Sirli-soraqlı
qitə
Belə bir qənaətdəyəm ki,
dünyada təsadüfi heç nə yoxdur. Hər təsadüf,
əslində zərurəti meydana çıxarmaq
üçün bir vasitədi... Səhərin alatoranında
Xəzərin sahilində gəzişəndə yenicə bura
ayaq açan bir insanla – Qəzənfərlə tanış
oldum. Özü mənə yanaşdı, uzun illər
Qubadlıda, Gədəbəydə milis rəisi işləyən
İliç Kərimovla qohumluq əlaqəmi soruşdu. Dedim
ki, İliç Kərimov mənim doğmaca dayımdı,
onu haradan tanıyırsan? Qəzənfər dedi ki, sənin
dayın mənim ən yaxın qohumum İsfəndiyar Cəbrayılovla
yaxın dost, həm də yaxın qonşu idi. Onunla
Qubadlıda və Laçında çoxlu görüşlərimiz
olmuşdu...
Söz sözü çəkdi. Söhbət
şair Malik Fərruxdan düşdü. Gənclik illərimizin
bir yerdə keçdiyini bilən Qəzənfər xahiş
elədi ki, Malik haqda bir yazı yazım. Sən demə, Qəzənfər
Malikin yaxın qohumu və dostu imiş, tələbəlik illərində
Bakıda onunla bir otaqda qalırmışlar...
Dənizdən evə qayıdanda yol boyu Maliki
xatırladım. Yadıma düşdü ki, ikimiz də eyni
ildə – 1966-cı ildə orta məktəbi bitirib Bakıya gəlmişik.
O, Laçından, mən Qubadlıdan. Malik indiki Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul
olunmuşdu, mən isə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsinə. Rayonlarımız
da ayrı idi, təhsil aldığımız universitetlər
də. Ancaq bizim ikimiz də eyni bir “universitet”in – “Ulduz”
jurnalının “tələbələr”i idik. Bu jurnalın
redaksiyasında tanış olmuşduq.
Günümüzün çoxu “Ulduz”da keçirdi. Məmməd
Araz, Cabir Novruz, Tofiq Bayram, İsi Məlikzadə, İsa
İsmayılzadə, Abbas Abdulla, Yasif Nəsirli, Əhəd
Muxtar bu redaksiyada işləyirdilər. Sonra tənqidçi
Akif Hüseynovla, o dövrün tanınmış şairi Əhməd
Cəmillə də görüşmək, söhbətləşmək
qisməti var imiş taleyimizdə. Daha sonra Yusif Səmədoğlu
“Ulduz” jurnalının baş redaktoru oldu.
Bu redaksiyada o dövrün görkəmli
şair və yazıçılarından kimləri görməmişdik,
kimlərin söhbətini dinləməmişdik, İlahi?
Doğrudan da, “Ulduz”un redaksiyası biz cavanlar üçün
bir məktəb idi, şeir-sənət məktəbi...
İsi Məlikzadənin “Əli müəllim, Siz tərəflərdən
bir cavan şair var, boy-buxunda eynən Sizə oxşayır”
sözlərini eşidən Əli Vəliyevin hirslə
qapıdan çıxıb yenidən geri qayıtması,
“İsi, hər yoldan ötəni mənə oxşatma”
söyləməsini indi də təbəssümlə
xatırlayıram... Ancaq Malik tezliklə sübut elədi ki,
o, yoldan ötən deyil, sənət dünyasının əsl
yolçularından biridir. 1968-ci ildə “Ulduz”
jurnalının yeddinci nömrəsində Malik Fərruxun
“Qartallı dağlar” şeirini oxuyanda çoxumuz ona qibtə
edirdik.
Göylərə ucalıb yolu dağların,
Yuyunan buludlar saçı olubdur.
Hökmdar dağların, ulu dağların
Qartallar başının tacı olubdur.
Dostunun yolunda düşəndə dara,
Çoxu bu dostluqdan bezər dünyada.
