Dəyərli
alim, səriştəli rəhbər
Onu orta məktəb illərindən tanıyıram. Birgə təhsil aldığımız məktəbdə müəllim və şagirdlərin sevimlisinə çevrilən bu istedadlı gənclə əlaqələrimiz keçmiş Azərbaycan Dövlət Universitetində oxuduğumuz illərdə də davam edib. Həmin dövrdə yataqxanada, universitet auditoriyalarında, müxtəlif tədbirlərdə tez-tez görüşüb hal-əhval tuturduq. Tarix fakultəsinin tələbəsi olmasına baxmayaraq, onun boş vaxtlarında bizimlə birlikdə xalq şairi Bəxtiyar Vahabzadənin azadlıq ruhlu mühazirələrini necə maraq və yanğı ilə dinlədiyini də yaxşı xatırlayıram. Söhbət Azərbaycan tarix elmində öz yeri, mövqeyi və xidmətləri olan tanınmış alim, səmimi və təvazökar insan, tarix elmləri doktoru, professor Xaqani Məmmədovdan gedir. Şərəfli və mənalı həyat yolu keçən Xaqani Məmməd oğlu Məmmədov 1954-cü ildə Ağcabədi şəhərində dünyaya göz açıb. O, 1970-ci ildə adıçəkilən şəhər 1 saylı orta məktəbini əla qiymətlərlə başa vuraraq, ADU-nun tarix fakultəsinə daxil olub.
X.Məmmədov ali məktəbdə
oxuduğu illərdə də bilik və bacarığı ilə
müəllim və tələbələr arasında
nüfuz və hörmət qazanıb, yaradıcılıq
müsabiqələrində, ictimai işlərdə fəallıq
göstərib. 1975-ci ildə ali təhsilini müvəffəqqiyyətlə
başa vuran gənc mütəxəssis təyinatla doğma
Ağcabədiyə dönüb və burada bir neçə
il orta məktəb müəllimi işləyib. Lakin elmə olan sonsuz maraq və
həvəs onu bir an belə, rahat buraxmayıb. Odur ki, 1979-cu
ildə ADU-nun aspiranturasında əyani təhsil almaq qərarına
gəlib. O, 1982-ci ildə aspiranturanı bitirərək
sözügedən ali təhsil müəssisəsinin tarix
fakültəsinə müəllim təyin olunub. Dərs deməklə
yanaşı, ciddi elmi araşdırmalar da aparan istedadlı
pedaqoq 1985-ci ildə dissertasiya müdafiə edərək elmlər
namizədi alimlik dərəcəsi alıb.
Gənc
alimin müstəqillik dövründə elmi fəaliyyəti
daha da genişlənib. Təsadüfi deyil ki, 1991-ci ilə
onun “XX əsrin siyasi tarixi” adlı dərsliyinin I hissəsi,
1995-ci ildə II hissəsi, 1996-cı ildə “Azəbaycan milli
hərəkatı” (1875-1918-ci illər) monoqrafiyası, 1999-cu
ildə “Aydınlarımızın istiqlal mücadiləsi”,
“Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm, mədəniyyət
sahəsində fəaliyyəti” adlı kitabları çap
olunub. X.Məmmədov 1998-ci ildə “Azərbaycanda
maarifçilik və milli hərəkat” mövzusunda doktorluq
dissertasiyasını müvəffəqqiyyətlə
müdafiə edib. 2005-ci ildə işıq üzü görən
“Azərbaycan xalqının milli istiqlal mübarizəsi” (XIX
yüzilliyin sonları, XX yüzilliyin əvvəlləri)
adlı dərsliyi elmi ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanıb. Alimin 2006 və 2008-ci
illərdə dərc etdirdiyi “Türkiyədə və Azərbaycanda
erməni millətçilərinin cinayətləri”, “Erməni
iddiaları və azərbaycanlıların
soyqırımı” adlı kitabları öz cəfəng
iddialarından, uydurma və yalanlarından əl çəkməyən
erməni faşistləri və onların havadarlarına tarixi
faktlar əsasında tutarlı, sanballı cavab kimi təqdirəlayiqdir.
