İmzasız yazı

 

Jurnalist təcrübəmdə dəfələrlə şahidi olmuşam ki, tez-tez görüşdüyün, yaxşı tanıdığın kimsə haqqında yazmaq elə də asan başa gəlmir. Xatirələr, təəssürat bolluğu, o kimsənin də səni yaxşı tanıdığından doğan məsuliyyət, bir az da qorxu hissi buna mane olur. O ola ki, qəhrəmanın sənət əhli ola, aktyor, rejissor ola, yaratdığı səhnə obrazlarının bir sıra xarakterik cizgilərini həyatdan, tanıdığı adamlardan götürə.

Ramiz Əzizbəylini, o məni tanıyandan çox-çox illər öncə tanımışam. Hələ yazı-pozu sənətinin nə olduğunu bilmədiyim çağlardan. Ötən əsrin 50-ci illəri idi və onu hər dəfə televiziya ekranında görəndə yaşıdlarım kimi həsəd aparar, fikirləşərdim ki, ekranda görünmək, rollar oynamaq üçün mütləq gərək Bakıda yaşayasan. Amma sonralar Bakıya gələndə, üstəlik də sənət dairələrinə yol tapanda bildim ki, heç Bakıda yaşayıb burda anadan olmağın da televiziyada görünməklə elə bir əlaqəsi yoxdur, bu yalnız istedad işidir, sənətlə, sənətkarlıqla bağlıdır. Ramizlə şəxsən də çoxdan tanışam. Bəlkə də 60-cı illərdə Bakıya gələndən, yaxud 70-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində jurnalist kimi fəaliyyətə başlayandan, ya da ki, ondan əvvəl, hələ “Azərbaycan gəncləri” qəzetinin əməkdaşı olandan. Bilmirəm, dəqiq yadımda deyil. Onu bilirəm ki, Ramizin televiziyamızda, kinomuzda, radiomuzdakı çıxışlarını, dublyaj filmlərindəki ifalarını, əsl peşəsiylə bir o qədər bağlılığı olmasa da böyük istedadla oxuduğu “Sənsiz” romansını dinləyəndə onu çoxdan, lap çoxdan tanıdığıma inanmışam. Bir kərə, 80-ci illərin ortalarında, radionun incəsənət və radio şöbəsinə rəhbərlik edərkən lap dolmuşdum, əlimin altında hər cür materialım vardı. Verilişi plana da salmışdım. Amma həlledici gün yaxınlaşanda ortaya çox vacib bir iş çıxdı, əlim-qolum sustaldı. Amma bu işi özüm qədər tanıdığım şöbəmizin əməkdaşı Gülbəniz Hüseynovaya həvalə elədim. Və jurnalist bacım həmin tapşırığı məharətlə yerinə yetirdi. Onu da deyim ki, həmin verilişdə Ramizin oxuduğu “Sənsiz” romansı da yer almışdı və bu gün də radionun səslər xəzinəsində qorunur.

Sonra çox sellər-sular axdı, məni radionun Gənclik və İdman redaksiyasına baş redaktor vəzifəsinə təyin etdilər və tezliklə efirə “Qol-qola” adlı bir proqram çıxarmağı nəzərdə tutduq. Heç fikirləşmədən verilişin aparıcılarından biri olaraq Ramiz Əzizbəylini dəvət etdik. Yanılmamışdıq. Onun sayəsində həmin proqram yüksək reytinqlə uzun illər efir həyatı yaşadı. Bu illər ərzində Ramizin də sənət uğurları bir-birini əvəz elədi. O özünü həm rejissor, həm aktyor, həm sənətşünas, həm də vokalist kimi geniş kütlələrə sevdirə bildi. Və təbii ki, bu istedadlı sənətkarın fəaliyyəti, elə istedadlı jurnalistlərin, tədqiqatçıların, sənətşünasların da diqqətindən yayınmadı. Bunlar bir dost, bir qələm əhli kimi məni həm sevindirir, həm də məyus edirdi: bəs mən sözümü nə zaman deyəcəm?..

Budur, artıq 5-ci ildir ki, mən respublikamızın xalq artisti Ramiz Əzizbəyli ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində birgə fəaliyyət göstəririk. Mən mətbuat katibi, o isə pedaqoq kimi. İndi də işim başımdan aşır, Ramiz barədə illərdən bəri ürəyimdə qalaqlanan sözlərimi qələmə almağa macal tapmıram.