Dağlarda gurlayan ildırımlara
Qartallar dayanıb dözər dünyada.
Bir qartal
yaranda göyün qatını,
Gözləri
yol çəkər, düşünər dağlar.
Ana təbiətin
mükafatımı,
Yığıb
qartalları başına dağlar?
Qartal qanad
çalıb uçanda qıyla,
Dərələr
boğular harayda, səsdə.
Dağın
tarixini caynaqlarıyla
Qartallar
yazıbdır qayalar üstə!
Şeirin
sonrakı bəndlərindəki “Dağların belində
yastı Yamaclar qartal qanadını ütüləyirlər”,
“Dar gündə qartalın caynaqlarında Hər qaya bir sapand
daşına dönər”, “Dağdırsa, qartalsız
yaşaya bilməz” kimi misralar hamının xoşuna gəlirdi.
Özü də bu şeiri Tofiq Bayram bəyənib təqdim
eləmişdi baş redaktora. O Tofiq Bayram ki, ona şeir bəyəndirmək
çox müşkül bir məsələ idi.
Tanınmış şairlər belə, Tofiqə şeir
oxumaqdan çəkinərdilər.
İndi istəməsin,
Tofiq bizi çox istəyərdi, istedadımıza
inandığı üçün həmişə şeir-sənət
haqqında söhbət edər, bizi mütailəyə həvəsləndirərdi.
Biz isə maraqla onu dinləyərdik. Redaksiyaya gətirilən
şeirləri Tofiq Bayram özü oxuyardı. Səsindən,
üzündəki ifadədən yazını bəyənib-bəyənmədiyini
o saat hiss edərdik. Tofiq Bayramın səsində
çox-çox gözəl şeirlər dinləmişdik o
vaxt.
Malik
yaşda məndən böyük idi. Bir dəfə necə
oldusa, Tofiq müəllim mənim Malikdən böyük
olduğumu söylədi. Onun sözünə hamımız
güldük. Bu mövzuda “Yaşım az olsa da” adlı bir
şeir də yazmışdım o vaxt...
Malik
çox sakit, təmkinli bir oğlan idi. Şeirlərini
oxuyanda adam təəccüblənirdi ki, belə gözəl
şeirləri yəni bu sakit, laqeyd cavan yazıb? Ancaq əslində
bu sakit oğlanın ürəyində ata itkisinin
yanğısı, ilk sevgi oxu daşa dəyən həssas bir
cavanın ürək göynərtisi yuva
salmışdı...
Qərib tək
boylandım yollara sarı,
Sandım ki,
arxanca Laçın da köçdü.
O saf əllərimin
ilk sığalları
Qara tellərində,
saçında köçdü.
Bu gün gəlin
köçdün, yollar yuxaldı,
Bir
çinar göz yaşı tökdü o ki var.
Arxanca
çırpındı, sonra yox oldu
O ilk
görüş yeri, o qızartılar...
İlk
eşqi anaram, elə çağlaram...
O ki, bir
görünməz əl idi, getdi.
Sevdalı
günlərim, gözəl çağlarım
“Vağzalı”
səsində əridi, getdi...
Qəribədi,
Maliki göynədən o “Vağzalı” səsi indi də mənim
qulaqlarımdadı. Qəribəlik bir də ondadı ki, o
hadisələrin mərkəzində olan, Laçından
şəhərə gəlin aparanların sırasında mən
də var idim o vaxtlar...
...Malik
bütün dünyaya, kainata doğulduğu Laçın
dağlarının gözü ilə baxırdı elə
bil. Laçın dağları elə bil ki, onun gözəllik
meyarı idi.
A doğma
cığırlar, a Qızıl qaya,
Danış
o yerlərdə keçən çağımdan,
Tutdunuz əlimdən,
qoca dünyaya
İlk dəfə
boylandım Laçın dağından...
Orda boy
atdıqca mən yavaş-yavaş,
Könlümə
bir dünya dolurmuş demə.
O layla, o
muğam, o torpaq, o daş
Dönüb
Azərbaycan olurmuş demə.
