Milli telejurnalistikada
uğurlu yaradıcılıq layihəsi
– “Ailəm Ailəm”
İctimai
Televiziya ilə Təhsil Nazirliyinin birgə layihəsi olan –
“Aləm Ailəm” verilişi 2011-ci ilin ən yaxşı
telejurnalistika işlərindən idi desək,
yanılmarıq. Çünki indiki dövrdə telekanalların
əsasən yerləşdiyi şəhər mühitindən
kənara sanki çıxmamağı fonunda Azərbaycanın
coğrafiyasını əhatə edən bir
yarışmanın təşkili
alqışlanmalıdır. Son dövrdə belə bir rəy
formalaşıb ki, intellekt mərkəzə cəmləşib.
Amma bu layihə həm də belə bir mifi dağıtdı.
Efir məkanında bənzərsiz, heç bir intellektual
proqramı təkrarlamayan “Aləm ailəm” telelayihəsi o
xüsusiyyəti ilə də orijinaldır ki, burada
bütün ailə tam tərkibdə öz bilik və
bacarığını nümayiş etdirir. Həm də bu
layihədə paytaxtdan kənarda, ucqar əyalətlər belə
hesab etdiyimiz bölgələrdən olan ailələr
yarışırlar. Bu layihənin müəllifi İctimai
Televiziya və Radio Yayımları Şirkətinin Baş
direktoru İsmayıl Ömərovdur.
Verilişin aparıcısı – tarix elmləri üzrə fəlsəfə doktoru Füzuli İsmayılov Televiziya məkanında bu layihənin ən əlamətdar proqramlardan biri olduğunu düşünür: “Əminliklə söyləmək olar ki, bu layihə ilə yeni bir ənənənin əsasını qoyduq. Hər dəfə yeni ailələrlə tanışlıq bizim komandamızı çox sevindirirdi. Əminəm ki, tamaşaçılar da bu tanışlıqdan məmnun qaldılar. Bölgələrdən gələrək çəkilişlərimizdə iştirak zamanı bir-biri ilə tanış olan ailələrin sonradan da əlaqələrini davam etdirmələrini eşidəndə buna çox sevinirdik. Bu numunəni tamaşaçısı üçün görünməyən, lakin layihənin müsbət cəhətlərindən biri kimi göstərmək olar. Əsasən ciddi proqramlar aparıcısı olsam da belə bir layihənin aparıcılığının mənə həvalə olunması tamaşaçılar üçün təəccüblu görünə bilərdi. Çünki tamaşaçı belə yarışların aparıcılığının şoumenlərə həvalə edildiyinin şahidi olurlar. Amma qeyd edim ki, intellektual yarışları şou verilişləri sırasına yox, ciddi, maarifləndirici verilişlər sırasına aid etmək lazımdır. Yəqin elə bu səbəbdən də televiziya mutəxəssisləri bu verilişin aparıcılığının elmi dərəcəsi olan, ciddi proqramlar aparıcısı olan birinin üzərində qurulmasını dəstəkləmişdilər”.
Verilişin redaktoru, filologiya uzrə fəlsəfə doktoru Cəsarət Valehli bu layihənin milli dəyərlərimizə söykəndiyini bildirir: “Milli düşüncəmizin dastan yaddaşı olan “Dədə Qorqud” və “Koroğlu” dastanlarında ən müqəddəs anlayış ailəyə hörmət və millətin bu dəyəri ilə gələcəyə baxışıdır. Bu ənənə dünyanın fikir nəhəngi Nizami yaradıcılığında sağlam enerji ilə qorunub və milli varlıq düşüncəsində kodlaşaraq bizləri XXI əsrin bugününə çatdırıb. Bu çağda isə günbəgün balacalaşan dünyada qloballaşma küləkləri ilə milli ailə modelimizə sağdan-soldan müxtəlif təhdidlər var. Bizim aləmimiz ailəmizdir. Ailə haqqı ailəm boyda olub. 2011-ci il İctimai Televiziyanın həyatında bir çox əlamətdar hadisələrlə yadda qaldı. Avroviziya uğuru, Avronyus əməkdaşlığı və daha digərləri. Ancaq 2011-ci ili Birinci kanal həm də “Ailə ili” elan edib. Biz bu hədəflə Azərbaycanın bütün bölgələrini gəzmişik. Bal arısı hər çiçəkdən şirə çəkən kimi biz də hər bölgədən onlarla ailənin içindən seçilmişləri seçib ekrana gətirmişik. Layihə ərzində Azərbaycanın bütün bölgələrini əhatə edən üç mindən çox ailə arasından ən yaxşı örnəkləri təqdim etmişik. Milli genefondumuzun çələngi – sağlam ənənəyə bağlı, intellektual və müasir düşüncəli ailə nümunələrimizi “Aləm Ailəm” layihəsində təqdim etmişik.”
