Litva-Azərbaycan
əlaqələri tarixindən qoparılmış səhifələr
(Əvvəli ötən şənbə
sayımızda)
Bakıda
Litva konsulluğunun təsis edilməsi hər iki dövlət
üçün əhəmiyyətli hadisə idi. Unutmaq
olmazdı ki, müstəqilliyin yalnız elan edilməsi ilə
iş bitmirdi. Həm Litva, həm də ki, Azərbaycan beynəlxalq
aləmdə müstəqilliklərinin de-yure tanınması
üçün səylər göstərirdilər. Həmçinin,
məhz bu səbəbə görə, Xarici işlər
naziri M.Y. Cəfərovun Litva konsulluğunun təsis edilməsi
ilə bağlı Milli hökumətə 1919-cu ilin martında
ünvanladığı təqdimat belə bir cümlə ilə
bitirdi:
“...Zənn edirəm ki, müqəddəratını təyin etmiş xalqların beynəlxalq əlaqələrinin inkişafına dəstək verməklə, biz eyni zamanda Respublikamızın da beynəlxalq münasibətlər sahəsində nüfuzunun artmasına şərait yaratmış oluruq.”
Müstəqilliyin
tanınması yolunda birgə fəaliyyət
Lakin geniş və siyasi mənada müstəqilliyin gələcəyi nə Bakıda, nə də ki, Vilnüsdə həll olunmurdu. Bütün yolların Romaya aparması barədə qədim və populyar bir deyimə iqtibasən cəsarətlə söyləmək olar ki, o zaman yeni yaranmış müstəqil dövlətlərin tanınması yolları Parisdən, daha doğrusu onun yaxınlığında yerləşən məşhur Versal sarayından keçirdi. Birinci Dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə Antanta ölkələri və ABŞ Parisdə sülh konfransı çağırdılar. 27 ölkənin təmsil olunduğu bu Konfrans 1919-cu ilin yanvarın 18-dən 1920-ci ilin yanvarın 21-nə kimi davam etdi. Litva Paris konfransına dəvət olunmamışdı. Buna baxmayaraq, Litva dövləti öz maraqlarını dolayı yolla da olsa müdafiə etmək məqsədi ilə Konfransa təmsilçilərini göndərmişdi. Həmin nümayəndə heyətinə Litva Respublikasının Xarici işlər naziri Augustinas Voldemaras (1883-1942) rəhbərlik edirdi.
Müharibə qaliblərini keçmiş Rusiya imperiyasının ucqarlarını müstəqil dövlətlər olaraq tanımaqdan çox, müharibədən sonrakı Avropanın taleyi ilə bağlı daha vacib qayğılar narahat edirdi. Sözün düzünü desək, Qərbin böyük dövlətləri və ABŞ həm Azərbaycanın, həm də ki, Litva müstəqilliyinin perspektivini nə görür, nə də ki, görmək istəyirdilər. Onlar Litvanın gələcəyi ilə bağlı ssenarinin iki variantını cızmışdılar: Litva ya bolşeviklərdən azad edilmiş “vahid və bölünməz” Rusiyanın tərkibində qalmalı, ya da Polşaya birləşdirilməli idi. İmperiyanın qorunub saxlanılmasının əleyhinə olan Azərbaycan eyni zamanda Litvanın Polşanın protektoratına çevrilməsinin əleyhinə idi. Litva isə Azərbaycanı elə o zaman yerləşdiyi ərazi çərçivəsində müstəqil dövlət kimi tanıyır və dəstəkləyirdi. Ona görə də, böyük dövlətlərin yenicə yaradılmış kiçik ölkələr ətrafında yaratdıqları laqeyd münasibətlər buzunu qırmaq üçün həm Litva, həm də ki, Azərbaycan Rusiya imperiyasından xilas olub müstəqil dövlət qurmağa çalışan digər xalqlarla – latışlar, estonlar, ukraynalılar, Şimali Qafqaz xalqları, gürcülər və başqaları ilə birgə hərəkət etməli idi.
1919-1920-ci illərdə Litva və Azərbaycan keçmiş Rusiya imperiyasının kənarlarında dövlət müstəqilliklərini təzəcə elan etmiş digər ölkələrlə birgə bir neçə dəfə bu istiqamətdə diplomatik səylər göstəribdir. Biz bunu deyərkən ilk növbədə, müstəqilliklərini yenicə elan etmiş dövlətlərin Paris sülh konfransındakı nümayəndə heyəti üzvlərinin, müstəqilliyin tanınması ilə bağlı Versal sülh konfransının sədrinə, müttəfiq ölkələrin Ali Şurasına və İtaliya Parlamentinə 1919-1920-ci illərdə ünvanladıqları birgə deklarasiyaları və digər kollektiv müraciətləri nəzərdə tuturuq. Həmin ortaq sənədləri Azərbaycan Respublikası adından nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov (1862-1934) və R. Xanbudaqov, Litva dövləti tərəfindən isə ixtisasca mühəndis olmuş Tomas Norus Naruşyaviçyus (1871-1927) və Rusiya Dumasının keçmiş deputatı, 1919-1922-ci illərdə Litva yepiskopluğunun Vatikanda təmsilçisi olmuş katolik keşişi Yurgis Naryauskas (1876-1943) imzalamışdılar.
