Aydın Mirzəzadə:
“Dünyaya “ikinci Vyetnam”, “ikinci Koreya” müharibəsi lazım deyil”
Müsahibimiz Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsinin sədr müavini Aydın
Mirzəzadədir
–Aydın
müəllim, son bir həftə-on gün ərzində
İranla ABŞ arasında münasibətlər yenidən
kritik həddə çatmaqdadır. Hörmüz
boğazı məsələsi ətrafında baş verənlər,
qarşılıqlı təhdidlər, müharibə xəbərdarlığı
sizcə, nədən xəbər? Regionda yeni hərbi
münaqişə baş vermək ərəfəsindədir,
yoxsa, bunlar da növbəti söz müharibəsidir?
–Bu
iki dövlət arasında soyuq müharibənin isti
müharibəyə keçmək təhlükəsi var.
Ehtiraslar kifayət qədər coşub, tərəflər
bir-birinə qarşı çox kəskin bəyanatlar verirlər
və prinsipcə haradasa düşünülməmiş bir
addım, yaxud da, ölkə daxilində nüfuzunu qaldırma
cəhdi hərbi qarşıdurmaya gətirib çıxara
bilər. Bu, heç də xoşagələn bir məsələ
deyil və regionda yeni müharibənin başlaması tək
iki ölkə arasındakı münasibətlərdə yox,
dünya üçün çox böyük və
başağrıdıcı bir problemə çevrilə bilər.
Dünyanın
neftlə təhcizatının böyük bir hissəsi həmin
regiondan gəlir, həmçinin, Amerikanın və
İranın da hərbi resursları kifayət qədər
böyükdür. İranın rəhbərliyinə öz
ölkəsi daxilində hakimiyyətinin nüfuzunun
qalxması üçün belə bir addım ona göydəndüşmə
olardı. Eyni zamanda, ABŞ-da bu il keçirilən prezident
seçkilərində də ölkə administrasiyası beynəlxalq
aləmdə özünün söz sahibi olduğunu bir daha
nümayiş etdirmiş olardı.
Hər
halda, bu günki situasiya tərəflərin məsələyə
daha diplomatik yaşanmasının vacibliyini ortaya qoyur.
–Sizcə,
burada hansı seçim olacaq: diplomatik xətt, yoxsa, hərbi
yol?
–Əgər
iki dövlət arasında münasibətlərə qalarsa, hərb
variantı daha nəzərəçarpan variant kimi
görünür. Amma burada digər dövlətlərin də
söz sahibi olması vacibdir. Yəni, ABŞ-ın müttəfiqi
olduğu dövlətlərin, yaxud, İranı bu və ya
digər sahədə müdafiə edən dövlətlərin
də mövqeləri hər halda ortada olmalıdır.
Məsələn,
Çin bildirib ki, o İrana qarşı hər hansı bir təhdid
olarsa, onun əleyhinə çıxacaq. Bu əleyhinə
çıxma isə sadəcə, sözlə olmayıb,
Çinin indiki artan iqtisadi qüdrəti hesabına dünya
bazarında “Çin kartı”nın istifadə edilməsi kimi
də ola bilər. Həmçinin,nəzərə alsaq ki,
İranın ABŞ-la müqayisədə kiçik olsa da,
kifayət qədər böyük hərbi potensialı var və
o, hərbi potensialdan da istifadə edilə bilər.
Çox
istənilərdi və arzu edilərdi ki, bu məsələ
daha da kəskinləşməyə doğru getməsin.
Dünyaya “ikinci Vyetnam”, “ikinci Koreya” müharibəsi lazım
deyil. Özü də bunun dünyanın neft çəlləyinin
yerləşdiyi bir bölgədə baş verməsinin əks-sədası
kifayət qədər uzaqlarda və uzun müddət hiss edilə
bilər.
–Bu əks-səda
bizə necə çata , daha doğrusu, bizdə necə
effekt doğura bilər?
–Əgər
bunun əks-sədası dünyanın bütün ölkələrində
hiss olunacaqsa, əlbəttə, Azərbaycana da müəyyən
qədər təsiri ola bilər. Azərbaycanın
özünün neft ehtiyatı olduğuna görə, ölkəmiz
birbaşa neftin qiymətinin qalxmasından və ya enməsindən
ziyan çəkməyəcək. Ancaq nəzərə alaq
ki, qonşu dövlətik, bir regiondayıq, bunun təbii ki,
müəyyən mənada təsiri ola bilər.
Bununla
yanaşı, Azərbaycan bu gün bu məsələdə tərəflərin
barışdırılması mövqeyində durur. O,
İran və Amerikanın hərbi qarşıdurmadan
yayınaraq, danışıqlar stolu ətrafında
arxasında əyləşməsinin vacibliyini
vurğulayır. Bu baxımdan, Azərbaycanın sülhpərvər,
barışdırıcı mövqeyi müəyyən qədər
bu problemin həllində rol oynaya bilər...
–Amma
hərb məsələsi gündəmə gələrsə,
hər iki tərəf, həm cənub qonşumuz, həm də
strateji müttəfiqimiz olan ABŞ başda olmaqla Qərb
koalisiyası Azərbaycandan konkret seçim etməyi tələb
və təkid edəcək. Qeyd edək ki, tez-tez hər iki tərəfdən
buna işarələr də vurulur...
–Siyasətdə
seçim heç də kiminsə tərəfində durmaq
demək deyil. Siyasətdə seçim ilk növbədə
mövqeyin ortada olması deməkdir. Azərbaycanın da
mövqeyi ortadadır. Azərbaycan bildirib ki, öz ərazisində
digər ölkələrin hərbi bazalarının yerləşdirilməsinə
heç bir zaman imkan verməyəcək. Bu, onun Hərbi
Doktrinasında belə öz əksini tapıb.
Azərbaycan
məsələnin sülh yolu ilə həll edilməsinin
vacibliyini vurğulayır, Azərbaycan hərbi
qarşıdurmanın yolverilməzliyinin gərəkliliyini bəyan
edir. Bu, Azərbaycanın seçimidir, bu, Azərbaycanın
mövqeyidir. Yəni, bu gün Azərbaycan hərbi
qarşıdurmada nə Amerikanın, nə də
İranın tərəfindədir, o, sülhün tərəfindədir.
Çünki
bundan ziyan çəkən ilk növbədə bu region
olacaq, dinc əhali olacaq, dünya bazarlarında qiymətlərin
ya qalxması, ya da düşməsi olacaq. Ümumən
götürəndə tarazlaşmış dünyanın
yerindən oynamasında bu hərbi münaqişə çox
ciddi rol oynaya bilər. Bu isə heç kimə lazım deyil.
VAHAB
525-ci qəzet.-2012.- 18 yanvar.- S.5.