Ömrün
barlı mövsümü
Ey müəllim, aləti-təzvirdir əşrarə
elm, Qılma əhli-zülmə təlimi-maarif zinhar.
M. Füzuli
“Mən
inama yer saxlamaq üçün biliyimi... məhdudlaşdırmalı
oldum”.
İ. Kant
Doğuldu adi bir dağ kəndi. Lerikin Pirzəküçə
adlanan obası. Dədə-babası bu yaşayış
məskəninə başqa yerdən köçüb gəlmişdi:
nə səbəbə yurd dəyişmişdilər, bəlli
deyildi. Bəlli o idi ki, təzə məkan
ürəklərinə bərk yatmış, aldıqları
və seçdikləri torpağa tezliklə
isinişmişdilər. O zaman Pirzəküçənin
ahılları, başbilənləri halallıq verib yer-yerdən
demişdilər: xoş gəlib, səfa gətirdiniz, bu
gündən bizdən birimizsiniz.
... Onda ad qoymağa çox
düşünüb-daşınmadılar. Elə bil
adı uca göylərdən nazil olub yüyrək gəldi:
hamı birağızdan “Cəbrayıl” deyib durdu. Cəbrayıl,
Cəbrayıl, bu ki, Allahın sədaqətli mələyinin
adıdır – duruxdular. Artıq
qığıldayan körpənin qulağına adı
çatmışdı, o, sakitləşməyə
başlamışdı. Sözünü
geri götürmədilər – Surətovlar ailəsində
1946-cı ilin soyuq dekabrında doğulan uşağın
adı Cəbrayıl qaldı.
Böyüdü, boy atdı, dili söz tutdu, bir kəlməni
düz demək üçün on dəfə təkrarladı,
höccələyə-höccələyə həm
sözün düzgün tələffüzünə yiyələndi,
həm də yavaş-yavaş mənasını öyrəndi. Eyni vaxtda
hesaba keçdi, saymağı bacardı, ilk riyazi
anlayışları bir qurtum su kimi içdi. Hesabdan sonra cəbr gəlirdi, yəni üstündə
gəzdirdiyi doğmaca mürəkkəb sözdən ibarət
adının ilk hecası. Cəbr məktəbli
Cəbrayılı həqiqətən “ayılt”dı.
O, dəqiq
fənlərə, xüsusən də riyaziyyata və fizikaya
meyl saldı, vuruldu. Bakıda ali pedaqoji təhsil
aldı. Ancaq nə nəhəng alim oldu, nə
də möhtəşəm vəzifə sahibi. Müəllim oldu, özü də ən
yaxşısından. Adi fizika-riyaziyyat müəllimi...
Cəbrayıl
Gülverdi oğlu 1967-ci ildə o vaxtkı Maarif Nazirliyini
çox çək-çevirə salmadı: ixtisaslı
müəllim-pedaqoq kimi doğma Lerikə təyinatla
qayıtmaq istədiyini bildirdi. Arzusu gerçəkləşdi.
Budur, gənc müəllimin əmək fəaliyyətinə
başlayıb çalışdığı iş yerlərinin
ünvanı: Monidigah kənd orta məktəbində fənn
müəllimi (1967); Hərbi xidmət keçdiyi dövr
(1967-1968); Azərbaycan (Günəşli) kənd səkkizillik
məktəbi (1968-1969); Barzavu kənd əsaslı məktəbi
(1969-1977); Anbu orta məktəbi (1977-1983); Lerik qəsəbə
orta məktəbi (1983-1984); Bu neçə illik təcrübədən
sonra Cəbrayıl Surətov rayon təhsil şöbəsi tərəfindən
məktəb inspektoru vəzifəsinə irəli çəkilib
(1984-1987). Daha sonra şöbədə müdir müavini
(1987-1988); daha üç il rayonunun icra
orqanlarında təlimatçı. Ən nəhayət,
yenidən təhsil şöbəsində kadr üzrə
inspektor (1991-1996). Və indiyədək fəaliyyət
göstərdiyi sahə – 1996-cı ildən bəri
çalışdığı Lerik rayon Təhsil Şöbəsinin
müdir müavinliyi.
