“Jurnalistlər və mətbuat katibi bir-birilə sıx bağlı anlayışlardır”

 

MƏCİD MUSAYEV: “XXI ƏSRİN İNFORMASİYA ƏSRİ OLDUĞUNU NƏZƏRƏ ALSAQ, MÜNTƏZƏM MƏLUMAT MÜBADİLƏSİ PROSESİNDƏ ONLARIN HƏR İKİSİNİN MÜHÜM ROLU VAR” 

 

Ölkənin aparıcı tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2009-ci ildən fəaliyyətdədir. Təşkilatın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. İttifaq 39 dövlət və özəl Ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların universitetləri aiddir. İttifaq tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək üçün elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli oyunlar, seminarlar, dəyirmi masalar, təlim kursları təşkil etmək, təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin fəallığını artırmaq, tələbələrin hüquqlarını müdafiə etmək məqsədilə işlər aparır. Həmçinin tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək,vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq, tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək, tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil etmək, tələbə gənclər arasında mənfi vərdişlərə qarşı təbliğat işləri, narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlər həyata keçirmək, ölkə daxilində, xarici ölkələrdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda, idman yarışlarında istedadlı, yaradıcı tələbələrin iştirakını təmin etmək naminə də addımlar atır.

Təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə, seminar, tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və KİV-lə əlaqələrin səmərəliliyini təmin etmək üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında mətbuat xidməti fəaliyyət göstərir. Xidmətin rəhbəri isə Məcid Musayevdir.

– Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidməti nə vaxtdan fəaliyyət göstərir. Ötən müddət ərzində bu qurumun fəaliyyətində, KİV-lə əməkdaşlıq sahəsində hansı yeniliklər tətbiq olunub?

– İlk öncə xatırlatmaq istərdim ki, Tələbə Gənclər Təşkilatları İttifaqı 2009-ci il 20 noyabr tarixində təsis edilib. ATGTİ bu gün ölkəmizin ən böyük tələbə təşkilatıdır. İttifaqın mətbuat xidməti təşkilat yarandığı dövrdən mövcuddur. Əvvəl ATGTİ daxilində ictimaiyyətlə əlaqələr departamenti fəaliyyət göstərirdi və onun işi geniş ictimaiyyəti ATGTİ-nin fəaliyyəti ilə tanış etməkdən ibarət idi. 2010-cu ildə təşkilatın ictimaiyyətlə əlaqələr departamenti ayrıca mətbuat xidməti ilə əvəz edildi. Artıq 2 ildir ki, ATGTİ-nin mətbuat xidməti fəaliyyət göstərir. Təşkilatımız KİV-lə dostluq və əməkdaşlıq əlaqələrinə çox böyük önəm verir. Səmimi münasibət əsas fərqlərimizdən biridir. Yenilik mövzusuna aid deyə bilərəm ki, ATGTİ-nin mətbuat xidməti, əməkdaşlıq etdiyi hər bir KİV-in xüsusiyyətlərini nəzərə almağa çalışır.

Belə ki, Azərbaycan, rus və ya ingilis dilli KİV-lər arasında fərq qoymayaraq, ATGTİ-nin mətbuat xidməti hər zaman informasiya agentliklərinin, telekanal və radioların, qəzetlərinin nəbzini tutmağı bacarıb. Mətbuat xidmətimiz yuxarıda qeyd edilmiş hər 3 dildə sürətli informasiya müdabiləsini təmin edir. Eyni zamanda hər məlumatımızı mövzuya uyğun fotoşəkillərlə daha da zənginləşdiririk. Bu zaman da KİV-lərin iş prinsiplərini nəzərə alırıq.

Bildiyiniz kimi, bəzi KİV-lər şəkilləri orijinal ölçüdə, bəziləri əvvəlcədən kiçildilmiş, bəziləri isə ancaq layihə və tədbirlərimizin rəsmi loqolarını istəyirlər. Tam əminliklə deyə bilərəm ki, bu gün İttifaqın mətbuat xidməti media nümayəndələrinin bütün tələblərinə uyğun informasiya, açıqlamalar, fotoreportajlar və s. yayımlaya bilir.

