Məhəmməd Əmin Rəsulzadə
Əsərləri
Üçüncü cild
(1915-1916)
Nəşrin redaktorları:prof. Şamil
Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Ön söz
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və lideri,
ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür.
İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Milliyyət və bəşəriyyət
Keçən
il “Milli dirilik” ünvanı ilə yazmış olduğum məqalələrdə
mədəniyyəti-bəşəriyyənin ayrı-ayrı
millətlərin mədəniyyətindən hasil olma bir məcmui
olduğunu və hər bir milliyyətin bəşəriyyət
mədəniyyəti sərgisinə əsli və ziqiymət
şeylər bağışladığını, bir milliyyətin məhv olması
ilə yalnız o millətin degil, bütün bəşəriyyətin
də itirdigini söyləmiş və bu yolda 6-7 məqalə
yazmışdım. Bu kərə Petroqrad mətbuatından
“P.Vedomosti” qəzetəsində yuxarıdakı ünvan
altında, Dövlət duması əzalarından Aleksandrov bu
mövzuda bir məqalə yazmışdır ki, eynilə
aşağıya dərc edilməsini faydasız görmədik.
Aleksandrov diyor ki:
“Milli
hissiyat ilə milliyyət fikrinin idrakı hər hankı bir mədəniyyəti-bəşəriyyənin
yalnız əsası degil, hərəkət etdirən bir
amilidir də, heysiyyəti-bəşəriyyə
ayrı-ayrı degil şəxslərin bir yerdə köməklikləşərək
şərik-müştərək bir təşkilata malik
olduqları qədər ayrı-ayrı millətlərin də kömləşmələrindən
ibarətdir. Ayrı-ayrı şəxslərdə təqdir
olunan xasiyyət başqa insanlarla şərik olduqları
xasiyyət olmayıb biləks kəndilərinə məxsus
olan icad qüvvəsidir; yəni o şeydir ki,
ancaq o onu bacara bilər. Əlbəttə, bu hal insanların
bir yerdə olub da bərabər çalışmalarına
mane olmaz, əslinə də baxanda insan da bəzinə təqdir
olunan şey başqalarına bənzədigi degil, haman bənzəmədigidir,
bir adamdaki şəxsiyyəti öldürmək, elm, sənət
və bəlkə də hər bir icad və xilqəti
öldürmək deməkdir. Bu düstur bir adam həqqində
dürüst olduğu kibi, milliyyət həqqində də
dürüstdür. Hər bir millət kəndisinə məxsus
bəzi əsli xasiyyətlərə malikdir. Milli icad qüvvəsi
hər bir millətin səlahiyyəti və sənəti deməkdir.
Dünyadaki icad qüvvəsi millətlərdəki icadın
məcmuidir və hər bir millət kəndisi
üçün olduğu qədər bütün bəşəriyyət
üçün də çalışıyor. Milli icad və
yaradışın ən yüksək göstərişi olan
dahi həmişə millidir. Fəqət onun icad etdigi şeylər
yalnız kəndi millətinə məxsus olmayıb,
bütün bəşəriyyəindir də. Dostayevski ilə
Tolstoy olduqca millidirlər. Fəqət eyni zamanda onlar şəksiz
Servantes, Göte qədər bəşəridirlər.
Çünki hər bir millət kəndisi üçün nə
qədər çalışırsa, bir o qədər də
bəşəriyyət üçün
çalışmış oluyor. Bir milləti məhv etmək
– mədəniyyəti-bəşəriyyənin müvazinəsini
pozmaq və onu mədəniyyətə qiymətdar nüsxələr
bəxş edən mühüm faidəli bir tərəqqi
amalından məhrum etmək deməkdir. Ruslar olmasaydı,
Tolstoyla Dostayevski də olmazdı. İtalyanları tarixdən
silsəniz, Milan kilsəsini, Rafaeli, Luqardı və İtalyan
mədəniyyətinin bilcümlə əsərlərini dəxi
silmək məcburiyyətindəsiniz. Tarixin təcrübələri
ilə bərkiyən əqlin ən böyük tələbləri
ilə böyük ədalət bir adamın digər bir adam tərəfindən,
o dərəcədə bir millətin digər bir millət tərəfindən
təzyiq olunmasını mən edər. Bütün
insanların hüquqən müsavi olmaları ilə,
bütün millətlərin azad və müstəqil
yaşamalarının lüzumu iştə buradan zühur
ediyor.
