“...Bir mənim kimi oğul tapılmazmı olur?...”
ZƏLİMXAN YAQUBUN ALMANİYA “DƏFTƏR”İ
ÜÇÜN UCQAR HAVASI
Zəlimxan Yaqubun “Türkiyə
dəftəri”ndən, “Borçalı
dəftəri”ndən, “Kərkük
dəftəri”ndən dolayı,
“Almaniya dəftəri”
adlı silsilə şeirləri də var.
Bu dəftərdə “Bethoven
torpağında dost sazı
dillənirdi” sərlövhəli
zərif poeziya nümunəsi də yer alır:
Nə deməklə tükənən,
nə saymaqla bitəndi,
Qərib olan kəslərə saz – qürbətdə Vətəndi.
...Keçən ilin yayında Zəlimxan müəllim Almaniyadan Kəpənəkçiyə gələn
kimi görüşünə
getdim. “525-ci qəzet”də
“Zəlimxan Yaqub daşı” adlı yazım çıxmışdı.
Telefonda dedi ki, gəl, həm
dərdləşək – eynən
belə dedi – həm də qəzeti də gətirmişəm, apararsan.
O gün Zəlimxan müəllim yeməyin dadlısını mənim
qabağıma qoydurdu,
sözün vaqifanəsini
mənə dedi, çayı fincanın güllüsündə mənə
süzdürdü. Anası
Güllü xala xəfif heyrətlə baxırdı: Zəlimxan özü bu gündədir, işə
bax, gör bu gələn adamı necə şəfqətli qayğılara
bürüyüb!
Zəlimxan müəllim hər nə qədər mənim ovqatımı açsa da, Allahın çayı da tıxanıb boğazımda qalırdı.
– Şükür, yaxşısan!
– Zəlimxan müəllim
bunu mənə deyir. – Bilgəhdəki fənalığın keçmişdə
qalsın!
Dilim titrəyə-titrəyə
təşəkkür edirəm.
Yaxşı olmaya bilərəmmi? Dünyanın
ucqar adamına, üstəlik, Sınıq
körpütək ara-sıra
sınıqları olan
mənə xalq şairi Zəlimxan Yaqub özü “xərc” qoyub! “Səhhət bulmağım”
üç ildən bir qədər artıq çəkdi.
Açması budur ki, üçdən artıq olmaz! Ustadlar belə, ustadnaməni üç demədilərmi?
Almaniya dəftərini
vərəqləyirik. Yox-yox, şeir dəftərini yox, Zəlimxan müəllimin müalicə
olduğu “səhhət
dəftəri”ni. Söhbətdən sonra Əyriqara, Başkeçidə,
Qaraçöp tərəflərə
baxa-baxa gəldiyim qənaət bir daha bu olur
ki, Zəlimxan Yaqub kimi bədii
söz nəhənglərinin
bədəni yox, olsa-olsa vətəni ağrıya bilər! Ancaq!
Zəlimxan müəllim anasının
nələr çəkdiyini
görür. “Görür”də
sözdümü? İkimiz
də bir-birimizdən
xəbərsiz özünü
həyətdə iş
görəntək göstərən
Qadın-Anaya baxırıq.
Zəlimxan müəllimin
kiçik qardaşı
Çingizlə sürücüsü
Təyyar bizdən az aralı
nərd oynayırlar. Daşları elə ehmallı,
elə ehtiyatla – belə nərdmi oynanar? – atırlar
ki, bizə mane olmasınlar. Zəlimxan müəllim yəqin ki, ona Göyçəyə,
çilik-çilik şüşələr
üstə yeriyən
Şuşaya baxantək
baxdığımı görüb,
anasına tərəf
sehrli işarəylə,
ancaq mənim eşidəcəyim üsulla
usdufca deyir:
– Məndən bu qədər nigaran olma, İbrahimxəlil!
Sonra qeybdən gələn qədər qəribə,
gözəl səslə
əlavə edir:
“...Bir mənim kimi oğul bulunmazmı olur?...”
Bunlar “Dədə
Qorqud”dandır. Yadınızdadırmı,
qarı düşmən
Boyu uzun Burla Xatunu tapmaq
üçün tərs
danışır: “Qazan
oğlu Uruzu həbsdən çıxarın!.. qıyma-qıyma
ağ ətindən kəsin, qara qovurma edin, qırx
bəy qızına aparın, hər kim yedi o deyil,
hər kim yemədi, o, Qazanın arvadıdır”.
Onda – orda ayla, illə,
burda müxtəsər
dillə – Uruz anasının qəm yeməməyi (!) üçün
deyir:
...Sən sağ ol, qadın ana!
Atam sağ olsun!
Bir mənim kimi oğul tapılmazmı olur?..
Əlbəttə, bunları dillə demək indi belə asan olub.
...Yeri gəlmişkən, böyük tanışlığımız
ərzində mən Zəlimxan müəllimdən
ikicə şey xahiş etmişəm. Birincisi, iki şeirini – “Yazı yazan sağ olsun” və “Mən ürəyi ürək kimi saxlamadım” – əzbər söyləməsini
istəmişəm. İkinci
istəyim “Dədə
Qorqud”un motivləri əsasında
nəsə yazmasıdır
ki, ilk dəfə olaraq bu “pünhan
nöqtə”ni sizə
açıram. Bu yaxınlarda necə oldusa, böyük qızım Xatirə soruşdu ki, ata, Zəlimxan müəllim sən arzuladığını yazdımı?
