Hüsü Hacıyev küçəsi 19 və yaxud Yazıçılar binası

 

(Əvvəli ötən şənbə sayımızda)

 

“Orda bir ev vardır,

O ev bizim evimizdir.

Olsaq da, olmasaq da,

O ev bizim evimizdir”

 

“Dağ masalı” adlı bir Türk filmindən

 

“Bizə bir zövqi-təxəttür qaldı

Bu sönən, kölgələnən dünyada”

 

Əhməd Haşim

 

...Atam səhərə kimi təlaş içində olardı. Sonra... sonra isə dan yeri sökülərdi, səhər yavaş-yavaş açılardı.

Stolun üstündə armudu stəkanda soyuyub yarımçıq qalan tünd çay, siqaret kötüyü ilə dolu bir külqabı, armud qoxusu, bəyaz duman kimi siqaret tüstüsünə bürünmüş bir otaq.

Amma çox qəribədir. Atam iş otağında nə qədər siqaret çəkirdisə çəksin, siqaretin iyi atamın o armud ətrini üstələyə bilmirdi. Ümumiyyətlə o harada olurdusa olsun, həmin otaqdan həmişə armud qoxusu gələrdi. Aman Allah, o ətir nə ətir idi, haradan gəlib atama hopmuşdusa mən bunu bilmirəm... İndi həsrətəm o ətrə.

Dünən gecəki qəhrəmanlar da səhərin açılmasının görüb hamısı bir-bir atamla xudahafizləşib stolun üstündəki vərəqlərə girib gözdən itərdilər. Sonra atam da yatağına uzanıb bir müddət, üzbəüzdəki pəncərədən, qıp-qırmızı, açılmaqda olan göy üzünə baxıb yavaş-yavaş mürgüləyər, dünən gecəki qəhrəmanlarının gələcək taleyini düşünə-düşünə yuxuya gedərdi. Atam yatarkən qətiyyən səsi çıxmazdı. Elə bil ki otaqda heç kim yoxdur. Hərdən də uşaq kimi mışıldayardı. Heç elə bil ki bütün günü səsli küylü, gərgin həyat tərzi keçirən, hər şeydən narahat, hamıdan nigaran olan, nigarançılığı ilə də hamını acılayan, əsəbi adam deyildi... Vəssalam.

 

lll

 

Bir çox illər bundan əvvəl yenə də növbəti dəfə hansısa xarici ölkələrdən birinə uzun müddətli ezamiyyətə getmək ərəfəsində idim. Atamla görüşmək üçün evlərinə getmişdim. Onlardan çıxıb pillələri enəndə nəsə birdən elə bil məni arxadan vurdular. Dərhal arxaya çevrildim. Təbii ki, arxamda heç kim yox idi. Məni heç kim vurub eləməmişdi. Blok yarımqaranlıq idi. Bu həmin blokdu ki (indi də yadıma düşəndə gözlərim dolur) vaxtı ilə biz uşaqlar, yeniyetmələr (indi o uşaqların, o yeniyetmələrin çoxu artıq yoxdur bu dünyada, vaxtından çox-çox əvvəl dünyalarını dəyişiblər) gizlində burada siqaret çəkərdik. Özümüzdən yaşca kiçik olanları da həyət qapısının ağzında qoyardıq ki, gələn olsa bizə xəbər eləsin. Nədənsə, birdən ürəyimə damdı ki, mən bir də bu pillələri heç bir vaxt yuxarı çıxmayacağam, mən bir də bu evə gəlməyəcəyəm, ayağım bir də bu evə dəyməyəcək. Pillələri enib blokdan həyətə çıxanda çevrilib bir də arxaya baxdım. Əstəğfürullah, bu nə axmaq fikir idi ağlıma gəlmişdi.

Payız fəsli, axşamüstü hava alaqaranlıq idi. Bilmirəm nəyə görəsə mənə belə gəlirdi ki, həyətdə nəsə səbəbi bilinməyən ağır bir kədər var, bir hüzn var. Həqiqətən də həyətin son dərəcə kimsəsiz yazıq, bir görkəmi var idi. Həyətdə sanki bir məsumluq var idi.

Bilmirəm, bəlkə də səbəbi bilinməyən bu kədəri, bu hüznü bir az da payızın dalğınlığı, axşamın ala-qaranlıq bədbinliyi artırırdı. Ya bəlkə yenə də atamdan uzun müddətli ayrılmağım buna səbəb idi. Hm... Bilmirəm... Yox, bu ola bilməz. Birinci dəfə deyil ki, atamdan ayrılıram. Ömrü boyu elə orda-burda olmuşam. Elə bir-birimizlə telefonla, məktubla əlaqə saxlamışıq. Bir-birimizə həsrət olmuşuq.