Verilişin quruluş həllinin də uğurla tapıldığını söyləmək olar. Rejissor Vahid Quliyev hesab edir ki, bu layihə ilə efir məkanında yeniliyə imza atılıb. “Eyni anda ailələrin intellektini, dunyagörüşünü, ailə daxilində bir-birinə hörmətini, dərin kökü olan ailə dəyərlərimizin möhkəmliyini, ailələrin zəhmətkeşliyini göstərmək asan iş deyildi. Şükürlər ki, öhdəsindən uğurla gəldik”.
Əlbəttə, nümunəvi ailələrin seçilməsinə də böyük zəhmət sərf olunub. Bu işi layihənin prodüserləri Rəşad Cəfərov və Faiq Hüseynovun yüksək səviyyədə və tamamilə obyektiv keçirdiklərini əminliklə qeyd etmək olar. Seçilən ailələrin yarışma boyu nümayiş etdirdikləri intellekt bunu bir daha təsdiqlədi. Bu həm də onu göstərirdi ki, rayonlarda aparılan seçim turları da gərgin mübarizə ilə keçib. Bunu layihənin prodüserləri də təsdiqləyirlər: “Efirdə tamaşaçıya təqdim olunan yarışmalar qədər, bəlkə də ondan da gərgin mübarizələrin bölgələrdə şahidi olduq. Bəzən ailələrin eyni və yüksək nəticələr göstərməsi əlavə mərhələlər keçirməyimizə səbəb olurdu. Çox təəssüf ki, biz hər bölgədən bir ailə seçməli idik. Amma xüsusi qeyd etmək istəyirik ki, rayonlarda çox savadlı, intellektli ailələr var. Biz məmnuniyyətlə növbəti mövsümlərdə bu ailələri də tamaşaçılara təqdim edəcəyik”.
“Aləm Ailəm”in bu mövsümündə üç min ailə arasından seçilən 50-dək ailə yarışırdı. Nəhayət dekabrın 30-u teletamaşaçılar üçün layihənin həm bayram buraxılışı, həm də möhtəşəm final oyunu ilə yadda qaldı. Eyni zamanda “Aləm Ailəm” bu dəfə 3 aparıcı ilə tamaşaçıların görüşünə gəldi – proqramın daimi aparıcısı Füzuli İsmayılov və Hüsniyyə Məhərrəmova ilə Kamran İsrafilovun təqdimatında. Butun yarışların final mərhələsində olduğu kimi burada da gərgin mübarizənin şahidi olduq. Hər kəs finalda qiymətli hədiyyəni – avtomobili əldə etməyə çalışdı. Bu həyəcanları azaltmaq üçün proqrama dəvət olunan musiqili qonaqlar da mahnıları ilə bayram əhval-ruhiyyəsi yaradırdı. Qeyd edək ki, finalda qələbələrini layihə boyu sıralayan iki ailə – Göyçaydan Xakidanlar və Biləsuvardan Ağayevlər ailəsi qarşılaşırdı. Yarışmanın ötən mərhələsinin iştirakçılarının da final oyununda intellektlərini bir daha nümayiş etdirmək imkanları oldu. Belə ki, finalçılar sualın cavabını tapa bilmədikdə digər iştirakçılara cavab vermək imkanı verildi. Sualın cavabını tapan hər kəs isə hədiyyə ilə mükafatlandırıldı. Nəhayət, sonuncu və həlledici raund elan olundu. Gərgin keçən, həyəcanlı anlarla bol final oyununun qalibi, baş prizin sahibi Biləsuvardan Ağayevlər ailəsi oldu.
Qalibin elan olunmasından sonra Təhsil naziri Misir Mərdanov layihə barədə fikirlərini bölüşdü. İdeyanın son dərəcə uğurla yekunlaşdığını vurğulayan Misir Mərdanov bildirdi ki, “Aləm Ailəm” vasitəsi ilə Azərbaycanın nümunəvi ailəsi seçilib. Nazir bu layihənin ənənə halını almasını, gələn ildən daha yüksək səviyyədə davam etdirilməsini arzulayıb. Təhsil naziri Misir Mərdanovun sozlərinə görə, bu layihə azərbaycanlı ailələrin yüksək intellektə malik olduğunu bir daha nümayiş etdirdi: “Mənə belə gəlir ki, burada məğlub yoxdur. Əslində hamı qalibdir və bu yarışma Azərbaycanda çox yüksək qiymət alan bir yarışdır. Əslində burada verilən suallar adi kənd məktəbinin şagirdləri tərəfindən çox yüksək səviyyədə cavablandırıldı. Onu da deyim ki, valideynlər inciməsin, uşaqlar valideynlərdən daha yüksək intellektə malik olduqlarını göstərdilər”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov avtomobilin açarını qalib ailəyə təqdim etdi. O, Azərbaycan ailəsinin möhkəmliyindən, müqəddəsliyindən, bir sözlə, ənənəvi xususiyyətlərindən danışdı: “Ailə anlayışı bizdə daha güclüdur, daha müqəddəsdir, min illərin ənənələrini yaşadan bir millətik. Dünya xalqlarının nümayəndələri bizim ailə dəyərlərimizə, ənənələrimizə baxıb bizə qibtə edirlər. Niyə bizdə ailə güclüdür? Hesab edirəm ki, bizim dövlətin gücü, qüdrəti onun nə təbii sərvətindədir, nə başqa cəhətindədir. Onun gücü, qüdrəti məhz ailə dəyərlərindədir. Çünki bizim ailəmiz güclüdür. Ailəmiz ona görə güclüdür ki, dövlətimizin ona qayğısı var. Hesab edirəm ki, bundan sonra bu iki cəhət həm dövlətimizin, həm ailəmizin güclənməsini şərtləndirəcək. Çox təəssüf ki, son vaxtlar işıqlı insanlar, intellektli ailələr əsasən paytaxta, mərkəzə yığılıb. Bu layihəni Təhsil Nazirliyi ilə birlikdə fikirləşəndə dedik ki, bölgələrdə nə qədər işıqlı ailə olduğunu göstərməliyik. Bu gün bu ailələrin işığı bütün Azərbaycana səpələndi. Təhsil Nazirliyinin bu layihəni həyata keçirməyimizdə böyük dəstəyini vurğulamaq istəyirəm. Xüsusən də nazirliyin bölgələrdə yerləşən şöbələri bizə çox yardımçı oldu”.
