Azərbaycan təhsil sistemində qiymətləndirmə siyasəti

 

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, təhsil cəmiyyətdə siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsində, insan kapitalının formalaşmasında həlledici rol oynayır. Yüksək təhsilli insanlar cəmiyyətdə qarşılıqlı etibarın güclənməsini, sivil və etik normalara riayət olunmasını təmin edir, həyatda daha doğru, ədalətli, sağlam və konstruktiv mövqe nümayiş etdirir, təhsil səviyyəsi aşağı olan insanlar isə bir çox hallarda asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilə bilirlər.

Araşdırmalar göstərir ki, ümumi təhsil müddətində şagirdlərin bilik və bacarıqlarının səviyyəsi təhsil illərinin sayından daha çox öyrənmə prosesinin keyfiyyəti ilə müəyyən olunur. Bu səbəbdən də dünyanın inkişaf etmiş ölkələrində təhsilin keyfiyyətinin təminatı dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir.

Bu baxımdan son illərdə beynəlxalq təcrübədə təhsilin keyfiyyətini ölçmək məqsədilə müxtəlif məzmunlu qiymətləndirmə proqramlarının nəticələrindən istifadə daha da aktuallaşmışdır. Müasir dövrdə 15 yaşlı şagirdlərin həyati bacarıqlarını qiymətləndirən PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı), şagird nailiyyətlərini kurikulum üzrə ölçən TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PIRLS (Oxu Bacarıqlarının keyfiyyətini tədqiq edən Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramlarının nəticələri təhsildə beynəlxalq keyfiyyət indikatorları kimi qəbul olunur.

Beynəlxalq qiymətləndirmənin nəticələri əsasında aparılan təhlillər göstərir ki, hər bir ölkənin iqtisadi artımı ilə həmin ölkədə təhsilin keyfiyyəti arasında sıx bağlılıq mövcuddur. Məsələn, PISA üzrə nəticələrin 15% yüksəlməsi ÜDM-in iki faiz artmasını şərtləndirir (World Bank Education Strategy 2020, April 2011).

Son illərdə ölkəmizdə şagirdlərin nailiyyətləri yalnız beynəlxalq qiymətləndirmə proqramları çərçivəsində öyrənilmir, həm də məktəbdaxili və milli qiymətləndirmələr aparılır və onların nəticələri etibarlı mənbə hesab olunur.

Bu qiymətləndirmələrin aparılmasında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 ¹-li Fərmanı ilə təsdiq olunmuş “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu” (19.20-ci bəndi), Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Təhsil Nazirliyinin Əsasnaməsi” (9.13-cü bəndi), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuşÜmumi təhsilin dövlət standartı və proqramları (kurikulumları) sənədləri hüquqi, elmi və nəzəri baza rolunu oynayır.

Məlumdur ki, beynəlxalq qiymətləndirmə ölkənin təhsil səviyyəsini digər dövlətlərlə müqayisə etmək imkanı yaradırsa, qiymətləndirmənin ikinci əsas istiqamətlərindən biri olan milli qiymətləndirmə tədqiqatları təhsil sahəsində perspektivlərin müəyyənləşdirilməsinə və proqnozların verilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, artıq ölkəmizin təhsil sistemində milli qiymətləndirmə sahəsində 4 əsas və sınaq mərhələsindən ibarət təcrübə qazanılmışdır və hər bir milli qiymətləndirmə tədqiqatının xüsusi məqsədləri olmuşdur. Məsələn, təhsil tariximizdə mühüm hadisə hesab olunan kurikulumun tətbiq edilməsindən əvvəl məzmun və qiymətləndirmə standartlarının hazırlanması məqsədilə 2003-cü ildə ilk dəfə milli qiymətləndirmə tədqiqatı aparılmışdır. 2007-2008-ci dərs ilində ümumtəhsil məktəblərinin I sinifləri yeni fənn kurikulumları əsasında tədrisə başladı. Cari dərs ilində IV siniflərdə keçiriləcək Milli qiymətləndirmə tədqiqatının əsas məqsədi yeni fənn kurikulumlarının qiymətləndirilməsi olacaqdır.

