Rusiyanın tənəzzül
və dirçəliş erası
Üçüncü
minilliyin başlanması ərəfəsində tarix səhnəsinə
yenicə daxil olmuş dövlətlər öz həqiqi təbiətlərini
daha aydın biruzə verdi. Müstəqilliyin
yaratdığı iftixar hissi nə qədər güclü
olsa da, qazanılan cüzi uğurlar sonra öz davamı kimi nəzərə
çarpan qüsurlar fazasına keçdi. Rusiya dövlət
xadiminin “XX əsrin ən böyük geosiyası faciəsi”
hesab etdiyi SSRİ-nin dağılması ilə, onun
xarabalıqları üzərində dünya dövlətləri
ailəsinin siyasi, iqtisadi cəhətdən, həm də
tarixi təcrübə nöqteyi-nəzərindən bir-birindən
fərqlənən və start xəttindən müxtəlif
inkişaf dinamikasına malik olan yeni üzvləri meydana gəldi.
Onların əksəriyyətində avtoritar rejimlər yeni
dövlət arxitekturasının vacib təmsilçilərinə
çevrildilər. Bu rejimlər dövlətin başlıca
məqsədini öz vətəndaşlarında deyil,
sabitliyin saxlanılmasında görürdülər. Həmin
evfemizm altında isə daha çox hakimiyyət
kürsüsünü nəyin bahasına olursa-olsun hifz etmək,
onu dövrü şərəfləndirməli olan
demokratiyanın nəinki tufanından, hətta mehindən
qorumaq niyyəti gizlədilirdi.
Bu mənada beynəlxalq aləmdə özünü SSRİ-nin varisi kimi təqdim edən Rusiyanın keçdiyi iki onillik məsafəsindəki tarixi yol dəhşətli uğursuzluqların və onların arxasınca gələn uğurları daha qabarıq şəkildə nəzərə çarpdırır. Demokratiyanın dalğası üzərində hələ SSRİ-nin mövcudluğu dövründə tam mütləq sayılmayan hakimiyyətə gələn və onun məhvində Qorbaçovla birlikdə birbaşa məsuliyyət daşıyan Yeltsin bu uzun dramın son səhnəsində də mühüm rol oynadı – gizli qaydada Polşa sərhədinə yaxın olan Belovejskaya Puşşa meşəsində dünyanın ən böyük dövlətlərindən birinin beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi öz mövcudluğunu dayandırdığını elan edən Rusiya, Ukrayna, Belorusiya liderlərinin imzaladığı müqavilənin bağlanması üçün görüşü təşkil etdi. Elə həmin vaxtdan etibarən o, artıq müstəqil bir dövlətin liderinə çevrildi.
Yeltsinin demokratiyaya sədaqəti azacıq sınaqlara məruz qaldıqda öz biabırçı kövrəkliyini göstərdi. 1993-cü ilin payızında prezident ali vəzifəsinə parlament üzvləri və yaxın silahdaşları tərəfindən təhlükə yarandığını hiss etdikdə, bu siyasi böhranı aradan qaldırmaq üçün quduz diktatorlara xas olan bir tədbirə əl atdı. Əgər Hitler kommunistlərin təqib edilməsi kampaniyasına başlamaq üçün bəhanə kimi Reyxstaq binasının gizli qaydada yandırılmasına razılıq vermişdisə və təqsiri öz opponentlərinin üstünə yıxmaqla onların siyasi varlıqlarına son qoymuşdusa, Yeltsin daha asan başa gələn hərbi vasitəyə əl atdı. Rusiya deputatlarının xeyli hissəsinin sığınacaq kimi istifadə etdiyi parlament binası olan Ağ evi günün günorta çağı, bütün dünyanın gözü qarşısında tank topları vasitəsilə güllələdi, binanı yanğın alovu bürüdü. Dünyada etiraz səsinin qalxmadığını görən prezident bundan əvvəl Moskvada qan axıdılmasından da çəkinməmişdi. Məhv edilmiş parlamentin cəsədi problemin həlli kimi qəbul edilməklə, xalq yeni Konstitusiyanı qəbul etməyə sövq edildi. Bu sənəd prezidentin onsuz da məhdud olmayan səlahiyyətlərini daha da artırdı.
