Uzaq yolun müsafiri

 

Hər bir xalqın intellektual inkişafı tarixində elə dövr vardır ki, onların dərki və qiymətləndirilməsi yeni ictimai-siyasi və ədəbi-mədəni epoxanın formalaşmasına impuls verir. Azərbaycanın belə dövr və tarixi mərhələsinə ən yaxın nümunə kimi 1960-cı illəri və həmin vaxtda elm, sənət, siyasət, ədəbiyyat, mədəniyyət, mətbuat və digər sahələrdə ciddi xidmətləri olan ziyalıları göstərmək olar. O zaman mövcud imkanlar daxilində intellekt gücü ilə milli varlığın qorunmasını şərəf işi, vətəndaş vəzifəsi sayırdılar.

Həmin vəzifələrin həyata keçirilməsində mətbuat və publisistikanın, daha doğrusu, bu sahədə çalışanların əzablarla dolu işi, yəqin ki, gələcəkdə daha geniş öyrəniləcək. Onlardan birinin – tanınmış yazıçı-publisist Möhbəddin Səmədin ömür yolu və yaradıcılıq təcrübəsini əks etdirən fraqmentlərə nəzər yetirsək, buna bir daha əmin ola bilərik. Hələ sovet dövründə onun müxtəlif mətbuat orqanlarında çap olunan çoxsaylı, forma və janrca rəngarəng əsərləri ciddi rezonansa səbəb olur, “dəmir pərdəli” siyasi rejimdə qadağan olunan mövzulara toxunduğuna görə müzakirə mövzusuna çevrilirdi. Bir sıra hallarda marksist metodologiyanın prinsiplərinə uyğun mövzulardan yazmaması, yəni irsiyyət, sosial stress, kosmik təbabət, süni intellekt və s. problemlərə aydınlıq gətirməsi şəxsi həyatı, maddi təminatı üçün, yumşaq desək, problemlər yaratsa da, milli mühitdə mütərəqqi hal kimi qarşılanırdı. O, düşüncədə klassik normativliyin yerini müasir paradiqmatik mövqelərlə əvəzləməyə çalışanların arasında dayanır, elmi publisistikanın tanınmış nümayəndəsi kimi yeni əsrin texnogen səciyyəsini diqqət mərkəzinə çəkirdi.

O, “Nağıllar yalan olmur”, “Dialoqlar”, “Toğrul Nərimanbəyov” (Azərbaycan, rus, ingilis dillərində), “İncəsənət ustaları”, “Tofiq Dadaşov və onun psixoloji etüdləri”, “Tofiq Dadaşov” (rus dilində), “Səsin sehri varmış”, “Rənglə musiqinin harmoniyası”(Azərbaycan və ingilis dillərində), “Dünya dahilərsiz yaşaya bilmir” adlı elmi-populyar, bədii-publisistik kitabların müəllifidir. Respublikamızın görkəmli elm və incəsənət ustalarının həyat və fəaliyyəti barədə oçerkləri qonşu respublikalarda, eləcə də uzaq xaricdə — Türkiyədə, Fransada, ABŞ-da, Almaniyada, Yaponiyada, Lüksemburqda, İspaniyada, Argentinada, Kanadada, İtaliyada və Meksikada nəşr edilən nüfuzlu jurnallarda çap edilib. “Zəmanəmizin görkəmli musiqiçiləri” adı altında bəstəkar Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, müğənni Rəşid Behbudova, Şövkət Məmmədovaya həsr etdiyi silsilə verilişlər, o cümlədən, görkəmli sənətçilərin dialoq şəklində lentə alınmış “Dünya beşgünlük deyil” silsilə verilişləri radionun qızıl fonduna daxil edilib. Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi “Bu dünyada bir Səttar yaşardı”, Toğrul Nərimanbəyovun həyat və yaradıcılığından bəhs edən “Dünyanın nar nağılı”, Mikayıl Abdullayevin həyat və yaradıcılığı haqqında “Mikayıl Abdullayevin sənət dünyası”, “Dünyanın sənət məbədləri” sırasından Luvr muzeyinə həsr edilmiş “Luvr”, professor Tofiq İsmayılovun həyat və fəaliyyətindən bəhs edən “Ömür nə qısa imiş...” adlı verilişləri milli televiziyamızın ən uğurlu məhsulları kimi qiymətləndirilib, görkəmli riyaziyyatçı-alim Rafiq Əliyevin həyatı və elmi axtarışlarına həsr edilən “Alim” filmi böyük rəğbətlə qarşılanıb.

