Kvadrata sığan sıfır
Deyirlər ki, “incəsənət yalnız o zaman dəyərlidir ki, o bizimlə danışır”. Hansı dildə danışırsa danışsın, ancaq məramı xoş olsun. Əsrlər boyu müxtəlif janrlarda ərsəyə gələn sənət əsərləri öz dövrünün tələblərinə uyğun yaranıb. XX əsrdə də modernizm, ekspressionizm, abstraksionizm, fovizm, kubizm, sürrealizm, futurizm və suprematizm kimi yeni janrlar incəsənətə özünəməxsus ab-havanı gətirə bildi. Yum fəlsəfəsinə görə, proses o vaxt tarixə çevrilir ki, o öz qanunlarını yarada bilsin.
Bəs rəssamlıqda novatorluq göstərən Kazimir Maleviç XX əsrin əvvəllərində müxtəlif rəngli kvadrat şəkilləri vasitəsilə tamaşaçısına nə demək istəyib? O, “Qara kvadrat” şəkilinin mövzusunu sakrallaşdıraraq onu kosmik şüurun təsiri altında yarandığını iddia edirdi. Deyilənə görə, qaralamasını bitirdikdən sonra rəssam bir həftə nə yeyib, nə də içib. Zarafat deyil, incəsənətdə üzü qara “suprematizm” cərəyanının əsasını qoyub. (Mən bir şeyi başa düşə bilmirəm ki, aloqizmdən necə ilham almaq olar?) Bu əsəri “zamanın ikonası” adlandıranlar da az deyi. Yazıq ikonalar qara kvadratın içində ağlamasın neyləsin? Görkəmli filosof M.Baxtin gözəl deyib: “janrlarla düşünürük.“ Hər kəs özünəməxsus istedadını təsdiq edən janra uyğun əsərlər yaradır, bununla da öz tamaşaçısını, dinləyicisini, oxucusunu qazanır.
Rusiyada Birinci Dünya müharibəsi ərəfəsində 1913-cü ildə Maleviç futurist dostları ilə “Günəş üzərində qələbə” operasını hazırlayır. O, səhnə tərtibatçısı kimi dekorasiyaları ağ və qara rənglərdə verir. Həmin ildə Moskvanın “Veçerniye novosti” qəzetində “Futuristlər kütləni necə aldadır?” adlı məqalə çap olunur.
Maraqlıdır ki, keçmiş bədii dəyərlərdən imtina edənlər, azad incəsənəti təbliğ edənlər arasında V.Mayakovski də vardı. O, kubofuturistlərdən ibarət qrup yaradaraq, “Cəmiyyətin zövqünə sillə” adlı Manifestə imza qoyub. Manifestə görə Tolstoy, Dostoyevski və Puşkinin əsərləri zamanın arxivinə verilməliydi.(Vallah bizim cəmiyyətdə də belə manifest tərəfdarlarına az rast gəlinmir.)
Maleviç Mayakovski haqda demişdi: “Bütün rəssam və şairlər hay-küy qaldırmağı bacarırlar. Mayakovski onların hamısından daha çox fərqlənirdi. O, futurist poeziyasına mühərrik, dəmir və poladla gəlmişdi.” Bir sözlə, futuristlər kəpənəkdən kolbasa düzəlməyin mümkünlüyünü sübut etmək istəyirdilər.
K.Maleviç “Günəş üzərində qələbə” operasının səhnə tərtibatından bəhrələnərək, 1915-ci ildə ilk “Qara kvadrat”ını çəkir, iki ildən sonra Rus imperiyası qara günlərini yaşayır. İnqilabdan sonra da çəkdiyi qara kvadratlar ölkədə repressiyaların qara niyyətinə yol açır. Qaranlığa can atan “Günəş üzərində qələbə” ideyası isə günahsız insanların üzərində qələbə kimi həyata keçir. Deyirəm ki, ağdərili qaragünlü olmaqdansa, qaradərili ağgünlü olmaq yaxşıdır.