Sərxoşluğa qurşanmış və idarəetməni əslində “Ailəyə” etibar etmiş Yeltsin öz biabırçı hərəkətlərinə heç bir nəzarət və maneə hiss etmədiyindən, bu nəhəng ölkənin var-dövlətini talamaq üçün bütün şlüzləri açdı. Artıq nomenklatura göbəkbağı həyata yeni gələn Rusiya kapitalizmini hakimiyyətlə birləşdirdi. Bir qrup yırtıcı sürücü ağlasığmayan miqyasda sərvəti qəsb, qarət etmək üçün münbit şəraitə düşdü və bu “ayaqaltı yem” onların həddən ziyadə varlanmasına imkan verdi. Prezidentin reytinqi kəskin şəkildə aşağı düşmüşdü və siyasi iflasdan xəbər verirdi. Bunun nəticəsi kimi 1996-cı il prezident seçkilərində birinci turda qalib gələ bilməyən Yeltsin bu dəfə Rusiyada demokratiyanın tabutuna yeni bir paslanmayan mismar vurdu. İkinci turda rəqibi olan kommunistlərin lideri tərəfindən hökmən məğlub olacağı qorxusu altında bu “demokratiya cəngavəri” maddi kömək göstərmək barədə oliqarxlara müraciət etdi. Seçicilərin səsləri və siyasi müflis olan prezidentin qələbəsi üçün sərf ediləcək böyük məbləğdə pulu verməklə onlar ölkənin təbii sərvətlərinin sonrakı hərracından qeyd-şərtsiz olaraq böyük pay götürmək hüququ qazandılar. Yerin təkinin sərvətləri guya xalqın mülkiyyəti hesab olunsa da, xırda bir qrupun sərəncamına keçdi.
Yeltsin prezident kürsüsündən özünun məhrum olmasının qarşısını almağa nail olsa da, tövbə yolunu tutmadı, əksinə dövləti daha sürətlə iqtisadi tənəzzülə, maliyyə böhranına sürüklədi. Daha dəhşətli uçurumun mənzərəsi onu qorxutduğundan və həmin ərəfədə bir il yarım ərzində beş baş nazirin dəyişdirilməsinin də artıq köməyə gəlmədiyinə tam əmin olduqdan sonra özünü xilas etmək üçün prezident kürsüsünü tərk etməyi qərara aldı. Şahı qurban verməklə bu fantasmaqoriya oyunu başa çatdı. Onun bu yeganə müsbət addımı xalq və ölkə üçün yaxşı perspektiv vəd etməyə bilməzdi. Vida müraciətində o, səhvləri üçün xalqdan üzr istədi, lakin bu üzrxahlıq ölkəyə dəyən ziyanlar, xalqın rifahına vurulan zərbə müqabilində yalnız istehza hissləri doğura bilərdi.