İnsan olduqca
mütəfərriddir. Fəqət onun bir fərd
olaraq yaşaması insanların ictima və siyasətcə
bir yerdə ictima ilə yaşamalarına mane degildir. Öylə
də milli həyat, milli məhəbbət, öz xəlqi ilə
özününkülərinə yavuqluq hissi başqa millətlərin
istimdadını münkər olub onlara ədavətə
səbəb olmaz. Biləks öz millətini sevən həqiqi
bir millətpərəst başqa millətlərin hüquq və
hissiyyatına da hörmət edər. Kəndi millətinə
qarşı bəslənilən hər hansı məhəbbət
ancaq başqa mədəniyyətləri sevərkən və
onlardan çıxan gözəl nəticələri əxz
edərkən hasil oluyor.
Milliyyət
dövlətdən çox böyükdür. Hətta demək
olar ki, milliyyət dövlətdən daha dərin və daha
şümulludur. Milliyyətlər bəzən olur dövləti
ğeyb edərlər, sonra yenidən onu qazanarlar. Fəqət
dövlət millətdən daha geniş, daha vüsətlidir.
Bəzən bu vüsət o qədərdir ki,
onun daxilində bir çox milliyyətlər birləşib
böyüyürlər və bundan dövlət heç də
zəifləşmiyor. İngilis, Amerika və İsveçrə
“dövlətxanə”ləri göstəriyor ki, orada bir
çox millətlər azadlıqla yaşaya bilərlər
və bir qorxu olduğu zaman yan-yana olaraq dövləti
müdafiə də ediyorlar. Fəqət bu ancaq
o zaman mümkün olur ki, hər bir millət dövlət
daxilində özünü öz evində kibi hiss eləsin və
o zaman mümkün olur ki, dövlətin əsası digər
millətləri bir millətin xatiri üçün sıxmaq
degil, bütün millətlərin bərabərliyi ilə
hürriyyəti üzərinə qurulmuş olsun. Bərabərligə
hürriyyət müxtəlif millətləri siyasi bir millət
şəklində birləşdirə bilər. Zülm, cəbr
və haqsızlıq isə dövlətin üzvlərini
biri-birindən ayrıyor. Araya nifaq salıyor, dövləti zəifləşdiriyor
və cəbr edənlərlə cəbr olunanların ikisinin
də əxlaqını pozuyor. Bu nöqteyi-nəzərdən
bir millətin digər millət tərəfindən cəbrə
uğraması dövlətin vücudində öylə bir
qanqren təşkil ediyor ki, bunun hər tərəfə səhm
yeridib dövlətin bütün vücudini
çürüdüyor. Yəhudilərin Rusiyadaki
haqsızlıqları (yalnız yəhudi
haqsızlığımı?) Rusiya dövlətinin möhlik
bir yarasıdır. Bu öylə bir qanqrendir ki, hər zaman
Rusiyanı məhv etməklə təhdid ediyor. Yəhudi məsələsini
sağaltmaq – bir çox mülahizələrlə Rusiya
vücudini, Rusiya dövlətini sağaltmaq deməkdir. Bu məsələni
sağaltmağın isə yeganə çarəsi vardır
ki, o da yəhudiləri dəxi hüquqda müsavi görməkdən
ibarətdir. Rus mədəniyyəti-milliyyəsini təhdid edən
nə yəhudidir, nə də başqa birisi. Bunu təhdid edən
başqa şeydir. Rusiyayi təhlükəyə salanlar əsrlərdən
bəri onun ehtiyacını, rus xəlqinin ehtiyacını nəzərə
almıyanlardır. Rusiyayı təhdid edən haman rus
dövləti özüdür ki, əsrlərdən bəri
millətin maddi və mənəvi əhvalını düzəltmək
üçün heç bir iş görməmişdir. Rus həyatının
bütün şadlıqlarına meyxanə onda da dövlət
meyxanəsi əvəz olduğunu görüncə rus milləti
naminə utanmamaq əldə degildir... Meyxanə, cəhalət,
savadsızlıq, əkinciligin ibtidai bir halda olması,
yolsuzluq, kəndlərdə mədəni müəssisələrin
yoxluğu, siyasi əsarət sayəştə rus mədəniyyətinin
əsil düşmənləri. Milləti söylədigim bu əqrəblərdən
xilas ediniz, o vəqt görəcəksiniz ki, iki nəsil sonra
rus xəlqi nə olacaq. O zaman onu kimsə qorxutmaz: nə
polyak, nə yəhudi, nə də Rusiyada mövcud olan o 120-yə
qədər millətlər ondan ötrü bir təhlükə
təşkil etməzlər”.