Yox.... Səbəb bu deyildi. Bu nə idisə ayrı bir şey idi. Dərk olunası şey deyildi. Çox qəribə bir kədər idi, ağrılı bir kədər idi, bu kədər, bu qəm.

Axşamın alatoranında həyətdə dayanıb nəsə qiymətli bir şey itirmiş adam kimi diqqətlə ətrafa baxırdım. Sanki gözlərim nəyisə axtarırdı. Gözlərimi həyətdən çəkə bilmirdim. Amma... bu həyətdə elə bir qiymətli şey itirmişdim ki, onun tapılması heç bir vaxt mümkün olmayacaqdı. İtirdiyim şey bu həyətin havasına, qumuna qarışıb yox olmuşdu. Havaya sovrulmuşdu. Mən bu həyətdə keçmişimi itirmişdim. Saf və təmiz uşaqlığımı itirmişdim, cəsarətli, qorxmaz gəncliyimi itirmişdim. Qayğısız günlərimi itirmişdim. Və onu da bilirdim ki, bu itirdiyimi heç bir vaxt tapmayacağam. Kölgəm durduğum yerdən düz atamgilin blokuna qədər uzanmışdı. Mən getməli idim, hazırlıq işləri görməli, yır-yığış etməli, yola hazırlaşmalı idim. Qəribədir, kölgəm isə sanki uzandığı yerdən ayrılmaq istəmirdi. Dörd əllə həyətdən yapışmışdı. Lap o Şahmar Əkbərzadənin şeirində olduğu kimi: “Kölgəm məndən qeyrətlidir”. Kölgəm sanki həyəti qucaqlamaq istəyirdi.

Bütün uşaqlığım bu həyətdə keçmişdi. Gözlərim dolub-boşalırdı. İçimdə sanki qurğuşun ağırlığı var idi. Bilmirəm nədənsə dəli bir hönkürtü tutmuşdu məni. Hər bir şey bütün ötənlərim zərif duman kimi, nazik bir tül pərdə arxasında qalmış, saralıb solmuş, xatirələrim kəsik-kəsik epizodlarla qırılıb sonradan bir-birinə calaq edilib yapışdırılmış ağ-qara köhnə kino lenti kimi gözlərim önündən gəlib-keçməyə başladı. Uşaqlığım yeniyetmə illərim, cavanlıq illərim, o necə deyərlər dəliqanlı vaxtlarımın ilk illəri, hamısı-hamısı bu binada, bu həyətdə keçmişdi. Aman Allah... bütün bunlar gözlərim qarşısından gəlib keçdikcə mən yox sanki xatirələrim kövrəlirdi, doluxsunurdu. Bir himə bənd idi ki, leysan kimi töksün, boşalsın.

