Kinematoqrafa bağlı ömür
RƏSSAM-FOTOQRAF
PƏRVİZ QULİYEVİN 70 İLLİYİNƏ
Kinodan söhbət düşəndə bəziləri onu “hərəkət edən fotoşəkillər”, bəziləri isə “danışan rəngkarlıq” adlandırırlar. Kinematoqrafiyanın yarandığı ilk çağlardan onun fotoqrafiya ilə oxşarlığı həqiqətən olub. İndi isə onlardan hər birinin sənət aləmində öz yolu, öz ifadə “dili” var.
Bir film istehsal olunub ekranlara buraxılmazdan əvvəl kinoteatrlarda, küçələrdə həmin kino əsərinə həsr edilmiş plakatlar vurulur. Çox vaxt bu plakatlar, stendlər filmlərdən çəkilmiş, köçürülmüş kadrlar əsasında montaj olunur. Əslində bizim “kadr” deməyə adət etdiyimiz şəkillər heç də kinolentdən çıxarılmır, nə də köçürülmür. Bu şəkilləri kino operator deyil, fotoqraf çəkir.
Göründüyü kimi, fotoşəkillər reklam üçün, xatirə üçün. Kinematoqrafiyamızın tarixi üçün lazımdır. İllər keçir, vaxtilə uğur qazanmış film xeyli müddətdən sonra keyfiyyətini itirir. Xarab olur. Sıradan çıxır. Amma onu tarixdə yaşadan fotoşəkillər olur...
70 illik ömrünün 50 ilini Azərbaycan kinematoqrafiyasına həsr etmiş, kinostudiyanın böhranlı illərində onu atıb pul qazanmaq xatirinə başqa idarələrə üz tutmamış, bu gün də sevimli peşəsindən ayrılmayan rəssam-fotoqraf Pərviz Quliyev haqqında söhbət açmaq istəyirəm.
Onunla ilk tanışlığım 1963-cü ilin əvvəllərində “Azərbaycanfilmin” köhnə binasında olmuşdu. O vaxt Pərvizin kinoda artıq iki il stajı var idi, fotosexdə fotoqraf işləyirdi. Onu kinostudiyamıza böyük dramaturqumuz Cəfər Cabbarlının oğlu Aydın gətirmişdi. Aydın müəllim Pərvizi yaxşı tanıyırdı, xətrini də çox istəyirdi. Bilirdi ki, Pərvizin foto sənətinə marağı çox böyükdür. Ona görə də bu cavan oğlanı kinostudiyanın o vaxtkı direktoru M.Haşımovun yanına gətirdi. Dedi ki, bu gəncin kinoya, foto sənətinə çox böyük marağı var. O, həm də bacarıqlı və zirək oğlandır. Direktoru Aydın müəllimi diqqətlə dinləyib dedi: “Elə bizə də belə bacarıqlı gənclər çox lazımdır”. Beləliklə, Pərviz fotosexdə fotolaborant vəzifəsinə işə düzəldi.
Gənclik dövründə özüm də fotoqrafiya ilə məşğul olduğum üçün Pərvizin gördüyü işlər məni çox maraqlandırdı. Həmin il o, Odessa Dəniz Donanmasının Mühəndislər İnstitutunun Bakı filialına yenicə daxil olmuşdu...
İllər ötür, Pərviz işlədiyi filmlərdə təcrübə toplayır, artıq professional rəssam-fotoqraf kimi tanınırdı. 1965-ci ildə usta-fotoqraf P.Quliyev C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fotosexinə rəis təyin olunanda onun cəmi 23 yaşı vardı.
Çox vaxt tamaşaçılar filmin istehsalından söhbət düşəndə rəssam-fotoqrafın bu prosesdə yerinin nədən ibarət olduğunu soruşur və özləri də cavab gözləmədən deyirlər ki, yəqin fotoqraf aparıcı aktyorların portretlərini film üçün hazırlamaqla məşğul olurlar. Lakin bu peşənin əhəmiyyəti daha genişdir. Pərvizin rəis olduğu sexdə kinostudiyada bütün növdən olan foto işləri yerinə yetirilir. Film istehsala buraxılanda aktyorların sınaq foto çəkilişləri aparılır, natura obyektləri, bu və ya digər dövrü xarakterizə edən detallar lentə alınır.