A doğma
torpağım, mən də bir quşam,
Qalıbdır
arxanca gözüm mənim də.
Bu dağlar
qoynunda qanad açmışam,
Bu dağlar
qoynudur son mənzilim də.
Ayrı səmalara
baxa bilmirəm,
Göylər
qaralsa da haray səsimdən.
Ha qanad
çalsam da, çıxa bilmirəm
Bu doğma
torpağın cazibəsindən...
“Bu doğma
torpağın cazibəsindən çıxa bilməyən”
Malik Fərrux “Laçın yallısı”, “Gecənin bir aləmi”
şeirində təbiət gözəlliyinə heyrətini
obrazlı misralarla əks etdirməyi, “Nəbi qeyrətli, Həcər
birçəkli” dağları şairanə bir dillə vəsf
etməyi bacarmışdı. O şeirlərin təsbeh dənələri
kimi qırılıb yaddaşıma düşən misraları
indi də qulaqlarımda səslənib məni xəyalən o
yerlərə aparır: “Nəhəng nağaraya döndü
qəflətən, Şimşək çubuqlarla
döyüldü göylər”; “Ay aman, çiynimdən
daş əllər tutub, Deyən, qoşulmuşam yallıya mən
də”; “Çəmənlər döşənib
ayaqlarıma, Şümşürük oynayır başımın
üstə”; “Bir dağ biləyimi elə sıxdı ki,
Gözlərim yaşardı, qolum göynədi”;
“Düşmüşəm Laçına bu gecə vaxtı,
Düşmüşəm illərin yorğunluğundan”...
Aranda
gördüyü dağı xəyalən Laçın
dağları ilə müqayisə edən şairin
düşüncələri də çox maraqlıdır:
“Ürəyi yanana bir içim suyun Yoxdursa, ta sənin haran
dağ oldu?”; “Barı bir ağac da yetirməmisən, Gələnə,
gedənə kölgəlik ola”; “Dağ boyu verincə təbiət
sənə, Gərək dağ taleyi
bağışlayaydı”... Şeiri oxuduqca adam qəribə
duyğular keçirir. Elə bil ki, dağ olmaq arzusu gözündə
qalan Aran dağına şairin yazığı, rəhmi gəlir
“Aran dağı” şeirində.
Malikdə vətən
sevgisi, yurd sevgisi böyük idi. Nə yaxşı ki, bu sevgi
onun “Vətən nəğməsi”, “El havası”, “Bir
payız günü”, “Dağların təsbehi”, “Cıdır
düzü”, “Qartallı dağlar”, “İlk eşqimin
yuvası” və s. şeirlərinə hoparaq bir əbədiyyət
qazanıb. Ancaq nə yazıqlar ki, son mənzilini
dağların qoynunda görmək istəyən istedadlı
şairimizin bu arzusu onun gözündə qaldı...
Malik Fərrux
ilk nəzərdə bəlkə laqeyd görünən bir
insan olsa da, əslində qətiyyən belə deyildi. Malikin
öz daxili dünyasını əks etdirən şeirlərində
onun bədii portretini tamamlayan cizgilər çoxdur. Bu
şeirləri oxuyanda bayram günü aşsız qalıb
anasını xatırlayan övladın (“Bayram aşı”),
“Balaca bir otaqda övladlarının
gülüşünün Yer kürəsini
fırlatmasına” əmin olan bəxtiyar atanın, sevgi
şeirlərini oxuyanda dərin məhəbbətlə sevsə
də, istədiyinə qovuşa bilməyən bir gəncin
ürəyinin göynərtilərini görürük. “Ad
günümün qonaqları” şeiri isə elə bil sadə,
təmtəraqsız bir ömür yolu sürən şairin
portretinin son akkordlarıdır:
Bu nədir,
yaxına gəlir uşaqlar,
Göylər
birdən-birə niyə dəyişdi?
İlk ayaq
izlərim düşən o dağlar
Dənizdənmi
çıxır, bu necə işdi?
