Çingiz Qənizadə: “Milli Fəaliyyət Proqramının təsdiqlənməsilə ölkədə islahatların başlandığı nümayiş etdirilib

 

Müsahibimiz hüquq-müdafiəçisi,millət vəkili Çingiz Qənizadədir

 

Çingiz müəllim, ölkəmiz 1991-ci ilin avqustunda ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycanda insan hüquqlarının qorunması sahəsində hansı addımlar atılıb?

– Azərbaycan müstəqillik əldə etdikdən və ölkədə ictimai-siyasi vəziyyət nisbətən stabilləşdikdən sonra Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsinin vacibliyini qeyd edən mərhum Prezident Heydər Əliyev bununla bağlı özünün rəhbərliyi ilə komissiya yaratdı. Görülən gərgin işlərdən sonra 1995-ci il noyabr ayının 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Cəmi 158 maddədən ibarət olan Konstitusiyanın 24-71 maddələri, daha dəqiq desəm, 47 maddəsi insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib.Azərbaycan Konstitusiyası nəinki Cənubi Qafqazkeçmiş SSRİ məkanında, həmçinin Avropada olan ən demokratik konstitusiyalardan biri hesab edilib. Konstitusiyadakı maddələrin üçdə biri məhz insan hüquq və azadlıqlarından bəhs edir.Daha sonra, 1998-ci ildə yenə də Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalandı. 4 ay sonra, 1998-ci ilin iyun ayında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Ölkədə insan hüquqları üzrə müvəkkil, Ombudsman İnstitutu yaradılmışdır. Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi məqsədi ilə hüquqi sahədə qanunlarına yenidən baxaraq 2000-ci il sentyabr ayınadək bu qanunlar yenidən işlənərək insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən yeni redaktədə qəbul edilib. Bu qanunların hər biri qəbul edilməzdən öncə Avropa Şurasının ekspertləri ilə müzakirə edilmiş, onların dəyərli tövsiyə və təklifləri qanunvericilikdə öz əksini tapıb. Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuşdur ki, bu da 2006-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.Nəhayət 2011-ci il dekabr ayının 27-də “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qeyd etmək olar.

Siz bir hüquq müdafiəçisi olaraq parlamentdə təmsil olunan şəxs kimi son sərəncamdan – Milli Fəaliyyət Proqramının təsdiq edilməsindən nə gözləyirsiniz?

Milli Fəaliyyət Proqramının təsdiq edilməsi ilə bağlı cənab Prezidentin son sərəncamının 5-ci bəndində birbaşa icra orqanlarına tapşırılır ki, “Milli Fəaliyyət Proqramı”nın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər. Bu, vətəndaş cəmiyyəti ilə dövlət icra orqanları arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.

6 Fəsildən ibarət olan Milli Fəaliyyət Proqramında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədi ilə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun qəbul edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, informasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizənin artırılması, uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onlara cinayət məsuliyyətinin müəyyən edilməsi, Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, miqrantların hüquqlarının təmin edilməsi, valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdilməsi, əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması, ahılların, əlillərin hüquqlarının təmin edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanması, məişət zorakılığına, qadınlara qarşı zorakılığa qarşı mübarizənin gücləndirilməsi, kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin keçirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, vəkillik institutunun gücləndirilməsi və sair kimi məsələlərin həlli nəzərdə tutulub. Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş müddəaların çoxu, biz hüquq müdafiəçilərinin çoxdan həll edilməsini istədiyimiz və arzu etdiyimiz müddəalardır. Belə hesab edirəm ki, bu Proqramın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları çox yaxından iştirak etməlidirlər.

– Vətəndaş cəmiyyətini təmsil edən ayrı-ayrı şəxslər Milli Fəaliyyət Proqramı təsdiq edilən kimi ona qarşı çıxaraq bəzi qəzetlərdə müsahibələr verdilər...

– Mən başa düşə bilmirəm ki, arzu etdiyimiz müddəaların Proqramda əksi, kimi və niyə narahat edir. Bu adamlar əllərindən bir gəlməyən, bu günədək bir nəfərə belə kömək edə bilməyən, arxasında özündən başqa heç kimsəsi olmayan tək-tək QHT-çilər ola bilər. Bəziləri qeyd edir ki, demokratik bir cəmiyyətdə və ölkədə belə Proqramlar olmur və təsdiq edilmir. Qeyd edim ki, BMT-nin ölkələrdə Milli Fəaliyyət Proqramı ilə bağlı “Bələdçi kitabı” mövcuddurbu BMT-nin üzvü olan dövlətlər üçün nəzərdə tutulub. Bu gün dünyada elə bir dövlət yoxdur ki, orada insan hüquqlarının pozulmasına rast gəlinməsin. Elə Avropanın özündə tez-tez belə hallara rast gəlirik.Dövlət öz iradəsini nümayiş etdirərək insan hüquq və azadlıqlarına xidmət edən Proqram ortaya qoyubsa bu alqışlanmalı və təqdir edilməlidir.

– Sizcə, yaxın gələcəyə hesablanmış Milli Fəaliyyət Proqramının “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqəsi, bağlılığı vardırmı?

– Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkədə demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmək mümkün deyil. Ölkədə siyasiiqtisadi islahatların aparılmasının vacibliyini qeyd edən Prezident, məncə Milli Fəaliyyət Proqramını təsdiq etməklə bu islahatların başlandığını nümayiş etdirmişdir. Cənab Prezident insan hüquq və azadlıqlarının müdafiəsinin dövlət siyasətinin vacibmühüm prioritetlərindən biri olduğunu bu sənəd vasitəsi ilə bir daha qabartmış, bu sahədə çatışmazlıqların və nöqsanların aradan qaldırılmasının vacibliyinin bu Proqram vasitəsilə həyata keçirilməsinin təməlini qoyub.

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2012.- 17 yanvar.- S.4.