“Kaspi” – 38 illik tərcümeyi-halımız və tərcümanımız

 

Nəhayət, reallaşması arzu və xoş xəyal kimi görünən problemin həlli istiqamətində ilk, həm də uğurlu addım atıldı: mahir təşkilatçı, istedadlı şair-publisist, filologiya elmləri namizədi Sona Vəliyevanın şəxsi təşəbbüsü, rəhbərliyi, qayğısı, gərgin səyi sayəsində sovet rejimi və kommunist ideologiyasının hakimiyyəti illərində “mürtəce”, “pantürkist”, “burjua qəzeti” damğaları ilə tədqiq, tənqid, təqdim edilən, üstünə kölgə salınan, həqiqətdə isə xalq xadimlərinin tribunası olan “Kaspi”nin fəaliyyətinə, XIX əsrin sonu, XX əsrin əvvəllərində qəzetin Azərbaycan cəmiyyətindəki, mətbuat tarixindəki yeri və roluna, əvəzsiz xidmətlərinə, toxunduğu taleyüklü problemlərə, dil, üslub, sənətkarlıq məsələlərinə, qəzetlə əməkdaşlıq etmiş bir çox işıqlı zəka sahibinin, milli şüur və özünüdərk ideologiyasının bayraqlarının həyat, yaradıcılığına, nəhayət, qəzetin layiqli varisi olan bugünkü “Kaspi”nin fəaliyyətinə dair fundamental araşdırmalar toplusu işıq üzü gördü (Bakı, “Qanun” nəşriyyatı, 2011, 512 səh.).

İndiki şəraitdə yazmağın və kitab nəşrinin ciddi problem olmadığını nəzərə alsaq, mətbuat tarixi, konkret desək, bir qəzetin fəaliyyəti ilə bağlı əsərin ərsəyə gəlməsini hadisə kimi təqdim etməyimizin çox ciddi əsasları var:

– Azərbaycan mətbuat tarixində bir mərhələ olan “Kaspi” S.Vəliyevanın təbirincə desək, “...milli ictimai fikrin formalaşmasında, milli istiqlal düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə beyin mərkəzi idi” (Sona Vəliyeva. “Üç əsrin qəzeti” kitabındakı “Kaspi”dən “Kaspi”yə” adlı məqalədən, səh.6);

– 1875-1919-cu illərdə Azərbaycanda nəşr olan 400-dən çox mətbu orqan arasında ən uzun ömürlüsü (38 il – 1881-1919-cu illər) və ən çox sayı işıq üzü görən (10 min 65 nömrə), ən çox tirajla çıxan (10 min ədədədək) rus dilində “Kaspi” ötən illər ərzində layiqincə dəyərləndirilməmiş, əksinə ona ögey, düşmən münasibət bəslənilmişdir;

– XIX əsrin sonu, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş xalq xadimlərinin böyük əksəriyyəti, o cümlədən Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Nəcəf bəy Vəzirov, Haşımbəy Vəzirov, Firidun bəy Köçərli, Soltan Məcid Qənizadə, Mirzə Cəlil, Eynəli bəy Sultanov, Mahmud Mahmudbəyov, Mehdi bəy Hacınski, Məmməd Tağı Sidqi, Teymur bəy Bayraməlibəyov kimi tariximizin silinməz simaları “Kaspi”də qələmlərini sınamışlar;

– Azərbaycan mətbuat tarixində bir qəzetin çoxşaxəli fəaliyyəti ilə bağlı ilk dəfə 30 nəfərdən çox sahə mütəxəssisinin məqaləsi bir topluda öz əksini tapmışdır;

– İlk dəfə bir mətbu orqanın fəaliyyəti haqqında hər cür ideoloji, sinfi, qərəzli münasibətdən uzaq, azad, müasir tələblər baxımından dəyərli, obyektiv sırf elmi-nəzəri məzmunlu tədqiqat əsərləri bir araya gətirilmişdir;

– Azərbaycan tarixinin 38 illik dövrünün ədəbi-mədəni, ictimai, siyasi, iqtisadi salnaməsi, ensiklopediyası qədər mötəbər mənbə, məxəz saya biləcəyimiz “Kaspi”, eyni zamanda xalqımızın tarixində və taleyində parlaq rol oynamış bir çox şəxsiyyətin, o cümlədən qəzetin sahibi Hacı Zeynalabdin Tağıyevin maarifçilik, xeyriyyəçilik sahəsindəki missiyasını dəyərləndirmək nöqteyi-nəzərindən də əsər xüsusi önəm kəsb edir;