Yəqin ad
günümə gəlir dağlarım,
Dağlar
ağır-ağır tərpənir elə...
Xəzərin
üstündən gəmi dağlarım
Gəlir
çiçək-çiçək təpələriylə...
Bu
dağlarda keçən uşaqlıq illəri lirik qəhrəmanın
gözləri önündən gəlib keçir və daxili
dünyasında qəribə duyğular oyadır.
Malik Fərrux
öz taleyinin şairidi. O heç zaman ürəyinə
yatmayan mövzularda əsər yazmayıb. İndi onun Sosialist
Əməyi Qəhrəmanı Sərdar İmrəliyevə
həsr etdiyi “Torpağın inamı” adlı poemasını
oxuyanda xəyal məni yenə uzaq illərə, “Ulduz”
jurnalının redaksiyasına aparır. Jurnalın baş
redaktoru Əhməd Cəmil cavan şairləri öz kabinetinə
çağırıb söhbət eləyir, onları əmək
mövzusunda əsərlər yazmağa həvəsləndirirdi.
O zaman Əhməd müəllimin hüzurunda əyləşib
onu dinləyənlərin sırasında Malik də, mən də
var idik. Bax, “Torpağın inamı” poeması da bu söhbətdən
sonra yaranmışdı. Ancaq ən maraqlısı bu idi ki,
Malik Fərrux quru istehsalat mövzusuna da poetik bir nəfəs,
poetik bir ruh gətirə bilmişdi.
Malik Fərruxun
ilk və son iş yeri Azərbaycan Dövlət Televiziyası
idi. Son görüşümüz də elə bu
televiziyanın həyətində olmuşdu. Bir zaman həmin
televiziyada şöbə müdiri işləyən bir adam
kimi tam əminliklə deyə bilərəm ki, Malikin az
şeir yazmasının, az çap olunmasının br səbəbi
də elə bu idi. Günü ayrı-ayrı rayonlarda, kəndlərdə
keçirdi. Baməzə söhbətləri dillərdə gəzirdi,
ara şeirləri dillərdən düşmürdü.
İndi də səhərlər dəniz sahilində gəzişəndə
Malikin duzlu lətifələri, həcvləri ilə
dostlarımın əhval-ruhiyyəsini qaldırır,
onları gözləri yaşaranacan güldürürəm.
Malik Fərruxun
cəmi-cümlətanı ikicə kitabçası
işıq üzü görüb: “Pəncərədən
qızlar baxar” və “Bir payız günü”. İlk
kitabı 1977-ci ildə çap olunub, son kitabı isə
1985-ci ildə işıq üzü görüb. Birinci kitabda
cəmi 14 şeir və bir poema, ikinci kitabda isə vur-tut 33
şeiri çap olunub şairin. Özü də bu şeirlərin
bəziləri ikinci kitabda təkrar gedib. Ancaq inanıram ki, Malikin
işıq üzü görməyən şeirləri də
var. Çox arzu eləyərdim ki, qələm dostum Malik Fərruxun
bütün şeirlərini bir kitabda görüm, bir kitabda
oxuyum.
Malik Fərruxun
tələbə dostlarına həsr elədiyi “Bir günəşin
zərrələri” adlı şeirində belə bir bənd
var:
Səssiz boy
atırıq hər saat, hər gün,
Nə həsəd,
nə də ki, qibtəyik hələ.
Nə vaxt kəşf
olarıq? –
Bu dünya
üçün
Bir
sirli-soraqlı qitəyik hələ...
Malik Fərruxun
poeziyası da sirli-sehrli bir qitədir elə bil. Bu qitəni kəşf
eləyən yeni nəsil heç nə itirməyəcək,
əksinə çox şey qazanacaq. İnanıram ki, Malik Fərruxun
səmimi şeirləri onların qəlbində gözəllik
duyğusu, həyat eşqi oyadacaq...
29 dekabr
2011-ci il
Rafiq YUSİFOĞLU
şair, filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2012.- 20 yanvar.- S.22.