Vaxtından çox-çox əvvəl bu dünyadan köçmüş həyət dostlarım, Hüseyn Arifin (o vaxtlar o hələ Hüseyn Arif deyildi, Hüseyn Hüseynzadə idi) oğlu Ariflə, Ənvər Yusifoğlunun oğlu Yusiflə (biz ona Yoska deyərdik), Ənvər Əlibəylinin oğlu Şahinlə, Qasım Qasımzadənin oğlu Fəxrəddinlə, Əhməd Cəmilin oğlu Eldarla, Salam Qədirzadənin oğlu Ruslanla, mərhum bəstəkarımız Süleyman Ələsgərovun bu yaxınlarda qəfildən vəfat etmiş oğlu Əyyubla, Məsud Əlioğlunun oğlu Arazla, tanınmış alim Əkbər Ağayevin göydə uçan quşu daşla gözündən vurub yerə salan oğlu Elmanla, böyük oğlu rəhmətlik Məmmədlə (Mamed), Zeynal Xəlilin oğlu Etibarla, eh... saymaqla qurtarmaz (biz o qədər çox idik ki...) digər və digərləri ilə, bir də ən çox mənə yaxın olan, həmişə zarafatla “əski günlərimin yadigarı” adlandırdığım mərhum şairimiz Əlağa Kürçaylının istedad dağarcığı oğlu Ülfətlə keçən o dadlı, bir daha geri qayıtması mümkün olmayan keçmişim gözlərim önündən gəlib keçməyə başladı. Dərsdən qaçmağımız, bu yarımqaranlıq bloklarda, bu olduqca səliqəsiz qurulmuş qarajların arxasında ilk siqaret çəkdiyimiz vaxtlar yadıma düşdü. Barmaqlarımızın təzə-təzə, qorxudan əsə-əsə, gizli-gizli siqaret tutması, ilk siqaret tüstüsündən başımızın gicəllənməsi, maşın sürmək həvəsi, idmana olan marağımız, məktəb və universitet illəri... Bütün həyətimizin uşaqları ya 132, ya da 190 saylı orta məktəbdə oxuyardı. Məktəbi bitirdikdən sonra da universitetin eyni fakültəsində, şərqşünaslıq fakültəsinin ya ərəb, ya da fars bölməsində təhsilimizi davam etdirdik. Çox qəribədir, tələbəlik illərindən sonra da biz bir-birimizdən ayrılmadıq, ya İranda, Əfqanıstanda, ya da ərəb ölkələrinin birində birlikdə işlədik, yenə də bir yerdə olduq. Geri dönəndən sonra... yenə də bir müddət birlikdə olduq, ayrılmadıq. Sonra... ailə həyatı, həyətdən ayrılıb başqa yerə köçmək, əvvəl-əvvəl tez-tez görüşmək, ara-sıra görüşmək, telefon zəngləri, daha sonra görüşlərin və telefon zənglərinin seyrəlməsi, unudulmaq və unutmaq, müxtəlif qayğılar. Daha sonra isə həyatımıza yeni-yeni dostların daxil olması...

Cavanlıq çağımızda tez-tez içki məclisləri qurmağımız, erkən yaşlarımızdan qız-qadın dünyasına düşməyimiz, sırf kişi asudəliyini hiss etməyimiz, cavanlığın yetkin kişi sərbəstliyini dadmağımız, tələbə tətillərimizdə Moskvaya, Leninqrada gedib orada müxtəlif oyunlardan çıxmağımız və digər sərgüzəştlərimiz həmin bu binadan, bu həyətdən başlanmışdı. Uşaqlığımız bu həyətdə başlamış, elə bu həyətdə də bitmişdi. Yeniyetməliyimiz bu həyətdə başlamış, elə bu həyətdə də bitmişdi. Cavanlığımız bu həyətdə başlamış... bəzilərimizin cavanlığı elə bu həyətdə yarıyolda da qırılmış, sona çatmışdı. Sağ qalanlardan isə bəziləri artıq...

O zamanlar hamımızın yolu bir idi. Hamımız, o necə deyərlər, startda eyni idik, bərabər idik. Sonralar yollarımız ayrıldı.

 

lll

 

Həqiqətən vaxtı ilə bu bina, bu həyət çox müqəddəs bir yer idi. Elə bil ki, dövlət daxilində bir dövlət idi. Sanki sovet quruluşuna, rus imperiyasına qarşı olan gizli bir hərəkatın əsl beyin mərkəzi idi. Əgər həyətimizdən kənarda həqiqətən də belə bir antisovet təşkilat var idisə və yaxud da haradasa yetişirdisə, mən lap belə yüz faiz əminəm ki, bu təşkilat bizim bu binadan, bu həyətdən qaynaqlanırdı. Binamızın sakinlərindən – İlyas Əfəndiyevdən, İsa Hüseynovdan (o vaxtlar İsa Hüseynov hələ İsa Muğanna deyildi) İsmayıl Şıxlıdan, Kamal Talıbzadədən, Bəxtiyar Vahabzadədən, Bayram Bayramovdan, Əlağa Kürçaylıdan, Hüseyn Arifdən, Məsud Əlioğludan və digərlərindən, daha doğrusu, onların sətiraltı yazılarından qaynaqlanırdı. Onların cild-cild əsərlərindən qaynaqlanırdı. Hətta bir dəfə akademik Kamal Talıbzadə gülə-gülə atama demişdi ki, (o zamanlar Kamal müəllim hələ akademik deyildi, elmlər namizədi idi) mərkəzi Komitənin katibi Xasay Vəzirov Əzizə (Əziz Mirəhmədov) deyib ki, əlacım olsaydı, o binaya bomba qoyub partladardım, yerlə yeksan edərdim, Bəxtiyarı da o həyətdəki ağacların birindən asardım. Əziz də gülə-gülə deyib ki, Xasay müəllim, gəl sən bu işi tez elə, indi elə, yoxsa sabah səni vəzifədən götürüb atandan bir gün sonra yaddan çıxacaqsan, heç kimin yadına da düşməyəcəksən, Bəxtiyar isə indi də oxunur, sonralar da oxunacaq, xatırlanacaq. (Həqiqətən də indi görəsən Xasay Vəzirov kimlər tərəfindən tanınır? Heç yada düşürmü? İnanmıram).

