“Milli.Az fikir müxtəlifliyinin, proseslərə obyektiv baxışın təmin olunmasına çalışır”

 

BAŞ REDAKTOR ANAR İMANOV: “ÖLKƏ MİQYASINDA HADİSƏLƏRİ TAM VƏ DOLĞUN ƏKS ETDİRMƏK ÜÇÜN ƏYALƏTLƏRDƏ TƏMSİLÇİLİYİMİZİ GÜCLƏNDİRMƏKLƏ BAĞLI KONKRET PLANLARIMIZ VAR”

 

  Bu gün online-xəbər məkanında özünəməxsus yeri olan Milli.Az xəbər portalı 2010-cu ilin yanvar ayında yaradılıb, fevralın 1-də isə artıq rəsmən fəaliyyətə başlayıb. Beləliklə, bu ilin fevral ayında Milli.Az-ın 2 yaşı tamam olacaq... Portal “Day.Az” Media Şirkətinə məxsus brendlərdən biridir. Bu şirkət www.Day.Az, www.Today.Az və www.Milli.Az saytlarını birləşdirir. Əvvəl portalın baş redaktoru Sevda İlhamqızı olub. Hazırda isə Milli.Az-ın baş redaktoru Anar İmanovdur. O, 1979-cu ilin may ayında Hacıqabulda anadan olub. Orta təhsilin orada alıb, sonradan paytaxtda Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Əsgərlikdən sonra, 2003-cü ildə jurnalistika fəaliyyətinə başlayıb. Bir neçə yerdə işlədikdən sonra 2009-cu ildə Day.Az-dan təklif alıb və burada çalışıb. Bir müddət sonra saytın baş redaktoru təyin olunub.

 

– Online-xəbər məkanında özünəməxsus yeri olan Milli.Az fəaliyyətini hansı ideyalar əsasında qurur?

– Suala ilkin cavab, təbii ki, azərbaycançılıq, vətənpərvərlik, operativlik, qərəzsizlikdir. Lakin XXI əsrdir və kütləvi informasiya vasitələrinin yeganə məfkurəsi, ideyası baş vermiş hadisələr barədə mümkün qədər tez, dolğun və ən başlıcası, həqiqi məlumatları verməkdir.

Operativlik, sürət ən önəmli cəhətlərdən biridir.

Bu, xəbər ideyamızın ilkin səviyyəsidir. Sonra isə hadisənin təfərrüatları, baş verməsinin səbəbləri və yaşananların nələrə səbəb ola biləcəyi ilə bağlı rəsmi şəxslər, mütəxəssislər, ekspertlər və şərhçilərin fikirləri təqdim olunur. Məncə, bu, “Kim? Harada? Nə vaxt?” suallarına cavab arayan informativ jurnalistikanın indi “Nə üçün? Nələr ola bilər?” suallarına da cavab araması ilə bağlıdır.

O ki qaldı online-xəbər məkanındakı yerimizə, bəli, həmin yer özünəməxsusdur və biz də mövqelərimizi asanlıqla itirmək fikrində deyilik. Əksinə, internet-media və online jurnalistikanın inkişafına çalışmaqla yanaşı, mövqelərimizi möhkəmləndirmək, sərt rəqabətin yaşandığı məkanda özümüzü məhz özümüzə məxsus yerdə tutmağa can atırıq. Daha doğrusu, informasiya cəmiyyətinin bir hissəsi olduğumuzu başa düşürük. Ötən əsrin 1970-1980-ci illərində P.Draker “postiqtisadi media” və ya M.Kastels “informasiya-kompüter jurnalistikası”ndan bəhs edəndə sabiq Sovetlər Birliyində, habelə Azərbaycanda çap və audiovizual media vardı – internet jurnalistikası ümumiyyətlə yoxdu. Fəqət, Tofflerin “üçüncü dalğa cəmiyyəti” kimi səciyyələndirdiyi toplumun üzvlərinə çevrilmişik: bunu danmaq, istisna etmək və ya olmadığını vurğulamaq, sadəcə, mümkün deyil.

Amerikalı sosioloq və futuroloq Elfin Toffler “Gələcəyin şoku” əsərində sürətli, yeni, müxtəlifliyə əsaslanan və ən başlıcası, yeni kommunikasiyalara istinad edərək çalışacaq kütləvi informasiya vasitələrindən bəhs edir. Fikrimcə, internet indi məhz həmin ünsiyyət və xəbəralma vasitəsinə çevrilib. Sadaladığım səbəblərdən də Milli.Az-ın fəaliyyətinin söykəndiyi, təməlimiz, bazisimiz rolunu oynayan ideyalar arasında açıqlıq, şəffaflıq, müsahibimizə və ya haqqında bəhs etdiyimiz insana sayğı, vətəndaşın təməl hüquqlarına və mövcud qanunvericiliyin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə sözsüz riayət, habelə subyektivlik və qərəzdən uzaqlıq kimi nüanslar əsas yerləri tutur.