M.Ə.
“Açıq
söz”, 21 oktyabr 1915, ¹16
Münkər –
inkar olunan, qəbul edilməyən
Şumul – əhatə
etmə, şamil olma
Səhm – hissə
Acaralılar və karslıların
işi
Oxucular
bilirlər ki, yerləri dava meydanı təşkil edən
Qafqaz müharibə meydanındaki müsəlmanlar yalnız
talanıb çapılmaq, yer-yurdlarından avara düşmək,
soyulub bir soğana dönmək surətilə degil,
bunların hamısından daha böyük, daha ağır
bir bəlaya dəxi düçar
olmuşlardı. Əvət, hər şeyləri fənayə
gedən bu zavallıların “namusi-vətəniyə”ləri
də ləkədar olmuşdu. Acariya ilə Kars
ətrafı müsəlmanlarını düşmən
qoşunu tərəfinə keçmək və Rusiyaya xəyanət
etmək kibi böyük bir günahla ittiham ediyorlardı. Bir
zaman bütün Rusiya qəzetələri bu xəyanətdən
bəhs eləmiş, durmuşlardı.
Batum məhkəməyi-əskəriyyəsi
49 ardanuclu acarlıyı məhkəməyə cəlb edərkən
onları cinayət qanunnaməsinin 108-ci maddəsi mucibincə
ittiham etmiş idi. Bu maddə dövlət və vətənə
xəyanət edənləri cəzalandırmaq
üçündür.
Məhkəmə
işə başlarkən bütün Rusiya onun verəcəyi
qərarı böyük bir maraqla gözləməgə
başlamışdı. Bu xüsusda ən çox əlaqədar
olanlar gürcülərlə Qafqasiya müsəlmanları
idi. Çünki acaralılar birincilərin qan, ikincilərin
də din qardaşıdırlar. Onların öhdəsinə sabit olacaq vətən xəyanəti
şübhəsiz ki, gürcülərə də, müsəlmanlara
da rəva olmayacaqdı.
Batum məhkəməsi
bu qədər həyacanlarla gözlənilən qərarını
verdi. Məhkəmə əsnasında keçən
müzakirələr göstərdi ki, Acariyada müharibə
meydanı olmaq bəlasına gələn bədbəxt yerlərdə
zühuru təbii olan bəzi şuluqluqlardan başqa bir xəyanət
əsəri vaqe olmamış, ordunun birisi gəlmiş, o
birisi çəkilmiş, sonra çəkilən dönmüş, gələn getmiş, orada bir hökumətsizlik,
başlı-başınalıq dövrü, bir hərci-mərc
hasil olmuşdur. İştə, bu zaman çətəçiligə
gedənlər də tapılmış, hökumətsizlikdən
faydalanmaq qəsdilə qonşularının mal və əmlakına
təmah edən cinayətkarlar da bulunmuş, arabir düşmənin
israrı qarşısında səbat göstərə bilməyən
qəlbi zəiflər də görülmüşdür.
Yoxsa bəzilərinin təəssüf, bəzilərinin də
ədavətlə gözlədikləri “vətən xəyanəti”
bir əmri-vaqe şəklini almamışdır.
Batum məhkəməsi
əsasən bu böyük töhmətdən
acaralıları xilas etdi. Fəqət müttəhimləri
qismən dava zamanı düşmən ordusuna istər-istəməz
daxil olduqları (çünki hər iki təqdirdə qanunun
hökmü birdir) qismən də qarətkirlik və
çapavulda bulunduqlarından kimisini edama, kimisini da katorqaya məhkum
etdi. Fəqət məhkumların cəzalarını
yüngülləşdirmək üçün
canişini-ali hüzuruna əfv ərizələri vermək
üçün dəxi kəndilərinə imkan verdi.