– ATGTİ-nın mətbuat xidməti həm də ən fəal, KİV-lə sıx əməkdaşlıq edən mətbuat xidmətlərindən biridir. Xidmətin iş prinsipi barədə məlumat vermənizi istərdik.

– Artıq qeyd etdiyim ki, ATGTİ-nin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa önəm verən təşkilatdır. Çox şadam ki, bu 2 il ərzində jurnalistlərimiz ittifaqın mətbuat xidmətinin işindən razıdırlar. Mən bunu böyük uğur kimi qəbul edirəm. İşimiz səmimi münasibətə, aktiv fəaliyyətə və yeni yanaşma prinsiplərinə əsaslanır.

Bu gün ölkəmizdə onlarla KİV mövcuddur. Mətbuat xidmətimiz KİV nümayəndələri ilə səmimi münasibət quraraq, qarşılıqlı hörmət əsasında onlarla aktiv fəaliyyət həyata keçirir. KİV-lərin daima informasiya axtarışında olduğunu nəzərə alaraq, biz öz sahəmizlə bağlı onların informasiya tələbini təmin etməliyik.

Mənim fikrimcə istənilən mətbuat xidməti maksimum operativ və maksimum dəqiq olmalıdır. Özüm üçün bunu əsas iş prinsipi qəbul etmişəm.

–Məcid müəllim, artıq neçə ildir ki, siz ATGTİ –nın mətbuat katibi vəzifəsində çalışırsınız. Bu vəzifədə çalışmanız ATGTİ ilə media arasında münasibətlərin qurulmasına necə təsir edib?

– Artıq 2 ildir ki, ATGTİ-nin mətbuat katibi vəzifəsində çalışıram. İşimə çox məsuliyyətlə yanaşıram, doğrusu, bu gün media sahəsində əldə etdiyimiz uğurlar heç də asan başa gəlməyib. Fikirləşirəm ki, hər bir mətbuat katibinin təmsil etdiyi təşkilatın (qurumun) fəaliyyətini bu və ya digər informasiya agentliyində, qəzet, radio və telekanalda işıqlandırması üçün özünün jurnalist komandası olmalıdır. Belə bir komanda formalaşdırmağı bacaran mətbuat katibi işində uğurlu nəticələr əldə edəcək.

Təşkilatımızın media nümayəndələri ilə münasibətlərin qurulmasında bu günə qədər mətbuat xidmətimizdə çalışmış təşəbbüskar gənclərimizin, təşkilatımızın fəallarının rolunu xüsusi qeyd etmək istərdim. Bakı Dövlət Universitetinin tələbələri Sevil Həsənova və Günel Hacıyeva, Bakı Avrasiya Universitetinin tələbəsi Ruzana Ömərova və Azərbaycan Dillər Universitetinin tələbəsi Andrey Polovinkin kimi gənclər ATGTİ-nin mətbuat xidmətinin çox böyük töhfə veriblər. Məlumatlarımızın operativ şəkildə rus və ingilis dillərinə tərcümə edilməsi, keyfiyyətli fotoşəkillərin toplanması, jurnalistlərin tədbirlərimizə dəvəti, iştirak edən media nümayəndələrinin qeydiyyatı və ölkə jurnalistləri üzrə yenilənən məlumat bazasının yaradılmasında onlar əvəzsiz rol oynayıblar. Bu tək mənim yox, hamımızın uğurudur.

–Mətbuatla əlaqəni necə qurursunuz? KİV nümayəndələri ilə, konkret jurnalistlərlə əməkdaşlıq etmək, onlarla işləmək çətin deyil ki?

