Azərbaycan
ordusu böyük qüvvədir
Ordu quruculuğu məsələsinin dövlət rəhbəri səviyyəsində prioritet elan olunması ölkənin milli maraqlarının təmin edilməsi baxımından kifayət qədər önəmli əhəmiyyət daşıyır. Yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir daha bu mühüm və vacib məsələyə toxunaraq ölkənin ərazi bütövlüyünün bərpasının qarşıda dayanan ən ümdə vəzifə olduğunu bildirmiş və müvafiq istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı bəhs etmişdir. İlk növbədə ölkəmizin regionda və dünyada sülhü daim dəstəklədiyini vurğulayan dövlət başçısı Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyini xüsusi qeyd etmiş və Silahlı Qüvvələrimizin hazırkı durumunu yüksək qiymətləndirmişdir: “...Bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik”.
Son illər dövlət büdcəsindən orduya aid xərclərin davamlı şəkildə artırılması, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını təmin etmiş, ölkəmizdə hərbi vətənpərvərlik tərbiyəsinin daha da güclənməsində önəmli rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycan dövlətinin ordu quruculuğu məsələlərinə ayırdığı 3 milyard 413 milyon dollar yerlərdə ayrı-ayrı hərbi hissələrin ümumi simasını kökündən dəyişmiş, hərbçilərin sosial müdafiəsini yüksək səviyyədə təmin etmişdir. Ordu mənsubları 2011-ci ildə müxtəlif miqyaslı təlimlərdə onların ixtiyarına verilmiş ən müasir hərbi texnikaların döyüş imkanlarından məharətlə bəhrələnmiş, ayrı-ayrı hədəflərin məhv edilməsində əsl peşəkarlıq sərgiləmişlər.
Silahlı Qüvvələrimizin 43 hərbi şəhərciyində aparılan tikinti-bərpa və yenidənqurma işləri də ötən ilin ən böyük uğurlarındandır. Gəncə, Qusar, Kürdəmir, Göytəpə, Şubanı, Güzdək, Qara Heybət, Soyuqbulaq və s. məntəqələrdə, o cümlədən Bakı şəhərində yerləşən hərbi hissə və birləşmələrdə müasir tələblərə cavab verən onlarla əsgər yataqxanaları, yeməkxanalar, avtomobil və hərbi texnika parkları, tibb məntəqələri, qazanxanalar, idman şəhərcikləri, camaşırxana və hamam kompleksləri hərbçilərin ixtiyarına verilmişdir. Bu obyektlərin istilik və isti su ilə fasiləsiz təmin olunması üçün ən müasir texniki avadanlıqlar alınmış, yeni magistral elektrik və mühəndis kommunikasiya xətləri, tranformator yarımstansiyaları quraşdırılmışdır. 2011-ci ildə müxtəlif hərbi şəhərciklərdə xidməti yaşayış binalarının tikintisi də uğurla başa çatdırılmış, geniş yaşayış səhəsinə malik onlarla mənzillərin orderləri zabit və gizirlərin ailələrinə paylanılmışdır.
Ötən il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı növbəti Fərman hərbi qulluqçulara göstərilən dövlət qayğısının bundan sonra da sistemli şəkildə davam etdiriləcəyindən xəbər verir. Sənəddə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması öz əksini tapıb. Fərmandan irəli gələn tələblərin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılan Komissiya artıq bu istiqamətdə bir sıra mühüm müzakirələr aparmışdır. Ümumiyyətlə, respublikamızda hərbi vətənpərvərlik tərbiyəsinin daha da güclənməsində müstəsna rol oynayacaq bu Fərmanı hərbi qulluqçular həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də yeni il ərəfəsində Ali Baş Komandanın ordu mənsublarına növbəti böyük hədiyyəsi kimi, dərin minnətdarlıq hissilə qarşılamışlar.
Beləliklə, Silahlı Qüvvələrimiz 2011-ci ili istər mənəvi-psixoloji, istərsə də döyüş hazırlığı baxımından böyük nailiyyətlərlə yola salmışlar. 2012-ci ildə orduya aid xərclərin ötən illə müqayisədə bir qədər də artırılması, daha dəqiq desək, 3 milyard 474 milyon dollara çatdırılması müvafiq istiqamətdə əldə olunan uğurların miqyasını, heç şübhəsiz, daha da genişləndirəcəkdir. Nazirlər Kabinetinin iclasında ölkə başçısının qeyd etdiyi kimi, bu il ordumuzda həm maddi-texniki təchizatla bağlı məsələlər, həm də hərbi hissələrə aid binaların əsaslı təmiri öz həllini tapacaqdır: “Bütün hərbi hissələrdə, o cümlədən ilk növbədə təmas xəttində yerləşən hərbi hissələrdə 2012-2013-cü illərdə yaşayış, xidmət aparmaq üçün bütün infrastruktur yeniləşməlidir, yenidən yaradılmalıdır”.
Hərbi hissələrimizə aid binaların yüksək səviyyədə təmir edilməsini, bəzi hərbi hissələrdə isə yenidən tikilməsini, yeni hərbi bazaların, hərbi şəhərciklərin yaradılmasını, bir sözlə, orduda xidmət edənlərin həm məişət, həm də xidmət şəraitinin yaxşılaşdırılmasını 2012-ci ildə də bir vəzifə kimi qarşıya qoyan ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı bununla, hərbi qulluqçulara yüksək etimad göstərdiyini və inam bəslədiyini nümayiş etdirmiş oldu ki, bu da hərbçilərimizin məsuliyyət hissini, heç şübhəsiz, ikiqat artırır.
İbrahim RÜSTƏMOV,
Mayor, əməkdar jurnalist
525-ci qəzet.-2012.- 18 yanvar.-
S.5.