İflasa uğramış prezident vəzifədən getsə də, onun siyasi iqtisadi, sosial sahədəki siyasətinin eybəcər izləri qalırdı və xalq ona dəyən yaraları unuda bilmirdi. Kvazidemokratlar isə hələ də addımbaşı Yeltsin dövrünü “demokratiya baharı” kimi təsvir etməklə , bu dövrə həsr olunmuş tərifləri mantra kimi təkrarlamaqdan yorulmurlar. Xalqın əksəriyyətinin rəyi isə onların münasibətinə tam əkslik təşkil edir. Axı ölkə soyğunçuluqla müşayiət olunan özəlləşmə kampaniyasından görünməmiş ziyan çəkmişdi və bu, xalqın acınacaqlı sosial vəziyyətə düşməsinə səbəb olmuşdu. Özəlləşmənin “kaftar ovuna” bənzədiyini – kaftarlar iti dişləri ilə fil sümüyünü də əzib una döndərməklə, həzm edirlər, – biz Londonda iki bədnam oliqarxın – Boris Berezovski ilə Roman Abramoviçin oğurlanmış sərvəti yenidən bölüşdürmək uğrundakı iyrənc mübarizəyə həsr olunmuş məhkəmə davasında aydın görürük. Abramoviç böyük sərvət payı ələ keçirmək üçün Yeltsin erasının “boz kardinalı” sayılan Berezovskidən “krışa” (hərfi mənada “dam”, “örtük” deməkdir) kimi istifadə etdiyini gizlətmir və bu xidmətinə görə ona vaxtilə iri məbləğdə pul ödədiyini xatırladır. Berezovski isə əyri yolla ələ keçirilən neft kompaniyasının səhmlərinin bir hissəsinə sahib olmasını iddia etməklə, ondan az qala milyardlarla funt məbləğində pul qoparmağa cəhd edir.
Məhkəmə prosesi təkcə bu iki fərq arasındakı münasibətə aydınlıq gətirmir, bütövlükdə Yeltsin Rusiyasının patoloji anatomiyasını, onun dəhşətli fəsadlarını açıb göstərir. Burada siyasət və quldurluq biznesi çuqlaşmışdı, dövlətə rəhbərlik edənlərdən bəziləri bu qarətçilik əməliyyatlarına başçılıq edir, ən azı bu hərrac prosesinin etibarlı mühafizəsini təşkil edirdilər. Bu Xlestakov “siam əkizləri” Rusiyanın hansısa bir hissəsində və ya iqtisadi seqmentində deyil, bütöv ərazisində korrupsiyanın, rüşvətin, soyğunçuluğun, dələduzluğun komanda yüksəkliklərinə necə sahib olduğunu faktlarla göstərməklə, özlərini və onlara belə oğru, quldur sərbəstliyi verənləri ifşa etməli oldular.
Yeltsin erasının başıpozuqluğu ölkə daxilində separatizmin də çiçəklənməsi üçün yol açdı. Çeçenistanda gedən müharibə orduda vəziyyətin acınacaqlı olduğunu üzə çıxardı. İntizam zəifləmişdi, iqtisadiyyatın aqoniyası digər sahələrin də ən azı letargiya yuxusuna qapılmasına səbəb olmuşdu. Bütün bunlar mərkəzdən qaçma qüvvəsini artırmamış qalmırdı.
2000-ci illərin əvvəllərində yeni prezident Vladimir Putinin başçılığı altında Rusiyanın, sözün həqiqi mənasında iqtisadi, sosial Renessansı başlandı. Ölkə iqtisadi yüksəliş yoluna düşdü, əhalinin maddi rifahı xeyli yaxşılaşdı. Qloballaşma dalğası da öz müsbət təsirini göstərirdi. Dünya bazarında neftin qiymətinin xeyli artması maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb oldu. Bütövlükdə ölkədə dövlət intizamı gücləndi, orduda qayda yaradılmasına başlandı. Ölkənin ərazi bütövlüyü böyük əziyyət, xərc və qurbanlar hesabına bərpa edildi. Rusiya demokratlarının açıqca nifrət bəslədiyi Putin bu müsbət dəyişikliklərin bilavasitə fəal iştirakçısı, təşkilatçısı, köhnə leksikadan istifadə etsək, ihamvericisi idi. Axı bu kvazidemokratlar daha çox dağıdıcı gücə malik idilər, yaradıcılıq aləmindən uzaqda idilər, elə bil ki, onların bu fəaliyyət üçün “boy tumurcuqları” qopardılmışdı. Onlar Rusiya iqtiadiyyatını dağıtmaqda, bərbad vəziyyətə salmaqda müstəsna rol oynamışdılar. Həm də bu hərracdan onların çoxu xidmətlərinin əvəzi kimi öz paylarını götürmüş və quldurluq əməliyyatları hesabına həm də siyasi elitanın ən nüfuzlu üzvlərinə çevrilmişdilər. Onlar elə var- dövlətə sahib olmuşdular ki, tarixdə saysız sərvətləri ilə şöhrət tapmış Krez də onların yanında yoxsul görünə bilərdi. Soyğunçuluq öz qaydalarını diqtə etdiyindən, onların geriyə qayıtmaları üçün də imkanlar yoxa çıxmışdı.