– “Kaspi” qəzeti də daxil olmaqla XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı, Şuşa və Gəncədə rus, gürcü, erməni, polyak, alman dillərində bir sıra mətbu orqanlar çıxmasına baxmayaraq, onların fəaliyyəti indiyədək hərtərəfli işıqlandırılmamış, dəyərləndirilməmişdir. Bu baxımdan adı çəkilən kitab ilk təşəbbüs olmaqla, həm də yaxşı örnək, nümunədir;

– “Kaspi” ilə bağlı tədqiqatlar toplusu yeni-yeni araşdırmalara vəsilə, əsas olmaqla yanaşı gənc tədqiqatçılar üçün bir elmi-nəzəri, metodoloji təlimat və istiqamətverici vəsait kimi də əhəmiyyət kəsb edir.

Nəzərə alsaq ki, mətbuat tarixi ilə bağlı son dövr nəşrlərində, dərslik və dərs vəsaitlərində “Kaspi” ilə bağlı materiallar icmal xarakterlidir, o zaman qəzetin bütün fəaliyyəti haqqında olan toplunun, xüsusilə ali məktəblərin jurnalistika fakültəsi tələbələri üçün nə qədər faydalı olduğu daha qabarıq üzə çıxar.

Əlbəttə, biz bu fikirləri söylərkən, XIX yüzilliyin əvvəllərində H.Zərdabi, F.Köçərli, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.B.Məmmədzadə, M.Ə.Rəsulzadə, T.Şahbazi, Ə.Abid, daha sonralar M.İbrahimov, K.Talıbzadə, Mir Cəlal, Q.Məmmədli, N.Axundov, Ə.Mirəhmədov, F.Qasımzadə, A.Zeynalov, N.Zeynalov, X.Vəzirov, X.Məmmədov, M.C.Cəfərov, C.Xəndan, İ.Ağayev, Ş.Hüseynov, A.Hüseynov, M.Qasımlı, S.Rüstəmova, Ş.Vəliyev və bu kimi digər qələm sahiblərinin mətbuat tarixi, ayrı-ayrı qəzet, jurnalların fəaliyyəti ilə bağlı xatirələrini, dəyərli tədqiqatlarını (bunların arasında bəzən mübahisəli mülahizələrə rast gəlinsə də) ehtiramla vurğulayır və dəyərləndiririk. Toplunun özünəməxsusluqları və özəllikləri isə inkarolunmazdır.

Topluda verilən məqalələri məzmununa görə aşağıdakı kimi qruplaşdırmaq olar:

– “Kaspi”nin tədqiqat tarixi və tədqiqatçıları;

– “Kaspi” ilə əməkdaşlıq edən tarixi şəxsiyyətlər, onların həyat, yaradıcılıq yolları, irs və idealları;

– “Kaspi” qəzetinin toxunduğu mövzular;

– Milli özünüdərk və milli şüurun formalaşmasında “Kaspi”nin rolu, yeri;

– “Kaspi”: jurnalistika nəzəriyyəçilərinin gözü ilə (informasiya siyasəti, janrlar, formatlar, dil, üslub məsələləri, hadisələrə analitik baxış bucağı);

– “Kaspi” və dövrün mətbu orqanları;

– “Kaspi” Azərbaycan Xalq Cümhuriyyəti illərində;

– “Kaspi”dən “Kaspi”yə: ənənələr, varislik və müasirlik.

“Kaspi”nin tədqiqat tarixindən bəhs edərkən, heç şübhəsiz ki, söhbət qərəzli, sinfi, ideoloji münasibətlə araşdırılmasından yox, elmi, obyektiv, hərtərəfli əhatəli və ardıcıl tədqiqindən gedir. Bu tarix isə uzun deyil və Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Bundan xeyli əvvəl isə mətbuat tarixini araşdıran alimlər bu qəzetin adını ehtiyatla çəkir, onun əsl siması və xidmətləri barədə ən yaxşı halda üstüörtülü və qısaca bəhs edirdilər. Bu baxımdan Qulam Məmmədlinin, Nəriman Zeynalovun, Xeyrulla Məmmədovun, Nazim Axundovun və digər müəlliflərin araşdırmaları diqqət çəkir.