Bu binada yaşayan biz yeniyetmələr də elə bu ruhda böyüyür, uşaq vaxtı hələ tam elə mənasını bilmədiyimiz dərk edib başa düşmədiyimiz sosializmə, sovet kəlməsinə, rus imperiyasına qatı nifrət edir, Türkiyəyə, türklərə, Cənubi Azərbaycana sonsuz məhəbbət bəsləyərdik. Bizim həyət sanki əsl “Hayd Park” idi.

Valideynlərimizin bizə dəfələrlə “Amanın günüdür, ağzınıza gələni danışmayın, bildiklərinizi gedib orda-burda deməyin, bizi də məhv edərsiniz, özünüzü də” demələrinə baxmayaraq, həyətimiz qaynayırdı.

Dediyim kimi, biz çox böyük arzularla yaşayırdıq. Düşünürdük ki, bir zaman gələcək biz, bu həyətin uşaqları “Birləşmiş Turan Ştatları” adlı bir dövlət quracağıq. Bu “Birləşmiş Turan Ştatları” adlı dövlət də Çinin sərhədlərindən tutmuş düz Adriatik dənizinin sahillərinə, Triyest şəhərinə kimi uzanmalı idi. Yarım milyardlıq əhalisi olan bir dövlət. Siyasi Mərkəzimiz İstanbul, mədəniyyət mərkəzimiz isə Təbriz şəhəri olmalı idi. Uşaq idik və düşünürdük ki, “Birləşmiş Turan Ştatları”nın bütün kabinet üzvləri də, vaxt gələcək, elə biz özümüz olacağıq. Nə bilim, birimiz müdafiə naziri, birimiz mədəniyyət naziri, digərimiz təhsil naziri, başqa birimiz xarici işlər naziri... Lap o serb yazıçısı Bronislav Nuşiçin “Avtobioqrafiyam” əsərində olduğu kimi. Eh... İndi hərdən o itib-batmış, köhnəlmiş arzular yadıma düşəndə öz sadəlövhlüyümüzə gülməyim tutur. İlahi pərvərdigara, biz nə yaman təmiz, saf olmuşuq. Gör bir hansı arzularla yaşayırdıq. Bütün bu arzular bizim beynimizdə doğanda 60-cı illərin ortaları idi. 1988-ci ilin o məlum hadisələrinə hələ çox qalırşdı. Bütün o hadisələr hələ irəlidə idi. Biz isə xəyalən artıq bu günlərə gəlib çatmışdıq, bu günləri yaşayırdıq. Xəyalən bütün bu hadisələri qabaqlamışdıq. Hələ o dövrdə indiki üçrəngli bayrağımız hər birimizin evində idi. Harasa sancılacağı günü gözləyirdi. Aman Allah, hələ bir pul vahidi də kəşf etmişdik. Pulun üstündə də mənəvi atamız Ziya Göyalpın şəkli olmalı idi. Pulun şəklini Hacıbaba Nəzərlinin nəvəsi Eldəniz çəkmişdi. Uşaqlıqdan rəssam olmağa həvəsi var idi, gələcəkdə rəssam olmaq istəyirdi. Amma... Əskinazın arxasında isə “Vətən nə Türkiyədir Türklərə, nə Türküstan, Vətən böyük və müəbbəd bir ölkədir – Turan” sözləri yazılmalı idi. Hətta bir qədər də uzağa gedib gələcək üçün yeni bir bayraq da kəşf etmişdik. Qırmızı rəngli bir bayraq, üstündə də bir böyük və on iki kiçik ulduzlar. Yəni hər türkdilli bir xalqın öz ulduzu. Bu, gələcəkdə qurulacaq “Birləşmiş Turan Ştatları”nın bayrağı idi. Biz hələ o dövrdə, yəni 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində, ildə iki dəfə bayram edərdik – mayın 28-ni və sentyabrın 15-ni. Aprelin 28-i günü isə hamı bir nəfər kimi qara köynək geyərdik.

