Ağalar Bayramov – sözü ruzi-bərəkət rəmzi kimi daşıyan sənətkar
Tanınmış
bədii qiraət ustası Ağalar Bayramov poeziyanı
şeirə ruhunu qataraq sevənlərdəndir. Onun səsindəki
bənzərsiz ahəng, emosiya ən zəif şeirə belə
ruh və həyat bəxş etmək gücünə qadirdir.
Mən də poeziyanı, şeiri dinləyərək sevənlərdənəm.
Yüzlərlə tamaşaçı kimi onun səsini, ya
mavi ekrandan, ya da radio dalğalarından dinləmişəm hər
zaman. Bu yaxınlarda isə unudulmaz şairimiz Şahmar Əkbərzadənin
70 illik yubiley tədbirində mən onun canlı ifasını
eşitmək şərəfinə nail oldum. Şairin “48
ölçülü qadın paltarı” şeirini səsləndirdi
Ağalar Bayramov. Həmin şeiri dəfələrlə
oxumağıma baxmayaraq, ordakı misraları Ağalar Bayramov
kimi ruhuma yaya bilməmişdim. Mən şeir kimi oxuyub
keçmişdim, amma Ağalar Bayramov öz səsində “48
ölçülü qadın paltarı”nı təsirli bir
filmə çevirdi. Sözün gücü ilə səsin
gücünun qovuşduğu həmin an ətrafımdakı
insanlara bir nəzər saldım. Göz yaşlarının
yanaqlarından necə süzüldüyünün fərqində
olmadan hamının o səsə kilidləndiyini
gördüm. O səs insanları poeziyanın zirvəsinə
qaldırmışdı.
Şeirin
yazılması qədər onun təbliği də çox
mühümdür. Ağalar Bayramov bu mühüm vəzifəni
yerinə yetirən, sözün dəyərinin
artırılmasına xidmət edən bir insandır. Şeir
yazmaq kimi yaddaşla səs də Allah vergisidi, ancaq bədii
qiraət sənəti ilə məşğul olmaq
üçün yalnız ahəngdar səs, yaddaş yetərli
deyil. Bu sahədə gərək ifa məharəti də
olsun. Çünki qiraətçi şeiri səsləndirərkən,
həm vəsf edənin, həm vəsf olunanın, həm də
özünün obrazını yaratmalıdır. Ağalar
Bayramov bu baxımdan həm də istedadlı bir
ifaçıdır – əsl aktyordur. Buna baxmayaraq, biz onu teatr
səhnəsində, təəssüf ki, görə bilmirik.
“Mənim üçün müsbət qəhrəman
obrazları, nadanlığa, cəhalətə,
savadsızlığa, qeyri-insani hərəkətlərə
qarşı üsyan edən obrazlar var ki, onları çox
sevirəm. Onların həsrətini çəkmişəm”
– deyən sənətkarın teatr səhnəsində yaratmaq
istədiyi belə müsbət xarakterlərdən biri də
Kefli İsgəndərdir.
Amma
Ağalar Bayramov artıq neçə illərdir ki,
bütün müsbət obrazları öz ruhunda birləşdirərək
bizə onları yalnız poeziya nümunələrinin
ifası vasitəsilə çatdırır.
Şeiri
tamaşaçıya sevdirmək, insanlarda həmin şeiri
yenidən eşitmək arzusu yaratmaq bir bədii qiraət
ustası üçün çox mühümdür. Səsinin
sehri ilə Ağalar Bayramov bunun öhdəsindən müvəffəqiyyətlə
gəlir. Təpədən dırnağa poeziya ruhu
daşıyan Ağalar Bayramov 30 ilə yaxındır ki, bədii
qiraətlə məşğuldur. Özünün də
dediyi kimi, “bədii qiraətçi daxilən
boğazdanyuxarı danışırsa, ürəyi yoxdursa,
onda bu sənətin yolçusu olmaq alınmayacaq.
Çünki bu sənət həm də ürəyi sevir”.
Onun səsi təkcə sevgi, məhəbbət
qığılcımları saçmır, həm də vətənə
sevgi toxumları səpir, qələbəyə inam
şövqü alovlandırır qəlblərdə. Onun
ifasında Əjdər Olun “Kim nə deyir, qoy desin, Səni
sevib-seçmişəm” misraları sevginin nə qədər
ülvi olduğunu bəyan edirsə, Məmməd Arazın
“Azərbaycan – dünyam mənim”, “Ayağa dur, Azərbaycan!”
şeirləri də bir o qədər vətən sevgisini
insanın ruhuna toxuyur. Vətənə sevgi, qələbəyə
inam onun təkcə dilində yox, həm də ürəyindədir.
“Mənim
üçün ən qiymətli mükafat təmənnasız
ülfətdir. Ürəkdən gələn, məhəbbətlə,
sevgiylə dolu söz mənə verilən ən böyük
dəyərdir” – deyən əməkdar artist bu günlərdə
növbəti doğum gününü qeyd edib. Ağalar
müəllimin bu sözlərini nəzərə alıb
düşündüm ki, səmimi bir insan, sənətkar
üçün səmimi qəlbdən gələn xoş kəlmələrdən
dəyərli heç nə ola bilməz. Elə bu fikirlə
də onu sevən dostların, insanların onun haqqında olan
düşüncələrini bir doğum günü hədiyyəsi
kimi həm dəyərli sənətkarımızın
özünün, həm də oxucularımızın, poeziyasevərlərin,
bədii qiraət vurğunlarının diqqətinə
çatdırırıq.