M.Səmədin elmi publisistika sahəsində mədəniyyət, incəsənət mövzularında qələmə aldığı sənədli hekayələr, məqalələr, görkəmli sənət adamlarına həsr etdiyi portret oçerklər, problem məqalələr qələminə, imzasına hörmət edən, yaradıcılığa özünüifadə kimi baxan istedadlı, zəhmətkeş və orijinal müəllif şəxsiyyətindən soraq verir. Geniş erudisiya, zəngin həyat müşahidələrinə istinad, təbii və bitkin təhkiyə, ən başlıcası isə qəliz, mürəkkəb mövzulara rəvanlıq gətirən dil aydınlığı M.Səmədin yazı tərzinin ən qabarıq cəhətləridir.

M.Səməd musiqiyə və təsviri sənətə həsr olunmuş bütün kitablarında, filmlərində, verilişlərində publisist-musiqişünas, publisist-sənətşünas mövqeyindən çıxış edir. Bu cəhət onun üslubunun aparıcı keyfiyyətidir. O, elmi-populyar əsərlərində hər hansı bir sənətkarın yaradıcılığına müraciət edərkən onların şəxsiyyətini səciyyələndirən cəhətləri publisist zövqü, sənətşünas səriştəsi ilə aşkarlayır. Yazıçı-publisist M.Səmədin bir diqqətçəkən xüsusiyyətini də qeyd etmək yerinə düşərdi. Adətən o, ciddi araşdırmalar tələb edən mövzulara üz tutur. Müasir dünyamızla bağlı olan məsələləri, problemləri elmi aspektdən düzgün işıqlandırmağa çalışır. Həmin keyfiyyətləri onun qələminin məhsulu olan “Dialoqlar”, “Tofiq Dadaşov və onun psixoloji etüdləri”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı elmi-populyar kitablarında xüsusilə qabarıq görmək olar. Bu kitabların hər birində M.Səməd müxtəlif elmi-fəlsəfi baxışların insan psixologiyasına təsir gücünün elmi-publisistik şərhini verir. Beləliklə, o, oxucu yaddaşında zəngin elmi informasiya verən öyrədici yazıçı-publisist kimi qalır. M.Səməd tədqiqat aparmağı, əldə olunmuş konkret elmi faktlar fonunda söz deməyi xoşlayan bir adamdır. Onun ideyası və ssenarisi əsasında çəkilmiş “Uzaq və yaxın Lütfi Zadə” çoxseriyalı sənədli filmi, eləcə də bu filmdən sonra qələmə aldığı “Dünya dahilərsiz yaşaya bilmir” əsəri məhz böyük zəhmət tələb edən ciddi araşdırmaların bəhrəsidir. 1980-ci illərin axırlarından başlayaraq Lütfi Zadə fenomenini araşdırmaq üçün İrana, Amerika Birləşmiş Ştatlarına, Almaniyaya, Hollandiyaya, Belçikaya, Fransaya, Türkiyəyə üz tutmuşdur. Nəticədə filmdə və kitabda professor Lütfi Zadənin həm alim, həm də insan kimi yaddaqalan monumental obrazını yarada bilmişdir. “Uzaq və yaxın Lütfi Zadə” tətbiqi riyaziyyat sahəsində çalışan alim haqqında filmdir. Onun kəşfinin əsl mahiyyətini ancaq barmaqla sayılacaq qədər az mütəxəssislər anlaya bilərlər. Ssenari müəllifi M.Səmədin ustalığı ondadır ki, bu alimin mürəkkəb dünyasına baş vuraraq onun çətin anlaşılan elmi kəşfinin mahiyyətini aça bilib. Tamaşaçı anlayır ki, mütləq mənada sıfır yoxdur, mütləq mənada vahid yoxdur, mütləq mənada yalan yoxdur, mütləq mənada həqiqət yoxdur. Düzdür, dünya ədəbiyyatı və incəsənəti bu fikri zaman-zaman bizə təlqin etmiş və sübuta yetirmişdir. Lakin bu iş dəqiq elmlər səviyyəsində ilk dəfə professor Lütfi Zadə tərəfindən görülmüşdür. Buna görə də film və yuxarıda adı çəkilən kitab yalnız böyük alim haqqında yox, həm də formal məntiqə, doqmatizmə, ehkamçılığa, totalitarizmə qarşı üsyan etmiş bir insan haqqındadır. Onun üsyanı dəqiq işlənmiş riyazi sübutlar silsiləsidir.