Acaralıların
mühakiməsi bu surətlə qurtardığı kibi
karslı müsəlmanlardan 20-sinin Türküstan ordu məhkəməsi
tərəfindən vaqe olan mühakiməsi də
bitmişdir. Kars mühakiməsi də vətən
xəyanəti ittihamını rədd etmiş, hətta
müttəhim olan müsəlmanların türklərə
ciddi bir surətdə kömək etmələri də
sübut edilməmişdir. 20 adamın arasından ancaq 8-i
türklərə qarşı cüzi bir təvəccöh
göstərdiklərindən naşi dördər və iki
şər katorqaya məhkum edilmiş, qalanı bəraət
qazanmışdır.
Demək
vaxtı ilə cəsusluq, sirr vermək, yol göstərmək
kibi böyük cinayətlər ittihamı altında qalıb
da, bu ittihamlar sayəsində bir çox cəza və bəlalara
düçar olan Kars həvalisi müsəlmanlarının rəsmi
bir mühakimə müvacihəsində bu kibi töhmətlərin
hamısından pak və mübərra olduqları meydanə
çıxdı* (iki sətir senzor tərəfindən
pozulub-Ş. H.)
Sədaqət
müsəlmanların ayrılmaz sifətidir, ona görə də
aqillərin həyəcan və ğələyanda
olduqları zaman nəşr olunan bu kizb və böhtanlar
müsəlman xəlqini narahat etmiş idisə də, novmid
qılmamışdı. Çünki onlar çox
yaxşı biliyordular ki, həqiqət arandığı
zaman xəcalət
onların həmcinsləri degil, həmcinslərini ittiham edənlərə
aid olacaq! Öylə də oldu. Əskəri mühakimələr
müsəlmanları üzərində asılı olan
ümumi xəyanət məsələsinə bənzər
bir şeyi tapmadıkları o yanda; müsəlmanlardan
ayrı-ayrı şəxslərin belə cəza qanunnaməsinin
108-ci maddəsilə məhkumiyyətini dəxi rəva
görmədi. Şübhəsiz ki, bu qərarlar bütün
Rusiya əfkari-ümumiyyəsi ilə bərabər lazım gələn
dövlət dairələrincə də diqqət və etinayə
alınacaqdır.
Vətən
xəyanəti ittihamını rədd edən bu məhkəmə
qərarlarını faidəli gördügümüz qədər
Kars, Ərdəhan müsəlmanları faciəsində dəxli
və nüfuzu olanların dəxi divani-ədalət
hüzurunda cavab verəcəklərini görmək istərdik?
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 22 oktyabr 1915, ¹17
Balkan əhvalı
Etilaf kabinələri və sülh
xəbərləri
Bu həftə yuxarıdakı
üç hal və şayənin güzarişi və
dedi-qodusilə keçdi. Uzun zamandan bəri vaqe
olan Bolqariya siyasətinin şübhənak olduğuna və
almanların Balkan səfərini gizləməyib bir aydan bəri
o fikirdə olduqlarını qəzetələri vasitəsilə
söyləyib durmaqda olmalarına rəğmən Bolqariya
çıxışı dördlü etilaf dövlətlərindən
ötrü intizar olunmaz bir vaqeə halını
aldı.
Alman
generalları ilə Bolqariya boyurdları Serbiya
toprağında bir-birinə qovuşub zəfər və qələbə
nəşəsilə öpüşüb qucaqlaşarkən,
dörlü etilaf dövlətlərinin siyasətcə
başçısı sayılan ingilis hökuməti Serbiyaya
lazım gələn müavinəti göndərmək
üçün hala təhiyyə və tədarükdə olduğunu
söyləməkdən və almanların qabağı
Serbiyada degil, Bolqariyada saxlanacağından daha münasib bir bəyan
tapmamışdı.