Düşünürük ki, qiymətləndirmə sahəsində atılan hər bir addım ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir. Həm beynəlxalq, həm də milli qiymətləndirmə tədqiqatlarının nəticələrindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha səmərəli istifadə olunmalıdır.

Ölkənin təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə 2004-cü ildə Azərbaycan postsovet məkanında PISA proqramının sınaq mərhələsinə qoşulan ilk ölkələrdən biri oldu. Heç şübhəsiz PISA-2006 beynəlxalq qiymətləndirmə proqramının əsas mərhələsində iştirak edərkən bu bilik yarışında şagirdlərimizin yüksək nəticə göstərəcəklərini gözləmirdik. Səbəblər çox idi, əsas səbəb isə ölkədə tətbiq olunan təhsil proqramlarının şagirdlərdə idraki, həyati və tətbiqi bacarıqların formalaşdırılmasına yönəldilməməsi, təhsil prosesi iştirakçılarının beynəlxalq qiymətləndirmə təcrübəsi ilə tanış olmaması idi. Lakin bu addım beynəlxalq tələb və standartları mənimsəmək, şagird və müəllimlərimizi, təhsil ictimaiyyətini bu proseslə tanış etmək, şagirdlərimizi psixoloji cəhətdən həmin bilik yarışına hazırlamaq və təcrübə qazanmaq baxımından çox faydalı idi. Məhz bu proqramda iştirakın nəticəsidir ki, artıq dərslik və dərs vəsaitlərimizdə, qiymətləndirmə vəsaitləri toplusunda idraki bacarıqları inkişaf etdirən qiymətləndirmə nümunələrinə geniş yer verilir, summativ qiymətləndirmə vasitələrinin böyük əksəriyyəti həmin tələblər gözlənilməklə tərtib edilir. Artıq buraxılış imtahanlarında istifadə olunan sual kitabçalarındakı hər bir tapşırığın məqsədi də konkret bilik və bacarığın yoxlanılmasına xidmət edir.

Yeri gəlmişkən qeyd edək ki, ölkənin ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş formada aparılması zamanın tələbi idi. Belə ki, bir tərəfdən artıq 15 ildən çox bir müddətdə ali məktəblərə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə, buraxılış imtahanlarının isə ənənəvi üsulla keçirilməsi bunu tələb edirdisə, digər tərəfdən həm beynəlxalq təcrübə, həm də məktəbin və müəllimin nüfuzunun yüksəlməsi, təhsilalanların, təhsilverənlərin və valideynlərin məsuliyyətinin artırılması, beləliklə ölkədə təhsilin keyfiyyətinin təmin olunması buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini tələb edirdi.

2004-cü ildə biz bu işə başlamaq istəyərkən bu sahədə nə təcrübəmiz, nə də texniki imkanlarımız var idi. Onu da bilirdik ki, eyni vaxtda 100 mindən çox şagirddən imtahan götürmək o qədər də asan məsələ deyildir. Məhz bu səbəbdən 2005-ci ildə İmişli və Bakı şəhərinin Xətai rayonlarında bu işə başlamağı qərara aldıq. Həmin rayonların məktəblərində şagirdlər, müəllimlər və valideynlərlə çoxsaylı görüşlər və müzakirələr apardıq, bir neçə dəfə sınaq imtahanları keçirdik. Bu imtahanların nəticələrini təhlil etdik. İlkin təhlillər göstərdi ki, getdikcə nəticələr yüksəlir, müəllimlərin və valideynlərin məsuliyyəti artır, şagirdlərin dərsə davamiyyəti yaxşılaşır. Bütün bunları nəzərə alaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının əhatə dairəsini ilbəil genişləndirdik, 2007-2008-ci dərs ilindən isə ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq etdik. Qeyd edilən addımları atarkən biz ümummilli lider Heydər Əliyevin aşağıdakı tarixi kəlamını əsas götürmüşdük: “Təhsil sahəsində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir”.

