Şərəfli
ömür yolu
Mirzə Vəli İsmayılov 1885-ci ildə Şuşa qəzasının Kəbirli nahiyəsinin Rəncbərlər kəndində anadan olub.
O, ibtidai təhsilini Şuşa şəhərində realnı məktəbdə alıb. Düzdür, o vaxtlar bünövrəsi 1883-cü ildə qoyulmuş Xəlfələddin kəndində də ibtidai məktəb var idi, lakin Azərbaycanın dahi bəstəkarı Üzeyir bəyin atası Əbdülhüseyn kişinin Rəncbərlər kəndi ilə qohumluğu Mirzə Vəlini 5 yaşında olarkən 1890-cı ildə Üzeyirlə birlikdə Şuşa realnı məktəbinə getməsinə səbəb oldu. Tarixi mənbələrdən bizə yaxşı məlumdur ki, Üzeyir Hacıbəyli də Rəncbərlər kəndində anadan olub. Tədqiqatçı Rafail Hüseynov “Min ikinci gecə” kitabında belə bir məlumat verir ki, anası Şirinbəyim xanım azad olmaq üçün Ağcabədiyə, qohumlarıgilə gedir və orada 1985-ci il 18 sentyabrında Üzeyir anadan olur. Onu da qeyd edək ki, həmin dövrdə Üzeyirin atası Əbdülhüseyn Ağcabədi ərazisində Üzeyir adlanan yerdə Qarabağ xanlığı tərəfindən su çuvarı vəzifəsinə təyin edilibmiş. Xan qızı Natavan tərəfindən bərpa olunmuş, ilk adı, Balmaq, Kavur arxa, sonralar isə Xan arxı adlanan bu arx Araz çayından eramızın III əsrində İran şahı Qubad şah tərəfindən çəkilmişdi. Bu su mənbəyi monqol istilası zamanı Çingizxan tərəfindən dağıdılmış, Teymurləng tərəfindən bərpa edilmişdi. Çar Rusiyasının istilasından sonra ruslar tərəfindən bərpa edildiyinə görə Gavur, yəni Kafir arxı adlandırılıb. Sonuncu dəfə Xurşudbanu Natavan tərəfindən bərpa etdirilir və Əbdülhüseyn də ora cuvar təyin olunur.
Atamın xalası – Mirzə Vəlinin həyat yoldaşı, 1890-cı il təvəllüdlü Suqra xanımdan eşitdiyimə görə Mirzə Vəlinin babası İsmayılın 5 qızı olub. Qızlardan biri Quzanlıya, o biri isə Ağdamın Muradbəyli kəndinə gəlin köçüb. Seyid Məhəmməd ağa deyərdi ki, Üzeyir bəylə biz xalaoğluyuq. Bu da bir faktdır ki, onun qızlarından biri Məşədi Ümmü Seyid Məhəmməd ağanın babası İbrahim ilə ailə qurub. Burdan belə nəticə çıxarmaq olar ki, Muradbəyliyə gəlin köçən Şirinbəyim xanımın anası, digəri isə quzanlı molla Mehdi Axundzadənin anası olub. Onu da qeyd edim ki, molla Mehdi Şuşanın axundu olub. Bu qohumluğa görə Mirzə Vəli ibtidai təhsilini Şuşada alır. O,1900-cu ildə Üzeyir bəylə birlikdə Qori müəllimlər seminariyasına daxil olub, 1905-ci ildə oranı bitirib təyinatla Qubaya iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi təyin edilir. 3 ilə qədər orada işlədikdən sonra Bakıya Pənah Qasımovun direktoru olduğu realnı məktəbə müəllim təyin edilir. Müəllim işləyə-işləyə H.Z.Tağıyevin təsis etdiyi “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. Nəhayət Mirzə Vəlinin savad və qabiliyyətinə bələd olan H.Z.Tağıyev onu neft kontorunda rus dili üzrə məktublar şöbəsinə mirzə təyin edir.
Onu da qeyd edim ki, Mirzə Vəlinin fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmır. Onu Şuşa qəzasına məsul vəzifəyə, çəkirlər sonra da Qarabağda fəhlə-kəndli komitəsinin sədri təyin edirlər. Qubada realnı məktəbdə Mir Cəfər Bağırova dərs dediyi üçün onunla şəxsi tanışlığı vardı. Bu şəxsi tanışlığa görə M.C.Bağırov onu qaçaqlığa qarşı mübariz işinə cəlb edib Ağcabədiyə dəstə rəisi təyin edir.
Bir dəfə Bağırova məlumat çatır ki, bir qrup qaçaq Ağcabədinin Xocavənd kəndi ərazisində gizlənib. Bağırov ora dövlət qoşunlarını göndərir ki, qaçaqları tərki-silah etsinlər. İş belə alınır ki, gecə əsgərlərin silah-sursatı oğurlanır. Bu hadisədən qəzəblənən Bağırov hadisə yerinə gəlir və Xocavənd kəndinin tamamilə yandırılmasını əmr edir. Vəli müəllim dövlət başçısına deyir: “Dərsdə mən sənə deməmişəm ki, 3-4 cinayətkara görə bir kəndi yandırıb əhalisini evsiz-eşiksiz qoyasan. Gələcək nəsillər bizi lənətləyər”. Bununla Bağırov öz qərarını dəyişir. Bu hadisədən çox sonra, 1949-cu ildə M.C.Bağırov Ağdamdan Beyləqana gedən zaman Mirzə Vəliyə, öz müəlliminə baş çəkir. Kənd ərazisində onu gətirən maşın batır. Kəbirli Məhəmməd adında bir nəfər maşını çıxarır və bələdçilik edərək onu Mirzə Vəlinin evinə gətirir. Müəlliminin əhvalı ilə tanış olan Bağırov Xocavənd hadisəsini də xatırladır və ona fikrini dəyişməyə təsir etdiyinə görə minnətdarlıq edir.