– Milli.Az-ın qarşısında hansı məqsədlər dayanıb?

– Bir nömrəli azərbaycandilli xəbər saytı hesab edilirik artıq. İndi isə əsas məqsədimiz daima inkişaf edərək oxucularımızın auditoriyasını daha da genişləndirmək və onları maarifləndirməkdir. Təbii ki, bunlar planlarımızın əsas istiqamətləridir. Funksional baxımdan Azərbaycandakı ənənəvi kütləvi informasiya vasitələrinin məzmun və formatını qorumağa çalışır, eyni zamanda fəaliyyət göstərdiyimiz virtual mühitin xüsusiyyətlərini nəzərə alırıq. İnternet mediası olduğundan qarşımıza müəyyən, yetərincə konkret məqsədlər qoymuşuq.

Çağdaş cəmiyyətin insanı artıq “köhnə” saydığı xəbərləri oxumaq istəmədiyindən Milli.Az olaraq fasiləsiz xəbər axını sisteminə keçdik. Yəni ənənəvi kütləvi informasiya vasitələrindən fərqli olaraq, sutkanın 24 saatı çalışırıq. Səhər saatlarında oxucularımız yuxudan duranda biz artıq xəbərləri yerbəyer edir, informasiya lentini yeniləyirik.

Milli.Az indi sutkada minimum 200-230 xəbər hazırlanmasını nəzərdə tutan sistemə keçib.

Başqa bir innovasiyamız isə Azərbaycanın internet məkanındakı az qala ehkam formatını almış prinsipdən imtina oldu. Belə ki, bu günədək bir çox həmkarlarımız Rusiya və Türkiyənin online-mediasından yararlanırlar. Biz isə bu yolu asan saydığımızdan çətin istiqaməti seçdik.

Milli.Az-ın oxucuları indi ərəb, fars, ingilis, rus, türk, fransız, italyan, ispan və sair dillərdəki online-media resursları ilə yanaşı, həmin dillərdə vebdə yer alan informasiyalarla doğma dilimizdə tanış olurlar.

Xəbər seçimimiz sərt, amma çox sadədir: biz xəbəri seçmirik. Seçim hüququ tamamilə oxucularımıza həvalə olunub və biz də dəyərli oxucularımızı yönləndirmək, onlara nəsihətlər vermək, obyektiv məsələlərlə bağlı subyektiv fikirlərimizi onlara təlqin etmək niyyətində deyilik.

Ümumiyyətlə, internet jurnalistikası üçün kommunikativlik məziyyəti çox mühümdür.

Yəni ənənəvi kütləvi informasiya vasitələrindən fərqli olaraq internetdə birtərəfli yox, ikitərəfli təmas var. Oxucu auditoriyası, sadəcə, jurnalistin məlumat, informasiya və yazılarını alan insanlar yox, artıq informasiya mübadiləsinin tamhüquqlu üzvləridir.

Milli.Az-ın işində də ikitərəfli təmaslar eyni kommunikativ mühitdə baş verdiyindən, auditoriyamız informasiyaların hazırlanıb ərsəyə gətirilməsində fəal iştirak edir.

Bu və digər xəbər, yazı, məlumatın müzakirəsi, yazının dəyərləndirilməsi, dərc olunmuş yazıların personajları və mövzusu ilə bağlı mövqelərin bildirilməsi, habelə hər hansı hadisə və ya faktla bağlı məlumatların redaksiyamıza göndərilməsi – bütün bunlar yalnız oxucularımızın səlahiyyətində olan məsələlərdir.

Günün ən populyar yazısı, ən çox oxunan məlumatı da məhz oxucuların seçimi əsasında müəyyənləşir: bu prosesə redaksiyamızdan hər hansı şəxsin müdaxiləsi mümkün deyil. İstəsək belə, texniki baxımdan bacarmarıq, çünki gün ərzində saytımızda dərc olunmuş yazılar arasında ən populyarlar oxunma sayına görə avtomatik seçilir.

Hipertekstuallıq və multimedialıq məziyyətlərinin indi internetin ayrılmaz xüsusatları olduğunu nəzərə alsaq, bizim işimiz xəbərləri hazırlayıb oxuculara təqdim etməkdir.