Onu da qeyd etmək istəyirik ki, ilkin mərhələdə fərqli yanaşmalar olsa da, əksəriyyətin fikrincə, tətbiqindən cəmi 3 il keçməsinə baxmayaraq, ölkəmizdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması praktikası artıq özünü doğrultmuşdur. Mahiyyət və məqsəd eyni olsa da, ayrı-ayrı ölkələrdə bu proses müxtəlif formalarda aparılır. Buraxılış imtahanlarının sayında da müəyyən fərqlər mövcuddur: tam orta təhsil səviyyəsi üzrə imtahan aparılan fənlərin sayı ayrı-ayrı ölkələrdə iki-dörd arasında dəyişir.

Fikrimizcə, Azərbaycanda buraxılış imtahanlarının tam orta təhsil səviyyəsində səkkiz əsas fənn üzrə mərkəzləşdirilmiş qaydada aparılması real zərurətdən yaranan və təhsilin keyfiyyətinin artırılması istiqamətində qəbul edilən ən mühüm qərarlardan biri idi.

Buraxılış imtahanlarının səkkiz fənn üzrə keçirilməsi, bəzi fənlər üzrə biliklərin 12 sual vasitəsilə yoxlanılması hələ də müzakirə mövzusudur. Şübhə yoxdur ki, 12 sual vasitəsilə beş-altı ildə qazanılan bilik və bacarıqları ətraflı yoxlamaq və qiymətləndirmək o qədər də sadə məsələ deyildir. Amma etiraf etməliyik ki, hazırkı mərhələdə müəyyən olunmuş əsas səkkiz fəndən hər hansı birini qiymətləndirmədən kənarda saxlamaq həmin fənnə şagirdlərin, müəllimlərin və valideynlərin münasibətinin dəyişməsinə səbəb ola bilər. Eyni zamanda buraxılış imtahanlarında istifadə olunan sualların ekspertizası və bir neçə ilin təcrübəsi göstərir ki, kimya, fizika, biologiya, coğrafiya fənləri üzrə tərtib olunmuş 12 sual da həmin fənlərdən əsas standartları ehtiva edən, bilik və bacarıqları yoxlamağa imkan verir. Əsas məsələ sualların məqsədyönlü qoyuluşundadır.

Qeyd edək ki, ölkəmizdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə mexaniki şəkildə deyil, beynəlxalq təşkilatların nüfuzlu məsləhətçi və ekspertlərinin rəyi, qabaqcıl ölkələrin təcrübəsi öyrənildikdən sonra başlanılmışdır. Həmin qərarın qəbul edilməsində CİTO Beynəlxalq İnstitutu (Niderland) təşkilatı, Algirdas Zabulionis, Bojana Naceva, Adrian Stoika və digər qiymətləndirmə mütəxəssisləri ilə müxtəlif illərdə aparılan əməkdaşlıq da önəmli rol oynamışdır.

Azərbaycanın ümumi təhsil sistemində aparılan islahatlara maliyyə yardımı göstərən Dünya Bankı da buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi ideyasını müdafiə edərək bu istiqamətdə Təhsil Nazirliyinə lazımi dəstək vermiş, bütün bunların əsasında yeni qiymətləndirmə sisteminə keçid üzrə davamlı xarakter daşıyan fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Hazırda bu işlər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində “Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və nəticələrindən istifadə olunması” komponenti daxilində davam etdirilir və görülən işlər barədə rübdə bir dəfə Dünya Bankına rəsmi hesabat verilir. Eyni zamanda hər bir dərs ili ərzində iki dəfədən az olmayaraq, beynəlxalq məsləhətçi və ekspertlərlə hesabat xarakterli görüşlər keçirilir və nəticə etibarı ilə şagird nailiyyətlərinin qiymətləndirilməsinin, o cümlədən buraxılış imtahanlarının keçirilməsi işinin təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Perspektivdə buraxılış imtahanlarının, ümumilikdə məktəbdaxili qiymətləndirmənin beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılması, eləcə də buraxılış imtahanlarının nəticələrinə görə fərqli attestatların verilməsi nəzərdə tutulur.