Putinin prezidentliyinin birinci müddətində bəzi oliqarxların iqtisadi cinayətlərinə görə təqib olunması başlandıqda, demokratlar cəbhəsindən “azadlığın boğulması” harayı qalxdı, adi oğruların “demokratiya rıtsarları” elan olunması tamaşaları səhnəyə gətirildi. Onların bir neçəsi ölkəni tərk edib, ərəb şeyxlərinə xas olan həyat tərzlərini saxlamaqla Qərbdə sığınacaq tapdılar.
Putinin səkkiz il davam edən prezidentliyi dirçəliş, sürətli inkişaf dövrünə çevrildi. İki müddətdən sonra bir şəxs naminə Konstitusiyaya dəyişiklik edilməsi barədəki çoxsaylı təklifləri rədd edərək, üçüncü dəfə dalbadal namizədliyini irəli sürmək kimi qanunsuz yoldan imtina etdi. Yeni seçilmiş prezident Dmitri Medvedyevin təklifi ilə vaxtilə tutduğu baş nazir postuna qayıtmağa razılıq verdi.
Putinin ikinci baş nazirlik dövrü dünyada maliyyə böhranına və iqtisadi böhranın başlanması və davam etməsi iə bir vaxta düşdü. Qlobal iqtisadiyyata inteqrasiya olunmuş Rusiya bu böhrandan kənarda qala bilməzdi və bu yanğının acı dilləri inkişaf yolu ilə addımlayan ölkəni də qarsmamış qalmadı. Lakin son illərdə toplanmış təqribən 600 milyard dollar məbləğində olan ehtiyat fondu Rusiya maliyyə bazarını – bankları dağılmaqdan qorudu. Bankların iflası isə iqtisadiyyatın da tam kollaps fazasına düşməsinə səbəb olacaqdı.
Son on il ərzində Putinin fəaliyyətini təhlil etdikdə hansı prizmadan yanaşılmasından asılı olaraq orada tərif və tənqid üçün istənilən sayda faktlar və dəlillər tapmaq mümkündür. Yaradıcı insanlar daim risk həddində fəaliyyət göstərir, ona görə də bu vaxt uğursuzluğa düçar olmaq variantını da bütünlüklə istisna etmək mümkün deyildir və gerçəklik bunlarsız ötüşmür. Putinin tənqidçiləri onu hakimiyyət vertikalını yaratmaqda təqsirkar hesab edirlər. Rusiya kimi rəngarəng tərkibli bir federasiyada mərkəzi hakimiyyətin idarəetmə imkanları azaldıqda, bu, dövlətin xeyli zəifləməsinə, əslində onun feodalizmi andıran və muxtar üzməyə can atan əyalətlərin yayğın toplumuna çevrilməsi həddinə yaxınlaşmasına səbəb olur. Axı Rusiyada separatizm dalğası özünü bütün dağıdıcı gücü ilə göstərmişdi. Dalğa isə hərəkətsiz dayana bilməz, o hökmən irəli və geri hərəkət etməlidir. Separatizm dövlət üçün nəticə etibarilə zəlzələ effekti yaratmasa da, onun təzahürü vaxtı tektonik plitələrin yerindən oynaması baş verir və bunun özü də müəyyən dağıdıcılıq potensialına malikdir. Separatizm bir əyalətdə yarandıqda, digərlərini də şirnikləndirməmiş qalmır və vaxtında qarşısı alınmasa az qala “domino effekti” yaratmağa meyl edir.