Maleviçin yaradıcılığının “şah əsəri” olan “Qara kvadrat”ı sənət əsəri kimi qəbul etməyənlər arasında Almaniyanın Rəssamlar İttifaqının üzvləri Yuriy və Yeqor Romanovlar metafiziki məna daşıyan əsərin uzun illər davam edən qara niyyətli məqsədini sıfıra endirmək qərarına gələrək, “Günəş və pikselin qələbəsi” ideyasını irəli sürürlər. Onlar 22 mart 2003-cü ildə Veymarda, Erfrutda keçirilən rəsm sərgilərində “Günəşin qələbəsi” adlı bədii layihəni həyata keçirirlər. Sərgidən bir gün sonra heyrətamiz hadisə baş verir, Yaponiya səmasında günəş optik kvadrat təsəvvürü oyadır. Bu hadisə dünya mətbuatında geniş işıqlandırılıb. Allah işığın tərəfdarıdır. Təsadüfi deyil ki, Quranda “Nur” surəsində deyilir ki, Allah göylərin və yerin nurudur.
Bilmək istəyirsinizsə, əslində incəsənət tarixində bu şəklin əkiz böyük qardaşları olub. Maraqlısı odur ki, onların müəllifləri rəssam Pol Bilxod və Alfons Alle heç vaxt Maleviç kimi məşhurlaşmayıb. Əsərləri baha qiymətlərə satılmayıb. Maleviçin əsərini isə bir çoxu az qala dəfinə yarpaqları ilə bəzəməyə hazırdır. Çarlz Koltonun yaradıcı adamlar haqda yaxşı bir fikri var: “Siz fikri müasrlərinizdən oğurlasanız plagiatlıqda pislənəcəksiniz, yox, əgər qədim müəlliflərdən oğurlasanız erudisiyanıza görə təriflənəcəksiniz.” Maleviçi plagiat, yaxud erudit hesab etmək mədəniyyətşünasların işidir. İspan yazıçısı Ramon Qomes de la Sernanın da maraqlı bir fikri var, mən onu Maleviçin “Qara kvadrat”ina şamil edərdim: “ Əks-səda ilə mübahisə etmə, onsuz da son söz onundur”.
Böyük yumor hissinə malik Alle Fransada
“Qara pişik” kafesinin ən fəal qonaqlarından biri olub. Maraqlı odur
ki, o dövrdə Parisdə ekzistensial hisslər oyadan qara tavanlı kafelər də fəaliyyət göstərirdi.
(Deyilənə görə, belə bir mikro mühitdə
öz həyəcan və düşüncələrinə
daha dərindən nüfuz edə bilirsən.) Ekssentrik yazıçı,
rəssam qara kvadratını da adından məlum olduğu kimi zarafat xatirinə dünyaya gətirmişdi.
Onun günəşə, işığa
qarşı heç bir etirazı yox idi. Onun yumorla dediyi
fikirlərdən biridir:
“Biz vaxtı necə öldürmək haqqında
düçündükcə o bizi metodiki surətdə
özü öldürür.”
Allenin dediyi kimi, vaxt onu
öldürəndən sonra
onun yaşadığı
ev dünyada
ən kiçik muzey kimi indi
də fəaliyyət
göstərir. Xoşbəxt sənətkardır ki, onun haqqında oxuyanda, danışanda dodaqlarımızda təbəssüm
oyanır. Onun “Qara
kvadrat”ını da səhərin açılmasını
ümidlə gözləyən
gecəyə bənzədirsən,
daha cəhənnəmin
qır qazanına yox.
Bəs rəngsiz
kvadrat nəyin təcəssümüdür? Dörd ünsürün,
stabilliyin, dünyada idarə üsulunun kvadrat həqiqətidir.
Bir çox qədim məbədlərin
təməli kvadrat
plan əsasında qoyulub.
Qədim
romalılar ideal şəhəri
belə təsəvvür
ediblər. Maleviç isə
öz dövrünün
futuristi kimi stabilliyə, məntiqə
xidmət edən kvadrata qara pərdə
çəkməklə daha
bizdə təəccüb
hissi oyatmır.
Öz sərt, cəsarətli çıxışları ilə
yadda qalan rus yazıçısı,
esseisti Tatyana Tolstaya müasir incəsənət
üzrə ekspert kimi “Kvadrat” məqaləsində açıq
etiraf edir ki, bu gün
xarici qəyyumların
pulları hesabına yaranmış fondlarda bədii layihələr öz primitivliyi, dəyərsizliyi ilə onda ikrah oyadır.