lll
Əlbəttə,
müəllimlik elə nəcib peşədir ki, onun
görünən və görünməyən tərəfləri
var. Yüksək savada, hərtərəfli biliyə və mədəniyyətə
malik Cəbrayıl müəllim indi təkcə Lerikdə
yox, bütün cənub bölgəsində kamil, ustad pedaqoq
kimi ad çıxarıb. O, müəllim kimi sinif
qapısını açdığı gündən
bugünədək püxtələşə-püxtələşə,
öyrənə-öyrənə, təcrübəsini
artıra-artıra gəlib, indiki mərtəbəsinə
çatıb. Bu gün isə ona hamı fəxrlə
“müəllimlər müəllimi” deyir. Çünki
Cəbrayıl Gülverdi oğlu illər uzunu
qazandığını cavanlara həvəslə qaytarır:
həm peşənin incəliyini, həm də tədris fənlərinin
metodikasını.
Cəbrayıl
müəllim az-az, nadir adamlardandır ki, haqqında birmənalı
şəkildə “yaxşı” ifadəsini səxavətlə
işlədirlər: təkcə həmişə ünsiyyətdə
olduğu pedaqoq-müəllimlər yox, eyni zamanda qısa
zamanda rastlaşdığı təsadüfi şəxslər
də. Bu hörmət və məhəbbəti
çətin zəmanədə qazanmaq, vəzifə adamı
kimi sanbalını saxlamaq hər xoşbəxt Allah bəndəsinə
nəsib olmur.
Balaşirin
Nəsirov (Lerik rayon Təhsil Şöbəsinin müdiri): –
Bizim aramızda müdir-müavin söhbəti yoxdur, eyni mərama,
eyni məqsədə xidmət edirik. Yalnız vəzifələrimizin
icrasında müəyyən fərqlər var. Həmkarım
haqqında onu deyə bilərəm ki, olduqca işinə məsuliyyətlə
yanaşan, ən adi məsələdə də obyektiv
mövqe tutan, özünü doğruldan, hamının dəqiq
yerini bilən peşəkar təşkilatçıdır.
Uzun illərdir tanışıq. Cəbrayıl müəllim bu boyda müəllim
ordusunun hörmətini dişiylə-dırnağıyla
qazanıb. Halal və saf insandır.
Zöhrab
Salayev (Rvarud kənd orta məktəbinin direktoru): –
“İnsanın davranışı – onun simasını əks
etdirən güzgüdür”. Alman şairi və
filosofu İohan Hötenin bu ibratamiz sözlərində dərin
fəlsəfi müşahidə, böyük hikmət gizlənib.
Həqiqətən Cəbrayıl müəllimin
ömür yoluna, gündəlik davranışına nəzər
yetirəndə, yalnız xoş əməllərin şahidi
olarsan. Bu təcrübəli və zəngin
insanla fəxr edirəm. Bildiyimiz kimi məktəb
həyatı nə qədər maraqlıdırsa, bir o qədər
də gərginliyi və özünəməxsus çətinliyi
var. Mən indiyəcən hər hansı bir təlimat və
ya məsləhət üçün Cəbrayıl Surətova
müraciət eləmişəm, bir dəfə üz
turşutmayıb, soyuq münasibət göstərməyib.
Sifətində həmişə mehribanlıq, təbəssüm
görmüşəm. Halbuki o,
iş yerində bəzən yüz, hətta yüz əlli nəfərlə
görüşür, müxtəlif məsələlərin
həllində, ərizə və şikayətlərin,
müraciətlərin yoluna qoyulmasında insanlara kömək
əlini uzadır. Cəbrayıl müəllim gənc müəllimlərin
arxası və dostudur, arxası və dostu olaraq qalacaq...
Bayraməli
Aslanov (təqaüdçü müəllim): Müəllim –
ziyalı zümrəsinin ən ali mərtəbəsinə
yüksələn təbəqənin nümayəndəsidir.
Təəssüf ki, bu müqəddəs və
şərəfli söz indi hamının adının
qabağında yeri oldu-olmadı gen-bol işlənir. Cəbrayıl müəllim xaraktercə müəllimdir,
elə bil həqiqətən bu sahənin icrası
üçün sayılıb-seçilib, göndərilib.