Demokratik qüvvələrin tənqidində haqlı cəhətləri də tapmaq mümkündür. Elektron informasiya vasitələrinin faktiki olaraq əsasən inhisara alınması müxalifəti xalqa müraciət imkanlarından məhrum edir. Televiziya ekranının möcüzəli təsir gücündən istifadə etməkdən uzaqlaşdıran müxalifət internet imkanlarına əl atır, lakin Rusiya şəraitində on illərlə “sabun operalarının” təsiri asılılığına məhkum edilmiş kütləni televiziyanın cadusundan yayındırmaq çətin işdir və yaxın gələcəkdə də onu nə iləsə əvəz etmək mümkün olmayacaqdır. Bir vaxtlar demokratiya carçıları televiziya ekranlarını və efirini zəbt etmişdilər, xalqın ilk dövrlərdə onlardan üz döndərməsi heç də təbliğatlarının məhdudlaşdırılmasından deyil, bolluğundan yaranan əks reaksiya ilə baş vermişdi.
Rusiyada siyasi vəziyyəti və onun bilavasitə nəticəsi sayılan sabitliyi xalqın əksəriyyəti məqbul hesab edir və situasiyanın hansısa təsir altında dəyişilməsi ehtimalı ilə də razılaşmaq istəmir. Məgər xalqı zor gücünə başqa istiqamətəmi döndərmək lazımdır? Razı qalan iri seqment dairənin kiçik azlığının rəngini qəbul etmək istəmirsə, bütövlükdə xalqı təmsil edən bu dairəyə hansısa şübhə ilə yanaşılmalıdırmı? Çox təəssüf ki, kvazidemokratlar daha çox illüziyalarla yaşamağa üstünlük verir, özlərini aldatmaq kimi ağılsız mövqedən də uzaqlaşmaq istəmirlər. Radikal təkliflərə əl atdıqca, xalqdan onları ayıran məsafə daha da böyuməyə başlayır. Xalq sözlərdən daha çox əmələ, fəaliyyət nümunələrinə inanır və özü üzərində eksperiment aparmaq cəhdlərinə olduqca mənfi qaydada yanaşır. Bəlkə xalqın düşüncə tərzini dəyişdirmək üçün Rusiyada XIX əsrin ikinci yarısında yayılan nihilistlərin təcrubəsinə müraciət etmək lazımdır. Bu yola keçdikdə inqilabi xalqçılığın ideoloqu P.N.Tkaçovun qaniçici üsuluna da əl atmaq olar. Bu bədnam siyasətçi hesab edirdi ki, “Rusiyanı yeniləşdirmək üçün 25 yaşdan yuxarı bütün adamları məhv etmək lazımdır”. Bunu məqbul sayanlar prosesi sürətləndirmək üçün fransızların “Rasoir national” – “milli ülgüc” adlandırdıqları gilyotinanı yenidən bərpa etməklə, onu məhsuldar maşın kimi istifadə edən Fransa inqilabının həyata keçirdiyi terroru da kölgədə qoya bilərlər. Axı bunların hamısı bəşəriyyətin təcrübəsində mövcud olmuşdur və tarixin zibilliyinə atılmışdır.
Ümumiyyətlə tənqidə gəldikdə, bunu etmək o qədər də çətin bir iş deyildir, çünki həqiqi məna yükü olmayan, qeyri-obyektiv tənqid havanı titrətməkdən uzağa getmir və elə bir effekt vermir. Bədbəxtlik orasındadır ki, uydurma müəllifləri olan tənqidçilərin çoxu öz sözləri, bəzən hətta böhtanları, təhqirləri üçün heç bir məsuliyyət daşımırlar, ictimai qınağa məhkum edilmirlər. Axı yaxşı məlumdur ki, əlində tərəzi tutanlar, özlərinin hansı çəkiyə malik olduqlarını bilmirlər. Ədalətsiz, haram əldəki tərəzi isə öz dəqiqlik mahiyyətini itirmiş olur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-2012.- 14 yanvar.-
S.8.