Mətbuat tariximizin yorulmaz, fədakar tədqiqatçısı, görkəmli alim-pedaqoq Şirməmməd Hüseynov “Kaspi”ni haqlı olaraq “milli qəzet” adlandırır və təkcə jurnalistikamızın deyil, mətbuat, mədəniyyət, ictimai-siyasi fikir tariximizin də ayrılmaz tərkib hissəsi hesab edir və mülahizəsini tutarlı faktlarla əsaslandırır. Müsəlman mətbuatının fəaliyyətini məhdudlaşdırmağa, onu daim nəzarətdə saxlamağa səy göstərən çar idarə orqanları nəşrlərin məzmununa, proqramına dair icmalları, informasiyaları çox diqqətlə hazırlayır və mərkəzə ötürürdü. “1905-ci il iyulun 20-də Qafqaz Senzura Komitəsinin çar canişininə yazdığı məlumatda deyilirdi ki, “panislamist partiyası artıq Qafqazda iki mətbuat orqanına malikdir: rus dilində “Kaspi”, tatar dilində “Həyat” (Şirməmməd Hüseynov. Əlimərdan bəy Topçubaşov və “Kaspi” qəzeti, səh.31).

Hələ sovet dövründə – ötən əsrin 60-cı illərində “Kaspi”də ilk dəfə ədəbiyyat və mədəniyyət məsələlərini araşdıran filologiya elmləri namizədi Sona Movlayeva topludakı məqaləsində qəzetin naşiri, redaktorları və əməkdaşları, o cümlədən H.Tağıyev, Ə.Topçubaşov, H.Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə haqqında bəhs edir, “Kaspi”nin tədqiqat tarixi ilə bağlı maraqlı xatirələrini oxucularla bölüşür.

“Kaspi”nin nəşrini labüd edən ictimai-siyasi mühit, qəzetin proqramı, naşiri, redaktorları, toxunduğu mövzular, “Kaspi”ni əgər belə demək caizsə, milliləşdirən maarifçi müəlliflər, onların məramı, missiyası barədə tarix elmləri namizədi Ərəstun Mehdiyevin “Kaspi” qəzeti 100 il əvvəl və bu gün; tədqiqatçı-publisist, redaktor Akif Vəliyevin (Aşırlı) “Milli mətbu tarixi irsimizin 130 illik “Kaspi”si”; Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının yaranması və “Kaspi” qəzetinin mətbuat tarixində yeri”; filologiya elmləri namizədi, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Qərənfil Quliyevanın “Kaspi” – Qafqazın və Orta Asiya müsəlmanlarının yeganə rusdilli qəzeti; “Yeni Azərbaycan” qəzetinin məsul redaktoru Ramil Vəlibəyovun “Kaspi” qəzeti Azərbaycanda milli şüuru formalaşdıran maarifçi ziyalıların əsas tribunalarından biridir”; filologiya elmləri namizədi, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, BDU Jurnalistika fakültəsinin müəllimi Pərvanə Məmmədlinin “Azərbaycan maraqlarını əks etdirən yeganə rusdilli qəzet”; BDU Jurnalistika fakültəsinin əməkdaşı Aynur Nəsirovanın “Azərbaycanda maarifçilik hərəkatında “Kaspi”nin rolu; Əməkdar jurnalist Namiq Əhmədovun “Kaspi” qəzeti XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan həyatının salnaməsidir”; Əməkdar jurnalist Tahir Rüstəmovun (Aydınoğlu) “Kaspi” qəzetinin yaranması zərurəti və Azərbaycan mətbuatı tarixində yeri” adlı məqalələrdə geniş bəhs edilmişdir.

Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş şəkildə özündə əks etdirən “Kaspi” (1881-1919) ilk illər həftədə 2-3 dəfə, 1884-cü ildən gündəlik çıxmışdır. İlk redaktor V.Kuzmindən sonra Y.Starsev, N.Svinkin, V.Liçkus-Xomutov, P.Qordiyevski, Y.Boldıreva, N.Sokolinski, M.Uspenski, K.Karyagin, M.A.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, H.Zərdabi, A.Vaynberq müxtəlif illərdə “Kaspi”yə rəhbərlik etmişlər. 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev “Kaspi” mətbəəsini və qəzetini alır və 1898-ci ildə Əlimərdan bəy Topçubaşov qəzetə redaktorluq edir. Bununla da, qəzetin fəaliyyətində yeni mərhələ başlayır. “Kaspi”nin tədqiqatçıları qəzetin mövcud ictimai-siyasi, tarixi şəraitə görə fəaliyyətini xarakterizə etmiş, toxunduğu problemlərin aktuallığına, əhəmiyyətinə diqqəti çəkmiş, rus dilində buraxılan bu qəzetin Azərbaycan cəmiyyətində, xüsusi ilə milli özünüdərk və milli mənlik ideyasının yayılmasında, möhkəmlənməsində parlaq rolunu layiqincə dəyərləndirmişlər.

“Kaspi” barəsində söhbət açanda ən əvvəl iki böyük tarixi şəxsiyyətin – qəzetin sahibi H.Z.Tağıyevin və yalnız Azərbaycan deyil, bütün Rusiya müsəlmanlarının yetişdirdiyi, fəxr etdiyi Ə.Topçubaşovun əzəmətli siması göz önündə canlanır. Əlimərdan bəy Topçubaşovun (1862-1934) bütün türklərin tərcümanı İsmayıl Qaspıralı ilə əməkdaşlığı, Rusiya müsəlmanlarının birliyi uğrundakı mübarizəsi, Dövlət Dumasındakı fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri kimi ciddi tarixi xidmətləri, mühacirətdə Sovet rejimi və kommunist ideologiyasına qarşı sonadək ideoloji mücadiləsi bu Vətən aşiqinin tərcümeyi-halının şərəfli səhifələrindəndir. H.Z.Tağıyevin aldığı “Kaspi” qəzetinin yeni – milli mərhələsi də Ə.Topçubaşovun adı ilə bağlıdır. “Kaspi” qəzetində nəşr etdirdiyi çoxsaylı məqalələrdə, o cümlədən “Literatura azerbaydjanskix tatar” (1903, ¹ 234), “Qazeta na tatarskom yazıke” (1905, ¹ 18), “Naçalo reform na Kafkaze” (1905, ¹ 140), “K orqanizatsii zemstva v Zakavkazye” (1905, ¹ 2), “K otmene oqraniçeniya prav musulman v qorodskom samoupravlenii” (1905, ¹ 150), “K orqanizatsii zemelskoqo predstavitelstva” (1905, ¹ 157), “K samoupravleniyu v Kafkaze” (1905, ¹ 218), “Era vozrojdeniya musulman” (1905, ¹ 221), “K umirotvoreniyu natsionalnostey” (1905, ¹ 222), “Koqda je konets natsionalnoy raspri” (1905, ¹ 226), “Pismo turetskoqo konstitusionalista” (1905, ¹ 228), “Sanitarnıye zametki” (1904, ¹ 203, 205, 206, 211, 213, 214), “Ob uçrejdenii v Baku musulmanskoqo blaqotvoritelnoqo obşestva” (1904, ¹ 235), “Pervıy tatarskiy dramaturq” (1903, ¹ 203), “Ob uçrejdenii v Baku spektaklya” (1903, ¹ 232) kimi aktual mövzulara həsr olunan məqalələrdə Ə.Topçubaşov ədəbi-mədəni həyatın müxtəlif problemlərinə aydınlıq gətirir, Azərbaycanda milli mətbuat, ədəbiyyat tarixi və onun elmi-nəzəri dəyərləri, kəndli hüququ, Konstitusiya hüququ, şəhər idarəçiliyinin islahatı, səhiyyə məsələləri, səhnə və teatr, orta və ali məktəb qayğıları, milli muxtariyyət məsələlərini işıqlandırırdı. Sadalanan mövzuların təsviri və problemlərin həlli zamanı Ə.Topçubaşov və ya digər formada ictimai-siyasi problemləri də ortaya atır, xalqın taleyinə aid ən vacib siyasi məsələlərin diqqət mərkəzində saxlanılmasına çalışır, milli istiqlaliyyət, azadlıq, müstəqil suveren dövlət, konstitusiyalı özünüidarəetmə prinsiplərini təbliğ edirdi” (BDU Jurnalistika fakültəsinin kafedra müdiri, Əməkdar jurnalist, professor Şamil Vəliyev. Azərbaycanın şəxsiyyət simvollarından biri – Əlimərdan bəy Topçubaşov, səh.45-46).