Orta məktəbdə isə, demək olar ki, hamımız zəif oxuyardıq. Dərs oxumaqla, xüsusilə də riyaziyyatla, dəqiq elmlərlə heç aramız yoz idi. Dərsdən kənar valideynlərimiz tərəfindən hamımıza saysız-hesabsız sayda əlavə müəllimlər tutulmasına baxmayaraq, belə fənlər heç birimizin başına girmirdi. Ya da qəsdən oxumaq istəmirdik. Elə hey dərsdən qaçardıq. Amma mütaliəmizə söz ola bilməzdi. Dünya ədəbiyyatından hardan desəydilər, dərhal ordan da xəbər verərdik. Şekspirdən tutmuş, Cek Londona qədər, Hötedən tutmuş, Novalisə qədər, Şillerdən tutmuş, Şandor Petefiyə qədər, Lope de Veqadan tutmuş, Emil Zolyaya qədər, Avropa ədəbiyyatı, Amerika ədəbiyyatı, rus ədəbiyyatı... bir sözlə, mütaliəli idik. Dərin mütaliəmiz vardı. Dünya ədəbiyyatında xəbərdar idik. Oxuduğumuz hər hansı bir əsərin də uzun müddət təsirindən çıxa bilmirdik, hissə qapılardıq. Şekspiri oxuyub özümüzü Hamlet kimi dəliliyə vurardıq, Viktor Hüqonu oxuyub özümüzü “Səfillər”dəki Javer kimi qanun keşikçisi görür, amma eyni zamanda Jan Valjanın ölümünə ağlayardıq, “Ovod”u oxuyub özümüzü şikəstliyə vurar, qıçımızı qəsdən çəkərdik. Həyətə düşüb dava-dava oynayanda isə, hamımız Abo Düdənginski olardıq. Gecələr saatlarla “Azadlıq” radiosuna qulaq asardıq. O qədər qulaq asardıq ki, artıq “Azadlıq”ın bütün diktorlarını – İsmayil Əkbəri, Əli Aranı, Fərman Məmmədovu və digərlərini səslərindən tanıyardıq. Beşinci, altıncı sinifdə oxuyarkən biz artıq Məmməd Əmin Rəsulzadədən tutmuş, Əli bəy Hüseynzadəyə qədər, Əlimərdan bəy Topçubaşovdan tutmuş, Əhməd bəy Ağayevə qədər hamıdan xəbərimiz var idi. Hətta Əhməd bəy Ağayevin qardaşı oğlu professor (o vaxtlar hələ o professor deyildi, elmlər namizədi idi) Əkbər Ağayevlə bir həyətdə yaşamağımızla fəxr edərdik. Mehmet Akif, Namiq Kamal, Ziya Göy Alp, Qısakürək və digərləri dilimizin əzbəri idi.

 

Kiçik bir haşiyə

 

Maestro Niyazi Türkiyədən yenicə qayıtmışdı. Atamla görüşəndə gizlicə ona dedi ki, bəs Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” kitabını birtəhər, ölüm-zülümlə gömrükdən keçirə bilmişəm. Atam da çox xahiş etdi ki, heç olmasa üç günlük o kitabı ver oxuyum, yenə sənə qaytarım. Maestro Niyazi kitabı atama verdi. Amma bir şərtlə ki, kitab heç kimə verilməyəcək. Çünki bu çox təhlükəlidir. Razılaşdılar. Mən necəsə eşitdim bu xəbəri, dərhal həyət uşaqlarına çatdırdım. Necə edək? Nə cür eləyək ki, o kitabı əldə edək? Aha, qərara aldıq ki, kitabın şəklini çəkək. Amma necə? O dövrdə hələ surətçıxaran maşın icad olunmamışdı. Yox, bəlkə də icad olunmuşdu, lakin biz tərəflərə gəlib çıxmamışdı. Kitabın surətini fotoaparatla çəkməli idik. Əsas məsələ bu idi. İş elə gətirdi ki, atam evdə olmayanda mən həmin kitabı gizlində götürdüm. Dərhal hamımız İlqargilə yığışdıq. İlqar mərhum yazıçımız Hüseyn Abbaszadənin oğlu idi. Müxtəlif fotoaparatlardan, maqnitofonlardan əla baş çıxarardı. Cəld işə başladıq. 15-20 dəqiqənin içində kitabın səhifələrinin şəklini çəkdik. İşimizi qurtarandan sonra, dərhal kitabı götürüb, qaça-qaça evə aparıb yerinə qoydum. Atam artıq evdə idi. Həmin kitabı götürdüyüm yerə qoyana kimi, Allah bilir, nələr çəkdim. Amma iki gündən sonra məlum oldu ki, İlqar şəkilləri çıxarda bilməyib. Fotolentdəkilərin hamısı yanıb. İlqarı az qala döyəsi olmuşduq. O yazıq da yanımızda sanki vətən xaini olmuşdu. Başını aşağı salıb, yazıq-yazıq mızıldanırdı.