Bunlarla yanaşı, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanandan indiyədək hər il imtahan suallarının məzmununda, qiymətləndirmə vasitələrində məqsədli şəkildə sadədən mürəkkəbə doğru dəyişikliklər aparılır.

Deklarativ biliyi, yaddaşı yoxlayan vasitələr artıq tətbiqi bacarıqları üzə çıxaran suallarla əvəz olunur. Əgər birinci il imtahan suallarının yalnız 20 faizi tətbiqi bacarıqlara yönəlmişdisə, hazırda belə tapşırıqlar ümumi sualların sayının 50 faizi ötmüşdür.

Qiymətləndirmə tədqiqatlarında obyektiv və dəqiq məlumatların toplanması üçün qiymətləndirmə vasitələrinin relevantlığı, yəni qiymətləndirilənlərin eyni səviyyəli suallarla yoxlanılması vacib şərtlərdən hesab olunur. Beynəlxalq təcrübədən irəli gələn bu mühüm tələb buraxılış imtahanları üçün sualların hazırlanmasında əsas götürülsə də, müəyyən amillərin təsiri nəticəsində bəzən öz mütləqliyini qoruyub saxlaya bilmir. Hər il 150 minədək IX sinif və 100 minə qədər XI sinif şagirdinin iştirak etdiyi buraxılış imtahanları eyni gündə, eyni saatda keçirilərsə, imtahanların səmərəli təşkilinə və imtahan materiallarının məxfiliyinin qorunmasına kim zəmanət verə bilər? Belə olduğu halda, bir bölgədə istifadə olunmuş imtahan suallarından olduğu kimi digər bölgədə də təkrar istifadə edilməsi nə dərəcədə məqsədəuyğundur? Əlbəttə, hər bir imtahan otağındakı şagirdlərin sayına uyğun hazırlanmış kitabçalarda imtahan sualları arasındakı balansın mütləq şəkildə gözlənilməsini tam təmin etmək də mümkün deyildir. Lakin fikrimizcə, imtahan materiallarının məxfiliyinə xələl gəlincə, hazırkı mərhələdə imtahan sualları arasındakı balansın qismən pozulmasına müəyyən haqq qazandırmaq olar.

Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının tətbiq olunmasından cəmi 3 il ötməsinə baxmayaraq, onun təhsilin keyfiyyətinə müsbət təsiri göz qabağındadır. Hər il keçirilən görüşlər, aparılan sorğular göstərir ki, şagird və valideynlərin, məktəb rəhbərlərinin, müəllimlərin öhdəliklərinə, vəzifə funksiyalarına münasibətləri dəyişmiş, məsuliyyətləri xeyli artmışdır. Yoxlama imtahanlarında müşahidə olunan mütəşəkkillik, valideynlərin müəllimlərə və məktəb rəhbərlərinə qarşı getdikcə artan tələbkarlığı, onların məktəblə əməkdaşlığının xeyli genişlənməsi buna real sübutdur.

Bir mühüm cəhəti də qeyd etmək lazımdır ki, şagirdin attestatına yazılan yekun qiymət yalnız buraxılış imtahanlarının nəticəsinə görə hesablanmır. Yekun qiymət dörd parametr (X və XI sinif üzrə illik qiymətlər, yoxlama və buraxılış imtahanlarının nəticələri) əsasında hesablanır. Bu, şagirdlərin təhsil əməyinin qiymətləndirilməsində subyektivliyiformalizmi, psixoloji gərginliyi xeyli dərəcədə aradan qaldırır, obyektivliyin təmin olunmasına real zəmin yaradır.