Axır ki, bu günlər iki daşın arasında vaxt tapıb Ramizi dindirib-danışdırım deyə ona, türklər demiş, bir kaç sual tuşladım. Hələlik. Sonrasına baxarıq, deyə. Və Ramiz də eləmə tənbəllik, özünə xas olan səliqə-səhman, vasvasılıq və dəqiqliklə suallarımı aldığı günün sabahısı əlində kompyuterdə yazılmış vərəqlərlə otağımda nazil oldu. Alıb baxdım. Birinci vərəqin başında yazılmışdı: Jurnalist İntiqam Mehdizadənin suallarına cavab.

Xırda əlavələrimlə onları sizə təqdim edirəm, əziz oxucular. Bu günlərin Ramiz Əzizbəylisinin ona verdiyim bir neçə suala cavablarıdır.

– Ramiz, bədii sənətlərin hansında daha çox özünüifadə etməyə üstünlük verirsən və bu çağacan hansında buna daha çox nail olmusan?

– Mən, Azərbaycan televiziyası müstəqil fəaliyyətə başladığı ilk illərdən buranın uşaq redaksiyasında aktyor kimi (onda 9 yaşım vardı) saysız-hesabsız tamaşalarda nağıl qəhrəmanlarının obrazlarını yaratmışam. Gənclik illərimdə televiziyanın müxtəlif tamaşalarında gənclərin obrazlarını yaratmış, müxtəlif tədbirlərdə televiziya aparıcısı kimi çıxış etmişəm.

Azərbaycan kinosuna gəldikdə, burada 1959-cu ildən dublyaj olunan filmlərin çoxunda aktyor kimi fəaliyyət göstərmişəm. Bunların da sayı 1000-dən çoxdur.

“Azərbaycanfilm”də istehsal olunan 40-a yaxın filmdə müxtəlif səpkili rollara çəkilmişəm.

1987-ci ildən müstəqil kinorejissorluq fəaliyyətinə başlamışam. İlk işim Cəlil Məmmədquluzadənin eyni adlı hekayəsi əsasında çəkdiyim “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi olub. “Debüt” studiyasında çəkilən bu film studiyanın ilk işi olmaqla 1988-ci ildə Kiyevdə keçirilən “Gənclərin XIX Beynəlxalq kinofestivalı”nda baş mükafat və diploma layiq görülüb.

1991-ci ildə “Bəxt üzüyü” filmini çəkmişəm ki, bu da kinosevərlərin böyük rəğbətini qazanmışdır. 20 il keçsə də bu film hələ “kinoxit”liyini itirməyib. 2005-ci ildə Qarabağ mövzusundan bəhs edən “Yalan” bədii filmi də kinosevərlərə yaxşı tanışdır...

Bir müğənni kimi də çıxışlarım çoxlarına bəllidir. “Azərbaycanfilm”in neçə nümunəsində müğənni qismində iştirak etmişəm.

Adda-budda yazı-pozu ilə də məşğul olmuşam ki, bunları bir araya gətirib 2011-ci ilin aprelində “Cızma-qaralar” adlı kitab nəşr etdirdim.

Sadaladığım bu bədii yaradıcılıq sahələrindən əlbəttə ki, bütün sənətləri özündə cəmləşdirən rejissorluq işinə üstünlük verərdim. Çünki yaradıcı təfəkkürün ən sərbəst buraxıldığı məqam rejissorluq fəaliyyəti zamanı olur. Sadaladığım digər peşələrsə istər-istəməz hansısa bədii və inzibati “rəhbər”dən asılı olur və sən ürəyinin istəyini ürəyincə yerinə yetirə bilmirsən.

– Səsin aktyor sənətindəki rolunu sən məndən yaxşı bilirsən. Di gəl ki, bəzilərinin fikrincə guya sənin səsin adət etdiyimiz müsbət qəhrəman səsinə uyğun gəlmir. Əsəbiləşmədin ki?