Balkan siyasətində dörulü
etilaf
Dövlətlərin
böyük məhfilləri ilə həmişə
münasibətdar olmaqla məşhur olan “Tayms”, “Tan” və
“Novoye vremya” kibi qəzetələr ilə London, Paris və
Petroqrad kabinələrində bəzi təbəddülat vaqe
olacağı xəbərləri də aranı doldurdu. Hətta Petroqrad həqqində
daha şaiyə halında qalan bu xəbər London və Paris
kabinələrindən ötrü bir əmri-vaqe şəklini
aldı. Müttəfiqlər hadis olan yeni hallar məvvacihəsində
daha mətin və daha qüvvətli kabinələrə
möhtac olduqlarını hiss etdilər və bu səbəbdən
dolayı etilaf hökumətlərində həqiqi səbəbləri
elan olunmuyan bəzi istefalar vücudə gəldi. Bu yolda ən
çox nəzər-diqqəti cəlb edən Fransa kabinəsinin
fəal əzasından xariciyə vəziri Dolqasonun
istefası idi. Dolqasonun məşhur tərifi
“Dolqasə demək hərb deməkdir” təbiri ikən, onun
böylə mühüm bir zamanda iş başından çəkilməsi
zehnlərə bir çox şəkk və şübhələr
ariz ediyordu. Çox çəkmədi ki, Vyuyani kabinəsinin
mövqei dəxi mütəzəlzəl oldu və haman Fransa
kabinəsi istefayə gedib müharibənin ibtidasında
baş vəzir ikən almanların Parisə
yaxınlaşdıqları nəticəsində istefaya getməkdə
yerini müstəfa Vyuyaniyə tərk etmiş olan Birbiyan gəldi.
İngilislər
dəxi öz hökumətlərindən razı degildirlər.
Bu narazılığı rəf etmək üçün
ingilis ricali-hökuməti kabinəsi daha mütəcanis və
daha qüvvətli əllərdə bulundurmaq qəsdindədirlər.
Yaxında ingilis kabinəsi əzasından Edvard
Karsonun istefası münasibətilə ingilis kabinəsinin dəxi
bəzi təbəddülata uğrayacağı kabinədə
olan vəzirlər sayının azalacığa ilə ən
müqtədir və qüvvətli tanınmış olan Lord
Kerzon, Çerçil və sairlərinin kabinədə
qalacaqları söylənib gediyordu. Qəribəsi budur
ki, İngiltərənin deleqasisi olan xariciyyə naziri Edvard
Gireyin də çıxacağı, qalacağı məsələsi
müzakirə olunmaqdadır.
Müttəfiqlərimizin
Fransa ilə İngiltərənin böylə külli və
cüzi kabinə böhranlarına məruz qaldıqları
bir zamanda bizim kabinədə dəxi bəzi dəyişiklər
olacağını teleqraflar xəbər verdi. Baş
vəzir Kromıkinin rütbəsi qraflığa yüksəlib
kəndisinə Almaniyada olduğu kibi kanslerlik veriləcək
və xarici işlərini görmək üçün sabiq
İstanbul səifri carikov dəxi ona müavin təyin
olunacaqdır – deyə bir xəbər
çıxmışdır. Bu xəbərlə bərabər
xariciyə nazirimiz Sazanov kabinədən
çıxacağı ilə sair bir neçə vəzirlərin
də dəyişəcəgi təxmin olunuyor. Nəzərə
öylə gəliyor ki, Petroqrad kabinəsinin məruz olacaq təqdiri
ilə Fransa və İngiltərə kabinələrində
görülən hallar arasında bir münasibət
vardır. Fəqət olduqca mənidar görülən bu
siyasi hallar etilaf dövlətlərinin bu vəqtə qədər
aparmış olduqları siyasətin dəyişəcəginə
bir dəlil və əlamət təşkil edərlərmi?
Yeni
təyin olunan Fransa baş vəziri Biryan (ser Edvard Kirey)
çəkdigi teleqraf ilə üç müttəfiq
paytaxtlarda rəsmən verilən bəyanata görə səbat
müqavimət və müharibəyi axıra qədər
davam etdirməkdən ibarət olan siyasətin dəgişməyəcəgini
bildirməkdədir.
Zatən hala müqavimət və səbat vəsilələrinin
təhiyyəsilə məşğul olan etilaf dövlətlərinin
təhiyyəsilə məşğul olan etilaf dövlətlərinin
bir Balkan müvəffəqiyyətsizligi ilə siyasət dəgişəcəklərini
gözləmək bir az tələsmişlik olardı. Kabinələrdəki təbəddülat
rəsmi məhfillərə yaxın olanların təkidatına
baxılacıq olursa – məmləkətlərin daha mətin,
daha qüvvətli və daha mütəcanis kabinələrə
möhtac olduğundan iləri gəlmişdir, başqa bir
şey degildir.
Etilaf
dövlətləri bu surətlə bir yandan mühümmati-əskəriyyələrinin
ihzari, digər tərəfdən də siyasi təşkilatlarının
tazələnməsi surətilə yeni qüvvətlər və
yeni tədbirlərə təvəssül edərkən
Podstam sarayı dəxi düşünüb-daşınmaqdadır.