 

lll

 

Bir dəfə, indi yadımda deyil, yeddinci ya səkkizinci sinifdə oxuyarkən “Mənim qəhrəmanım” adlı belə bir mövzuda inşa yazırdıq. Mən qəhrəmanım kimi Abo Düdənginskinin adını yazmışdım. 190 saylı orta məktəbdə eyni mövzunu mərhum yazıçımız Ənvər Yusifoğlunun oğlu Yusif də yazmışdı. O vaxtlar bizim ədəbiyyat müəllimimiz tanınmış alim Məmmədhüseyn Təhmasibin həyat yoldaşı, əslən İstanbuldan olan, bizə dərs keçdiyi zaman hərdən özündən asılı olmadan türk ləhcəsi ilə danışan Bilqeyis xanım idi. Mənim yazımı oxuyub dəhşətə gəlmişdi, dərhal yazımı gizlədib, dərs jurnalında mənə qaib yazmışdı. Yəni guya dərsdə olmamışam. Sonra məni yanına çağırıb bir xeyli danladı da. Axırda da dedi ki, heç vaxt vaxtından əvvəl danışma. Sənin yazdığın bu mövzunun vaxtı hələ gəlməyib. Amma gələcək. Hökmən gələcək. Onda öz sözünü deyərsən. Yusifin isə bəxti onda gətirmişdi ki onun ədəbiyyat müəllimi Düdənginskinin kim olmasını bilməmişdi. Düdənginskini tanımamışdı. Elə bilmişdi ki bu Düdənginski deyilən şəxs ya partizandır, ya da inqilabçı olub. Amma bisavad müəllimə Yusifin belə bir qəhrəman “kommunist”i tam işıqlandıra bilməməsindən, həm də onun qəhrəmanının o qədər də məruf adam olmamasından və Yusifin nə demək istədiyini başa düşməməsindən, ona “üç” yazmışdı.

Bir də yadıma gəlir ki, orta məktəbdə oxuyarkən ədəbiyyat fənindən imtahan vaxtı mənim biletimin suallarından biri ən çox sevdiyim şeiri əzbərdən demək idi. O zaman bizim sinif rəhbərimiz, rus dili müəllimimiz, orta yaşlı bir erməni qadını idi. İmtahanda Bilqeyis xanımla bərabər o da oturmuşdu. Mən elə ağzımı açıb türk ləhcəsi ilə Mehmet Akifin “İstiqlal Marşı”ndan

 

Korkma, sönməz bu şafaklarda süzən al sancak,

Sönmədən yurdumun üstündə tutan ən son ocaq.

O benim milletimin yıldızlarıdır parlayacaq...

– demişdim ki:

Bilqeyis müəllimə astadan:

– Kifayətdir. Gedə bilərsən – dedi.

Mənimlə həmişə yersiz mübahisələr edən, mənim hansı ruhda böyüdüyümü, hansı əqidənin sahibi olduğumu məndən də yaxşı bilən, indi də türk dilində şeir deməyimi, Bilqeyis müəllimənin də mənim sözümü qəfildən kəsərək, “gedə bilərsən” deməyini görən həmin qadın:

– Net, tı prodoljay – dedi.

Bilqeyis xanım:

– Ehtiyac yoxdur, gedə bilərsən.

Bilqeyis xanım imtahandan sonra yenə məni danladı, “sən əvvəl-axır özünü məhv edəcəksən” – dedi. Hüseyn Arifin oğlu Arif isə imtahan vaxtı Əhməd Cavadın “Qara dəniz” şeirinin:

 

“Türk ordusu, sən Qafqaza girəndə,

Qara dəniz ayağını öpdümü...”

 

misralarını qəsdən dəyişib:

Türk ordusu, sən Qafqaza girəndə,

Rus ordusu ayağını öpdümü...”

 

– demişdi.

 

Baho... məktəbdə aləm bir-birinə dəymişdi.