Rəssam-fotoqraf dövrün ab-havasını və gələcək filmin hadisələrinin yerini yaratmaqda, qəhrəmanların simalarının fərqli xüsusiyyətlərini canlandırmaqda xüsusi rol oynayır, son kadra kimi bütün filmin çəkilişində iştirak edir, kino əsərinin yaranma tarixini lentə köçürür. Bütün bu yaradıcı və texniki kompleks vəzifələrini Pərviz bacarıqla həll edir.
Əlbəttə, ustad sənətkar buna birdən-birə nail olmamışdır. Ustalığın təşəkkülü uzun və mürəkkəb prosesdir. Lakin sənətə məhəbbət sənətkarın kamilləşməsinə kömək edir. Pərviz T.Tağızadə, A.Babayev, Ş.Mahmudbəyov, R.İsmayılov, T.Axundova, Z.Məhərrəmov, E.Quliyev, V.Mustafayev kimi tanınmış rejissor və operatorlarla birgə işləmiş, elə bu gündə işləyir.
P.Quliyev “Yaşamaq gözəldir, qardaşım”, “Şərikli çörək”, “Arşın mal alan” (III var), “Cazibə qüvvəsi”, “Birisigün gecəyarısı”, “Biri vardı, biri yoxdu”, “Bizi bağışlayın”, “Gün keçdi”, “Mən ki, gözəl deyildim” və s. onlarla tammetrajlı və qısametrajlı, ümumiyyətlə 50-dən artıq bədii filmdə rəssam-fotoqraf işləmiş, istər çəkiliş prosesini, istərsə də aktyor oyunlarını fotolentə köçürmüşdür. Onun foto işləri öz professionalizm, obrazlılığı, müşahidəçiliyi və yüksək zövqü ilə seçilir.
“Şərikli çörək” filminə aid olan seriya şəkilləri nəzərdən keçirirəm. Bu şəkillər adamın gözü qarşısında Bakının müharibədən sonrakı ilk aylarının ab-havasını canlandırır. Balaca Vaqifin gözlərində böyüklərə xas olan həyəcan var. Həmin şəklin kompozisiyası da həyəcanla qurulmuşdur. Uşaq və müharibə, hərbi illərin uşaq dövrünün dramatizmi. Həmin filmin fotoşəkillərində iki nəfərin – Vaqiflə qırçı Məhəmmədin qısa dostluğu öz əksini tapmışdır. Parlaq günəşli gün. Dünənki əsgər olan Məhəmməd daha güllə atmayacaq, indi o, evlərin damlarını təmir edir,dinc həyatda öz sadə peşəsi ilə məşğuldur. Fotoşəkillər sanki səssiz kinonun dili ilə ekranda baş verənləri təkrar edir.
Pərviz öz təşəbbüsü ilə kinostudiyada zəngin fotoarxiv yaratmışdır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bütün filmlərin fotokadrları və neqativləri burada saxlanılır. İndiyədək Azərbaycan kinosuna həsr olunmuş kitab və jurnal. Kataloq və qəzet səhifələrində, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan kinosu” saytında istifadə edilən fotoşəkillər həmin fotoarxivdən götürülmüşdür.
Vaxt var idi, kinostudiyada
1200 adam işləyirdi. Dəhlizlər arı pətəyinə
bənzəyirdi. Adamlar bir
otaqdan çıxıb,
başqa otağa girir, kimsə harasa tələsir, bir sözlə kinostudiyada həyat qaynayırdı.
Artıq neçə illərdir ki, kinostudiya əvvəlki görkəmini
itirib. Qaranlıq dəhlizlər, adda-budda
görünən adamlar.
Bəli,
“Azərbaycanfilm” yaxın
vaxtlarda əsaslı təmirə dayanacaqdır.
