Zahid Xəlil “Sehrli dünyanın memarı” kimi

 

Ədəbiyyatşünas alim Füzuli Ələsgərlinin qələmə aldığı “Sehrli dünyanın memarı” adlı kitab işıq üzü görüb. Monoqrafiyada görkəmli uşaq yazıçısı Zahid Xəlilin ədəbi yaradıcılığı geniş təhlilə cəlb edilib. Yazıçının yaradıcılığını elmi-nəzəri aspektdə araşdıran müəllif tədqiq etdiyi müxtəlif janrlı əsərlərinin ideya-bədii və sənətkarlıq xüsusiyyətlərinin açılmasına diqqət yetirib. Monoqrafiyada Zahid Xəlilin şeiriyyatının musiqi ilə bağlılığı, qarşılıqlı ədəbi əlaqələr və tərcümə prosesindəki fəaliyyəti də işıqlandırılıb, Azərbaycan və rus ədəbi tənqidinin yaradıcılığına olan münasibəti burada öz əksini tapıb.

Səkkiz fəsildən ibarət “Sehrli dünyanın memarı” monoqrafiyasında Zahid Xəlilin poeziya, nəsr, dramaturgiya, həmçinin digər yaradıcılıq yönləri haqqında məlumatlar oxuculara təqdim edilib.

Monoqrafiyanın birinci fəsilində Zahid Xəlilin uşaqlar üçün şeirlərində lirizmin və obrazlılığın, bədii üslubda poetiklik kateqoriyasının bir filoloji problem kimi ortaya qoyulması, üslubi vasitələrin dilimizin estetik faktoru kimi təzahür etməsi, ümumiyyətlə, söz sənətində bədiilikdən əlavə illüstrativlik və əyaniliyin, dəqiq müqayisəsi və sair xüsusiyyətləri təhlil olunur.

“Həm də böyüklərin həmdəmi” adlanan ikinci fəsildə müəllif şairin böyükləri də unutmadığını, lirik-poetik misralarla onların qəlbini ovsunladığını qeyd edib.

“Uşaq poeziyası musiqi qanadlarında” adlı üçüncü fəsildə kitab müəllifi ayrı-ayrı bəstəkarların musiqisilə birləşən Z.Xəlil əsərlərinin uşaqlarda heyrət doğuran ahəngdarlığını, melodik zənginliyini, ecazkarlığını xüsusi qeyd edib və uyarlılıqların sintezində yaranan mahnıların bu gün də populyar olduğunu vurğulayıb.

“Milli uşaq nəsrinin novatoru” adlı dördüncü fəsildə isə Zahid Xəlilin nəsr əsərlərinin orijinallığını önə çəkən müəllif, araşdırdığı hər bir bədii materialda yenilik aşkarlayaraq, dünya uşaq ədəbiyyatı işığında yaradıcılıq yolu keçmiş nasirin sənətkarlıq xüsusiyyətlərini uyğun misallar gətirməklə vurğulayır.

“Milli uşaq nəsrində ilk macəra roman janrı”adlanan beşinci fəsildə tədqiqatçı yazıçının “Orxan və dostları” əsərini təhlilə cəlb edib, bu əsərin roman olduğu qənaətinə gələrək, dünya ədəbiyyatı korifeylərinin uşaq əsərlərindən misallar gətirərək fikrini nəzəri baxımdan əsaslandırıb.

“Uşaq dramaturgiyasının inkişafında fəaliyyəti” fəslində isə Zahid Xəlilin dramaturgiyasına nəzər salınır, milli folklor motivlərindən bəhrələnərək qələmə aldığı “Lampacıq”, “Küp”, “Ata ocağı” pyeslərinin sənətkarlıq xüsusiyyətləri üzə çıxarılır.

“Qarşılıqlı ədəbi ələqalərin, bədii tərcümənin inkişafında rolu” adlı yeddinci fəsildə sənətkarın dünya xalqları arasında qarşılıqlı ədəbi əlaqələrin yaranmasındakı fəaliyyətindən bəhs edilir. Eyni zamanda Zahid Xəlilin bədii tərcümə yaradıcılığına güzgü tutulur.

“Azərbaycan-rus ədəbi tənqidi Zahid Xəlil yaradıcılığı haqqında” başlıqlı səkkizinci fəsildə tanınmış Azərbaycan-rus tənqidçiləri və təndqiqatçılarının sənətkarın yaradıcılığına verdiyi qiymət, Məmməd Cəfər, Bəkir Nəbiyev, Əziz Şərif, Elçin, İqor Motyaşov, Marina Vlasova, Matianna Yampolskaya, Pavel Ulyaşov, Natalya Filonova, Tofiq Ağayev kimi söz sərraflarının bu barədə söylədikləri fikirlər yer alıb.

 

 

GÜNEL

 

525-ci qəzet.-2012.- 18 yanvar.- S.7.