– Müsbət və ya mənfi qəhrəman anlayışları bədii əsərlərin personajlarına aid olan anlayışlardır. Müasir yanaşmada bu cür terminlər işlədilmir. Yaxşı və ya pis adam bütün dövrlərdə olub. Fərqi insanların əməli fəaliyyətində, istək və diləklərində axtarmaq lazımdır. Əslinə qalsa Ulu Tanrı biri digərini əvəz etmək yolu ilə konpensasiya yolu ilə insanları, eləcə də bütün canlıları yaratmışdır. Buna misal olaraq, elə bircə tovuz quşunu misal göstərmək olar. O gözəllikdə varlığın çox eybəcər səsi var. Bir də hansı elmi sübutlarla göstərmək olar ki, əsərdəki və ya həyatdakı insanların səsinin “bas”, “bariton”, “tenur”, “soprano” xarakteri onun müsbət və ya mənfi qəhrəman olmasına dəlalət etsin. Bəzən hətta elə olur ki, özünün oyun tərzi ilə tamaşaçını valeh edən bir aktyorun səsi xarakterik səslər kateqoriyasına aid olub, dinləyicinin umduğu, eşitmək istədiyi insanın səsinin “yerini vermir”. Əsas – səhnədə və ya kinoda təklif olunmuş vəziyyəti dəqiqliyi ilə təcəssüm etdirməkdir. Hadisələrin mahiyyətini unudub ali məqsəddən uzaqlaşmaq, yalnız yumşaq, yaxud pafos və təkəbbürlə dolu danışıq tərzinə üstünlük vermək kökündən səhv və aldadıcı haldır.

– Amma paradoksal haldır ki, mən şəxsən bir ömür boyu sənin oxuduğun mahnıları dinləməkdən doydum deməzdim. Deyirəm bəlkə elə birdəfəlik... Bildin də nə demək istəyirəm?

– Hər bir insanın özünəməxsus səsi olur. Bu, nitq mədəniyyətinin tərkib hissələrindəndir. Səssiz adam danışa bilməz. Onu digər canlılardan fərqləndirən cəhətlərdən elə başlıcası da budur. Vokal sənətinə uyğun gələ biləcək səs isə hər kəsə qismət olmur. Əgər məndəki səs sizləri özünə cəlb edib, diqqətinizə hakim kəsilə bilibsə, demək mən xoşbəxt sənətkarlardanam. Müğənnilik sənəti mənim nəzərimdə ayrıca bir sahə deyil, seçdiyim, taleyimi bağladığım aktyorluq sənətinin tərkib hissəsidir. Əgər məndə bu istedadı görüb qiymətləndirirlərsə deməli mən çoxşaxəli yaradıcı insanam.

– Bu yaxınlarda çapdan çıxmış “Cızma-qaralar” kitabının ilk fəslini təşkil edən aforizmlərin söz xatirinə, tutaq ki, zərb-məsəl kimi tarixə düşməsi üçün qələmə almısan, yoxsa onların hər birinin arxasında hansısa filmin, yaxud digər ədəbi mətnlərin konturları mövcuddur. Hər halda ilk oxunuşda mənə elə təsir bağışladı onlar.

– Mənə elə gəlir tanındığım illər ərzində qeyri-səmimi söz demədiyimi bilirsiniz. Suala gəldikdə, mənə elə gəlir yazıçı adına təmənnası olmayan hər bir kəsin qələmə aldığı nə varsa səmimidir. İç dünyasındakı narahatlıqları, təsəvvürlərində canlandırdıqları münasibətləri qələmə almaqla onları sıxan, həyəcanlandıran, yaxud sevindirən, heyrətləndirən nə varsa hamısını yaddaşa çevirirlər. Mənim yazılarıma gəldikdə konkret bunu söyləyə bilərəm ki, səhnə temporitmini, ovqatını yaxşı bildiyim üçün hələ 80-ci illərdə əyalət teatrlarının bəzilərində tamaşaya qoyulan əsərlər üçün dəvət alan bəstəkarlar – Emin Sabitoğlu, Adil Bəbirov, Cavanşir Quliyev, Eldar Mansurov öz mahnılarının sözlərini yazmağı mənə həvalə edirdilər...

