Aysel Əlizadənin “Erkəklər”
kitabı çapdan çıxıb
KİTABI BAKI ŞƏHƏRİNDƏKİ
“ƏLİ VƏ NİNO” KİTAB MAĞAZALARINDAN ƏLDƏ
ETMƏK OLAR
İstedadlı
yazar Aysel Əlizadənin bugünlərdə işıq
üzü görən “Erkəklər” kitabı müəllifin
yaradıcılığının növbəti uğurlu təqdimatıdır.
Özünün sayca üçüncü kitabı olan “Erkəklər”də
A.Əlizadə çağdaş dünya insanının
üz-üzə qaldığı bir çox ciddi məsələlərə,
adətən, açılıb-bölüşülməsi
çətin görünən mənəvi problemlərə
toxunur. Kitabda bu problemlərin insan həyatında
buraxdığı dərin izlər iki qəhrəmanın –
yazıçı kişi ilə həkim qadının
dialoqları ilə, konkret detallarla əks olunur. Klassik
qadın-kişi münasibətlərinə fərqli
baxış, xəyanətin insan həyatında
ağrılı, silinməz izlər qoyması, çox zaman
taleləri alt-üst etməsi kimi psixoloji məqamlar əsərdə
qabarıq ştrixlərlə verilib. Müasir dünyadakı
çeşidli proseslərin yaratdığı sosial-mənəvi
sıxıntıların birbaşa insanın həyatına
nüfuz etməsi, onu mürəkkəb situasiyalarla üzləşdirərək,
daxili aləminə öz mənfi təsirini göstərməsi
kitabda səmimi bir dillə ifadə edilib. Psixoloji təlatümlər
yaşayan bir insanın taleyi, yaşamla bağlı
düşüncələri “Erkəklər” əsərində
dəqiq cizgilərlə qələmə alınıb. Kitab
oxucuya həm də həyat barədə fərqli
düşüncə tərzinə malik qəhrəmanın,
amansız sınaqlar qarşısında tək qalsa belə, əyilib-sınmaması
kimi nikbin bir təəssürat bağışlayır.
Qeyd
edək ki, “Erkəklər” kitabı artıq
satışdadır. Kitabı Bakı şəhərindəki
“Əli və Nino” kitab mağazalarından əldə etmək
olar.
525-ci qəzet.-
2012.- 20 yanvar.- S.28.