Azərbaycanda buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi təcrübəsi artıq digər ölkələr tərəfindən də öyrənilir. KİV-dən məlumdur ki, Dünya Bankının xətti ilə 2011-ci ilin iyun ayında Rusiya Federasiyasından gəlmiş qiymətləndirmə ekspertləri (Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Viktor Aleksandroviç BolotovRusiya Təhsil Akademiyasının təhsilin monitorinqi laboratoriyasının rəhbəri İqor Aleksandroviç Valdman) buraxılış imtahanları ilə bağlı prosesləri – qiymətləndirmə vasitələrini, tətbiq olunan qiymətləndirmə şkalasını geniş təhlil edərək müsbət rəy söyləmişlər.

2011-ci il oktyabrında Tacikistan Respublikasının Prezident Aparatının Təhsil və Elm şöbəsinin müdiri Əbdülhəmid Nozimov, Tacikistan Respublikası Milli Test Mərkəzinin direktoru Savzali Cəfərov, Tacikistan Respublikası Kulyab Dövlət Universitetinin rektoru Nurali Salıxov və Tacikistan Respublikası Təhsil Proqramlarının rəhbəri Nazarxuda Dastambuyev daxil olmaqla 10 nəfər qiymətləndirmə mütəxəssisindən ibarət nümayəndə heyəti Azərbaycanda mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları, milli və beynəlxalq qiymətləndirmələrin aparılması təcrübəsi ilə tanış olmuş, müsbət rəy söyləmişlər.

2009-cu ilin oktyabrında Dünya Bankının Gürcüstan Respublikasındakı ofisinin nümayəndələrinin iştirakı ilə də Təhsil Nazirliyinin apardığı milli, beynəlxalq qiymətləndirmə tədqiqatları və buraxılış imtahanlarının təcrübəsi geniş müzakirə olunmuşdur.

Yeri gəlmişkən, onu da diqqətə çatdıraq ki, 2011-ci ildə seçmə yolla ölkənin ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyatinformatika fənləri üzrə Milli qiymətləndirmə keçirilmiş, nəticələr Nazirliyin Kollegiyasında geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, qiymətləndirməyə cəlb olunmuş IX sinif şagirdləri Azərbaycan dili fənnindən mətni oxuyub nəticə çıxarmağı bacarmaq, mətndəki hadisələri əlaqələndirmək, riyaziyyatdan –cəbri prosedurları yerinə yetirmək, hesablamalar aparmaq və aldığı nəticələrin reallığa uyğunluğunu yoxlamaq, funksional asılılıqları qrafik şəkildə təsvir etmək, informatikadankommunikasiya texnologiyalarından istifadə etməyi bacarmaq, müxtəlif xarakterli informasiyaların həcmini ölçmək və s. kimi bacarıqlara yiyələndiklərini nümayiş etdirmişlər. Bununla yanaşı, həmçinin məlum olmuşdur ki, şagirdlərdə müqayisə, təhlil, müstəqil problem həlli, tədqiqatçılıq, tətbiqi bacarıqlar inkişaf etdirilməlidir. Milli qiymətləndirmələrin nəticələri bir daha sübut edir ki, bu növ qiymətləndirmə ümumi təhsilin keyfiyyət göstəricilərinin üzə çıxarılmasında ən etibarlı tədqiqatdır. Bu mənada nə buraxılış imtahanlarının, nə də qəbul imtahanlarının nəticələri ümumi təhsilin keyfiyyətini qiymətləndirmək üçün tam və yeganə əsas ola bilməz. Onu da bildirmək istərdik ki, ABŞ, Almaniya və digər ölkələrdə ali məktəblərə mərkəzləşdirilmiş qəbul imtahanı ümumiyyətlə keçirilmir.

Ölkəmizdə isə buraxılış və ali məktəblərə qəbul imtahanlarının aparılmasında məqsəd, istifadə olunan qiymətləndirmə vasitələri və qiymətləndirmə parametrləri (məsələn, dörd səhv cavabın bir düzgün cavabı silməsi) müxtəlif olduğuna görə, hər iki imtahanın nəticələrinin eyni olmasını gözləmək yanlış bir mövqedir.