Qaldı ki, işarə vurduğunuz kitabımdakı aforizmlər kiməsə ağıl qoymaq, kiminsə təəccübünə səbəb olmaq məqsədi güdmür. Sadəcə müəyyən yaş dövrü yaşamış Ramiz Əzizbəyli öz dünyasında tərbiyə və tövsiyyələrini kağıza köçürüb və bunlar gələcəkdə çəkilə biləcək hər bir filmin qəhrəmanlarının dilindən söylənilə bilər.

– Bilirik ki, 50 ildir ki, sənətdəsən. Sənə elə gəlmirmi ki, yarım əsrlik yaradıcılığın boyu daha çox işlər görə bilərdin? Boynuna alırsan ki, boşuna keçirdiyin illər az olmayıb.

– Hamı bilir ki, həyatım boyu sıxılan, incidilən, kinodan bilərəkdən uzaqlaşdırılan birisi olmuşam. Layiq olduğum qiymət nədənsə vaxtında verilməyib. “Xeyirxahlarımın barmağı” həmişə məni siyahıdan silməklə, adımın üstünə kölgə salmaqla məşğul olub. 10 ilə yaxın bir müddətdə Azərbaycan radiosu və televiziyasındakı çıxışlarıma, kinodublyajlarıma neçə-neçə uşaq filmlərinə çəkilib özümə görə tanınmağıma baxmayaraq o zamankı İncəsənət İnstitutunda iki dəfə məhz sənət imtahanından kəsilmişəm. Səbəbi sizlərə bəlli deyil, amma mən özüm bu münasibətlərin qaynaqlarını yaxşı bilirəm. Və onları bir ara mətbuatda açıqlamışam da. Daha burada təkrarlamağı lazım bilmirəm.

Əsgəri xidmətdə olduğum dövrü də itirdiyim illərin üstünə gəlsəm, gəncliyimin 6-8 ilini boşluq hesab etmək olar.

– Niyə 20 il bundan əvvəl lentə aldığın “Bəxt üzüyü” filminin yuvarlaq yubileyinin qeyd edilməsini bir bu qədər arzulayırsan?

– “Bir bu qədər arzulayırsan” deyəndə, harada, nə vaxt və nə qədər bu mövzuda danışmışam ki? Əgər bu sizləri daha çox narahat edirsə, “Arşın mal alan”, “O olmasın, bu olsun” film- komediyalarından sonra xalqın geniş rəğbətinə tuş gələn, “Ən geniş tamaşaçı rəğbəti qazanmış film” nominasiyasını və “Ən çox gəlir gətirən film” kateqoriyasını göz önünə gətirin. Bəlkə də 15 milyondan çox nüsxəsi olan “Bəxt üzüyü” haqqında mənə elə gəlir hansısa bir “gecədə” söz açmağına dəyməzdimi?

– Ramiz, deyəsən hər bir insanın bu dünya ilə son vida gününəcən bir neçə dəfə ölüb-dirilməyi olur axı. Sən necə, belə bir halla üzləşmisən?

– Bu gün var olanın bir gün heçliyə çevrilməsi labüddür. İnsan öz qısa ömrünü başa vuranacan həqiqətən bir neçə dəfə ölüb-dirilir. Bəli, ağır cərrahiyyə əməliyyatları keçirərkən 4-5 dəfə həkimlər tərəfindən narkoz vasitəsilə fəal həyatdan müvəqqəti təcrid olunsam da, elə o həkimlərin sayəsində yenidən həyata qaytarılmışam. Lakin mənən sındığım, məyus və peşman olduğum, həyatdan küsmək dərəcəsinə gəlib, pessimizmə qapıldığım anlar-günlər də olub. Satqınlıq, xəyanət, şərəfsizlik, məddahlıq, namussuzluq görəndə hər dəfə ölüb-dirilmişəm.

– Çoxşaxəli çalışmalarından sənə qalan bir də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətin sayəsində qazandığın professor dərəcəsi olub. Bu elmi dərəcəyə çətinlikləmi nail oldun?

– “Azərbaycanfilm”də hazır aktyor kimi çalışmağıma, 15 illik aktyorluq fəaliyyətimə, yaradıcı şəxs kimi tanınmağıma baxmayaraq o zamankı İncəsənət İnstitutundan iki dəfə sənət imtahanından kəsilmişəm. Ancaq ruhdan düşməmiş, çox sevdiyim işimi davam etdirmişəm. Hər yerdə qapılar üzümə bağlı olub. Bütün müsabiqələrdə “mənim gəlişim” gözlənildiyi halda, nə üçünsə qəfildən bu sənətə tam yararsız adamları işə qəbul ediblər.