İsmayıl Ömərov qalib ailənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonundan olmasının da önəmindən danışdı: “Milli Qəhrəman Mübariz İbrahimov Azərbaycan xalqının döyüşkən ruhunu bir daha dünyaya çatdırdı. O bəyan etdi ki, bu xalq heç vaxt bir qarış torpağından belə keçməyəcək. Onun boya-başa çatdığı Biləsuvar rayonundan olan ailənin burada qalib gəlməsi də çox təbiidir”.
İctimai Televiziyanın o qədər də böyük olmayan büdcəsindən ayıraraq aldığı minik avtomobili Biləsuvardan olan qalib ailəyə təqdim edildi. Yarışda ikinci yerin sahibi Göyçayı təmsil edən Xakidanlar da əliboş qalmadılar. Təhsil Nazirliyi onlara böyük ekranlı müasir televizor, daha iki ailəyə – Goranboydan olan Məmmədovlar və Qubadan olan Əhmədovlar ailələrinə noutbuk, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət Komtəsi isə ən fəal bir məktəbliyə – Şəmkiri təmsil edən Hacıyevlər ailəsinin üzvü Sahilə videokamera hədiyyə etdi.
Yarışma iştirakçıları olan ailələr də bu layihəni çox bəyəndiklərini bildirdilər. Avtomobili qazanan qalib ailənin başçısı Asəf Ağayev sevincini belə bölüşdü: “Çox sevinirik, bu bizim üçün Həmrəylik Gününə əsl hədiyyə oldu. Biz ailəlikcə həmrəyliyimizi göstərərək birlikdə bu qələbəni qazandıq. Bu layihədə zəhməti olan hər kəsə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, İtcimai Televiziyanın bu ənənəsi davam edərək daha da genişlənəcək”. İkinci yerin sahibi olan ailənin başçısı Mirqədir Xakidan da layihə haqqında fikirlərini bildirdi: “Bu layihədə iştirakdan çox məmnunuq. Əvvəl-əvvəl hər şey çox sadə görünsə də, yarışın çox ciddi olduğunu ilk oyundan hiss etməyə başladıq. Bu yarışda iştirak edən hər bir ailə qalib sayıla bilər”. Qubanı təmsil edən Əhmədovlar ailəsinin üzvləri də çox sevincli idilər. Onlara noutbukun hədiyyə olunması lap yerinə düşmüşdü, deyəsən. Çünki Əhmədovlar ailəsinin kompyuteri olmadığından yarışma boyu İKT ilə bağlı suallara cavab verməkdə hər dəfə çətinlik çəkirdilər. Ailə üzvləri olan Aytac və Gültac bacılarının verilişdə yaxşı futbol oynamaqlarının nümayiş olunması futbol mütəxəssislərini maraqlandırıb. İndi onlar qadınlar arasında futbol üzrə keçirilən ölkə birinciliyində iştirak edirlər. Goranboyu təmsil edən Məmmədovlar ailəsinin də fikirlərini öyrəndik: “Biz bu layihədə iştirakdan qürur duyuruq. Sualların cavablarını ailəlikcə müzakirə edib tapmağımız çox xoşumuza gəlirdi. Heç vaxt belə müsabiqədə iştirak etməmişdik. Demokratik ailə nümunəsi kimi seçilməyimiz bizi çox sevindirdi. Bu layihədə biz həm də özümüzə çox yaxşı dostlar qazandıq”.
Göründüyü kimi, telejurnalistika sahəsində növbəti uğurlu layihə kimi diqqəti çəkən “Aləm Ailəm” ictimaiyyətin də marağına səbəb olub və elə ilk buraxılışı ilə də bu sahədə fəaliyyətin davam etdirilməsinə geniş yol açıb.
GÜNEL
525-ci qəzet.- 2012.- 19 yanvar.- S.6.