– Anar müəllim, artıq bir ilə yaxındır ki, Milli.Az-ın baş redaktoru vəzifəsində çalışırsınız. Bu zamanda hansı yeniliklərə imza atılıb?

– Yeniliklər çoxdur. Bir neçə təzə rubrika açıldı. Məsələn, “Gecə oxusu”. Hər gecə saat 00:30-da oxucularımız yerli və dünya yazarlarının əsərlərini oxuya bilərlər. Və deyim ki, bu rubrika ilə maraqlananlar çoxdur. Bir neçə ay öncə Oğuz və Qəbələyə yolum düşdü, orada gənclərlə, millət vəkilləri ilə görüşdüm, İnternet haqqında mühazirələr oxudum. Çox şad oldum ki, yeni rubrikamız ilə maraqlanan çoxdur – gənclər bizim addımımızı rəğbətlə qarşıladılar. Hətta bu marağı görən millət vəkilimiz Asəf Hacıyev rubrika haqqında məndən soruşdu, maraqlandı ki, onu saytımızda necə tapa bilər.

Bundan başqa, Facebook səhifəmiz canlandı, Twitter-də öz rəsmi səhifəmizi açdıq.

Bunlar bəlkə də sırf texniki məsələlərdir, fəqət yeniliklərin ilk mərhələsidir. Saytımız daim hərəkətdə olan, inkişaf edən, yenilənən və yeniləndikcə də bizdən innovasiyalar tələb edən, kreativlik istəyən bir KİV-ə çevrilib. Bundan sonra bir sıra yeniliklərimiz olacaq ki, onların hamısı barədə bəhs etməyi bir qədər tez sayıram. Yalnız onu deyə bilərəm ki, Avropa, Amerika və Asiya mediasının, xüsusilə də online-mediasının ən peşəkar, nüfuzlu və populyar təmsilçilərinin fəaliyyətini sürəkli izləyirik, onlardan bəhrələnməyə çalışdığımız üçün saytımızda dəyişikliklər olacaq.

Dizayn, məzmun və informasiya ilə məlumatların təqdimatında müəyyən dəyişiklikləri nəzərdə tutmuşuq. Bununla yanaşı, dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələri ilə əməkdaşlıq və xəbər mübadiləsi planlarımızı reallaşdırmaqdayıq. Belə tərəfdaşlıq ilk növbədə bizə gərəkdir, çünki resursumuzun keyfiyyətini sürəkli artırmaq cari planlarımızın arasında ən mühüm yeri tutur.

Eyni zamanda, Azərbaycan miqyasında hadisələri tam və dolğun əks etdirmək üçün əyalətlərdə təmsilçiliyimizi gücləndirməklə bağlı konkret planlarımız var.

Digər istiqamətdəki yeniliklər isə oxucularımız üçün sürpriz olsun. Ümid edirik ki, gündəlik oxucu sayı, oxunan xəbərlərin statistikası, impakt-reytinq və s. ilə bağlı ən yüksək göstəricilərə nail olacağımız günlərə çox qalmayıb.

– Milli.Az-da siyasət, iqtisadiyyat, mədəniyyət, şou-biznes, kriminal və fövqəladə hadisələr, idman xəbərləri, dünyada baş verən olaylar barədə məlumatlar verilir. Həmçinin cəmiyyət həyatının ən müxtəlif sahələrinə dair maraqlı yazılar, araşdırmalar, ictimai-siyasi proseslərin təhlili, analitik materiallar yer alır. Bir sözlə, Milli.Az insanların məlumatlanmasına, maariflənməsinə və intellektual istirahətinə xidmət edir. Bu rəqabətli mühitdə “artıq özümüzü təsdiq etmişik” deyə bilirsinizmi?

– Deyə bilirik artıq, amma bu hələ uzun yolun başlanğıcıdır. Bu yol çox çətindir, amma Milli.Az-ın peşəkar komandası bütün çətinliklərə hazırdır. Bəli, məhz belə, çünki çətinliklərin öhdəsindən yalnız peşəkarlar gələ bilirlər və peşəkarlar üçün çətinliklər ən uzağı – problemlər olur. Azərbaycanın virtual məkanında xəbər saytlarının və resurslarının rəqabətinin mövcudluğunu doğru vurğuladınız. Biz belə rəqabətin daha da artmasını, bizi özlərinə rəqib görən resursların daha da, hətta qat-qat güclənməsini istəyirik. Çünki bizi özlərinə rəqib görənlər nə qədər güclənsələr,

Milli.Az bir o qədər inkişaf edər.

– Milli.Az oxucunu razı sala bilirmi?