Vəli İsmayılov Bakıda müəllim işlədiyi zaman Azərbaycan ziyalıları ilə yaxın münasibətdə olub. Onlardan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hənifi, Terequlov, S.S.Axundov, Rəşid bəy Əfəndiyev və başqalarının adlarını çəkmək olar.
Vəli müəllim bir dəfə “Kaspi” qəzetində oktyabr inqilabını pisləyən V.İ.Lenin və Stalin haqqında tənqidi məqalə çap etdirir. Və özünün məşhur “Olsun” şeirini də məqalənin sonunda verir. Bununla da ona qarşı təqiblər başlanır. Yuxarıda adlarını çəkdiyim dostları onu 4 ay Dağıstanda Müslüm Maqomayevin atasının evində gizlədirlər. Sonralar o, Ağdama müəllim təyin olunur. Orda da əksinqilabi fəaliyyətini davam etdirir. Bir gün həmin məktəbin bir neçə müəllimi Mirzə Vəli haqqında mərkəzi hökumətə məlumat verir. Sonralar özünün dediyinə görə SSRİ Maarif Komissarlığından gələn nümayəndə deyir: “Ukrayna xalqının bir pedaqoqu var, Makarenko. Bu da Azərbaycan xalqının Makarenkosudur”.
Mirzə Vəlinin doğulub boya-başa çatdığı Rəncbərlər kəndini iki dəfə deportasiya etmək istəyiblər. Hər ikisində də o, kəndi xilas edib.
1929-cu ildə o, Bakıdan dağa, yaylağa gəlir. Onun görüşünə hərə bir qoyun gətirir. Həmin vaxt Mirzənin baldızı oğlu Seyid Məhəmməd ağa da dağda olur. Ona gətirilən qoyunları ağaya verir ki, taxıla, arpaya dəyişib paylasın kasıblara, bir neçəsini isə qarşıdan gələn Məhərrəmlik ayında kəsib camaata ehsan versin. Seyid Məhəmməd ağa danışardı ki, 17 baş qoyunu dediyi kimi taxıla dəyişib camaata payladım, ehsan verdim. Bu hadisə ilə əlaqədar ağanı da aparıb sorğu-sual ediblər ki, bəs hökumət dini təbliğatı qadağan edib, siz isə ehsan verirsiniz.
Ötən əsrin əvvəllərində Azərbaycanda törədilən bolşevik, daşnak vəhşiliyi zamanı yurdsevər Azərbaycan ziyalıları və hərbçiləri birgə fəaliyyət göstərmək üçün bir qərargah yaradırlar. Yeganə ermənisiz rayon Kürdəmir olduğundan orada könüllülərdən ibarət bir ordu yaradırlar. Bu orduda Mirzə Vəlinin qardaşı Museyib və bacısı Yetərin həyat yoldaşı Abbas da ermənilərə qarşı döyüşüb. Həmin dövrdə Mirzə Şuşada maarif komissarı işləyirmiş. Özünün dediyinə görə bu könüllülərdən ibarət ordunu silah-sursatla təmin etmək üçün ziyalılardan ibarət komissiya yaradılır, vəsait toplamağa başlayırlar. Bu vəsaitin toplanmasına köməklik göstərənlərdən biri də Mirzə Cəlilin həyət yoldaşı Həmidə xanım olur.
Qohumu Hindarxda işlədiyi vaxt onun tələbəsi olmuş həkim Çodarov Həsən İsa oğlu deyərdi: “Mirzə Vəlinin müəllimlik qabiliyyəti Allah vergisi idi. Onun tələbəsi savadsız ola bilməzdi”
Bir dəfə Vəli müəllim kəndə gəlir. Evlərində başqa bir ab-hava olduğunu görür. Soruşur ki, burda nə baş verib? Cavabında deyirlər: – “İranlı qaçaqlar Museyibin əlindən kəlləri alıb aparıblar”. Vəli məllimin qardaşına bərk acığı tutur, onu danlayır: “Mən sənin yerinə olsaydım ölərdim, amma qaçaq-quldura kəl verməzdim”. Ata minib gedir qaçaqların dalınca. Soraqlaşıb Arazın o tayında kəlləri aparan qaçaqları tapır və özünü təqdim edir. Qaçaqların başçısı kəllərin onun naxırında olduğunu boynuna almır. Mirzə Vəli bir şərt kəsir ki, kəlləri səsləsin, gəlsə aparacaq, gəlməsə halalınızdır. Qaçaqlar razılaşırlar. Mirzə Vəli yaxınlaşıb ucadan səsləyir. Kəllər naxırdan çıxıb düz onun yanına gəlirlər. Heyvanları alıb gətirir. Mirzə Vəlinin işıqlı əməlləri haqqında çox yazmaq olar. Vəli Kərbəlayi Əzizoğlu İsmayılov şərəfli bir ömür yolu keçib, 2 fevral 1960-cı ildə Rəncbərlər kəndində vəfat edib.
Aqil YAVƏROĞLU
525-ci qəzet.- 2012.-18 yanvar.- S.7.