Professor Lütfi Zadə (ABŞ) “Uzaq və yaxın Lütfi Zadə” filmi, onun yaradıcı heyəti, xüsusən də Möhbəddi Səməd haqqında belə deyir:

– Mən istərdim Möhbəddin Səməd haqqında bir neçə söz deyim. İlk dəfə onunla 1996-cı ilin iyununda yaşayıb-işlədiyim Berkli şəhərində görüşmüşəm. O, mənim barəmdə çoxseriyalı sənədli film çəkməyə gəlmiş yaradıcı qrupun tərkibində idi. Sonralar bildim ki, filmin çəkilməsi ideyası da, ssenarisi də Möhbəddin Səmədə məxsusmuş. Xatırladım ki, elmi mövzuda, xüsusilə süni intellekt, qeyri-səlis məntiq barədə ssenari yazmaq çox qəliz işdir. Amma bir həqiqəti də deyim ki, həm bədii filmin, həm də sənədli kinonun çəkilişi və necə olacağı ssenaridən başlayır.

Artıq aradan xeyli vaxt keçməsinə baxmayaraq Möhbəddin Səmədlə Oqtay Babazadənin 1996-cı ildə həm Amerikada, həm Almaniyada, həm də Fransa, Belçika və Türkiyədə sənədli filmlə bağlı gördükləri işlər indi də xatırlayıram. Hətta bir qədər sonra, daha dəqiq desək, 1998-ci ilin oktyabr ayında Almaniyanın Visbaden şəhərində keçirilən Beynəlxalq elmi konfransda mənim barəmdə olan “Uzaq və yaxın Lütfi Zadə” sənədli filminin təqdimat mərasimi də yaxşı yadımdadır. Fikrimcə, Möhbəddin Səməd bu filmdə mənim elmi fəaliyyətimə və nəzəri fikirlərimə özünəməxsus orijinallıqla, erudisiya ilə böyük qiymət vermişdir.

Hətta filmdə mənim şəxsiyyətim, daxili aləmim, nəzəriyyələrim, kəşflərim, fəlsəfi düşüncələrim, eləcə də ailə həyatım və həyat yoldaşımla bağlı səhnələr də dolğun ştrixlərlə, əlvan boyalarla əks edilmişdir. Bir sözlə, yaradıcı qrup yüksək peşəkarlıq göstərərək çox maraqlı bir film yaratmışdır. Və film məndə güclü təəssürat oyatmışdır. Buna görə də mən şəxsən Möhbəddin Səmədə və Oqtay Babazadəyə gördükləri əla işə görə öz təşəkkürümü bildirirəm.

Mənə elə gəlir ki, həm ssenari müəllifi, həm də rejissor qarşılarına qoyduqları çətin məqsədə nail olmuşlar. Onlar əzab-əziyyətə qatlaşaraq çox böyük işlər görmüşlər.

Bu sözləri eyni ilə Möhbəddin Səmədin mənim barədə ustalıqla, səriştə ilə yazdığı və 2000-ci ildə özümün iştirakımla Almaniyanın Zigen Universitetində keçirilən Beynəlxalq elmi konfransda təqdimatını keçirdiyimiz “Dünya dahilərsiz yaşaya bilmir” kitabı barədə də demək olar. Bu kitab mənim şəxsi həyatım, elmi fəaliyyətim, dünya elmindəki yerim və mövqeyim barədə qələmə alınmış mükəmməl və obyektiv kitabdır.

Bir sözlə, mən Möhbəddin Səmədin yaradıcılığını yüksək qiymətləndirirəm və ona bu yöndə yeni uğurlar arzulayıram.

 

ABŞ, Berkli, sentyabr, 2001

 

Yazıçı-publisist M.Səmədin istər incəsənətlə, istərsə elmlə bağlı olan sanballı kitabları, filmləri, verilişləri, məqalələri həmişə maraqla, rəğbətlə qarşılanır. Əlbəttə, bunun obyektiv səbəbləri var. Əsas səbəblərdən biri odur ki, o, həyatda olduğu kimi yaradıcılığında da səmimidir. Söz yaranandan onu söyləyənin imzasını yaşadır, daşıdığı fikir yükünün çəkisi, qiyməti ilə seçilir. Odur ki, çörəyi halal sözdən çıxanlar həmişə onun qədrini-qiymətini qorumağı tale payı, ömür-gün sevdası sayır, yazısına, yaradıcılığına kənardan baxmağa çalışır, özünü sözündə yaşatmaq üçün bütöv bir ömrü şam kimi əritməkdən həzz alır, fəzilət yolunu bunda görürlər. Elmin müxtəlif sahələrinə, musiqiyə və təsviri sənətə dair çoxsaylı məqalələrin, kitablar, filmlər və teleradio verilişlərinin müəllifi olan yazıçı-publisist Möhbəddin Səmədin imzası ilə hər dəfə rastlaşanda qeyri-adi olaraq həmin fikirlərin axarına düşürük. Onun qələminin məhsulu olan hekayələr, portret-oçerklər, müsahibələr, milli publisistikamızda müəllifin məxsusi yerini, üslub orijinallığını və istedad dairəsini göstərir. Əsərləri peşəkarlıq səriştəsini müəyyənləşdirən diqqətəlayiq nümunələrdir.