X.Məmmədovun çoxşaxəli elmi pedaqoji fəaliyyətində
dərs vəsaitləri, tədris proqramlarının tərtib
edilməsi xüsusi əhəmiyyət kəsb edir. Onların
arasında respublikanın tanınmış alimləri ilə
birgə hazırlanan ümumtəhsil məktəblilərinin
XI sinifləri üçün “Azərbaycan tarixi” dərsliyi
xüsusi yer tutur. Xaqani müəllim respublikamızda
tarixçi alimlərin yetişdirilməsində də fəal
rol oynayıb. O, bir çox aspirant və dissertantların elmi
rəhbəri, 30-a qədər namizədlik və doktorluq
işinin rəsmi opponenti, monoqrafiya və tədris vəsaitlərinin
elmi redaktoru olub, 90-na kimi dissertasiya işinə rəy verib.
Tarixçi alim ölkəmizdə və xaricdə nəşr
edilən bir sıra jurnalların redaksiya heyətinin
üzvüdür, bir çox Avropa və Asiya ölkələri
alimləri ilə yaxından əməkdaşlıq edir.
Bütün bunlarla yanaşı, X.Məmmədov qabaqcıl
ali məktəb müəllimi, tədris təşkilatçısı
və bacarıqlı rəhbər kadr kimi də fərqlənib.
O, Bakı Dövlət Universitetində işləməklə
bərabər, 1996-2003-cü illərdə Bakı Biznes
Universitetində prorektor, kafedra müdiri, 2000-2007-ci illərdə
Azərbaycan Respublikası prezdenti yanında Dövlət
İdarəçilik Akademiyasının rəhbər
kadrların ixtisasının artırılması fakultəsinin
dekanı və burada fəliyyət göstərən
ixtisaslaşdırılmış müdafiə
şurasında seminar rəhbəri, Milli Elmlər
Akademiyasının Tarix İnstitutunda və BDU-da fəaliyyət
göstərən ixtisaslaşdırılmış müdafiə
şurasının üzvü kimi çalışıb. Təhsil
sahəsində xidmətlərini və yüksək idarəçilik
qabiliyyətini nəzərə alan Respublika Təhsil Nazirliyi
onu 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutu
Ağcabədi filialının direktoru vəzifəsinə təyin
edib.
X.Məmmədov
qısa müddət ərzində göstərilən
etimadı doğrulda bilib. Onun təşkilatçılığı
ilə adıçəkilən ali təhsil müəssisəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi
kadrların hazırlanması, daxili nizam-intizam
qaydalarının gücləndirilməsi, təhsilin
müasir tələblər səviyyəsində qurulması
istiqamətində uğurlu addımlar atılıb. Xaqani
müəllimin rəhbərliyi altında filialın müəllim
və tələbələri bu gün Ağcabədi rayonunun
ictimai-siyasi həyatında, burada həyata keçirilən
quruculuq və abadlıq işlərində də fəal
iştirak edirlər. Dağlıq Qarabağ probleminin həllini
həmişə ən ümdə vəzifə hesab edən
filial direktoru öz kollektivi ilə tez-tez cəbhə bölgələrinə
gedir, əsgərlərlə görüşlər
keçirir, onlara maddi və mənəvi dəstək
nümayiş etdirir. Professor əmindir ki, əsası ulu
öndər tərəfindən qoyulmuş və ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən daxili və xarici siyasətimiz sayəsində
torpaqlarımız düşmən işğalından azad
ediləcək, qaçqın və köçkünlərimiz
tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Professor Xaqani Məmmədovun elmi fəaliyyəti və xidmətləri
həmişə yüksək qiymətləndirilib. O, səmərəli
elmi pedeqoci fəaliyyətinə görə Respublika Təhsil
Nazirliyinin fəxri fərmanı ilə təltif olunub,
Qızıl Qələm mükafatına və ilin nüfuzlu
ziyalısı fəxri adına layiq görülüb. Alimin əsərlərinin
elektron variantı dünyanın müxtəlif
kitabxanalarının fonduna, adı isə YUNESKO-nun görkəmli
elm adamları siyahısına daxil edilib. Görkəmli
tarixçi alim professor Abuzər Xələfovun dediyi kimi, ali
məktəbə rəhbərlik etmək, gənclərin təlim-tərbiyəsi
ilə məşğul olmaq, tədqiqat işləri aparmaq, dəyərli
əsərlər yazmaq X.Məmmədovun gündəlik
işidir. Bu istedadlı alim, gözəl ailə
başçısı, səmimi insan son dərəcə
xeyirxah işlərə imza atmaqla Allah və məxsus
olduğu Azərbaycan xalqı qarşısında üzü
ağ və alnı açıqdır.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2012.- 19 yanvar.- S.8.