– Demək istərdim ki, mətbuatla əlaqə qurmaq ümumilikdə elə də asan deyil. Şəxsən mənim üçün elə də asan olmayıb. Hər bir jurnalistin xasiyyətinə müəyyən qədər bələd olmaq lazımdır. Onların tələbləri, maraqları nəzərə almalıdır. Bu gün ATGTİ-nin məlumatları konkret informasiya agentliklərində, konkret jurnalistlər tərəfindən işıqlandırılır. Fikrimcə bu asan iş sistemdir. Ümumiyyətlə mətbuat xidmətinin işində pərakəndəlik yolverilməzdir. Mətbuat xidməti (katibi) daima işinin məsuliyyətini dərk edib, anlamalıdır.

Hər bir KİV-də ayrıca bir jurnalistlərlə işləmək çətin olduğu qədər maraqlıdır. Düşünürəm ki, jurnalistlər və mətbuat katibi bir-birilə sıx bağlı anlayışlardır. Yaşadığımız XXI əsrin informasiya əsri olduğunu nəzərə alsaq, müntəzəm məlumat mübadiləsi prosesində onların hər ikisinin önəmli rolu var. Əminəm ki, digər həmkarlarım da mənimlə razılaşacaqlar, jurnalistlərlə mətbuat xidmətinin işi arasında düz mütənasiblik var. Bizim işimiz bir-birimizdən asılıdır.

– ATGTİ ilə işləyən jurnalistlərin peşəkarlığı sizi qane edirmi?

– Bilirəm, bugün bir çox aparıcı qələm sahiblərimiz, yazıçı-publisistlərimiz gənc jurnalistlərimizin peşəkarlığından narazıdırlar, amma mən təşkilatımızla birgə işləyən jurnalistlərimizin peşəkarlıqlarından razıyam. Əksər jurnalistlərimiz gəncdirlər. Biz bir-birimizi çox rahat anlayırıq və buna görə də rahat işləyirik.

Sizinlə bir müşahidəmin nəticəsini bölüşəcəm, əksər mətbuat katibləri kimi, mən də bir çox böyük sosial şəbəkələrdə fəalam və işimlə əlaqədar ölkəmizin gənc yazarlarları ilə əlaqə saxlayıram. Əfsuslar olsun, qeyd etməliyəm ki, onların dilimizin qrammatikası ilə ciddi problemləri var. Yazılarıda daha çox məişət üslubuna üstünlük verən gənc yazarlar, yazdıqları mətnin quruluşuna və qrammatikasına çox vaxt fikir vermirlər.

Məncə, onların yazılarının əsas prinsipini xaotik fikir axını təşkil edir. Bəziləri dilimizdəki xüsusi və ümumi isimləri səhv salır, yazı qaydalarına əməl etmirlər.

– Jurnalistlər bəzi mətbuat xidmətlərinin işindən narazıdırlar. Onları lazım olan anda yerlərində tapa bilmirlər, telefonları isə qapalı olur. Sizi axtaranda həmişə yerinizdə tapmaq mümkün olurmu?

– Bu sahədə işləməyə başlayandan mən də sizin qeyd etdiyiniz məqamlarla qarşılaşmışam. Deyə bilərəm ki, mətbuat xidməti (katibi) mütləq daima əl çatan olmalıdır. Jurnalistlərlə təşkilatı (qurumu) əlaqələndirən yeganə şəxsin mətbuat katibi olduğunu nəzərə almaq lazımdır. Mətbuat xidməti təmsil etdiyi təşkilatın (qurumun) fəaliyyətini işıqlandıran yeganə insandır. Onun işi əvvəlcə qeyd etdiyim kimi, çətin və çox məsuliyyətlidir. Bu gün üçün qeyd edə bilərəm ki, mən mətbuat xidməti kimi necə deyirlər daima “online”am (onlaynam). Elektron poçtum və digər əlaqə vasitələrim ATGTİ-nin rəsmi saytı olan atgti.az-da struktur bölməsində qeyd edilib. Elektron poçtum gündəlik olaraq hər bir neçə dəqiqədən bir yoxlanılır və gələn bütün məktublar cavablandırırlır. Bacardığım qədər sürətli olmağa çalışıram. Eyni zamanda ATGTİ-nin fəaliyyətinin gündəlik olaraq bir çox KİV-lərdə işıqlandırılması işində mən KİV-lərimizlə daima əlaqə saxlayır, lazımi məlumatları onlara ötürürəm. Həmkarlarımın işini asanlaşdırmaq üçün poçtumda bütün əlaqə vasitələrim qeyd etmişəm. Məni axtaran jurnalist asanlıqla mənlə əlaqə saxlaya bilər.