– Əlbəttə. Poçtumuza gündəlik daxil olan onlarla məktub bunu təsdiqləyir. Narazı qalan oxucularımıza da sayğımız sonsuzdur, çünki obyektiv tənqid işimizə yalnız dəstəkdir. Oxucuların hamısını, təbii ki, razı sala bilmərik, çünki hər oxucunun gözləntisi, tələb və istəkləri fərqlidir. Buna rəğmən, maraqları uzlaşdırmağa və fikirlərin ümumiləşmiş məcmusunu ortaya çıxarmağa çalışırıq.

– Hər gün Milli.Az-ı nə qədər insan oxuyur?

– İyirmi minə yaxın İP-miz var. Oxunma sayı isə 250 minə yaxındır. Bu, adi statistikadır və bəzi resurslardan fərqli olaraq, biz statistikanı saxtalaşdırmaq istəmirik.

– Daha çox hansı ölkələrdən sayta daxil olunur və hansı bölmələr daha çox oxunur?

– Birinci yerdə, əlbəttə ki, Azərbaycandır. Sonrakı yerlərdə isə Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları və s. Oxucularımızın ölkələr üzrə paylanma şkalasında ciddi və köklü dəyişikliklər yox, əlavələr olur. Resurs Azərbaycan dilində olsa da, oxucularımız arasında türklər, uyğurlar, türkmənlər, qazaxlar və başqa xalqların nümayəndələri var.

Ən çox oxunan bölmələrə gəldikdə isə bunlar kriminal hadisələr, şou-biznes, dünyada baş verən maraqlı və gözlənilməz olaylar, idman və sənətlə bağlı xəbərlərin cəmləşdiyi rubrikalardır. Bununla yanaşı, son vaxtlar mədəniyyət, siyasət, iqtisadiyyat, videogörüntülər və fotosessiyalara maraq da sürəkli artır. Saytda rubrikalarla yanaşı, bölmələrin sayı da artırılacaq.

– Milli.Az-ın iki illik fəaliyyətinin ən əlamətdar cəhətləri barədə nə deyə bilərsiniz?

– İki il ərzində ən oxunan xəbər saytı olduq. Onillik yolu iki ildə keçdik. Bu gün ən maraqlı xəbərlər, ən aktual mövzular Milli.Az-dadır. Biz xəbərlərimizlə gündəm yaradırıq. Fikir veririk ki, bizim yolumuzla gedənlər var, bizim başlıqları təkrar edənlər var. Televiziya və radiolarda bizim xəbərlərimiz oxunur, qəzetlərdə bizim xəbər, məqalə və müsahibələrdən istifadə olunur.

İki illik fəaliyyətimizin ən önəmli məqamlarına gəldikdə isə, fikrimcə, başlıca məsələ oxucu inamıdır. İqtibasların sayı çox ola bilər, lakin əsas məsələ resursa inamdır. Biz lider olmaq istəmirik – məqsədimiz ən keyfiyyətli xəbərləri verməkdir. Oxucu da həmişə keyfiyyəti seçdiyindən liderlik çabalarına ehtiyac qalmır – obyektiv seçim özü hər şeyi müəyyənləşdirir. Özümüzü tərifləmək və ya işimizi qabartmaq niyyətim yoxdur. İşimizə yenə də əlahəzrət oxucu dəyər verməlidir. İki illik fəaliyyətimizin ən mühüm yönü də elə budur.

Milli.Az bu iki il ərzində köklü islahatlar, yenidənqurma prosesi yaşadı.

Rutin xəbərçilik, movetonluq və hətta mentorluq təmayüllü məlumatları birmənalı olaraq qəbul etmədiyimizdən yalnız həqiqəti və reallığı əks etdirən informasiyaların təqdimatını seçdik. Xəbərlərimizin istisnasız olaraq hamısını hansısa konkret fərdin bəyənməsi mümkün deyil və sözün açığı, buna can atmırıq da. Məqsədimiz – bəhs etdiyimiz fərdin keyfiyyətli seçiminə imkan yaratmaqdır.

Üstəlik, Milli.Az üçün ön planda Azərbaycan, dövlət və millətimizin maraqları, mənafeləri durur.

Onu da unutmayaq ki, ölkəmiz müharibə şəraitindədir və əks tərəf Azərbaycanın bir sıra xəbər resursları ilə yanaşı, Milli.Az-ı da diqqətlə oxuyur. Bu səbəbdən sırf xəbərçiliklə bahəm, vadar edildiyimiz informasiya savaşının obyektiv reallıqlarını da nəzərə almalıyıq.

– İnternet-media olaraq kadr ehtiyacınızı təmin edə bilirsinizmi?