Bəzən görürsən, müəllim fənnini
yaxşı bilir, ustalığı yetərincədir, di gəl,
hərəkətində, davranışında nəsə
çatmır. Cəbrayıl Surətov kimi şəxsiyyətlər
hər kəsə nümunədir. O, hələ Lerikin
müxtəlif kəndlərində sıravi müəllim
kimi fəaliyyət göstərərkən yaxşı mənada
ad çıxarmışdı. Bu gün
köhnə həmkarın ömrünün ən yetkinlik,
müdriklik çağlarını yaşayır. Və nə yaxşı, belə müəllimlər,
belə insanlar cəmiyyətimizdə var, çünki onlar həyatın
rənginə rəng qatmağı bacarır, gələcək
nəslin inkişafını yeknəsəklikdən qorumaq
üçün ürəklərini sipər eləməkdən
çəkinmirlər.
lll
Yaşın
sərhədləri uçulub tamam,
Getməyib durulmuş suların izi.
Yaddaşım
val kimi köçürüb tamam,
adınız ucalıq ifadəçisi –
mənim
orta məktəb müəllimlərim.
Ata-anamdan sonra uşaqlıq yaddaşımda ən
çox xatırladığım müəllimlərimdir. Cəbrayıl Surətovu
lap yaxınlarda tanımışam: üst-üstə 4-5
görüşümüz baş tutub, əksəriyyəti də
epizodik xarakter daşıyıb. Ancaq bu insanda
olan nəcibliyi, daxili mədəniyyəti, erudisiyanı ilk
gündən sezmişəm, onun sözə sevgisi və məhəbbəti
isə başqa söhbətin mövzusudur.
Birinci epizod. “Ümidimin adına küçə”
kitabım yenicə çap olunmuşdu (2010). Bu
şeirlər və poemalar toplusunu Cəbrayıl müəllim
tapıb oxumuşdu. O, qohumum Zöhrab Salayevə
ismarıc yollamışdı ki, bir dəfə təhsil
şöbəsinə baş çəkib, onunla
görüşüm. Gedib Cəbrayıl müəllimi
tapdım, həmsöhbətim şeirlərim haqqında
xoş təəssüratını bildirdi. Düzü, belə hallarla tez-tez
rastlaşdığımdan ona səmimi sözlərinə
görə minnətdarlıq edib ayrılmaq istədim. Gördüm, Cəbrayıl müəllim
kitabımı son dərəcə diqqətlə oxuyub,
obrazlı misraları, uğurlu təşbeh və
metaforaları həssaslıqla seçib, yaddaşına
köçürüb. Söylədiklərində
o qədər riyazi dəqiqlik vardı, heyrət etdim. Əsərlərim haqqında saysız-hesabsız məqalələr
yazılıb, şeirlərimin ən incə məqamları
təhlil olunub, şərh edilib. Görkəmli
ədiblərin yüksək qiymətini həmişə dəyərləndirirəm.
Ancaq bir nəfər müəllimin həmin
kitabı bitdə-bitdə oxuması, sözə ilahi həssaslığı
həqiqətən möcüzəydi. Və
bu onunla tamamlandı ki, ilk dəfə doğulduğum kəndin,
təhsil ocağında Cəbrayıl Surətovun təşəbbüsü
və Zöhrab Salayevin təşkilatçılığı
ilə yaxşı bir poeziya günü keçirildi.
İkinci epizod. Ona zəng etdim. Səsi
qüssəli idi, hal-əhval tutdum. O saat nəyinsə
baş verdiyini duydum. Tez sağollaşdım,
bizi tanıyanlara telefon açdım. Eyhamla
Cəbrayıl müəllimi xəbər aldım ki, bəlkə
bir məlumat ala bildim. Heç kəs
artıq bir söz demədi. Gedib təhsil
şöbəsində onu tapdım, üzü
tüklüydü, qəfil görüş Cəbrayıl
müəllimi azca çaşdırdı. Fəhmim və ehtimalım aldatmamışdı.
İki gün öncə sevimli anası dünyasını
dəyişibmiş.
Cəbrayıl Surətov indi ömrünün ən
ixtiyar çağlarını, barlı
mövsümünü yaşayır. Azərbaycan cəmiyyəti
üçün altı övlad yetişdirib, onlara təhsil
verib, layiqli vətəndaş kimi hazırlayıb. Nikbin və həyatsevər müəllim deyir,
növbə nəvələrindi. Əlbəttə, bir
müdrik barlı baba ömrünün işığı
onların yoluna çıraq tutacaq...
Ağacəfər Həsənli
525-ci qəzet.-
2012.- 20 yanvar.- S.29.