Hohensollern xanədanının
5 yüz minlik yövmiyəsi münasibət ilə teleqraflar
imperator Vilhelmin Berlinə gəldigini və Podstam sarayında
alman rical dövlətinin böyük bir şura əqd etdiklərini
xəbər veriyor. Bu şurada Almaniyanın
düşmənlərinə təklif edəcəgi sülh
şərtləri guya qərarlaşdırılacaq imiş. Qərarlaşdırılacaq
olan sülh şərtləri sonra Amerika rəisi-cümhuri
Vilson və ya Roma Papası tərəfindən etilaf dövlətlərinə
veriləcəkdir.
Sülh xəbərlərini
təkid edəcək rəsmiyə bənzər bir xəbər
daha alınmışdır. Şaye olan xəbərlər
ancaq bəzi müxbirlərin oradan-buradan qapdıqları
şeylərdir. Fəqət bu oradan-buradan qapılan şeylər
dəxi bir taqım mənidar əlamətlərdən xali
degildirlər.
Fəqət bu
xüsusda müəyyən bir fikir və mülahizə
yürütmək üçün əhvalın daha ziyadə
aşkara çıxmasına intizar etmək məcburiyyətindəyiz.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 23 oktyabr 1915, ¹18
Müstəfa –
seçilmiş, bəyənilmiş
Məhfil –
yığıncaq yeri, toplanmış heyət
Hadis – baş verən, üz verən
Məvvac – sabit olmayan
Haris – hifz edən
Hohensollern – alman imperator
dinastiyası
Bugünki
seçkilər
Bahalıq Rusiyanın günlük məsələlərindən
ən mühümmüni təşkil ediyor. Bahalığın mühüm və dövlətcə
nəzərə alınacaq böyük səbəbləri
vardır. O səbəblərə təəllüq edən
nöqsanların islahına hökumət və dövlət
özü baxmalıdır.
Fəqət bu kibi işlərdə cəmaətin
öz fəaliyyəti və öz iş görməsinin faidəli
olduğu da şübhəsiz degildir. Məlumdur
ki, bahalığın səbəbləri arasında
alış-verişçilərin təəmkarlığı
ilə əhalinin əlbirligi və intizamla mübarizə etmək
imkanından ari olduğunun dəxi böyük dəxli
vardır. Daha bundan bir il müqəddəm
satıcıların ehtikarına, malı saxlayıb da qəsdən
baha satmaqlarına qarşı ciddi bir tədbir olmaq üzrə
Qafqasiya hökuməti-aliyəsi bir taqım icbari qərardadlar
nəşr etdi. Bu icbari qərardadlarca malı
münasib qiymətindən yuxarı satanlarla malları anbar
edib də münasib bir vəqt gözləyən möhtəkirlər
məsuliyyətə alınmaq və üç aya qədər
həbs və 3000 manata qədər cərimə ilə
qorxudulurlardı.
Fəqət təcrübə
göstərdi ki, bu icbari qərardadın tətbiqi yalnız
polisdən gözləmək istənilən nəticəyi
hasil etmiyor. Əvvəla
satıcıların bahaçılığını tutmaq
və ikincisinə də bu bahalığı ədalətlə
təhqiq etmək mümkün oluyor. İştə
bu xüsusda əhalinin müəyyən təşkilata
möhtac olduğu göstəriliyordu. Nəhayət
oktyabrın 15-də Bakı qorodonaçalniki Bakı cəmaətini
qəzetələr vasitəsilə Bakı bələdiyyə
rəisi zalına dəvət etdi ki, bahalığa
qarşı tədbirlər görmək üçün əhali
öz arasından bir təşkilat vücudə gətirsin.