– Bəli. Ölkənin bu sahədəki bir sıra ən peşəkar kadrları bizdə toplanıb, çox adam bizə yazır. Bununla belə, müəyyən problemlərlə qarşılaşır və onları həll etməyə çalışırıq. Online-media olduğumuz üçün başlıca prinsiplərimizdən biri xəbərin operativliyini təmin etməkdir.

Bu məqsədlə rus, türk, ingilis, fars və ərəb dilləri ilə yanaşı, çin, fransız, italyan, portuqal və ispandilli mediaların kontentlərindən bəhrələnmək üçün kadrlar hazırlayırıq. Milli.Az-da fikir və mövqe müxtəlifliyinin, cəmiyyətdə baş verən proseslərə obyektiv baxışın təminatı üçün ən müxtəlif mövqeli qələm sahibləri ilə əməkdaşlıq edirik.

Azərbaycanın Cənubi Qafqazda, gerçəkdən də, regional supergücə çevrilməsi bizi də fəaliyyətimizi günün reallıqlarına uyğun qurmağa vadar etdiyindən zəiflərlə rəqabət aparmaq əvəzinə, hələlik bizdən güclü olan xarici media vasitələrinin üstün cəhətlərini təhlil edir, onların müsbət məziyyətlərinin yerli şəraitdə tətbiqinə çalışırıq. Xəbərlərimizi sadəcə mətn formatında təqdim etməyə yox, baş vermiş hadisə və bəhs etdiyimiz şəxs barəsində oxucuda daha dolğun təsəvvürün yaranması üçün audio, foto və videomateriallardan istifadə etməyi rutin prosesi halına gətirməyə can atırıq.

– Saytın inkişafı, oxucu auditoriyasını maraqlandıran sahələrin daha geniş işıqlandırılması üçün işin həcmini və keyfiyyətini daha da artırmaq fikriniz varmı?

– Əlbəttə, var. Son zamanlar bu proses açıq-aydın sezilir – radio, televiziya və qəzetlərdə Milli.Az-a istinadların sayı artıb. Bunu uğur da saya bilərik, lakin işimizi bəhs etdiyim məqamla dəyərləndirmək istəməzdim. İş həcmini artırmağa gəldikdə isə, şübhəsiz, bu sahədə konkret məramlarımız var. Oxuculara təqdim etdiyimiz kontentdə ciddi dəyişikliklər olacaq. Bütün planlarımızı açıqlamaq fikrində olmasam da, deyim ki, Milli.Az yenilənməyə davam edəcək. Yenilənmə ilə yanaşı, fəaliyyətimizi bir sıra xəbər resurslarından fərqli olaraq ekstensiv yox, intensiv inkişaf məcrasında davam etdirəcəyik.

Milli.Az-da xəbər axını daha da sürətlənəcək.

– Bundan sonra hədəfləriniz nədir? Gələcəkdə hansı yeniliklər gözlənilir?

– Saytımızın dizaynı dəyişiləcək, bir çox yeni rubrika açılacaq. Bir yerdə durmaq olmaz. Təbii ki, bölmələr və rubrikaların saylarının artırılmasını yenilik saymadığımızdan onları novasiya qismində təqdim etmək niyyətində deyiləm. Bundan sonra saytımızda sürəkli, fasiləsiz yeniliklərin həyata keçirilməsini nəzərdə tutmuşuq. Məqsədimiz Milli.Az-ı Azərbaycanda hər kəsin oxuyacağı, bəyənəcəyi və ən başlıcası, özünə yaxın, doğma sayacağı bir veb-resursa çevirməkdir. Biz oxucumuza dərin sayğı bəsləyirik və düşünürük ki, fəaliyyətimizi bundan sonra daha da intensivləşdirməliyik.

Yaxın və orta müddətli planlarımız var, onların üzərində çalışırıq. Saytımız daha da genişlənəcək, böyüyəcək, təqdim edəcəyimiz informasiya, xidmətlər artacaq. Milli.Az-ı Azərbaycanla yanaşı, bölgənin ən böyük və populyar xəbər resurslarından birinə döndərmək fikrimiz var.

İmkanlarımızı səfərbər edir, layihələri yenidən nəzərdən keçiririk.

Ən başlıcası isə Day.Az xəbər portalı və “Trend” Beynəlxalq İnformasiya Agentliyi kimi çox təcrübəli, peşəkar və populyar resursların bizə dəstəyindən daha effektiv yararlanmağa, qarşılıqlı inteqrasiyanı gücləndirməyə çalışacağıq.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 18 yanvar.- S.6.