Məktəbdə zəif oxumağımız hələ bir yana qalsın, hələ bu azmış kimi valideynlərimiz bizi zorla musiqi məktəbinə də yazdırmışdılar. Yenə də hamımız eyni – 6 saylı orta musiqi məktəbinə gedirdik. Bu isə bizim üçün olduqca dözülməz bir zülm idi. Lap belə məşəqqət idi. Birimiz tara, başqa birimiz skripkaya, digərimiz pianoya, kamançaya, daha nə bilim nəyə və nələrə. Amma çox tez bir zamanda valideynlərimiz başa düşdülər ki, vallah biz adi uşaqlarıq, vunderkind deyilik. Buna baxmayaraq bizi zorla yenə məcbur edirdilər. Bəzilərimiz musiqi məktəbinə getməyin daşını birdəfəlik atdı. Bəzilərimiz isə bir-təhər ölüm-dirimlə musiqi məktəbini bitirdi. Bitirə bildi və bitirənlər də həmin gündən də düz bu günə kimi bir dəfə də olsun əlini musiqi alətinə vurmayıb. O cümlədən elə mən özüm də.

Amma klassik musiqinin vurğunu, Bethovenin, Motsartın, Şubertin, Baxın, Şopenin və digərlərinin dəlisi idik. Tez-tez simfonik konsertlərə gedər, vallarını alıb evdə saatlarla qulaq asardıq, zövq alardıq. Gələcəyin əsl azərbaycanlı ziyalısı kimi yetişirdik.

 

lll

 

Azərbaycan xalqının böyük dostu və təbliğatçısı, atamın yaxın dostu, milliyyətcə alman olan, lakin bir çox azərbaycanlıdan Azərbaycana daha çox xidmət edən, hələ gənc yaşlarından İslam dinini qəbul edib müsəlman olan Əhməd Şmide (Hans Petr Şmide) 1960-cı illərin sonunda Azərbaycana gəlmişdi. Bu onun Azərbaycana ilk gəlişi idi. Atamın şəxsi dəvəti ilə gəlmişdi. O vaxtlar biz ilk dəfə idi xarici vətəndaş görürdük. Daha doğrusu, xarici vətəndaş görməyinə görmüşdük, amma ilk dəfə xarici vətəndaşla, özü də alman ilə üzbəüz söhbət edirdik. Bir neçə nəfər həyət dostum da Əhməd bəy Şmide ilə tanış olmaq üçün evimizə gəlmişdi. Tanış oldular. Daha doğrusu, bu tanışlıq Əhməd bəyin öz təşəbbüsü idi. İstəyirdi görsün ki, Sovetlər Birliyində, Rus imperiyası tərkibində yaşayan və yetişməkdə olan gənc nəslin düşüncəsi nədən ibarətdir və onlar nə düşünürlər, gələcəyə necə baxırlar. Bu o vaxtlar idi ki ədəbiyyata hələ manqurt kəlməsi gəlməmişdi. Yəqin Əhməd bəy də bilmək istəyirdi ki, görsün sovet quruluşu, rus imperiyası gənc nəsli manqurtlaşdıra bilib, ya yox? Söhbət çox uzaqlara gedib çıxdı. Əvvəlcə klassik musiqidən, sonra ədəbiyyatdan, fəlsəfədən, daha sonra isə siyasətdən düşdü. Əhməd bəy qəsdən söhbətə istiqamət verir, bizim nə düşündüyümüzü bilmək istəyirdi. Eşitdiklərindən heyrətə gəlmişdi. Söhbət bir neçə saat uzandı. Onlar gedəndən sonra Əhməd bəy mənim dərs kitablarımla maraqlandı, “SSRİ tarixi”, “Ədəbiyyat” kitablarını götürüb bir-bir səhifələdi, heç nə başa düşməyərək bir tərəfə qoydu. Bəlkə də başa düşdü, amma özünü o yerə qoymadı. Soruşdu ki, bütün bunları, Kantı, Nitsşeni, Spinozanı, Şopenhaueri, sonra Höteni, Şilleri, Bayronu sizə məktəbdə keçirlər, ordan bilirsiniz, bəs yaxşı nasional-sisializmi siz haradan bilirsiniz, haradan oxumusunuz? Ribbentropu, Fon Papeni, Hindenburqu siz belə təfərrüatı ilə haradan öyrənmisiniz? Axı bütün bunları sizə məktəbdə keçə bilməzlər, inanmıram. Axı bütün bu dediklərinizi heç Almaniyanın özündə belə sizin yaşıdlarınız bilmirlər. Gənc nəsil onları tanımır. Yəqin ki siz məktəbdə əla oxuyursunuz. Mən də dedim ki, xeyr, bütün bunları biz özümüz maraqlanıb öyrənmişik. Atam da gülə-gülə dedi:

– Əhməd bəy, gördüyün bu uşaqlar öz dərslərindən başqa hər nə desən oxuyurlar. Təki dərs olmasın.