Məcburiyyət qarşısında qalıb öz ərizəm ilə Musiqili Komediya Teatrından işdən gedəndə də nifrət eləmədim. Bədxahların özləri də dərk etmədən sənət aləmində mobilizə olunmağıma təkan veriblər... Mütaliələrimi artırdım, çalışqanlığım sayəsində kinorejissuraya gəldim.

Kinostudiyanın aktyor kursunda məşğul olan gənclərə mühazirələr oxuyub, təcrübə məşğələləri keçdim. Çox keçmədi ki, kinomuzun sayılıb-seçilən nümayəndələrindən birinə çevrildim. Beynəlxalq kinofestivallara fəxri qonaq kimi dəvətlər aldım və s...

– Dayan, “və s.”dən bir azın da mən əlavə eləyim. 2002-ci ildən ADMİU-da müəllimlik fəaliyyətinə başlamısan. Bura səni hörmətli rektorumuz, professor Timuçin Əfəndiyev dəvət edib. Bütün varlığınla çalışırsan ki, bu etimadı doğruldasan.

– Bütün bunların, üstəlik də elmi araşdırmalarım və ərsəyə gətirdiyim xeyli dərs vəsaitləri sayəsində müsabiqələrdən keçdim, professor dərəcəsi qazandım.

– Elmi-nəzəri konfranslardakı çıxışlarım, Elmi şura üzvləri, ümumən ziyalılar tərəfindən bəyənilir, qəbul olunur. Bu gün sən ADMİU-da “Estrada və Musiqili teatr rejissoru” kafedrasına rəhbərlik edirsən. Göründüyü kimi çoxşaxəli, 50 ildən yuxarı yaradıcılıq fəaliyyətin, eləcə də pedaqoji işin illərin sınaqlarından üzü ağ çıxıb.

– Biri qaldı axı.

– Hansı?

– Bu gün mən həm də Respublika Ağsaqqallar şurasının məclis üzvü olmaqla “Mədəniyyət, İncəsənət və Turizm Komissiyası”nın sədriyəm.

– Göz-z-zəl!

P.S. Ürəyi daim sözlə, orijinal ideyalarla dolu olan, mədəniyyətimizə dəyərli töhfələr vermiş, sənət yollarında uzun illər yoldaşlıq etdiyim Ramiz Əzizbəyli suallarımın xırpadan kəsildiyindən cavablarını da beyqafıl kəsir. Bəlkə də acığından.

Öz yazdıqlarımdan yana nigarançılığım vardı. Başqaları kimi qəhrəmanımı “yerli-yataqlı” təqdim eləmədiyimə görə. Aparıb verdim özünə ki, tanış ola, fikrin bildirə, bəlkə nəyisə artırıb-azalda. Alıb oxumağa başladı. Özünü təriflədiyi bir-iki yer vardı, onları çıxartdı. Sonra bəzi giley-güzarlarının, ona pisliyi keçənlər barədə yazdıqlarının da üstündən xətt çəkdi. Və aramızda yüngulvari didişməyə bənzər sorğu-sual da oldu.

Dedim: – Deyəsən axı, ürəyincə deyil.

Dedi: – Belə də- ə-ə.

Dedim: – Ne qaryuy. Qabaqda ay çox, il çox.

Dedi: – Əşşi- i- i.

Dedim: – Atalar demiş, ağa durur...

Dedi: – Ağacan durur.

Dedim: – Amma Ramiz, inan ki, suallarım çoxdan çox idi. Heç yarısını...

Dedi: – Əşşi-i-i...

Dedim: – Jurnalistlik tariximdə ilk dəfə olaraq imza yerini boş qoymaq istəyirəm, nə dersən ?

Dedi: – ...

Dedim: – Qoyum, qoymayım?

Dedi: – Neynirsən e –e – e. Görünən dağa nə bələdçi.

Dedim: – 2012-ci ildən nə istərdin?

Dedi: – Qarabağı.

 

30 dekabr 2011

 

 

525-ci qəzet.- 2012.- 19 yanvar.- S.7.