Xalq
şairi Fikrət Qoca: “Ağalar Bayramov bu sənətin
doğma övladıdı. O, böyük sənətkarların
layiqli davamçısıdı. Ağalar ürəyəyatımlı
səsindən ustalıqla istifadə edir. Dinləyicisini,
tamaşaçısını tez tanıyır, ona münasib
şeir seçir. Ağalar Bayramovun
çıxışına qulaq asmağa öz gündəlik
məişət qayğıları ilə gələn
tamaşaçı görüşdən dövlət, millət
qayğıları ilə ayrılır”.
Şair
Musa Yaqub: “Ağalar şeir deyəndə könlümüz
ehtizaza gəlir, onun dilində, onun ifasında elə bil
sözümüz də təzədən doğulur. Ağalar
şair duyğularının sədasına təzə bir sim
qoşur. Sözə təzə bədii rəng vurur. Belə
bir sənətçini saxlamaq, qorumaq, qiymətləndirmək
bizim mənəvi borcumuzdu”.
Şair
Əjdər Ol: “Ağalar Bayramov hər zaman öz üzərində
işləyən bir sənətkardır. Ümumiyyətlə,
bütün istedadlı insanlar çalışqan olurlar,
öz üzərlərində işləməyi sevirlər və
heç nəyi diqqətdən yayındırmırlar.
Ağalarda ən çox xoşuma gələn cəhətlərdən
biri odur ki, o böyüklüyündən, kiçikliyindən
asılı olmayaraq, bütün tədbirlərdə ürəklə
iştirak edir və tədbirlərə çox
hazırlıqlı gəlir. Onun deməyə hər zaman
sözü olur və o sözləri hər zaman yüksək
ruhla, müsbət enerjiylə insanlara çatdırır.
Ağaları ona görə də çox sevirlər. Onu elə
belə sevimirlər. Sevilib sevmək üçün gərək
zəhmət verəsən. Çünki xalqa heç nəyi
zorla sevdirmək olmaz. Ağalar istər klassiklərdən, istərsə
də müasirlərdən bəhrələnən və Azərbaycan
poeziyasını insanlarımıza sevdirən bir sənətkardır.
Hər bir insan Azərbaycan poeziyasını sevdirmək hökmündə
ola bilməz. Ağalara Allah səs verib, enerji, bitməz poeziya
eşqi verib. Belə sənətkarlar da həmişə xalq
tərəfindən sevilir. Kim ki, köhnə ehtiyatlarından
istifadə eliyərək həmişə sənətini davam
etdirmək, səhnələrdə, tribunalarda qalmağı
sevir gec- tez insanları bezdirir. Səhnə yeniliyi, təzələnməyi
sevir. Ağalar da hər gün dəyişən, inkişaf eləyən,
özünü hər zaman formada saxlayan sənətkardır.
O, gənc şairlərin də şeirlərinə müraciət
edir, onların şeirlərinə də repertuarında yer
verir. Bu da onu sübut edir ki, Ağalar həddindən artıq
diqqətli insandır, həssas sənətkardır”.
Şair
Ədalət Əsgəroğlu: “Ağalar Bayramov bizim ədəbiyyatımızın
fəal təbliğatçısıdır. Mən deyərdim
ki, Ağalar ədəbiyyat bilicisi, söz sərrafıdır.
Ağalar Bayramov hər zaman biz şairlərin
sırasındadır. Biz bilirik ki, bu gün ədəbiyyatın
təbliği yolunda boşluqlar var. Bu boşluqların
yarısını Ağalar Bayramov öz
yaradıcılığı, ifaçılığı ilə
doldurmağa müvəffəq olur. Biz Ağalar Bayramovla dəfələrlə
səfərlərdə olmuşuq. Mən onu auditoriyalarda necə
çılğın, emosional görmüşəmsə, elə
səfərlərdə də o xarakterdə görmüşəm.
Deməli, o, səmimi insandır. Ağalar Bayramov sözü
ruzi-bərəkət rəmzi kimi yaşadan sənətkarlarımızdandır”.
Şair
Səlim Babullaoğlu: “Ağalar Bayramov özünəməxsus
sənətkarlığı olan bədii qiraət
ustasıdı. Onu təkcə səsi yox, ifa tərzi,
şeirə yanaşması, qiraətindəki təbiilik, səmimilik
və şirinlik fərqləndirir. Vətənpərvərlik
mövzusunda, milli ruhda olan şeirləri səsləndirən
zaman isə onun ifasında həm əzəmətli, həm də
yanıqlı məqamlar duyulur. Ağalar Bayramovun təqdimatında
Məmməd Arazın və Əjdər Olun şeirlərinin
səslənməsini xüsusilə bəyənirəm”.
Sevimli,
dəyərli sənətkarımızı doğum
günü münasibətilə, “525-ci qəzet” olaraq, biz də
təbrik edir, ona cansağlığı, yeni
yaradıcılıq nailiyyətləri arzulayırıq.
Günel CABİRQIZI
525-ci qəzet.- 2012.- 17 yanvar.- S.7.