin tarixə hansı adla düşdükləri bu gün hamıya bəllidir.
Obyektiv faktlara və tarixi gerçəklərə əsaslanan araşdırmalar gələcək nəsil üçün yazılmış tarix kitablarıdır. Belə əsərlər Keçmişimiz haqqında Gələcəyə yönəlmiş xəbərdarlıqlardır. Biz tariximizi qoruduqca tariximiz bizi qoruyur.
Cəmil Həsənli tarixi yaddaşımızın ən görkəmli qoruyucularından biridir.
Altmış yaşınız mübarək, əziz Cəmil müəllim!
ANAR
12 yanvar 2012
525-ci qəzet.- 2012.- 14 yanvar.- S.9.