Lakin bu sənət ocağında dəyişməyən,
əvvəlki görkəmini
saxlayan yalnız P.Quliyevin rəis olduğu fotosexdir. Fotosexə daxil olanda özünü sərgi salonunda hiss edirsən. Divar boyu müxtəlif
illərdə çəkilmiş
filmlərdən fotoşəkillər
asılmışdır. Rəisin otağındakı kinoplakatlar
bura gələnlərin
diqqətindən yayınmır.
Bir də istər dəhlizlərdə, istərsə
də rəisin otağındakı səliqə-səhman
Pərvizin xarakterindən
xəbər verir.
Gənclik vaxtlarından tutmuş
bu günə kimi onu tanıyanlar
bu insanın özünə də, geyiminə də daim xüsusi diqqət yetirdiyini görüblər.
Hansı aktyorun rola təsdiq
olunmasında fotoqrafın
rolu böyükdür. Fotoqraf aktyoru
elə çəkməlidir
ki, onun daxili aləmini aça bilsin, aktyoru obrazda göstərə bilsin.
Bundan sonra kino sınaq
çəkilişləri başlayır.
Və nəhayət son sözü
rejissor deyir. Vaxtilə sənədli filmlərdə
də fotoqraflar fəaliyyət göstərirdilər.
Bu gün isə
sənədli filmdən
bircə dənə də fotoşəkil tapmaq mümkün deyil. Bəli, bu sahədə
də problemlər çoxdur. Sabaha ümidini itirməyən
P.Quliyev hər şeyin yaxşı olacağına inanır, bu gün filmlərimizin
beynəxalq kinofestivallarda
iştirak etməsindən,
mükafat və prizlər almasından ürək dolusu danışır, belə
filmlərin milli kinomuzun inkişafında əhəmiyyətli rol oynadığını qeyd
edir.
Pərviz kino sahəsində çalışdığı yarım əsr ərzində yaxşı
və nümunəvi işinə görə dövlətimiz tərəfindən
dəfələrlə mükafatlandırılmışdır. O, Azərbaycanın
əməkdar işçisi
fəxri adına,
“kinomatoqrafiya əlaçısı”
nişanına layiq görülmüş, “əmək
veteranı” medalı ilə təltif olunmuşdur.
1995-ci ildə Bakıdakı
“Araz” kinoteatrında rəssam-fotoqrafın müxtəlif
filmlərdən çəkdiyi
fotoşəkillər əsasında
fərdi sərgisi təşkil olunmuşdu. Sərgiyə çoxlu tamaşaçı,
o cümlədən kinematoqrafçılar
gəlmişdilər. Sərgi bir qədər gec təşkil olunsa da P.Quliyevin
50 illiyinə həsr edilmişdi. 16 ildən
sonra “Rəssam-fotoqraf
Pərviz Quliyevin şəxsi arxivindən” başlığı altında
Bakıdakı muzeylər
mərkəzində yubilyarın
70 və yaradıcılığının
50 illiyinə həsr edilmiş fotosərgi ikinci dəfə tamaşaçıları öz
ətrafına topladı.
Həmin
sərginin eksponatlarına
tamaşa edəndə
bir daha yəqin etdim ki, rəssam-fotoqrafın bu gün də
qəlbi gənclikdə
olduğu kimi həyat eşqi ilə döyünür.
Onun yaşayıb-yaratmaq həvəsi
kinomuzun tarixini hələ neçə-neçə
filmin fotoşəkilləri
ilə zənginləşdirəcəkdir.
P.Quliyev
müsahibələrinin birində
demişdir: “Mən olduqca xoşbəxt adamam! Mən ömrüm boyu
sevimli işimlə məşğul oluram.
Mənim
gözəl ailəm,
məni başa düşən həyat yoldaşım, iki oğlum, nəvələrim
var”.
Yanvarın 19-da səkkizincə onilliyinə
qədəm qoyacaq dostumuz və həmkarımız Pərviz
Quliyevə cansağlığı
və yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Aydın KAZIMZADƏ,
əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2012.- 19 yanvar.- S.7.