Buna baxmayaraq, peşəkarlıqdan, estetik
zövqdən uzaq olan əl işlərinə,
rəsmlərə rəy
verən ekspert kimi qazandığı pul xatirinə çox şeyə göz yumur. Onun apologiyası sərt olsa da, lakin
bu məsələdə-əməli
işdə prinsipial mövqe göstərə
bilmir. Sərgilənən məzmunsuz “əsərlərin
tamaşaçılarına hörmətsizlik göstərir.
“Bütün dəhşətlər
soyuqqanlı adamların
sakit razılığı
ilə baş verir” fikirləri də məhz Tolstayaya məxsusdur.
Bir az haşiyəyə
çıxım. Rus
yazıçısı Tatyana Tolstayanın ata tərəfdən babası
olan Aleksey Tolstoy bildiyiniz
kimi, Karlo Kolladinin “Pinokkionun sərgüzəştləri.Taxta kuklanın əhvalatı”
nağılı əsasında
1936-cı ildə “Qızıl
açar və Buratinonun sərgüzəştləri”ni yazır. Bunu qeyd etməkdə məqsədim var. İtalyan
müəllif kukla teatrının həlim xasiyyətli direktorunu Madjafako adlandırdığı
halda A.Tolstoy onu zalım, mənfi obraz kimi qələmə alır. Üstəlik adını da
Kara bas Bara bas qoyur. “Kara
bas” türkcə “böyük
baş” deməkdir.
A.Tolstoyun repressiyya illərində
yaratdığı Kara bas Bara bas surəti siyasi bir manevrdır desək, daha düz olar. Ermənilər həmişə
uşaqlarını türklərlə
qorxutduğu kimi, Avropada da Kara bas Bara basla insanları qorxudan az
deyil. Xüsusilə, Fransa dövləti
türkləri qondarma
erməni soyqırımında
ittiham edib, bu haqda qərarın
əleyhinə gedənləri
cəzalandırmaqla hədələyir.
Atalar demişkən, sən soğan yeməmisən için niyə göynəyir? (Əslində “Qara kvadrat” pərəstişkarları
özlərini belə
aparmalıdırlar.) Rusiyada
milyardlara sahib olan bir şəxs isə əsəri bir milyon dollara
alaraq, onu Ermitaja təhvil vermişdi.(Görəsən,
görkəmli rəssamların
şah əsərləri
“Qara kvadrat”ın qonşuluğuna necə dözür?)
Çox sevdiyim yazıçı Alber Kamyu “Prometey cəhənnəmdədir” essesində yazır: “Prometey yenidən dünyaya gəlsəydi, bu günün insanları ona Tanrıların törətdiyi zülmü edərdilər. “İnsanlıq” naminə onu yenə qayaya mismarlayardılar.” Bəli, “qara kvadrat” böyüməkdədir. Axirət isə yaxınlaşır. Əsrlər boyu günah pislənsə də əsl günahkar pislənmir. (Çünki günah isim kimi “nə” sualına, günahkar isə “kim” sualına cavab verir.) Günah yiyələrinin obrazlı desək, Araz aşığından, Kür topuğundandır. Yaxud bir ayağı məğribdə, o biri ayağı məşriqdədir. (Bir anlıq onların əzəmətini hiss etdinizmi?) Qara xəbərlərin statistik göstəriciləriylə yaralar sağalmır, axı. Maddi, mənəvi böhran dünyada baş alıb getməkdədir.
Məşhur yumorist M.Zadornov isə Maleviçin “Qara kvadrat”ını “Afrokvadrat” adlandırıb.Yəqin ərəb ölkələrində son vaxtlar baş verən qanlı hadisələri qabaqcadan görübmüş. Çünki qara neftinə görə qara taleli insanlar sanki “Afrokvadrat”ın qara burulğanının içindən xilas ola bilmirlər. Əsərə yeni ad seçmək olar “Qara neft quyusunda boğulan zəncilər”. Fikir vermişəm ki, bir çox ərəb ölkələrinin bayraqlarında qara rəngli zolaqlar var, bu, neft kəmərlərini xatırladır.