Bunun təfsilatı “Açıq
söz”də yazılmışdı. Bu
təfsilat məhəllə əhli komitələrindən
ibarət olub, sonra bu məhəllə komitələrinin
nümayəndələrindən ibarət bir mərkəzi
komitəyə malik olacaq. Məhəllə komitələrinin
vəzifəsi 1)Əhalinin məvaddi-zərurətdən nə
qədərinə möhtac olduğunu təyin 2) məvaddi-zərurətə
(çörək, qənd, ət, buğda, un kibi müəyyən
dərəcədə lazım olan şeylər) mövcudiyyətin
miqdarını anlamaq 3) məvaddi-zərurətin gəldigi ilə
getdigini bilmək. Məzənnədən xəbər tutmaq 4)
məvaddi-zərurətin məhəll və nöqtəyə
lazım olan vasitələri aramaq 5) məvaddi-zərurətin
məhəlcə neçəyə başa gəldigini
ögrənmək 6) kənardan gətirilən məvaddi-zərurətin
bazar qiymətini bilmək 7) mənzil kirayəsi həqqində
məlumat toplamaq və məlumatı müzakirə eləmək
vasitəsilə məvaddi-zəruriyyə ilə ev kirayəsinin adi qiymət və şəraiti
aşkar etməkdir.
Şübhəsiz ki, böylə bir
məqsədlə təşkil olunacaq əhali məhəlli
komitələrində “hüsni-niyyət” mövcud olarsa, bahalıq
işində xəlqə böyük köməkləri dəyəcəkdir.
Əhali komitələri bu surətlə
məsələni ətraflıca ögrənib də məvaddi-zərurətin
həqiqi qiymətini bildikdə həm xəlqə kömək
edə biləcəklər, həm də bəzən
şübhə üzərinə “bahaçılıq” – deyə
başlanmış xırda alış-verişçilərin
dadına yetişəcəklərdir.
Əhali komitələri bir növ
polisə ilə xəlq arasında hökmi-vaqe olub həm xəlqə
kömək edəcək, həm də polisənin işini
yüngülləşdirəcəklərdir.
Aşağıda qorodonaçalnik cənablarının
bu xüsusdaki bəyannaməsi ilə, məhəllə komitələrinin
intixab olunacaq yerlərini və seçkinin vəqtini
yazıyor və əhaliyə tövsiyə ediyoruz ki, bu
seçki yerlərinə getsinlər və ən çox
etimad etdikləri doğruluq və sədaqətlərini
tanıdıqları adamları məhəllə komitələrinə
seçsinlər. Qoy öz
xamlıqlarından, cəmaət işinə qarışmış
olmadıqlarından qorxmasınlar, bu qorxu mövcud olduqca
hamılıqda mövcud olacaq işin özü kömək
də gətiriyor.
Bu gün cavanlarımızın,
az-çox cəmaət işi görüb də təcrübəsi
olanlarımızın boynuna bütün bir vəzifə gəliyor. Onlar bu günü heç də qəflət və
kəhalətə girməməlidirlər. Bu yığınaqlara getməli, seçkilərdə
iştirak etməli və təcrübəsizlərə
seçkinin qaidəsini göstərməlidirlər.
Bu xüsusda bilxassə müsəlman
cavanları çalışmalıdırlar. Çünki məəttəssüf məsələnin
anladılması və seçkilərdən əvvəl vaqe
olan elanlar (təşkilat komisyonu seçildikdə də imdi əhali
komitəsi seçildikdə də) sərf olduğundan şəhərin
müsəlman xəlqi bu xüsusi ehtimal ki, hələ
layiqincə bilmiyor. Ona görə də
bilənlərimizin öhdəsinə böyük bir məsuliyyət
gəliyor.
Baqalım bu məsuliyyət altından
cavanlarımız nə cür çıxacaqlar.
Hər halda xəlqin ən çox
möhtac olduğu bir məsələ ilə əlaqədar
olan bu seçkilərə getməklə dünyada yaşamaq
fikrində olduğumuzu bildirməli, elə etməliyiz ki, həyati
məsələlərə laqeyd degiliz.
Əvət, laqeyd olmayalım. Çünki laqeydsizligin nəticəsi bahalıq və
aclıqdır.
Hər şeyi hökumətdən və
yaxud şəhər ataları olan qlasnılardan gözləmək,
hər şeydə özünə etimad etməyib “qəyyumun”
tədbirinə sıxılmaq ancaq şəxsiyyətlərini
azad istəməyən “zəif”lərin işidir. Özünü vətənin, məmləkətin
müqəddəratında şərik bilən əhli-vətən
böylə düşünə bilməz. O, öz
iqtidar və öz bacarığına da inanar.
İştə,
çalışalım, mümkün qədər “rəiyyət”lik
hissiyyatından qurtarıb da “vətəndaşlıq”
istimdadında olduğumuzu göstərəlim.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 25 oktyabr 1915. ¹19
Ürəksiz
doktor
Oxucularımız qismi-məxsusimizdə
dəva vəkili Baykovun “Kaspi” idarəsinə yazmış
olduğu bir məktubu oxuyacaqlardır.