Bir zaman keçdikdən sonra birgə səylər dövlətlərimizi
müstəqilliyin tanınması yolunda ilkin müsbət nəticələrə gətirib
çıxartdı. 20 sentyabr 1919-cu ildə Antanta Litvanı de-facto olaraq müstəqil dövlət kimi tanıdı. Dörd aydan sonra – 1920-ci ilin yanvarın 11-də isə Paris sülh konfransı tərəfindən
Azərbaycanın da müstəqilliyi de- facto olaraq
tanındı.
Ərazi bütövlüyü amili
Paris sülh konfransı
ilə bağlı siyasi hadisələr və beynəlxalq münasibətlər səpkisində
Litva – Azərbaycan əlaqələrinin Azərbaycan
üçün vacib
əhəmiyyət kəsb
edən bir amili də xüsusilə
qeyd etmək istərdik. Həmin amil Azərbaycan
Respublikasının ərazi
bütövlüyü amilidir.
Məlumdur ki, Ermənistan Paris sülh konfransında Azərbaycan və Türkiyəyə, eləcə
də qismən Gürcüstana qarşı
ərazi iddiaları ilə çıxış
edibdir. Ermənilər Litva, Latviya, Estoniya, Ukrayna, Şimali Qafqaz və Gürcüstandan fərqli olaraq, Azərbaycanı müstəqil
bir dövlət kimi görmək və tanımaq istəmirdilər, elə ona görə də onlar Paris sülh konfransında bu ölkələrlə bir cəbhədən və eyni mövqedən
çıxış etməyiblər.
Ermənilərin Konfransa
təqdim etdikləri xəritədən göründüyü
kimi, erməni iddiaları dənizlərdən
dənizə qədər
olan torpaqların (Aralıq, Qara və Xəzər dənizləri arasındakı
ərazilərin böyük
qisminin) “xarici işğalçılardan“ – yəni,
Azərbaycan və Türkiyə “qəsbkarlarından
azad olunmasını” nəzərdə tuturdu. Onların Qərb ölkələrində
“erməni məsələsini”
öz “məsələsi”
sayan müttəfiq və havadarları da vardı. Bunun üçün, Azərbaycan
Respublikasının Paris sülh
konfransındakı nümayəndə
heyətinin göstərdiyi
fəaliyyətin əsas
istiqamətlərindən birini
də Azərbaycanın
ərazi bütövlüyü
uğrunda apardığı
diplomatik mübarizə
təşkil edirdi.
İrəli sürülmüş ərazi iddiaları və qaldırılmış
sərhəd mübahisələrinə
baxmayaraq, həmin diplomatik səylər və genişmiqyaslı fəaliyyət nəticəsində
digər torpaqlarla bərabər Qarabağ bölgəsi də o zaman dünya ölkələri tərəfindən
de-facto olaraq Azərbaycan
Respublikasının ərazisi
kimi tanındı.
Konsul Vintsas Krevenin publisistik yazıları göstərir ki, 1919-cu ilin yanvar ayında
ADR hökuməti tərəfindən
Qarabağ general qubernatorluğunun
yaradılması, Şuşa,
Cavanşir, Cəbrayıl
və Zəngəzur qəzalarını əhatə
edən həmin ərazidə general-qubernator
Xəlil bəy Sultanovun (1879-1947) fəaliyyət
göstərməsi barədə
və eləcə də, Ermənistan (Ararat)
Respublikasının 1918-1919-cu illərdə Xarici işlər naziri olmuş Sirakan Tiqranyanın (1875-1935) Qarabağ
qubernatorluğunun təsis
edilməsinə qarşı
ünvanladığı etiraz
Notası haqqında Litva nümayəndə heyəti də məlumatlı olmalı idi (göstərmək istərdik ki, general-qubernator X. Sultanovun iki müavinindən biri erməni Qriqori Kalantarov idi, həmçinin, müşavirləri arasında
Levon Vartapetyan və Akop Balasanyan
adlı erməni məmurları da vardı).