İnsanın ruhuna hakim kəsilmək istəyən şər-qara qüvvə əbədi olaraq ağ-xeyir qüvvə ilə amansız döyüşdədir. Ona görə adətən mənəviyyatlı, təmiz insanlar pis adamların qara siyahısına, daha doğrusu qara kvadrat quyusuna düşürlər.(Qara siyahıda ağ, ancaq kağızın rəngidir.) Onların əqidələri, məqsədləri anarxistlərin, dəniz quldurlarının bayrağı kimi qaradır. Görkəmli şairimiz Rəsul Rza şeirlərində dünyamızın müxtəlif rəngli dərdlərinin çalarlarının fəlsəfəsini bədii boyalarla vermiş, qara rəng haqda yazmışdı: ”Ağ yalan, dodaqları yandıran ah, edam gününə açılan sabah, nəğməsiz dağlar, kor bulaqlar, ovsuz ovlaqlar, odsuz ocaqlar, yaşamalı ölülər, ölməli sağlar”. Bəli, əziz şair, bəraət yoxdur, ağ yalanın qara niyyətinə, qara əməlinə. Ölməli sağları yaşamalı ölülərlə dəyişə bilsəydik taleyimizdəki qara kvadratları da cəhənnəmə təhvil verərdik.
Yeri gəlmişkən qeyd edim ki, elmin zirvəsi, hikməti olan Quranda “cənnət” və “cəhənnəm” sözləri ayrılıqda 77 dəfə, “şeytan” və “mələk” sözləri 88 dəfə, “iman” və “imansız” sözləri 25 dəfə təkrarlanıb. Bu, bir daha onu göstərir ki, bir-birini inkar edən, bir araya gəlməyən anlayışlar səmavi qanunların dəqiq riyazi hesablamalarına uyğun olaraq ağ və qara, işıq və qaranlıq qonşu sərhədlərdir. Dərimizin rəngindən asılı olmayaraq, arzularımız ağ niyyətlərə xidmət etsə, necə deyərlər, günümüz də ağ olar, nəinki qara.
Təcrübə göstərib ki, texnika inkişaf etdikcə, əxlaqi dəyərlərə mənfi təsir göstərir. Hələ keçən əsrdən qara kvadrat ekranlı televiziya və kompüter texnologiyaları əvvəlcə evlərə daxil oldu, sonra müxtəlif rəngli mövzularıyla milyardlarla insanın şüuruna istədiyi kimi hakim kəsildi. Biz artıq başqa reallıqlara düşməyə öyrənmişik. Hulio Borxes ədəbiyyatı idarə olunan yuxu adlandırır. Lakin mən onu başqa sahələrə də şamil edərdim, dünyanı çalxalayan süni böhranlar, siyasi oyunbazlıqlar da idarə olunan yuxu kimidir. Qorxuram ki, bu yuxulardan gec ayılaq. Bu isə qara kvadrat içində yuxuda qaranlıqda boğulmağa bərabərdir.
Deyirəm ki, Maleviç yəqin məktəbdə də qara yazı lövhəsini daha çox sevib. Orda həndəsi simvol olan “tetraqon”u çox çəkib. Uşaqlıqda qara yazı lövhəsinə ağ təbaşirlə yazdıqları çoxdan pozulsa da, qara kvadratları yazılmamış lövhə kimi baha qiymətə alınıb muzeylərdə qorunur. Nə vaxtsa zaman o lövhəyə son sözünü yazacaq.
P.S. Bu günlərdə
görkəmli şairimiz Ramiz
Rövşənin “Gedək biz olmayan yerə” şeirlər kitabını oxumaqdan böyük zövq aldım. Xüsusilə, “Qara paltarlı qadın” şeirini
oxuyandan sonra hədsiz
dərəcədə kövrəldim və təəccübləndim,
axı, əslində o, mənim
haqqımda həqiqəti yazmışdı. Daha
sonra “Süd dişinin ağrısı” poemasını oxudum. Sanki yazı lövhəsinin
qarşısında şagird kimi donub
qalmışdım. Doğrudan da biz o
dövrdə nə qədər sadəlövh olmuşuq.
Müəllif qara yazı taxtası
önündə keçən uşaqlığın
nağılını belə xatırlayır:
...Aldandıq,
mənim balam,
Elə
o yazı taxtasına
Elə
bildik hər yazıya pozu var...
Amma
nə edək ki, qismətimizin taxtasına yazılanlar bir daha
pozulmaz.
Zöhrə Əsgərova
525-ci qəzet.- 2012.- 18 yanvar.- S.7.