Bu məktub müsəlmanlar
arasında ən məşhur olan doktor Əbdülxaliq
Axundovun ürəksizligini göstərir əcib bir əhvaldan
bəhs ediyor. Xəlqi mümkün qədər
ölümdən qurtarmaq sənəti icabi olan doktora
müraciət ediyorlar ki, sənin müsəlmanını məhkəmədə
ölüm cəzası təhdid ediyor. Sənin
yarım saət zəhmət qəbul edib də qədəmi-əziz
etmək onu bu ölümdən qurtara bilər. Gəl bir insanın həyatına bais ol. Fəqət doktor müştərilərinin
çox olduğunu bəhanə ilə özünün
ürəksiz olduğunu isbat edərək qəti surətdə
məhkəməyə gəlmək istəmiyor. Fəqət
sonra bu ürəksiz doktoru ünf ilə, hökumət əmrilə
gətirdirlər ki, gəlsin məhkəməyə lazım
olan tibbi – şəhadətini versin.
Bu hal ilk
baxışda xüsusi bir iş kibi görülür. Fəqət
bunun ümumiyyət nöqteyi-nəzərindən olduqca
böyük əhəmiyyəti vardır. Doktorun bu hərəkəti
doktorluğa yaraşmayan mərhəmətsizligi heyəti-ictimaiyyəmizin
xəstəliyini də bir dərəcəyədək
göstərir. Başqalarının mərəzlərini
tədavi etməklə məşğul olan alim bir şəxs
böylə xudbinlik mərəzilə xəstə olursa,
böylə xudbin şəxslər tərbiyə edən
mühitimizin də xəstəliginə hökm vermək caiz
olar. Əbdulxaliq Axundov cənablarının mütəxəssis
və alim bir doktor olduğunu təqdir etməklə
bərabər özümüzün əlaci-naləzir bir
hisseyi-heyət olmadığımızı da göstərmək,
bu hərəkəti bütün vücudumuzla protesto etmək
bütün oxumuşlarımızın, ələlxüsus
doktorlarımızın borcudur.
Nədir bu hal, nədir
bu kəndi xüsusi mənfəətlərinə qərq olub
da yaxınlarının ah və istimdadına laqeydlik:
Biz yəqin
ediyoruz ki, əgər Əbdülxaliq əhvalı öz
“müştərilərinə” bildirsə və onlardan
yarım saət vəqt alsaydı heç də qiyamət
qopmaz, kimsədə protesto etməzdi. Nasıl ki, sonradan
qorodonaçalnik cənablarının əmrilə gəldigi
təqdirdə qiyamət qopmadı.
Bu xüsusda bir
mütaliə yazmaq niyyətində ikən qəzetələrdə
“Ana və uşaq” namində böyük bir kitabi ilə məşhur
olan Zuvqun vəfat etdigini paytaxt qəzetələrində
oxuduq. Zuvqun hifzəlsihhə və uşaq bəsləməgə
aid olan bu gözəl kitabını Rusiyada tanımayan
ürfanlı bir ailə yoxdur. Bu kitab 1.000.000
dan ziyadə nəşr edilmişdir. İştə xəlqə
bu qədər böyük bir faidə yetirən Zuvqun
ömründə aclıq çəkiyormuş. Onun nə surətlə
ehtiyac içində qaldığını “Don” mühərrirlərindən
birisi olduqca müəssər bir surətdə təsvir ediyor.
Çünki bir milyonlarca satılan kitabından
özünün gördügü fayda ancaq 10.500 manatdan ibarət
olmuş, qalan faidəsini naşirlər görmüşlərdir.
Öz
ömrü ehtiyac içində keçən Zuvq məzkur
kitab ilə ehtimal ki, minlərcə həyata bais olmuş: fəqət
doktorluğun sayəsində böyük bir mülkədar
olmuş bizim Axundov cənabları bir insanı, bir müsəlmanı
mühəqqəq ölümdən qurtarmaq zəhmətinə
də qatlanmaq istəmiyor.
Nə
böyük təzad!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 26 oktyabr 1915, ¹20
Ünf – zor
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2012.- 20 yanvar.-
S.26-27.