Həm də bu səbəblərə
görə, 1919-1920-ci illərdə
Litva Respublikasının
yeni yaradılmış
digər dövlətlərlə
bərabər öz müstəqilliyinin tanınması
uğrunda Paris sülh
konfransında göstərdiyi
birgə fəaliyyət,
eyni zamanda bu dövlətlərin Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütövlüyünün
dünya birliyi tərəfindən tanınması
üçün verdikləri
çox mühüm siyasi dəstək kimi qiymətləndirilməlidir.
Beləliklə, hadisələrin xronoloji
təqdimatına riayət
etmədən vurğulamaq
istərdik ki, Litva – Azərbaycan dövlətlərarası əlaqələrinin
bərpa olunmasının
aktuallığı (yaxud
bərpa edilməməsinin
neqativliyi), digər suallarla yanaşı, Ermənistan – Azərbaycan
münasibətləri və
Qarabağ münaqişəsi
baxımından da öz əhəmiyyətini
uzun illərdir ki, aydın şəkildə biruzə
verir...
Bolşeviklərin “himayəsi altında”
İndi isə yenidən hadisələrin xronoloji axarına qayıdaq. İlk baxışdan elə görünə bilər ki, 1918-cu ilin iyul ayında Vilnüsdə Litva Dövlət Şurasının
sədri Antanas Smetona tərəfindən
həmvətənlərə doğma yurdlarına qayıdıb milli dövlət quruculuğu işlərində bilavasitə
iştirak etmək barədə ünvanlanmış
dəvətə cavab
olaraq, və üstəlik də Bakıda Litva konsulluğunun açılmasından
sonra, Azərbaycan litvalılarının vətənə
dönmələri üçün
gərək ki, heç nə və heç kəs mane olmamalı idi. Lakin, bu belə deyildi. Litvanı indi Azərbaycandan
yeni fırtınalar və keçilməz maneələr ayırırdı.
Litvalılar üçün vətənə ən qısa və birbaşa yol Rusiya ərazisindən keçirdi. Ancaq, onda
Rusiyada bolşeviklərlə
ağqvardiyaçılar arasında
olum və ölüm savaşı gedirdi. Ölkə odlu halqa içərisində idi və vətəndaş müharibəsinin alovlarında
yanırdı. Bu səbəbdən, Ukrayna və Belarusiya üzərindən keçən
yollar da bağlı idi. Evə sağ-salamat yalnız ətraf yollarla çatmaq mümkün idi. Bunun üçün gərək gəmi ilə Gürcüstandan Konstantinopola üzmək və Qərbi Avropa ölkələri ərazilərindən keçib
Litvaya gəlmək lazım idi. Ancaq, bu yol həm
uzaq, həm də ki, kifayət
qədər bahalı
yol idi. Qənaətkarlıqla həyat sürən
hər hansı bir litvalı bunu özünə rəva edə bilməzdi.
Odur ki, Vətənə qayıtmaq istəyən soydaşların yol məsələsini həll
etmək asan iş deyildi və bu sahədə
Bakıdakı Litva konsulluğunun üzərinə
böyük ağırlıq
və məsuliyyət
düşürdü. Bu cür
mürəkkəb vəziyyət,
konsul Vintsas Krevenin 1919-cu ilin dekabr ayında Litva Respublikasının Xarici işlər naziri Augustinas Voldemarasa ünvanladığı
372 saylı Notada da əks olunubdur:
“Xarici İşlər
Nazirinə. Bununla yazıb bildiririk
ki, Zaqafqaziyada çoxlu Litva vətəndaşı ilişib
qalıbdır. Onların arasında
xeyli ziyalı da vardır. Yalnız Bakı şəhərində
bir neçə litvalı zabit yaşayır, onlardan biri polkovnik rütbəsindədir, dörd
nəfəri hərbi
həkimdir, qalanları
müxtəlif ixtisas sahibləridir. Yol xərcləri
olduqca bahadır və qıraqdan kömək olmazsa, onlar Vətənə yaxın zamanlarda yalnız xəyallarında
qayıda bilərlər.
Litvalıların çoxusu Rusiya
– Türkiyə cəbhəsindən
tərxis edilmiş hərbçilərdirlər. Vətəndən heç bir
xəbər ala bilmədiklərinə
görə onlar böyük üzüntülər
içində yaşayırlar.
Hörmətli Nazir, Sizdən rica edirəm ki, kuryer poçt xidmətini yaratmaqla, hazırda Zaqafqaziyada yaşayan Litva vətəndaşlarının Vətənlə əlaqə
saxlaya bilmələri
üçün şərait
yaradasınız. Hörmətlə, Litva dövlətinin Bakıdakı konsulu V. Kreve-Mitskaviçyus.”
(Ardı var)
Mahir HƏMZƏYEV
525-ci qəzet.- 2012.- 20 yanvar.- S.31.