Hazırda ölkədə kifayət qədər QHT-lər fəaliyyət göstərir, ancaq onlar arasında ölkənin ən böyük tələbə təşkilatı olan ATGTİ-nin mətbuatla əlaqələri yüksək səviyyədədir. Qeyd edə bilərəm ki, 2012-ci ilin başlanğıcından son 3 xəbərimiz, ümumi fəaliyyətimiz 30 dəfə informasiya agentliklərində işıqlandırılmışdır. Bunların sırasına ölkənin 5 nüfuzlu qəzetində dərc edilmiş xəbərlərimiz də daxildir. Bu gün ATGTİ-nin fəaliyyəti nəinki yerli KİV-lərdə, eyni zamanda regional və xarici mətbuat orqanlarında da işıqlandırılır. Məsələn: Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və s. Amma necə deyərlər təcrübə zamanla gəlir. İşimin ilk dövründə mən də mətbuat katibinin bütün kriterilərinə cavab verə bilmirdim. 2 il ərzində mən media işinin bəzi sirlərini öyrənmişəm və zənnimcə kifayət qədər geniş və güclü jurnalist komandan var.

–Sizcə, media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi hansı keyfiyyətlərə malik olmalıdır? Bunun üçün peşəkarlıq, təşəbbüskarlıq, yoxsa ünsiyyət qurmaq qabiliyyətinin olması vacibdir?

–Fikrimcə sizin qeyd etdiyiniz peşəkarlıq, təşəbbüskarlıq və ünsiyyət bacarığı nəinki mətbuat katibində ümumiyyətli uğur qazanmaq istəyən jurnalistdə vəhdət təşkil etməlidir. Mətbuat katibi və ya jurnalist yuxarıda sadalanan amillərin “qızılı orta”sını tapmalıdır. Dediyim kimi, peşəkarlıq zamanla formalaşır, təşəbbüskarlıq insanda ya var, ya da yoxdur. Ünsiyyət qabiliyyəti də hər bir insanın özündən asılıdır. Məncə bütün bu amilləri insanın xasiyyətinin əvəzolunmaz hissəsi kimi qəbul etmək olar.

– QHT-media əlaqələrinin indiki vəziyyəti sizi qane edirmi?

Öz təşkilatımızla bəli. Media ilə əlaqələrimiz çox yaxşıdır. Lakin mövcud əlaqələri, daha da böyük nəticələr naminə genişləndirmək lazımdır. Bu sahədə biz fəaliyyətimizi davam etdiririk. Təşkilatların media ilə yaxın əlaqədə olması hər iki tərəf üçün vacibdir. Əminəm ki, hər bir təşkilat öz fəaliyyətini KİV-lərdə işıqlandığını görəndə qürur hissi keçirdir. Bu qürur hissinin yaranması isə mətbuat katibinin vəzifəsidir. Düzdür bu gün elə QHT-lər var ki, onların kifayət qədər fəaliyyəti var, amma media ilə əlaqələrin olmadığına görə bu haqda geniş ictimaiyyət xəbərsizdir. Vəziyyətin dəyişməsi həm QHT-lərin məsuliyyətidir, həm KİV-lərin. Bu gün bəzi KİV-lərimiz var ki, onlar QHT-lərin fəaliyyətini işıqlandırmırlar, məlumat mübadiləsi prosesinə əngəl törədirlər. Belə məsələləri QHT KİV birlikdə həll etməlidir. Bu gün QHT-lərimiz ölkədə reallaşdırılan gənclər siyasətinin əvəzolunmaz hissəsidir. QHT özünü, fəaliyyətini cəmiyyətə KİV-lər vasitəsi ilə çatdırır, tanıtdırır. Bu proses daimi olmalıdır.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 19 yanvar.- S.6.