– Zəlimxan müəllim hələ də Almaniyadadır, – deyə Göyçə tərəflərə
baxıb köksümü
ötürdüm.
... “Dədə Qorqud” demiş, “Dəli Domrul” boyunda, boyun qəhrəmanı Tanrının məsləhəti
ilə öz canının yerinə Əzrayıla verməyə
başqa can axtarır.
Dəli Domrulun ata-anası şirin canlarından keçmirlər,
yarı – “yad qızı halalı” isə canını yarına qurban verməyə razı olur:
Göz açıban gördüyüm,
Könül verib sevdiyim! –
Qarşı yatan qara dağları
Səndən sonra mən
neylərəm?..
...İndi doğma kəndim Dəllərdə
dostlardan, qohumlardan mənə ara-sıra xatırladanlar olur ki, anam Gülzarı
– torpağı nurla dolsun! – mənim
xəstələnmək səbəbim
vaxtsız dünyadan köçürüb; yoxsa
hələ yaşayardı...
Zəlimxan Yaqubun anası Güllü xalaya gəlincə, mənə
bunu da danışıblar
ki, oğlunun xəstəlik xəbərini
eşidən Güllü
xala ancaq Analara məxsus tərzdə Allaha səcdə qılaraq deyib ki, oğlumun
dərdini mənə
göndər! Heç
bircə saat keçməmiş insult keçirən
Güllü xalanı
həkimə çətinliklə
yetiriblər.
Qaldıki, dastandakı sayaq,
Zəlimxan müəllimin
yerinə Əzrayıla
can vermək lazım gəlsəydi, Güllü
xala tək olmazdı! Bu mənim
son üç ildə
şehli-şehli yəqin
etdiklərimdir.
...Özünü həyətdə
iş görəntək
göstərən Güllü
xala daha çox göylərlə,
səmavi olanlarla danışırdı. Allah heç
bir anaya – şair anası oldu, olmadı – övlad dağı göstərməsin! Dağ
nədi, heç diş ağrısı da!
Zəlimxan müəllim özünün
Almaniya “dəftər”indən
çox, mənim “ucqar dəftərim”i vərəqlədi. Bir dini, bir məzhəbi,
bir partiyası, bir sifəti olan vaqiflər məhz belədirlər! Ürək kimi saxlamadığı ürəkdən,
yağ içində
saxlamadığı böyrəkdən,
şair iztirabından,
yazıçılıq əzabından
çox, Ucqar adlandırdığım yerin
əsrarəngizliyindən halı
oldu, dünyanın qızıl çıxan
yerindəki məktəbimi,
sayı günbəgün
azalan təkəmseyrək
şagirdlərimi soruşdu,
can-başla gəzdirdiyim
şirin nevrozu – şeirin nevrozunu – gülümsəyə-gülümsəyə
xəbər aldı. Sonra heç gözləmədiyim halda:
– Elə bilirsən unutmuşam, – dedi, – sənin xahişini? Sağlıq olsun, “Almaniya dəftəri”ni – əlbəttə,
hamımızı Dərbənddən
Təbrizə, Zəncandan
Ərzincana ağrıdan
müalicəsini nəzərdə
tuturdu – ədəb-ərkanla
tamamlayandan sonra Dədə Qorqudun Borçalı qolunu yazacağam.
Çingizlə Təyyar nərd
dəsgahını qapatmışdılar,
Güllü xala nəvəsi ilə içəri keçmişdi...
Onda Zəlimxan müəllim Bilgəhdəki xahişimi
təkrar yerinə yetirdi və mən onun səsini
bir daha qəlbimin dərin güşəsinə yazdım.
Ölən canımız olsun,
təki cahan ölməsin,
Bətnində can gəzdirən
Azərbaycan ölməsin.
Ruhlar didərgin düşüb...
din və iman ölməsin,
Hər səhər göy üzünə
qalxan azan sağ olsun.
Xeyli ara verir.
Bu həzin pauza
öz Kəpənəkçi
hüznü və həsrətiylə nəfəsimi
kəsir.
Sahibi mən deyiləm
haqqa verdiyim canın,
Qarşısını kim
kəsər
damardan çıxan qanın?
Bir ozanı ölsə də
sazlı-sözlü dünyanın,
Məndən sonra mən deyən
min-min ozan sağ olsun...
P.S. İndi aradan
bu qədər zaman keçib. Özü
də elə-belə zaman yox, sıxılmış
zaman...
Yanvarın 21-i şairin ad günüdür. 20 Yanvardan
dərhal sonra! Bütün Məna da elə
burasındadır.
Zəlimxan müəllimin canım-gözüm
Bakıya yola düşməzdən öncə
dedikləri vaxtı ilə Sazlı Abdullanın öz-özünə
çalınan sazı
tək indi də qəlbimdə və qulaqlarımda öz-özünə çalınır:
“Sənət havayı
əldə edilmir, o, sənətkarı yeyir də. Özündən muğayat ol.
Onda sənət də, ucqar deyilən də yaşayacaqdır”.
Bu yerdə mən də Zəlimxan müəllimə eynən
onun mənə dediyi tək, “Dədə Qorqud”la cavab vermişdim:
Bir mənim kimi oğul bulunmazmı olur!
İBRAHİMXƏLİL
525-ci qəzet.- 2012.- 20 yanvar.- S.28.