“Ə.Topçubaşov təkcə azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının yalnız maariflənməsi üçün deyil, həm də onların siyasi hüquqlar qazanması uğrunda böyük mücadilə aparıb” – yazan Fuad Hüseynzadə xalq xadiminin bu istiqamətdə gördüyü işləri əsaslandırmaq üçün konkret nümunələrə, məxəzlərə müraciət edir, daha sonra böyük məfkurə və qələm sahibi H.Zərdabinin “Kaspi”dəki redaktorluq və mühərrirlik fəaliyyətini geniş işıqlandırır. “Kaspi”çilərdən Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə kimi görkəmli qələm sahiblərinin qəzetlə əməkdaşlığı barədə kifayət qədər sanballı sitatlarla söz açan müəllif, həmin xadimlərin maarifçilik sahəsindəki əməyini layiqincə dəyərləndirir. Fuad Hüseynzadə eyni zamanda adını çəkdiyimiz peşəkar publisistlər, müqtədir mətbuat xadimləri ilə yanaşı “Kaspi”yə tez-tez bölgələrdən materiallar göndərən müəllifləri də ehtiramla xatırlayır (“Paritet” qəzetinin əməkdaşı Fuad Hüseynzadə. 130 ilin fəxarəti).

Yazıçı-jurnalist Ərşad Əzimzadənin “İşıqlı ziyalılar “Kaspi”nin səhifələrində” adlı məqaləsi maraqlı, eyni zamanda düşündürücüdür. Müəllif “Kaspi”nin əməkdaşları, xüsusi ilə H.Zərdabi və Ə.Topçubaşovla bağlı müxtəlif mənbələrə istinad edərək onların vaxtı ilə qələmə aldığı ümummilli problemlərin bəzilərinin bu gün də qaldığını acı təəssüflə yazır, eyni zamanda adlarını çəkdiyimiz xadimlərin həyatı və irsi ilə bağlı elmi-kütləvi nəşrlərdə mübahisə doğuran məqamlara diqqəti yönəldir.

“Kaspi” qəzetinin toxunduğu mövzular o qədər zəngin, əhatəli, çoxşaxəlidir ki, cəsarətlə bu mətbu orqanın cəmiyyət həyatının bütün sahələrinə nüfuz etdiyini yazmaq olar. Bununla belə, “Kaspi”nin səhifələrində dərc olunmuş materialları qruplaşdırmağa çalışacağıq:

– təhsil, məktəb;

– islamın tarixi, islam və qadın hüquqları, islam və tərəqqi, panislamizmin mahiyyəti, dini dəyərlər, adət-ənənələr;

– xeyriyyəçilik, Bakıdakı xeyriyyə cəmiyyətlərinin fəaliyyəti;

– maarifçilik;

– fanatizm, ətalət, cəhalət, cahillik və mövhumatın tənqidi;

– qaçqınlar, onlara yardım göstərilməsi;

– ermənilərin məkrli, hiyləgər simasının, Araz boyu erməni talanlarının və ümumən erməni vəhşiliyinin ifşası;

– qərəzli, millətçi erməni və rus mətbuatının tənqidi;

– görkəmli tarixi şəxsiyyətlər, onların xidmətləri, xatirələrinin əbədiləşdirilməsinin vacibliyi;

– Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatı;

– müsəlman (Azərbaycan) zabitləri, onların həyatı, xidmətləri;

– müsəlman mətbuatının icmalı;

– gündəlik hadisələrin xülasəsi;

xarici xəbərlər;

sənayenin, xüsusi ilə neft sahəsinin inkişafına dair materiallar;

sosial, iqtisadi məsələlər;

– Bakının mədəni həyatı (qastrollar, yerli teatrların fəaliyyəti, kitab nəşri və s.);

– Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Parlament” rubrikası ilə parlamentin fəaliyyətinə dair stenoqramlar, məqalə və reportajlar;

milli özünüdərk, milli şüur, milli dövlətçilik problemləri;

– “Nazirlər Şurası” rubrikası ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti barədə informasiyalar.