Buraxılış imtahanları meyarlara əsaslanan qiymətləndirmədir və hər imtahan verənin nəticəsi heç bir digər şəxslə müqayisə aparılmadan hesablanır və o, təhsil haqqında müvafiq dövlət sənədini alır. Deməli, buraxılış imtahanını ümumi təhsili başa vuran hər bir kəs verməlidir.

Qəbul imtahanı isə müəyyən olunmuş ümumi normalar əsasında yalnız müraciət edən abituriyentlər arasında seçim aparır və onların nəticələri biri digəri ilə müqayisədə nəzərə alınır.

Ali məktəblərə qəbul imtahanlarında tətbiq olunan dörd səhvin bir düz cavabı silməsi praktikası da başa düşülən deyil. Müraciət etdiyimiz beynəlxalq ekspertlər belə praktikanı abituriyentlərə qarşı “cəza” kimi xarakterizə edirlər. Ölkəmizin buraxılış və qəbul imtahanlarını öyrənən Dünya Bankının ekspertləri öz hesabatlarında 4 səhvin bir düz cavabı silməsini abituriyentlər üçün “sərt şəkildə tətbiq olunan şərtkimi ifadə etmişlər.

Əgər bu tədbir imtahan suallarının abituriyentlər tərəfindən təsadüfi cavablandırılmasının qarşısını almaq üçün görülübsə, onda ən yaxşı yol açıq tipli imtahan suallarından istifadə etməkdir.

Onu da qeyd etmək lazımdır ki, ali məktəblərə qəbul zamanı imtahan suallarının çətinlik səviyyəsinə görə müvafiq bal ilə qiymətləndirilməməsini də ekspertlər imtahanları çətinləşdirən amillərdən biri hesab edirlər. İmtahanlarda ədalətliliyin təmin olunmasının əsas şərtlərindən biri də sualın çətinliyinə görə ona daha yüksək balın verilməsidir. Yəni asan sual aşağı, çətin sual yüksək balla qiymətləndirilməlidir. Oxucularda sual yarana bilər ki, niyə buraxılış imtahanlarında suallar bu cür qiymətləndirilmir? Məlumat üçün bildirək ki, buraxılış imtahanları müsabiqə xarakterli deyil. Qəbul imtahanları isə məhz müsabiqə xarakterli imtahandır və burada hər sualın çətinlik dərəcəsinə görə fərqli qiymətləndirilməsində ən cüzi bal belə ixtisas seçiminə hökm verir. Abituriyent üçün daha əlverişli olar ki, məsələn, dörd asan suala cavab verib 16 bal toplamaqdansa, iki çətin suala cavab verib 20 bal toplasın. Başqa sözlə desək, qəbul imtahanları abituriyentin cəzalandırılmasına deyil, bilik və bacarıqlarını maksimum nümayiş etdirməsinə şərait yaratmalıdır.

Sualların imtahan kitabçalarında çətinlik səviyyəsinə görə sıralanmaması ona gətirib çıxarır ki, bir abituriyent eyni zaman ərzində dörd asanya orta çətinlik səviyyəli, digər abituriyent isə ifadə tərzi çətin olan və oxunması vaxt tələb edən bir suala cavab verir. Təbiidir ki, belə halda onların qəbul imtahanlarının nəticələri ilə buraxılış imtahanındakı nəticələri üst-üstə düşməyəcək.

Qəbul imtahanları üçün əvvəlcədən minimal balın müəyyən olunmasını da təhsil ekspertləri qəbuledilməz hal sayırlar. Əslində, minimal balın hansı elmi-nəzəri əsaslarla müəyyən olunması bizim üçün də qaranlıqdır. Ekspertlərin fikrincə, topladığı ballara uyğun olaraq abituriyentlərin reytinq cədvəli müəyyənləşdirilməlidir, istənilən halda universitetlər reytinq üzrə daha yaxşı nəticə göstərənləri seçəcəkdir.