Əhməd bəy də dedi ki, əgər məktəbdə yaxşı oxusaydılar, mənə dediklərini yəqin bilməzdilər. Yəqin elə zəif oxuyurlar ki, bütün bunlardan xəbərləri var. SSRİ tarixini bilmək və bu fəndən yüksək qiymət almaq, Ernest Telmanı, Luis Karvalanı tanımaq hələ savad demək deyil. Və əgər əlli ildə bu sovet quruluşu sizi assimilyasiya edə bilməyibsə, sizin şüurunuzu poza bilməyibsə, demək, siz çox qüvvətlisiniz. Bu boyda zülmə dözə-dözə, bütün bunlara tab gətirə-gətirə belə bir nəsil yetişdirə bilmisinizsə, demək siz bir millət kimi heç bir vaxt itib-batmayacaqsınız. Mən əminəm ki bu uşaqlar gələcəkdə çox uzaqlara gedib çıxacaqlar. Əgər gələcək Azərbaycanın belə bir milli ideyalı özülü varsa, demək, siz çox qadir xalqsınız. İnandırıram, gələcək Azərbaycanda bu uşaqların hər biri özünə layiqli bir yer tutacaq.

Atam dedi ki, yox, ay Əhməd bəy, sənin gördüklərin elə bu bir ovuc uşaqlardır. Bizim bu həyətdən kənarda isə elə bir siyasət gedir ki, ürəklər parçalanır, beyinlər yuyulur, yaddaşlar silinir. Heç bu gündən sabahımıza etibar yoxdur. Sənin gördüyün bu bir ovuc uşaqların evi onda yıxılıb ki, çox şeyi bilirlər və çox məsələlərdən xəbərdardılar. Amma çox nahaq.

 

Lll

 

Hə, illər ötdü, zaman dəyişdi, dövran başqalaşdı. Biz yaşa dolduq, hamımız ailə sahibi olduq, oğul-uşaq yiyəsi olduq, hətta bəzilərimiz baba oldu. Qayğılar çoxaldı. Başımız özümüzə qarışdı, qarışa-qarışa da ağardı. Sonradan mən başa düşdüm ki, “Birləşmiş Turan Ştatları” nağıl bir söhbətdir, əfsanədir. Və bu heç bir zaman olmayacaq. Elə arzu olaraq da qalacaq. Çünki bütün bunlar uşaq arzusu idi. Adi uşaq, sadəlövh yeniyetmə, sonra isə macəra axtaran bir gəncin arzuları idi. Ondan başqa bir şey deyildi. Sonralar onu da başa düşdüm ki, Əhməd bəy səhv edirmiş. Nə olsun ki, savadlı, ağıllı adam olub. O da səhv edib. Biz çox uzaqlara gedib çıxa bilmədik. Heç başladığımız yolu yarılaya da bilmədik. Çünki biz həyatı yalnız elə oxuduğumuz kitablardan öyrənirdik. Elə ona görə də kitablardan kənara çıxa bilmədik. Rozenkransı, Gildentransı lənətləyə-lənətləyə elə Hamlet olaraq da qaldıq. Ovod kimi yaşadıq, Javer kimi düşündük, Martin İden olduq. Bəzilərimiz hətta Kefli İsgəndərə çevrildi. Bütün bunlar isə dünənin qəhrəmanları idi. Dünən isə dünəndə qalmışdı. Bu günə gəlib çıxa bilməmişdi.

 

P.S. “Birləşmiş Turan Ştatları” ölkəsini qurmaq əslində mənim ideyam idi. Bunu mən kəşf etmişdim. Yarım milyardlıq əhalisi olan yeni bir Turan dövləti yaratmaq. Amma bu ideyanın puçluğunu ən tez də mən başa düşdüm. Başa düşdüm ki, bu mənasız bir ideyadır. Amma vaxt var idi, bu ideyanın uğrunda hamımız ölümə belə hazır idik. İndi belə bir ideya yoxdur. Bütün bu arzular, bütün bu fikirlər, bu ideyalar elə Hüsü Hacıyev küçəsi 19-da da basdırılıb, dəfn olunub. Yoxdur artıq...

 

 

Minsk, 2011-12-ci illər

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2012.- 20 yanvar. -S.24-25.