“Kaspi”nin toxunduğu mövzularla bağlı fikrimizi obrazlı ifadə ilə yekunlaşdırsaq, cəmiyyətin nəbzinin bu qəzetin səhifələrində vurduğunu söyləyə bilərik.

“Kaspi” sadaladığımız mövzularda yazmaqla cəmiyyət həyatının aktual, həlli vacib problemlərini ortaya qoyur, ictimai rəyə təsir edir, onu formalaşdırır, istiqamətləndirir.

Təsadüfi deyil ki, “Qafqazın ən kütləvi və təsirli mətbuat orqanı” (Ramil Vəlibəyov) “Kaspi”nin ətrafında Azərbaycanın tərəqqipərvər, mümtaz, maarifçi, milli məfkurə yaradıcısı və daşıyıcısı olan ideoloqlar, ictimai fikir tariximizin ən qüdrətli ziyalıları toplaşmışdır. Ülvinə Fərzəliyeva “Kaspi” qəzetində milli özünüdərk problemləri” adlı məqaləsində haqlı olaraq qeyd edir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda rus dilində çoxlu sayda qəzetlər nəşr edilsə də, onların sırasında ən çox təsir imkanına malik olan “Kaspi” idi. Müəllif “Kaspi”ni nəzərdə tutaraq yazır: “Burada işıqlandırılan maarifçilik ideyaları xalqın milli özünüdərk prosesinin sürətlənməsində, milli mədəniyyətin qorunmasında və inkişafında əhəmiyyətli rol oynamışdır. Ötən əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikrində millətin oyanış, özünüdərk, istiqlal, türkçülük, millilik düşüncələrinin renessans dövrü kimi tarixin yaddaşına köçmüşdür”.

BDU Jurnalistika fakültəsinin əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əzimovanın “Əhməd bəy Ağaoğlu “Kaspi” qəzeti səhifələrində”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin şöbə müdiri, filologiya elmləri namizədi Lalə Hacıyevanın “Əhməd bəy Ağaoğlu “Kaspi” qəzetində: maarifçilik məsələləri”, Esmira Cavadova və Bəhman Kərimovun “Görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov ocağının davamçıları”, Qərənfil Quliyevanın “Kaspi”də çap olunan yeganə azərbaycanlı şairə”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun baş müəllimi Güllü İsmayılovanın “Kaspi” qəzeti işıqlı ziyalıların əsas tribunası kimi”, BDU jurnalistika fakültəsinin əməkdaşı Afaq Sadıqovanın “Kaspi” qəzetində ziyalı sözü”, bu sətirlərin müəllifinin “Kaspi” dalğası və Ceyhun Hacıbəyli” adlı məqalələri qəzetin əməkdaşlarının yaradıcılıq yolunu izləmək, onların irsini öyrənmək baxımından diqqəti çəkir.

Bütöv bir xalqın 38 illik tərcümeyi-halını vicdanla qələmə almış, onun tərcümanına çevrilmiş “Kaspi” xidmət etmək, doğru-dürüst, qərəzsiz yazmaq, eyni zamanda xalqın taleyi ilə bağlı problemlərə prinsipial münasibət bəsləmək nümunəsi idi.

BDU Jurnalistika fakültəsinin müəllimi, tarix elmləri namizədi Məhəmmədismayıl Mehdiyevin “Kaspi” qəzetinin yerli mətbuata töhfəsi” adlı məqaləsində məhz bu cəhət xüsusi ilə vurğulanır. “Kaspi” öz səhifələrində dəfələrlə yerli dildə mətbu orqanların yaradılması probleminə toxunmuş, bu ideyanı müdafiə etmiş, Azərbaycan dilində nəşr edilən qəzetlərin fəaliyyətini daim izləmiş, dəyərləndirmiş, onlara edilən yersiz hücumlara qarşı çıxmışdır. Tədqiqatçı müəllif yazır ki, qəzetin səhifələrində “Əkinçi”dən tutmuş “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Tazə həyat”, “Tərcüman”, “Ural”, “Vaxt” kimi mətbu orqanlar barədə kifayət qədər material verilmişdir. Bir faktı demək yerinə düşərdi ki, “Mola Nəsrəddin” nəşrə başlayandan “Kaspi” onun haqqında onlarca informasiya dərc etmişdir. M.Mehdiyevin təbirincə desək, “Kaspi” milli dildə çıxan qəzetləri rəqib yox, özünə həmrəy, silahdaş hesab edirdi.