Möhbəddin müəllim təkcə əsərləri ilə deyil, həm də şəxsiyyəti, gündəlik davranışı və söhbətləri ilə maraq doğuran adamdır. Tarixə, ictimai-siyasi mühitə, ədəbiyyat və mədəniyyət hadisələrinə münasibətinə və işıqlı gələcək barədə düşüncələrinə bələd olan hər kəs yaxşı bilir ki, onunla söhbət yeni ümidlərdən soraq verir, nikbinlik ruhu aşılayır, yaşamaq və yaratmağın əbədiyyətə yönəlik iş olduğuna inandırır. Möhbəddin müəllim 1970-ci illərdə mətbuat və ədəbiyyata gələn nəslin nümayəndəsidir. Mən onun sözünü özündən əvvəl tanımışam, imzasını qəzet, jurnal səhifələrində görmüş, adını efirdən dəfələrlə eşitmişəm. Hər dəfə bu imza ilə rastlaşanda ciddi elmi polemikanın, üslubi orijinallığın, fıkir aydınlığının, sərrast ifadənin şahidi olmuş, həyat və sənət haqqında dolğun mülahizələr əxz etmişəm. Odur ki, Möhbəddin müəllim haqqında danışmaq mənim üçün həm asandır, həm də böyük məsuliyyət doğurur. Bir daha xatırladıram ki, sovet ideoloji sistemində, antoqonist ziddiyyətlərin olmaması barədə təbliğat yürüdüləndə, ideal cəmiyyət, kommunizm xoşbəxtliyi barədə mifik-fantastik təsəvvür yaradılanda Möhbəddin Səməd həmin dövrdə qadağan mövzulardan yazır, sosial stress, milli şəxsiyyət, irsiyyət-genetika, süni intellekt və sairə problemlərindən yazır, publisistik imici ilə oxucuların yaddaşında özünə yer tuturdu. Həmin işin nəticəsidir ki, bu gün Möhbəddin Səmədin həm özünə, həm də sözünə hörmətlə yanaşılır, adına ehtiram göstərilir, söz mülkünün vətəndaşı kimi rəğbətlə qarşılanır.

Odur ki, M.Səmədlə həmsöhbət olmaq hər dəfə xoş təəssürat yaradır. Yaxın günlərdə etdiyimiz qısa söhbət bu mənada maraq doğurur:

— Möhbəddin müəllim, hər dövrün öz diqtəsi olur. Yadımdadır, siz XX əsrin 70-80-ci illərində ən çox parapsixologiya, komputer problemlərinə müraciət edirdiniz. Bəs XXI əsr sizə hansı mövzuları diqtə edir?

— XXI əsr daha çox kataklizmlərlə müşayiət olunur. Bu da təbiətin tarazlığının pozulmasından soraq verir. Zərərli nüvə və başqa tullantılar yaşadığımız dünyanın ekologiyasının tarazlığına narahatlıq gətirmişdir. İndi başlıca problem budur. Zərərli nüvə tullantılarının təbiətə atılması nəticəsində dünyamızın ovqatı tamam dəyişmiş və bəşəriyyət olum və ölüm dilemması qarşısında qalmışdır. İndi məni ekoloji problemlər daha çox cəlb edir.

–İndi mədəniyyətin ekologiyasından da tez-tez söhbətlər gedir. Həmişə elmdən, incəsənətdən və mədəniyyətdən yazan bir publisist kimi milli mədəniyyətimizdə belə bir təhlükəli prosesin başlanğıcını hiss edirsinizmi?

— Bəli, mən belə bir prosesi çox qabarıq görürəm. Bu proses akulturasiya adı ilə müşayiət olunur. Akulturasiya nədir? Akulturasiya bir xalqın mədəniyyətinin başqa xalqın mədəniyyəti qarşısında baş əyməsi, öz ilkinliyindən qopub onunla qaynayıb-qovuşması, assimilyasiya olunmasıdır. Bu, olduqca təhlükəli, milli mədəniyyətləri tənəzzülə aparan prosesdir. Ondan yaxa qurtarmaq üçün milli səfərbərlik, yüksək tolerantlıq gərəkdir.