Yaxşı olardı ki, imtahanlardan sonra abituriyentlər topladıqları ballara müvafiq olaraq sıraya düzülsünbu sıradan plan yerlərinin sayı qədər abituriyentlər müvafiq ali məktəblərə qəbul olunsunlar. Belə olan halda, çoxlu söz-söhbətə səbəb olan əlavə yerləşdirməyə ehtiyac olmaz.

Beynəlxalq təcrübə göstərir ki, hər hansı qiymətləndirmənin nəticələri təhsilin keyfiyyəti haqqında etibarlı mənbə rolunu o zaman oynaya bilər ki, oradakı qiymətləndirmə vasitələri bütün variantlarda testologiyanın elmi-nəzəri əsaslarına uyğun olaraq eyni çətinlik dərəcəsinə malik olsun.

Lakin TQDK-nın apardığı imtahanlarda buraxılış imtahanlarındakından qat-qat çətin olan qiymətləndirmə vasitələri ixtisas qrupundan asılı olaraq fərqli çətinlik dərəcəsinə malikdir. Məsələn, Azərbaycan dili fənni üzrə suallar III qrupda çox çətin, II qrupda çətin, I və IV qruplarda nisbətən çətin, tarix fənni üzrə III qrupda çətin, II qrupda nisbətən çətin olur, riyaziyyat, xarici dil, fizika və digər fənlər də onun kimi. Eyni bir fəndən fərqli çətinlik dərəcəsinə malik olan suallarla təhsilin keyfiyyəti barədə hökm vermək nə dərəcədə düzgündür?

Qiymətləndirmə ilə bağlı qarşıda duran ən mühüm vəzifələrdən biribu sahə üzrə ixtisaslı kadrların hazırlanmasıdır. Ölkəmizdə qiymətləndirmənin ali məktəblərə qəbul imtahanları timsalında 20 illik təcrübə əldə etməsinə baxmayaraq, bu cür aktual və mühüm məsələ diqqətdən kənarda qalmışdır. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü və Dünya Bankının dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə monitorinq və qiymətləndirmə” ixtisası üzrə magistr hazırlığı işinə başlanıb və artıq bu ixtisas üzrə tədris ediləcək fənlər müəyyənləşdirilib, dərs deyəcək müəllimlər lazımi təlimlərdən keçirilir və həm ölkə, həm də beynəlxalq ədəbiyyat öyrənilməklə ilkin mühazirə və məşğələ materialı hazırlanır.

Yazımızı Dünya Bankının xətti ilə Rusiya Federasiyasından gəlmiş qiymətləndirmə ekspertlərinin “Azərbaycanın ali məktəblərə qəbul imtahanlarının məzmunu ilə orta məktəblərdə istifadə olunan tədris planının müqayisəli təhlili”ndə gəldiyi nəticələrdən biri ilə bitirmək istəyirik: ”Beynəlxalq təcrübə göstərir ki, bir çox səbəblərə görə, yüksək tələblərlə həyata keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən təhsilin keyfiyyətini qiymətləndirmək məqsədəuyğun deyil”. Ekspertlərin fikrinə görə, təhsilin keyfiyyətini qiymətləndirmək üçün iqtisadi və digər amilləri nəzərə alan geniş tədqiqatın nəticələrindən istifadə edilməlidir. Oxucuların nəzərinə çatdırırıq ki, belə bir tədqiqat Dünya Bankının dəstəyi ilə həyata keçirilən milli qiymətləndirmədir ki, Təhsil Nazirliyi tərəfindən ümumixüsusi məqsədləri əhatə etməklə 2003-cü ildən aparılır.

Təhsil Nazirliyinin əməkdaşları:

 

 

Aydın ƏHMƏDOV,

 

Fərzəli QƏDİROV,

 

Elvin RÜSTƏMOV

 

525-ci qəzet.-2012.-  18 yanvar.- S.4.