“Kaspi” haqqında maraqlı, həm də aktual tədqiqat mövzularından biri də Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzetin fəaliyyətidir. Topluda bu mövzuda “Şərq” qəzetinin redaktor müavini Yusif Yusifovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Kaspi” adlı məqaləsi verilmişdir. Müəllif qəzetin həmin dövrdə də “Kaspi”nin öz ənənəsinə sadiq qalaraq, aktual problemlərə, parlamentin fəaliyyətinə, hökumətin həyata keçirdiyi islahatlara dair maraqlı yazılar dərc etdiyini, qəzetin 1918-ci ildə 120, 1919-cu ildə 59 nömrəsinin işıq üzü gördüyünü, 1919-cu ildən isə nəşrini dayandırdığını yazır.

Topluda diqqəti çəkən məqamlardan biri də budur ki, burada “Kaspi” ənənələrini – Vətən, millət sevgisini, milli-mənəvi, dini dəyərlərə, adət-ənənələrə ülvi məhəbbəti, azərbaycançılıq ideologiyası uğrunda fədakarlığı, maarifçilik, xeyriyyəçilik missiyasına xidməti, xalqa zidd, zərərli meyllərə qarşı mübarizəni öz səhifələrində, materiallarında yaşadan müasir “Kaspi”nin fəaliyyəti ilə bağlı da maraqlı yazılar verilmişdir. BDU Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin “Kaspi” qəzetinin informasiya siyasəti”, professor Alxan Məmmədovun (Bayramoğlu) “Kaspi” qəzeti – sələfinin layiqli davamçısı”, BDU Jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül Niftəliyevanın “Kaspi” qəzetində jurnalistikanın janr və formaları”, BDU Jurnalistika fakültəsinin müəllimi Ağamusa Zeynalovun “Kaspi” qəzetinin hadisələrə analitik baxış bucağı”, Təfəkkür Universitetinin baş müəllimi, şair-publisist Qəşəm Nəcəfzadənin “Kaspi” qəzeti işıqlı ziyalıların əsas tribunası kimi”, gənc tədqiqatçı-tərcüməçi Fərid Hüseynin “Müstəqil Azərbaycan mətbuatı və “Kaspi” qəzeti: “Kaspi” qəzetinin ədəbiyyat əlavəsi”, filologiya elmləri namizədi, Azərbaycan Dövlət Kooperasiya Universitetinin dosenti Sədaqət Məmmədovanın “Ağır yüklü yolçular” – “Kaspi”çilər” adlı məqalələrdə 1999-cu ildə çətin, eyni zamanda çox şərəfli vəzifəni – “Kaspi”nin varisi olmaq missiyasını öz üzərinə götürmüş və indiyədək bu işin öhdəsindən ləyaqətlə gələn “Kaspi” qəzetinin fəaliyyəti geniş işıqlandırılmış, təhlil olunmuş, dəyərləndirilmişdir. Başlıca nəticə prof.Cahangir Məmmədlinin cümləsi ilə desək: “Kaspi” XIX əsrin sonundan başlayan yolunu XXI əsrin ikinci onilliyində uğurla davam etdirir” (adı çəkilən məqalədən).

Sonda “Kaspi” ilə bağlı fundamental tədqiqatlar toplusunun aktual və faydalı olduğunu bir daha nəzərə çatdırmaqla bu işin – “Kaspi”nin öyrənilməsinin başa çatmadığını xüsusi vurğulamaq istərdik. Əslində, toplu “Kaspi”nin daha geniş və daha dərindən araşdırılması üçün ilk addım, start və siqnaldır. Tam əminliklə söyləmək olar ki, bu kitabdan sonra istər “Kaspi”nin nəşri, yayılması, senzura-redaksiya münasibətləri, dövrün mətbu orqanları – “Kaspi”nin dostları və düşmənləri, “Kaspi”nin cəmiyyət həyatındakı yeri, rolu, ona təsir gücü, imkanları, digər problemlər, eləcə də qəzetin azman əməkdaşlarının irsi daha əhatəli araşdırılacaq və həmin sahələr yeni-yeni elmi-nəzəri əsərlərin mövzusu kimi tədqiqat müstəvisinə cəlb olunacaq.

 

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2012.- 17 yanvar.- S.6.