— Həmişə böyük vurğunluqla elmi publisistika ilə məşğul olmusunuz. Bəs bunun müqabilində mükafatınız nə olub?

— İki dəfə mənə mükafat veriblər,. 1985-ci ildə aldığım “Qızıl qələm” mükafatını respublika mətbuatında elmə, incəsənətə həsr olunmuş yazılarıma görə, 2000-ci ildə aldığım “Həsən bəy Zərdabi” mükafatını isə həmin mövzularda dünya mətbuatında çıxmış yazılarım üçün veriblər.

Möhbəddin Səməd mənim üçün yaddaş bütövlüyü ilə heyrət doğuran şəxslərdəndir. Onunla fikir bölüşəndə, mühakimələrinə qulaq asanda həmişə bizdən öncə gələnlərə verdiyi qiymət belə olur: “Millətin klassikləri bizim yaddaşımızın yaşıdlarıdır. Çünki onlar tarixi yaradanlar və yaddaşa işıq saçan, nur verən, tarixin məchulluğuna, qaranlığına aydınlıq gətirən, perspektivə yön verənlərdir”.

Bu sözlərin sadəcə elmi mühakimə, nəzəri mülahizə, yaxud da gəlişi gözəl sözlər olmadığına inanmaq üçün bir məqama diqqət yetirmək istərdim. Biz onunla eyni obada — məşhur Körpülü kəndində anadan olmuşuq. İndi o kənd qürbət acıları ilə qaçqın həmkəndlilərimizin niskil yerinə çevrilib. Möhbəddin müəllimin taleyinə isə o kənddən çox erkən ayrılmaq düşüb. 1941-1945-ci illər müharibəsi ilə əlaqədar ata qayğısından məhrum olan Möhbəddin müəllim orta məktəbi bitirdikdən sonra Bakıya üz tutub, ali təhsil alıb, xoşbəxt bir ailə qurub, elmi-ictimai dairələrdə nüfuz qazanıb, cəmiyyətdə seçilən-sayılan ziyalılardan biri kimi tanınıb.

Ondan xeyli sonra mən də Körpülüdən ayrılmışam və hər dəfə doğma yurdla, ata ocağı ilə, yaddaşla bağlı söhbətlərdə o, məni heyrətləndirib. Yaddaşının təzəliyi və təmizliyi ilə, doğma yurdun insanlarına bağlı aydın və dəqiq müşahidəsi, münasibət tərzi ilə Möhbəddin müəllimin davranışı və mövqeyi mənim üçün örnək məqamında dayanıb. Şəxsiyyətində idealist və moralist görüşlər kompleksinin sintezinə nail olan M.Səməd fakta, hadisəyə, problemə, tarixə, cağdaş zamana, elmə, sənətə, qeyri-səlis məntiq prinsipləri, çoxmeyarlılığın təhlil normaları ilə yanaşı, fərdi mövqeyini ictimai, intellektual miqyasda birmənalı şəkildə bəyan edir, aydın vətəndaşlıq kredosunu, publisistik məharətini nümayiş etdirir. Bu mənada da Möhbəddin müəllimin özünəməxsus intellektual zirvə normativliyinə arxalanması hər bir yurddaşımız üçün güvənc yeri, etibarlı mənəvi dayaqdır. Çünki o zirvədə tayfa, qrup marağı yox, kənddə şəhər mədəniyyətini, şəhərdə kənd əzəlliyi və özəlliyini yaşatmaq kimi yurddaşlıq, soydaşlıq fəziləti var. Möhbəddin müəllimin təbiətində maraqlı, bəlkə də qəribə bir cəhət də var: kənardan baxanda elə bilirsən, uzaq yolun yorğunudur. Və dünyada bundan dərdli, bundan qaraqabaq, bundan adamayovuşmaz, bundan astagəl, lap elə bundan tənbəl adam ola bilməz. Amma əslində belə deyil. Azərbaycan mətbuatına yaxından bələd olanların yaxşı tanıdığı, bəzilərinin isə şəxsən tanımadığı yazıçı-publisist Möhbəddin Səməd son dərəcə istiqanlı, zəhmətkeş, yumoru duyan, maraqlı bir adamdır. O ki qaldı onun uzaq yolun yorğunu, müsafiri olması məsələsinə, bəli, o özünü ifadə etmək və təsdiqləmək ücün günü bu gün də yaradıcılığın nəhayətsiz, yorucu yolundadır. Belə yolun adamlarına — əbədiyyəti insanlıq idealı seçənlərə uğur diləmək ən böyük savabdır.

 

 

Şamil VƏLİYEV,

Filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 17 yanvar.- S.4.